Yağış - Fuad Əhmədovun hekayəsi

Yağış - Fuad Əhmədovun hekayəsi
18 mart 2024
# 14:00

Kulis.az Fuad Əhmədovun "Yağış" hekayəsini təqdim edir.

Səhərə yaxın yağış başlamışdı. Əvvəl narın-narın yağırdı. Sonra gücləndi. Eyvanda velosipedin üstünə atılan tent nağara kimi tappıldayırdı. Oyanma zəngi vurmasa da, indidən belə yatmaq mümkün olmayacaqdı. Yuxu qaçmışdı. Hazırlaşmaq olardı, hətta səhər yeməyi yemək də. Amma, hava adamda çarpayıdan qalxma həvəsini tamamən öldürürdü.

Gözlərini bağlayıb fikrə daldı, günlük görüləsi işlərini planlamağa çalışdı: Özümü tox tutub qalxım, yemək yeyim. Gedim işə, ordan rəisə zəng edim ki, hava şəraiti işləməyə imkan vermir. Yəqin, razılaşıb məni evə buraxar. İşi fırladım, birbaşa universitetə gedərəm. Qızla görüşərəm. Yağışda gəzən kimdir, tovlayıb evə ötürərəm. Dörddə görüşsəm, ehtimal ki, beşdən sonra sərbəstəm. Uzağı, gəlib yataram.

Gözlərini açıb pəncərədən boz havaya baxdı, nikbin fikirlərinə rəğmən özünü toparlaya bilmirdi. Şüşə boyu ağırlıqdan aşağı sürüşən damcılar onu, özü də hiss etmədən, sanki tumarlayırdı. O, gözlərini bir daha yumdu.

Bir saatın necə keçdiyini anlamasa da, bu dəfə zəngin səsinə oyananda gümrah idi. Ayağa qalxıb yuyundu, geyinib atışdırmalı buterbrod hazırladı. Gödəkcəsini və ayaqqabılarını geyinib bir əlində buterbrod, digərində iş çantası evdən çıxdı. Dayanacağa qədər yolüstü çantadakı alətləri gözdən keçirdi.

Səma ağlamağında idi. Avtobus gecikirdi, bu gedişlə oda gecikəcəkdi. Dayanacaqda müdirinə nə zaman zəng etməli olduğunu bir də düşündü. Evdən uzaqlaşmamış işdən yayınmaq olardı. Vaxt da udardı, məsafə də. Amma vaz keçdi, hadisə yerindən danışmaq daha düzgün olardı. Müdiri qəfildən harda olduğunu soruşa bilərdi, axı bir azdan iş vaxtı başlayacaqdı, işdə olmaq lazım idi. Bir tərəfdən baxanda da, qızın dalınca getmək üçün yenə də evi tərk etməli olacaqdı. Qısası, bu ürəküzücü günə birdəfəlik köklənmənin zamanı idi.

Avtobus dayanacağı iş yerindən bir az uzaq olduğundan nəqliyyatdan düşüb hadisə yerinə piyada yeriməli olmuşdu. Ona tanış olmayan küçələrin birində telefon xətti zədələnmişdi və o, yer altında baxış keçirmək üçün münasib lyuku axtarıb tapdı. Zilləndiyi lyukun qapağı yağışdan az qala par-par parıldayırdı, üstündəki yazı aydın görünürdü. O, ətrafına göz atdı. Üzbəüz tərəfdə universitet binasına oxşar, hasara alınış bir şeyi saymasa, demək olar ki, yad bir yerdə idi.

Müdirinə zəng etmək üçün cib telefonunu çıxardı və ekran o dəqiqə yağmurun tuşuna gəldi. Müdirin nömrəsinə zəng etdi.

