Yamaq dərdi - Xatirə Kərimova

Xatirə Kərimova

Xatirə Kərimova

3 dekabr 2021
# 18:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xatirə Kərimovanın “Yamaq dərdi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bəzən başqalarına adi,boş,mənasız görünə biləcək bir çox şeylər taleyimizi bir səmtdən başqa bir səmtə dəyişmək qüdrətində olur – mənim heç vaxt hafizəmdən silinməyən yamaq dərdim kimi.

O zaman doqquzuncu sinifdə oxuyurdum. Oktyabr ayı idi. İlin xəzan fəsli öz hökmünü yeridir, soyuq payız küləkləri insanları üşüdür, isti geyinməyə vadar edirdi.

Həmin gün səhər mən köhnə jaketimin yırtılmış hissələrini tikib səliqəyə salmaq üçün daha erkən oyanmışdım. Axşamdan masanın üstünə hazır qoyduğum iynə - sapı və paltarı götürüb sobanın yanında oturdum. Bu jaketi məndən böyük bacılarım geyinmişdilər. Çoxuşaqlı ailəmizin maddi vəziyyəti kifayət qədər yetərli olmadığından mən onların artıq əyinlərinə kiçik olan paltarlarını geyinməklə razılaşmalı olurdum.

Jaketin ilgəyini tikdim, sonra qolunun dirsək hissəsindəki süzülüb yırtılmış hissəni gözdən keçirdim. Paltarın tərs üzündən yamaq vuraraq çox incə tikişlərlə onu gizlətməyə çalışdım. Lakin əynimə geyindikdə bütün səylərimə baxmayaraq yamağın bilinməsi məni pərt etdi. O halda paltarın qolunu yuxarı çəkərək qat yaradıb yamağı onun altında gizlədəciyimi düşündüm. Başqa çarəm də yox idi.

Mən tikiş tikərkən anam da atamın yol çantasını toplayırdı. O Bakıya işləməyə gedirdi.

Anam işini görə-görə atamın yaxşı pul qazanıb göndərəcəyi halda bizə isti paltar alacağından, kiçik qardaşımın artıq pinəçinin belə “sonuncu dəfə yamayıram, daha yararsızdır” dediyi köhnəlmiş ayaqqabılarını yenisi ilə əvəz edəcəyindən danışırdı. Hətta arada mənim də başıma sığal çəkib, “İnşallah, bu jaketi də dəyişərik, mənim əlaçı balam” demişdi. Atam isə sanki onu eşitmirmiş kimi dinməzcə əşyalarını toplayır və elə bil ki, bir az da tələsirdi. O, anamı qış çəkmələrini gətirməsi üçün həyətə göndərdi. Sonra cəld bir hərəkətlə divar şkafını açaraq üst rəfdə saxladığımız foto-albomun arasında qoyulmuş əsgərlik şəkillərini götürüb çantasının içəri cibinə yerləşdirdi və bu zaman o mənə evindən həmişəlik gedən insan təsiri bağışladı. Sonra isə düşündüm ki, məgər bir atanın heç vaxt dönməyəcəyi yerdə qoymaq istəmədiyi əziz bir şeyi gənclik fotoları idimi, onlardan müqayisəsi belə gülünc olan övladları deyildimi?

Atam anamın gətirdiyi çəkmələri də yerləşdirib, nəyi isə unudacağından ehtiyat edirmiş kimi ətrafı gözdən keçirdi və çantasını götürüb otaqdan çıxdı. Anam da dolu su qabını əlinə alıb onun arxasıyca getdi. Adətən insanlar uzaq səfərə çıxanda əzizləri ilə səmimiyyətlə görüşüb, öpüşüb qucaqlaşırlar.Düzdür, biz atamdan belə rəftarı heç vaxt görməmişdik. Bəzən adama elə gəlirdi ki, o nəinki bizi sevmir, hətta varlığımızı belə hiss etmirdi. Lakin bu gedişdə bir qəribəlik var idi.

Etiraf etməliyəm ki, atamın Bakıya getməsinə ürəyimin dərinliyində sevinirdim. Bu müəyyən bir müddətə də olsa evimizdə sakitliyin yaranmasına səbəb olmalı idi. Əks halda, atamın hər kiçik səbəbdən böyük söz – söhbət yaratması dözülməz hala gəlmişdi...

