Yad kişi – Migel Delibesin hekayəsi

Migel Delibes, ispan yazıçı

Migel Delibes, ispan yazıçı

27 fevral 2022
# 15:20

Kulis.az Migel Delibesin “Yad kişi” hekayəsini təqdim edir.

Şəhərə qar yağırdısa, deməli adamı hər küncdə yıxılıb boynunu qırmaq təhlükəsi gözləyirdi. Yerdə qalıb tapdaq-tapdaq olan qar gecə şaxtasında donub bərkidi və yollar parlaq buz meydançasına çevrildi. İndi küçədə gəzmək yox, konki sürmək olardı. Bu əlamətdar hadisə oğlan uşaqlarının yaman xoşuna gəlirdi, çünki dərsdən yayınmaq üçün əllərində yaxşı bəhanə vardı.

İlk baxışdan əhəmiyyətsiz görünən şeylər, məsələn, qarın yağması və buza dönməsi, sürüşmək və zərblə yıxılmaq çox vaxt özündə böyük insan talelərini gizlədir və kəskin dəyişikliklərə səbəb olur; bəzən insanlara xoşbəxtlik, bəzən də uğursuzluq gətirir. Xuan Qomesin də başına məhz belə bir iş gəlmişdi. Onun iyirmi yeddi yaşı vardı, təzəcə evlənmişdi, körpünün yanındakı mühafizəçisi olan binada yaşayırdı.

Onun arvadı həmin günədək heç nədən şübhələnməmişdi. Sevgisindən heç şübhəsi yox idi. Odur ki, heç nə həmin səhər qarnının dərinliklərində hiss etdiyi ikrah dolu sancıya haqq qazandırmırdı. Xuanın eynəksiz olmasında, günorta ofisdən qayıdanda qarda yıxılıb eynəyini qırmasında fövqəladə heç nə yox idi. Ancaq gözünün qabağında əyləşib səhər yeməyi yeyən, tamamilə müdafiəsiz görünən ərini, onun köynəyinin qeyri-mütənasib və ucu kirli yaxasından çıxan boynunu, boş-boş baxan göz bəbəklərini süzərkən dəhşətli sarsıntı keçirdi.

– Nəsə olub? Soyuqlamısan? – dedi Xuan.

O, həmişəki kimi qayğıkeş, həlim və mehriban idi, amma bu dəfə onun səsindəki zərif, qoruyucu çalar arvadının xətrinə dəymişdi.

– Nə danışırsan? Niyə mənə nəsə olmalıdır ki? – arvadı sərt cavab verib öz-özünə belə düşünmüşdü: “Bəlkə uşağa görə? Bəlkə içimdəki bu dözülməz ikrah hissinin səbəbi uşaqdır?”

O, yerində qurdalandı, sanki nəsə israrla onu stula sıxır, görünməz əllər onu qalxmağa qoymurdu. Pəncərənin o tayında yenə qar yağmağa başlamışdı. Əslində, yağan qarı izləmək onu sakitləşdirməli idi, çünki belə anlarda həmişə öz evinin istiliyini, qaydasında gedən rahat həyatını dəyərləndirirdi. Amma yox. Xuan gözünün qabağındaydı. O, çörəyi qəhvəyə batırıb acgözlüklə marçıldadırdı. Sonra qəfil başını qaldırdı və dedi:

– Ofisə getməmişdən əvvəl eynəyi optikaya verəcəm. Amma Perez Fernandezə yox. Ondan qorxuram. Hər şeyi baha və keyfiyyətsiz edir. Bu dəfə köşədəki dükana qoyacam. Marselinyo dedi ki, yaxşı və sürətli işləyirlər. Mənə də tez lazımdır.

Arvadı cavab vermədi. Deməyə sözü yox idi; on ildə birinci dəfə idi ki, Xuan Qomesə deməyə söz tapmırdı. Bircə kəlmə belə deyə bilmədi. İçi nağara kimi boş idi. Ərinin key, müdafiəsiz gözlərinə baxmaq üçün var-gücünü topladı və ömründə birinci dəfə bu gözləri olduğu kimi gördü, sən demə, indiyədək şüşənin arxasında məharətlə gizlənirmişlər.