- Sabahınız xeyir, rəis. Necəsiz ?
- Salam. Salamatlıqdı. Buyur
- Rəis, yerimdəyəm
- Harda ?
- Burda, gecə zəng edib tapşırdığınız lyukun ağzındayam
- Aha, universitetin dalında
- Rəis,-üzbəüz binanın universitet olduğunu tapdığına görə bir anlıq özü ilə fəxr etdi, üzrlü sayın narahat etdim. Demək istəyirdim ki, yağışdı, bəlkə quyuya düşməyim ? – rəisin qəza yerini izah edəndə birbaşa filan universitetin arxasında deməyib, bir saat yol başa salmağı bir anlıq fikrindən keçdi
- Niyə ? Sudan qorxursan ?
- Yox. Amma, işləmək əlverişsizdir,quyunu açsam içinə yağacaq. Bilmirəm, bəlkə də, indi də içi dolub
- Bilmirsənsə, aç qapağı bil.
- Axı
- Bura bax, -müdir səsini ucaltdı, işi yerinə yetir, sual vermə. -Tapşırıq verilib ki, görülsün. Bilirsən ki, mənim də müdirim var. Ağlına gəlmir ki, bir kimsə xəttə bağlansa, telefonunun işləmədiyini bilib şikayət edər, başımız gedər ? Beş gündür uzadırıq. Onsuz da, bu gün şikayət gəlsə, səni basacam o quyuya. Odur ki, yaxşılıqla barış, gir quyuya, işi həll elə.

Dəstək asıldı, telefon cibə getdi, gözlər siqaret arxasınca köşk axtardı. Acığa lyukun olduğu tərəfdə, yol kənarında hündür bir yer yox idi ki, altına girəsən, ya dibinə söykənəsən. Ona görə gününün fəxri olan təhsil müəssisəsinin yanındakı binanın eyvanının altında siqareti tüstüləyə-tüstüləyə yolun digər tərəfində qalan lyuka baxırdı. Bəlkə də, beş dəqiqəlik işi vardı,amma, qırx dəqiqəyə yaxın idi ki, avaralanırdı. Quyuya düşməmək üçün özünə bəhanələr gətirirdi. Hətta bir az da gözləyib müdirə zəng etməyi və xəttin zədə yerini tapmadığını bildirməyi düşündü. O zaman, müdirin köməyə adam göndərə biləcəyi, bu işin istənilən halda həll olunacağını ağlına gətirdi. Gələn adam üzünə olmasa da, dalınca söyəcəkdi, xətdə zədə aşkarlandığı təqdirdə isə yalanının üstü açılacaqdı.

- Sən gələcəksən ? - İsmarıc qızdan idi
- Həri, əlbəttə. 4-də ordayam, univerin qapısı ağzında- Yazdı, göndərdi və bir anlıq verdiyi sözə əməl etməyin çətinliyini anladı.

Saçından asılı qalan damcı birbaşa içəri isti boynuna düşdü. Bədəninə üşümə gəldi. Yağış hələ də səngimirdi.

- Gəl aaa…Gözləyəcəm - Telefon dınqıldadı

Gələcəm də, gələcəm, - özlüyündə düşündü. Biçarəliyini fikirlərinin önünə buraxmaq istəmirdi. Bu yağışda, it kökündə görüşə necə gedəcəkdi ? Hələ quyuya düşmək də bir yandan. İşə heç başlamamışdı, bitmə vaxtı da Allaha qalmışdı. -Narahat olma, səni görməkçün dağları da aşaram, -Cavablandırdı.

Siqareti bitirsə də, yaxında zibil qabı olmadığından yaş filtri barmaqları arasında ovurdu. O tərəf, bu tərəfə baxdı, küçədə bir nəfər də yox idi. Filtri ayaqaltına atdı, ayaqla basıb yaş asfalta yaydı. Küçənin o biri tərəfinə keçib lyuka bir də nəzər saldı. İçinə suyun axıb-axmadığını dəqiqləşdirmək istəsə də üzdən bir şey aşkarlamaq mümkün olmadı. Çantasını açıb içindən qapağı qaldırmaq üçün alət çıxardı. Bir siqaret daha yandırıb tüstülədi. Alətin qarmaq tərəfini qapağın kənarından saldı, güc edib qapağı qaldırdı. Aləti çantaya qoyub iki əllə qapaqdan yapışıb quyunun ağzını açdı. Yeraltı dünya sanki üzünə gəyirdi, burnunun deşiyindən girən paslı-buxarlı üfunət iyi beynini açdı. Özünü elə iyrəndirdi ki, sanki iyi birinci dəfədir ki, duyur. Ayağa qalxıb telefon xətlərinə gözlə ilkin baxış keçirdi.