Günlər keçirdi. Atamdan hələ bir xəbər yox idi. Mən yamaqlı jaketimi geyib dərsə gedir, paltarımın sol qolunu tez – tez yuxarı çəkərək, yamağı qatın altında gizlətməyə çalışırdım. Kiminsə bu yamağı görməsindən ehtiyat edir, daha doğrusu, utanırdım.

Ədəbiyyat dərsi idi. Mən gündəliyimi yazıb, lövhəyə boylananda nurani çöhrəli Səyyarə müəllimənin mehriban baxışları ilə rastlaşdım:

- Qızım - dedi – get o biri tədris binasına, Fikrət müəllimdən onuncu sinfin jurnalını mənim adımdan xahiş edərək al, gətir.

- Baş üstə - söyləyib sinifdən çıxdım. Sürətlə pilləkənləri enib, həyətə, oradan da üzbəüz binaya yetişdim.

Dərs otağının qapısını yavaşca tıqqıldatdım və içəridən Fikrət müəllimin yoğun və gur səsini eşitdim:

- Gəl

Qapını açdım. Onuncu sinifin dərsi idi. Bütün şagirdlərin başı mənə tərəf çevrildi. Yanaqlarıma dolan istilikdən qızardığımı hiss edib duruxdum. Fikrət müəllim təbaşiri lövhənin önünə qoyub mənə tərəf gəldi.

- Qızım, buyur, nə lazımdır?

- Səyyarə müəllimə bu sinfin jurnalını dərsin sonu üçün ona verməyinizi xahiş edir

- Olar - söylədi.

Sinfə tərəf çevrilib – oğlum, Timur, yaxın gəl-dedi.

- Müəllim, mən...

- Sən sinfinizə get, mən göndərirəm.

- Sağ olun-deyib qapını örtdüm.

Dəhliz boyu bir qədər addımlamışdım ki, arxadan açılıb örtülən qapı səsini eşitdim. Geri çevriləndə əlində jurnal tutan Timuru gördüm. O, sinif nümayəndəsi, məktəbin ən nümunəvi şagirdi və dərs əlaçısı olmaqla yanaşı, həm də yaraşıqlı xarici görünüşə və ciddi xarakterə malik idi. Yəqin ki, elə buna görə də yuxarı siniflərin az qala bütün qızlarının pərəstiş etdiyi bir simaya çevrilmişdi.

Timurun məndən öndə getməsi üçün addımlarımı ləngitdim.Lakin o məni ötüb keçmədi.

Nədənsə özümü çaşqın və bir az da həyəcanlı kimi hiss edirdim. Geri çevrilib onun mənə çatmasını gözlədim.Timur gözlərini üzümdən çəkmədən yaxınlaşanda əlimi ona doğru uzadaraq:

- Jurnalı ver, mən apararam-söylədim

İlk dəfə idi ki, onun simasını bu qədər yaxından görürdüm. Timurun dərin və mənalı baxışları vardı və ciddiliyi ifadə edən çöhrəsində xəfif bir təbəssüm hiss olunurdu. Əyninə geyindiyi tünd göy rəngli bahalı kostyumu və çox səliqəli, ütülü yaxalığı olan ağ köynəyi ona bütün yaşıdlarının qibtə edə biləcəyi şıx bir görünüş verirdi. Üzümə dolan istilikdən yenə qızardığımı hiss etdim. Jurnala doğru uzanan əlim havada qalmışdı.

Timur:

- Müəllimim mənə jurnalı bilavasitə Səyyarə müəlliməyə çatdırmağı tapşırıb- deyə qətiyyətlə bildirdi və mən israr etməyin mənasız olduğunu anladım.Onun baxışlarında və səsində aydın hiss olunan səmimiyyət məndə indiyə qədər mənə tanış olmayan qəribə bir hiss yaratmışdı. Elə bir hiss ki, sonralar məni bir ömür təqib edəcəkdi.

- Yaxşı, elə olsun-deyib yenə öndə gedərək yoluma davam etdim.Əsas binaya daxil olub dəhlizin sonuna-yuxarı mərtəbəyə qalxan pilləkənə doğru yönəldim.Timur da arxamca gəlirdi.

Pilləkənləri yarıya qədər qalxmışdım ki, birdən sanki yerimdəcə donub qaldım. Ürəyim elə bil bir boşluğa yuvarlandı.Bədənimi necə soyuq tər basdığını hiss etdim. Qeyri-iradi olaraq sağ əlimi sol qolumun dirsəyinə tərəf apardım. Jaketimin qolundakı qat açılmış və mən buna diqqət etməyi unutmuşdum. Yəqin ki, məndən beş-on addımlıq məsafədə gələn Timur paltarımdakı yamağı aydınca görmüşdü. O zaman həyatımda bəlkə də ilk dəfə geyimimdən utandım, həm də çox utandım. Pilləkənləri necə çıxdığımı, sinif otağının qapısını necə açıb icazə alaraq, keçib yerimdə əyləşib başımı önümə dikdiyimi nəinki indi, elə onda da çox dumanlı xatırlayırdım.