Canından üşütmə keçdi. Bunlar Xuanın gözləri deyildi. Axı onun eynəkli kişilərdən xoşu gəlirdi; eynək adama xoş, intellektual, ağıllı və işgüzar ab-hava verirdi. Xuanın şüşə arxasındakı gözləri isə həm də parlaq, cəsur və cürətli görünürdü. Xuana elə buna görə vurulmuşdu, onun gözləri elə amansız idi ki, sanki onları tutub-saxlamaq üçün şüşə sipərə ehtiyac var idi. “Ağlıma boş-boş şeylər gəlir”, dedi öz-özünə, “Yəqin ki, uşağa görədir. Hamı deyir ki, hamilə olanda qəribə şeylərin fərqinə varırsan, çox şeydən iyrənirsən, ikrah hiss edirsən”. Qəfil səsdən diksindi.

– Nə düşünürsən, əzizim, bəlkə mənə də deyəsən?

Artıq Xuanın səsi acıqlı və şübhəli idi. Arvadı şiddətlə başını yellədi, əl-ayağının keyidiyini hiss etdi, elə bil, içindəki üsyanı yerindəcə boğmuşdular.

– Bilmirəm, nə düşündüyümü bilmirəm. Beynimdə o qədər şey var ki.


Onun gözləri haqqında düşündüyünü, onu daha əvvəlki kimi görmədiyini deyə bilmədi: şəxsiyyəti o qədər zəif və səbatsız imiş ki, bir qırıq eynək onu qorxağa çevirməyə bəs eləmişdi. Qəfil bu kişi ilə dinc həyat yaşadığına görə utandı. Bəs Xuan düzəlmiş eynəyi və parlaq, cəsur, cürətlo baxışları ilə optikadan qayıdanda nə deyəcəkdi? Əri südlü qəhvəyə batırdığı bulkanı dişlərinin arasında həvəslə əzərkən sönük gözləri ilə yenidən ona baxdı. Hiss edirdi ki, bu yad gözlər arsızcasına paltarının altına süzülür, çılpaq bədənini xəyal etməyə çalışır.

“Bu kişinin məni bu cür süzməyə haqqı yoxdur”, deyə düşündü qadın, “Elədiyi lap həyasızlıqdır. Ondan şikayət edəcəm, icazəsiz davranışlarına görə onu biabır edəcəm”. Deyəsən fantaziyası lap çoşmuşdu. O, xəyanətin dəhşətini, utancını düşündü və qəfil ayağa qalxdı. Bir söz demədən üzünü çevirib qapıya tərəf getdi, amma əri yerindən sıçrayıb onun belini qucaqladı.

– Gəl səni öpüm, əzizim, çıxıb edirəm.

Qadın öz gözlərinin lap yaxınlığında bir cüt ifadəsiz göz gördü, elə bil, bu ölgün gözlərin üstünü anlaşılmaz duman örtmüşdü. Ərinin burnunun üstündə balta izini xatırladan quru, dərin şırım görünürdü. Qadın bədəninə toxunan bədəni hiss edib gözlərini yumdu, sakitləşməyə çalışdı. Sonra gözlərini açdı. Yox, qətiyyətlə deyə bilərdi ki, bu, Xuan deyil, bu, onun Xuanı, həmişə təmiz, çirksiz eynək taxan, göz bəbəkləri parıldayan iyirmi yeddi yaşlı Xuan Qomes deyil. Bu, başqa kişidir; yerdə donan qardan, yıxılmaqdan və qırılan eynək şüşəsindən öz məqsədləri üçün istifadə edən yad kişidir. Onun başı gicəlləndi, bərkdən qışqırdı. Lakin bu müqavimət Xuan Qomesin doyumsuz hisslərini daha da gücləndirdi. Və Xuan Qomes arvadının dodaqlarından öpərkən, anladı ki, arvadı qollarının arasında hərəkətsiz halda asılı qalıb, yoxa çıxıb. Amma ilk baxışdan əhəmiyyətsiz görünsə də, çox vaxt özündə böyük insan talelərini gizlədən və dəyişikliklərə səbəb olan şeylər, məsələn, qarın yağması və buza dönməsi, sürüşmək və zərblə yıxılmaq barədə düşünmək ağlına belə gəlmədi.

İspancadan tərcümə: İlahə Əkbər (sim-sim.az)

# 3318 dəfə oxunub

Müəllifin son yazıları

# # #