- Yağış yağır,bəlkə, arxamca atam gəldi. Maşınla gələcək, zəng etmişdi - İsmarıc səsli idi

Əla fürsət idi. Səhərdən gələn ən əla xəbər. Bu işi görəcəkdi, ordan da evə. Amma cavabı elə vermək lazım idi ki, guya, görüşməyəcəklərinə məyus olub. Nə şiş yanmalı idi, nə kabab.Siqareti yarımçıq yerə atıb yazışmağa girişdi.

Telefonu ağzına tutub səsli ismarıc atdı: “- Deyə bilməzsən gəlməsin ? Gül kimi havadır, romantik. Gəzmərik, univerdən birbaşa evə gedərik. Çox islansaq taksi tutarıq.”

Xırda-mırda axan suları saymasa, quyunun içi quru sayıla bilərdi. Çantasından iş əlcəklərini çıxarıb taxdı, quyunun kənarından tutub pilləkənlə dərinliyə düşdü.

Səsli ismarıc gəldi
- Sən hardasan ? İşdə deyilsən ? Səsli cavab ver

Dərhal cavab verdi
- İşdəyəm, nədir ki ?

- Siz tərəfdə məscid var, bəyəm ? Arxa fonda azan vardı
- Nəsə olub ki, azandı da
- Heç nə, mən bilən siz tərəfdə məscid olmamalıdır. Sən dəqiq işdəsən ? Çünki mən tez də çıxa bilərəm, əgər istəsən. Ən azı, atam gələnə kimi gəzə bilərik.
- Gözlə

Zəng gəldi.
- Alo, bitirdin ?
- Xeyr rəis, baxıram hələ
- Niyə belə gec-Qızdan gələn yeni ismarıcın səsi gəldi
- Qapağı açmaq çətin idi
- Nə qədər vaxt lazımdır ? Bəlkə adam göndərim ?
- Yox, ehtiyac yoxdur, rəis. Çalışaram qısa zamanda həll edim.
- Xətt qırıldığı yeri tapmısan ?
- Yox..axtarıram-İkinci ismarıc gəldi
- Nəsə, xoşum gəlmədi sənin işindən. Düzəlmirsən. İşsiz qalsan, günahı özündə axtar.
- Oldu, rəis

Birini yola verib, digərinə keçdi
- Nə oldu cavab? -Qız əsəbiləşirdi- Cavab yaz da
- Zəng gəlmişdi. Üzrlü say
- Mənə selfi at. Sən çöldəsən ?
- Selfini neynirsən ? İki dəqiqəlik çölə çıxmışam
- Görüm işdəsən ?
- İnanmırsan ?
- Dəxli nədir ? Şəklini göndər
- Alınmır, - Qıza şirkətlərin birində proqramçı işlədiyini söyləmişdi. İş rejiminə görə də işdə olmalı idi.
- Onda sənsən, demək ki. Bax, iki dəqiqə vaxt verirəm şəkil gəlməsə, mənə bir daha yazma
- Kiməm ? Nə baş verir ?
- Mən səni görmüşəm
-Harda ?
- Cəhənnəmdə. Sən kanalizasiyadasan
- Güldürmə, ay qız. Mən işdəyəm, sadəcə ofisdən çıxmışam.
- Məni dolama. O azan səsi bizim yanımızda da səsləndi. Yanımızdakı məsciddir. Səni binamızın pəncərəsindən görmüşəm. Qızlara göstərdim, elə bildim dalımca gəlmisən, sürprizdi. Sən də girdin deşiyə
- Pul qazanmaq ayıbdır ki ? Özü də o kanalizasiya deyil, telefon xətlərinin qovşağıdır.
- İki gözüm aydın telefondu. Deməli, sənsən. Mən demədim pul qazanmaq pisdir. Amma, əvvəldən də demişdim, atam hər gələnə verməz məni-Qız həm əsəbi idi, həm də ağlamsındı
- Hər gələn oldum ? Bir də ki, axı, sən burda oxumursan…
- Fırlatma. Bu da bizim korpusdu. Son dərsi yenə qayıdacaqdım əsas korpusa..Sənlə görüşmək üçün. Özüm də səni görəndə təəccübləndim, sürpriz sandım. Bəlkə, əvvəldən desəydin, qoşalaşıb sənə bir şey tapardıq. Biabır oldum qızların içində

O, yazışmanın uzandığını hiss etdi. Zəng etmək qərarını verdi. Qız dəstəyi asırdı.