Timur jurnalı verərək getdi. Mən başımı qaldıranda Səyyarə müəllimənin üzümə dikilən narahat baxışları ilə rastlaşdım. O yavaş-yavaş partama yaxınlaşaraq əlini saçlarıma çəkdi və mənə tərəf əyilərək astadan nə isə olub-olmadığını soruşdu. Cəld ayağa qalxıb:

- Heç...heç nə...heç nə olmayıb, müəllim!-deyə həyəcanla cavab verdim. Nə yaxşı ki, bu zaman dərsin bitdiyini bildirən zəng çalındı və sinfə qarışıqlıq düşdü. Yoxsa Səyyarə müəllimə sualında israr etsəydi özümü saxlaya bilməyib ağlayacaqdım.

Dərsdən sonra evə gedəndə özümü çox yorğun, əzgin hiss edirdim. Sanki təlafı mümkün olmayan bir günahın içindəydim. Çox pis bir duyğu idi bu.

Məktəb yolunun sonunda küçə üç səmtə ayrılırdı. Bunlardan biri bizim məhəlləmizə doğru yönələn küşə idi. Mən yolu keçib düz gedəcəkdim. Bir neçə addım atdıqdan sonra qeyri-ixtiyari digər səmtə yönələn küçəyə tərəf boylandım. Orada yol kənarında cökə ağacları vardı və Timur hər gün bəzən tək, bəzən də dostu ilə o ağacların yanında dayanardı. Bu gün də yenə orada idi və mən keçdiyim səmtə tərəf baxırdı. Fikirləşdim ki, bu nə qəribə insandır, niyə hamı kimi evinə tələsmir? Sonra “sənə nə, önünə bax, yolunu get” deyə öz-özümü danladım.

Həmin gün günorta bacımgilə getməli idim.Böyük bacım ailəli idi. Onun çox təkəbbürlü bir qayınanası vardı. Hər kəsi bəyənməz, kasıb insanlara yuxarıdan aşağı baxardı. Bəlkə də buna görə anam onlara çox nadir hallarda qonaq gedər, əvəzində məni uşaqları saxlamaq bəhanəsi ilə tez –tez oraya göndərərdi.Bu günkü pərtliyimi bir az da olsa unutmaq üçün həvəslə bacımgilə yollandım.

Həyət qapısı ikimərtəbəli evin arxa-yan tərəfində olduğundan mənim gəldiyimi yalnız evin ön tərəfinə keçəndə görə bilərdilər.Bir neçə addım getmişdim ki, Telli xalanın gur və əsəbi danışığını eşitdim:

- Bura bax, gəlin, bu elə-belə mal deyil ki... vneştorqdan götürüb, od qiymətinə alıb. Oğlumun ürəyini üzmə. Nə fərqi var, o rəngi olmasın, bu rəngi olsun. Allahına şükür elə, geyin.

“Vneştorq” dedikdə xarici ticarət əlaqələri vasitəsilə satış üçün gətirilən malların olduğu yer nəzərdə tutulurdu və o hamı üçün əlçatan deyildi.

Sonra qapı çırpılmasının səsi eşidildi. Telli xala deyinə-deyinə pilləkənləri düşməyə başladı:

- Buna bax, bunu bəyənmirəm, onu bəyənmirəm. Elə bil dədəsi evində birini çıxarıb, o birini geyib. Daha demir ki, yazıq bacım, kukla kimi qızdı, yamaqlı paltarda məktəbə gedir.

Telli xalanın son sözləri üzümə sanki sillə kimi çırpıldı. Elə bil dünya başıma fırlandı. Halsızladım.Lakin cəld özümü toplayaraq, Telli xalanın məni görmədiyindən əmin olmaq üçün addım-addım geri çəkilərək həyətdən çıxdım.

Xatırladım ki, məktəbə gedəndə tələsdiyimdən mağazadan çıxan qadının Telli xala olduğuna fikir verməmişdim. O da məni arxadan səsləyib hal-əhval tutmuşdu. Görünür, yamağı da onda görmüşdü. Ah, mən də elə bilirdim ki, bunu məharətlə gizlədirəm. Amma bu yamaq qorxunc kabusa çevrilərək arzuolunmayan bir məqamda məni yaxalayırdı.

Evə qayıdarkən yağış yağmağa başladı.Lakin islanmağım məni o qədər də narahat etmirdi. Telli xalanın dediyi sözlər isə, təkrar-təkrar qulaqlarımda səslənir, ruhumu əzir, utandırır, əzab verirdi. Evə çatanda xalamın bizə gəldiyini, anamla üzbəüz oturub nə isə mühüm bir şey barədə söhbət etdiyini gördüm. Daha doğrusu, o danışır, anam isə başını əllərinin arasına alaraq çaşqın halda dinləyirdi.

Xalamla görüşüb yan otağa keçəndə məndən bir yaş böyük olan bacım cəld çarpayısından qalxıb qabağıma yeridi:

- Heç bilirsən nə olub?

Yaxşı bir xəbər verməyəcəyi səsindən bəlli idi.

- Nə olub ki?

- Atamız Bakıya bizim üçün deyil, başqa bir qadınla yaşamaq üçün gedib.

- Necə yəni, anlamadım?

- Niyə anlamadın ki? O bizi atıb, başa düşdün... Eh, biabır olduq. Sabah texnikuma getməyə utanıram, qızların qeybət mövzusu olacağam... Hə, xalanın qaynı əmanət kassasında işləyir axı. Atamızın orada xeyli pulu da var imiş, onu da götürüb.

- Ola bilməz! - mən sobaya tərəf boylandım. Anam onun arxa tərəfində döşəməyə karton parçası salaraq kiçik qardaşımın su keçirərək islanmış köhnə ayaqqabılarını qoymuşdu ki, uşaq səhər məktəbə gedənə qədər qurusun. Görəsən atam bunları görmürdümü? Ehtiyat pulu var idisə doğma övladının cırıq çəkmələrdə gəzməsinə necə laqeyd qala bilirdi? – deyə düşündüm.

Mən həyatımın sonrakı illərində yaşadığı ömründə müəyyən günahlar işlətmiş insanları bir az da olsa başa düşməyə çalışırdım. Lakin yaşam mücadiləsində körpə fidanlar qədər zərif olan övladlarını əlinin tərsi ilə həyatından silib atan, onları taleyin ümidinə buraxıb özünə yeni bir həyat quran insanları heç bir zaman anlaya bilmədim, onlara ürəyimdə sonsuz bir savaş elan etdim. Bu mənada məni atılmışlar daha yaxşı anlayar.

O gecə biz çarpayılarımıza uzansaq da demək olar ki, yatmadıq. Anam sobanın arxasında divara söykənərək oturub için-için ağlayır, ara-sıra əlini göyə qaldıraraq Allahdan övladlarını böyütməsi üçün ona güc verməsini diləyirdi.

O gecə bizim uşaqlığımızın son gecəsi oldu. Biz sanki bir gecəyə böyüdük. Səhər yuxudan oyanıb sobanın yanına tələsəndə səkkizinci sinifdə oxuyan qardaşımın döşəmədəki kartonun üstünə qoyulmuş çəkmələri diqqətlə nəzərdən keçirdiyini gördüm. Mənə tərəf çevrilib:

- O, bu ayaqqabılarla məktəbə gedə bilməz, ayaqları yaş olacaq,xəstələnər. Həm də çox köhnədir axı.

- Nə edə bilərik ki...? Pulumuz yox yenisini almağa, məktəbdən də nə qədər saxlamaq olar ki.

- Bir şey fikirləşmək lazımdır...-deyə qardaşım yaşına uyğun olmayan bir tərzdə əli ilə alnını ovuşdurmağa başladı.

Sən demə, o da dünən gecə yuxusunu qaçırmış, xeyli fikirləşərək qərara gəlmiş, ailəmizə atalıq missiyasını öz boynuna götürməyi qət etmişdi. Bu elə-belə, dilucu verilmiş bir qərar olmadı. Sonrakı illər-həyatının gənclik dövrünün ən gözəl çağlarında qardaşım bu missiyanı ləyaqətlə yerinə yetirdi və bir atanın bəlkə də öz ailəsi üçün edə biləcəyindən daha artıq işlər gördü.