- Qaldır da bu zibili, - Yazdı
- Niyə ?
- Elə ona görə ki, danışaq
- Nə danışacağıq ? İşdən çıx, özünə iş tap. Vallah məni düz başa düş, atam məni sənə verən deyil,
- Sevirsənsə, əsas sevgidir. Qalanı həll olar,- Bayağılıqdan əti ürpəşdi
- Nə qədər də sadəlöhvsən. Nə sevgi, ay kişi. Sən atamı tanımırsan
- Mən bu işdən çıxa bilmərəm. Başqa işim yoxdur. Camaat içində təriflənəsi sənətim də yoxdur. Nə edim, yoxdur. Kasıbam
- Məni düşün, bizi düşün.
- Görüşək, danışaq ? Yazışmaqla nəyisə izah etmək olmur
- Mən sənlə görüşə bilmərəm
- Qorxursan, bilərlər ki, yeraltı adamıyam ? Məndən iy gələr ?
- Nə isə. Sən iş tap, yalvarıram. Sonra danışarıq

Cavab yazmaq istəyirdi ki, rəis yenə zəng edirdi.
- Sən dəqiq ordasan ?
- Bəli, – Rəisin zənglərindən bezdiyini sezdirməməyə çalışırdı
- Bəs, niyə həll olunmur işin ?
- Axtarmaqdayam
- Sənə keçən dəfə dəymədim axı. Danışdıq ki, gecikmələrin yığışdırılacaq, işini düzgün və vaxtında görəcəksən
- Rəis
- Sözümü kəsmə- Rəis çımxırdı-Kəsmə məni, ayın axırında az qala yalvarasız, amma işə gələndə yağış yağır, gün çıxır, nə bilim nə.Yağışlı havada maaş almağa gəlməzdin ? Uçardın !
- Rəis
- Bayaq mənə zəng ediblər, sənə demədim,amma,mənə itin sözünü dedilər. Deyirəm işçimiz ordadı. Deyirlər lyuk bağlıdır, işçi-zad yoxdur. Mənə yalan danışdın. Səni adam bildim,zəvzək !
- Rəis, yəqin, siqaret…

- Görüşək ? – Rəisin onun qulağına atdığı dəstəkdə asılı qalan fikirlərini bir kənara atıb qızla münasibətə girişdi. Hazır, işsiz qalmışdı, barışmağa səbəb yaranmışdı, - Çıxdım işdən. Bitdi yeraltı dünya, – Səs atdı
- Doğurdan ? Nə vaxt ?
- Elə indi. Sənə görə
- Əla, sevindim. Amma, söz ver ki, yaxşı, normal iş tapacaqsan. Gələcəyimiz üçün. Atamı tanıyanda görəcəksən ki, düz deyirəm. Dəhşət tərs adamdır.
- Yaxşı. Yaxşı. - “Elə bil atasıyla evlənirəm” fikrini ağlından keçirdi,-Görüşəcəyik ?
- Yox, bu gün qalsın. Tez çıxmayacam, atamla gedəcəm.
- Bəs, çağırırdın ki, görüşək.- Ürəyindən “hər dəfə atanı qatma” yazmaq keçirdi, yazmadı
- Yox, bu gün yox. Alınmır. Bir də ki, bir neçə gün gəlmə. Mən deyənə qədər gəlmə. Qızlara dedim ki, oxşatdım səni. Yola verdim, güc-bəla ilə. - Qızın səs tonu onun xoşuna gəlmədi. Bir növ yola veriləsi adamın rəfiqələr yox, özünün olduğunu hiss etdi

O, söhbəti uzatmadı. Əlində telefon quyunun dibindən səmaya baxdı. Yağış üzünə yağırdı. Dərindən ah çəkdi. Çiynində çanta aşağı necə enmişdisə, o halda da yuxarı qalxdı. Quyudan çıxmadan əlini atıb qapağı özünə dartdı. Quyunun ağzını tam bağladı. Telefonun işiğı ilə dibə enib nəm yerə oturdu. Telefonunu söndürdü, arxaya, quyunun divarına söykənib gözlərini yumdu.

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

# # #