Həmin gün isə anamın dörd qız övladından sonra dünyaya gələn ilk oğul balası olaraq ərköyün böyüdülmüş dəcəl qardaşım qayğıları, problemləri çox olan və həmişə fikirli gəzən böyük yaşlı kişiyə çevrildi. Bir həftədən sonra isə əlində təzə çəkmələrlə evə gələrək karton ayaqqabı qutusunu açıb kiçik qardşımın qabağında döşəməyə qoydu və

- Hə, geyin, gör xoşuna gəlir?-dedi.

Biz heyrətlə bir-birimizə baxdıq. Hamımızın baxışlarında eyni sual vardı. Qardaşım:

- Dostumun atası mağazada işləyir. Ondan təmiz karton ərzaq qutuları aldım. Qonşuluqdakı halva bişirib satan qənnadçıdükanı üçün kiçik karton qutular düzəldib onlara apardım. Sağolsun Vaqif dayı, hamısını götürdü və dedi ki, yenə düzəldib gətirə bilərsən. Hə, ana, bu iki manatı da işıq pulu borcuna verərik.

Anam qardaşımın boynunu qucaqlayıb bərkdən hönkürdü. Amma bu sevincdən idi. Kiçik qardaşım isə təzə çəkmələrini geyinib fərəhlə evdə o baş-bu başa gedirdi. Atamın bizi tərk etməsi xəbərini aldığımız o gündən sonra ilk dəfə idi ki, hamının üzü gülürdü.

Deyirlər, dərd insanları daha da yaxınlaşdırır. Bizim ailədəki birliyimiz, səmimiyyətimiz, mehribançılığımız, anamızı qorumağa çalışmağımız bütün çətinliklərə baxmayaraq cəmiyyətdə sağlam mövqe tutmağımıza kömək etdi...

...Günlər öz axarı ilə sürətlə keçib gedirdi. Mən universitetə qəbul ola bilmək üçün dərslərimə daha ciddi yanaşır, hətta tənəffüslərdə belə çox zaman dəhlizə çıxmadan növbəti dərsin tapşırıqlarına baxırdım. Bu bir az da rəfiqələrimlə çox ünsiyyət etməmək istəyindən irəli gəlirdi. Mən onların atam barədə nə isə soruşa biləcəklərindən ehtiyyat edir, utanırıdm. Hətta, məktəbdən evə qayıdarkən belə başımı aşağı salıb sürətlə gedirdim. Qarşıma çıxan tanışların,qohumların “Necə dolanırsınız?; Atandan nə xəbər var?” suallarını eşitmək istəmirdim. Yalnız məktəb yolunun qurtaracağına çatanda yol ayrıcını keçib öz məhəlləmizə tərəf yönəlməmiş qeyri-ixtiyari digər səmtəcökəağaclarının sıralandığı o küçəyə boylanırdım və qəribədir ki, Timuru həmişə o ağacların yanında dayanan görürdüm. Nədənsə, dərhal jaketimin qolundakı yamağı xatırlayır və utanc hissi keçirirdim.

İllər bir-birini əvəz etdi. Mən orta məktəbi bitirib universitetə qəbul oldum. Ayrı-ayrı ali məktəblərdə oxumağımıza baxmayaraq nədənsə tez-tez Timurla rastlaşır, özümü görməməzliyə vuraraq keçib gedirdim. Əslində isə, hələ o zaman-doqquzuncu sinifdə oxuyarkən jurnalı əlindən verməyərək “müəllimim mənə belə tapşırıb” deyən bu gəncin nurlu siması hər zaman gözlərim önündə canlanır, mənim məktəb illərimin işıqlı xatirəsinə çevrilirdi

Bir dəfə tətil günlərinin birində evdə tək olduğum zaman Timurun anası bizə gəldi. Mən onu oğlu ilə valideyn iclasına gələndə görüb tanımışdım. Qadının gözəl saç düzümü, bahalı libası, qiymətli zinət əşyaları onun təminatlı həyatından xəbər verirdi.

Mən ona oturmağı təklif etdim. Qadın oturub nümayişkaranə şəkildə ətrafı nəzərdən keçirməyə başladı. Sanki amiranə baxışları ilə “nə qədər kasıbsınız” deyə təəccüb edirdi.

O bizə Timurun böyük təkidi ilə gəldiyini, oğlunun, sən demə, hələ orta məktəbdən mənə çox dəyər verdiyini bildirdi. Anlamağa başladım ki, Bakıda universitetdə,küçədə Timurla tez-tez qarşılaşmağımız, semestr imtahanlarını qurtarıb tətil başlananda həmişə eyni avtobusda rayona gəlməyimiz, məktəb illərində dərsdən sonra cökə ağaclarının yanında dayanıb bizim küçə səmtinə baxması, məhəlləmizdən olan oğlan ilə dostluq etməsi heçdə adi bir təsadüf deyilmiş. Bunun belə olduğunu düşünmək isə mənə o qədər xoş idi ki...

Timurun mənə qarşı olan hissləri məni duyğulandırsa da, yadıma Telli xala düşdü. Gözlərim önündə Telli xala kimi hər fürsətdə əlini belinə qoyub silkələnə-silkələnə bizim kasıbçılığımıza tənə edən Timurun anası canlandı və bu mənə çox dözülməz göründü. Həm də Timurun paltarımdakı yamağı görə bildiyini heç zaman unutmamışdım.Bu yamaq dərdi mənimlə onun arasında keçilməz bir sədd kimi dururdu. Odur ki, qadına bunları söylədim:

- Xahiş edirəm, mənə yüksək dəyər verdiyi üçün Timura minnətdarlığımı bildirin. Lakin xoşbəxtlik üçün yalnız gözəl hisslərin olması yetərli deyil. Burada ailələrin, onların həyat tərzinin, maddi vəziyyətinin uyğunluğu, dünyagörüşü... kimi vacib şərtlərin olması da önəmlidir. Bu uyğunluğun olmaması həyatın ahəngini pozur... Ailə xoşbəxtlik üçün qurulur, cəza çəkirmiş kimi yaşamaq üçün yox.

Mənim anam bizi təkbaşına böyüdüb. Mən elə bir ailədə də həyat qurmaq istəyirəm ki, anam o evin qapısını istədiyi vaxt sıxılmadan, çəkinmədən açıb girə bilsin.

Qadın gözlərində məmnunluq ifadəsi ilə ayağa qalxdı. Sözlərim ona sanki yüngüllük gətirmişdi. Mənə yaxınlaşıb saçıma sığal çəkdi, üzümdən öpdü və:

- Dedikləri qədər də ağıll imişsən, xoşbəxt ol, qızım-deyərək getdi. Mən isə onun arxasınca baxaraq yerimdə donub qalmışdım və nəyin baş verdiyini anlamağa çalışırdım. Düşünürdüm ki, sanki bir anın içində həm xoşbəxt oldum, həm də bu xoşbəxtliyi, əslində bunu etməyi heç özümdə istəmədən, geri qaytardım.

Xoşbəxtlik bürkülü havalarda qəfildən əsən sərin bir meh kimi gəldi, ruhumu oxşadı, sonrada sovrulub getdi. Yerində yalnız məyusluq qaldı və mənim gənclik düşüncəmdə başqa cürdə ola bilməzdi.

Ertəsi gün küçədə qəfildən qabağıma çıxan Timur:

- Mən sənin fikrini öz dilindən eşitmək istəyirəm-dedi.

Baxışlarımın məni ələ verməməsi üçün nəzərlərimi yerə dikərək:

- Sən yanında səni sevən insanın olmasına layiqsən...-dedim.

Timur:

- Mən isə bütün bu illər ərzində elə bilirdim ki...-onun səsi titrədi və daha heç nə söyləməyərək qəfil də dönüb getdi. Qürurum imkan versəydi “sən düz bilirdin” deyə onu geri qaytarardım.

Mən sonralar başa düşdüm ki, bir insanın sənin kasıbçılığına tənə edib etməməsi onun varlı, yaxud kasıb olmasından deyil, daxili mədəniyyətindən, mənəvi əxlaqından, tərbiyəsindən asılıdır. Lakin, təəssüf ki, artıq çox gec idi...

İllər sonra Timurun, anasının təkidi ilə qohumlarından birinin qızı ilə ailə qurduğunu eşitdim. Lakin heç kim onun xoşbəxt olduğunu söyləmirdi.İçimdə qərib bir günahkarlıq duyğusu vardı...

Mənim hisslərim isə məndən güclü çıxdı. Zaman yaralara məlhəm olsa da əsla ürəyimə qarşı çıxa bilmədim. Heç kimsəni həyatıma və ürəyimə yaxın buraxmadım. İndi gəncliyi çoxdan arxada qoyub kamillik yaşına çatmışam. Tənhalıqla axıb gedən günlərimdə daima ürəyimdə bir təəssüf hissi yaşayıram-kaş ki...,kaş ki bu yamaq dərdi olmayaydı...

# 5625 dəfə oxunub

Müəllifin son yazıları

# # #