“Xaç atası” romanından parça - Mario Pyuzo

“Xaç atası” romanından parça - Mario Pyuzo
2 sentyabr 2023
# 12:00

Kulis.az Kamran Nəzirlinin tərcüməsində "Xaç atası" romanından bir hissəni təqdim edir.

...İndi bütün rayonda Vito Karleoni barədə "hörmətli adam" kimi danışırdılar; deyirdilər ki, guya Vito Karleoni həm də Siciliya mafiyası ilə əlaqəlidir. Bir dəfə qumar oyunları evinin sahibi öz təşəbbüsü ilə onun yanına gəlib dedi ki, hər həftə Vito Karleoniyə iyirmi dollar pul vermək istəyir, elə belə, "dostluq" xətrinə. Vito da həftədə bir və ya iki dəfə qumarxanaya gəlsin, qoy ordakılar görsün ki, bu obyekt Karleoninin himayəsi altındadır.

Dükan sahibləri cavan dələduzlarla yola getməyəndə Vitodan xahiş edirdilər ki, işə qarışsın; o da müvafiq mükafat məbləği həcmində bu işi "həll" edirdi. Tezliklə Vito Karleoninin gəlirləri o dövr üçün iri rəqəm sayılan məbləğlə ölçüldü: həftədə yüz dollar! Klemenza və Tessio onun dostları və müttəfiqləri idi, Vito öz gəlirlərini onlarla bölüşürdü. Nəhayət, o zeytun yağının idxalıyla məşğul olan uşaqlıq dostu Cenko Abandando ilə şərikli firma yaratdı; onlar İtaliyadan zeytun yağı gətizdirib Cenkonun atasının anbarlarında saxlayacaqdılar. Bu sahədə Cenkonun böyük təcrübəsi vardı. Klemenza və Tessio satış agentləri olacaqdı. Onlar Manhetten, Bruklin və Bronksun bütün italyan dükanlarını gəzəcək, sahibkarlarla ticarət yapacaqlar; onları inandıracaqdılar ki, yalnız "Cenko Pura" zeytun yağını alsınlar. (Vito özünə xas təvazökarlıqla yağa öz adını qoymadı). Əlbəttə, Vito Karleoni firmanın sahibi olacaqdı, bütün işləri də o maliyyələşdirəcəkdi. Əgər dükan sahibləri Klemenza və Tessionun təklifləri ilə razılaşmasaydılar Vito işə qarışacaq, öz inandırıcılıq metodlarından istifadə edəcəkdi.

Sonrakı illərdə Vito Karleoni xırda bizneslə məşğul oldu, dinamik və daimi inkişaf edən firmanın sahibi kimi fəaliyyət göstərdi. O sadiq ata və ər idi, lakin daimi məşğuliyyəti ailəsinə kifayət qədər diqqət yetirməyə macal vermirdi. "Cenko Pura" adlı zeytun yağı Amerikada məşhurlaşdı. Yaxşı iş adamı kimi Vito Karleoni rəqibləri ilə həmişə ümumi razılığa gəlməyi bacarırdı, lakin satış bazarlarını onların üzünə bağlayırdı, dükan sahiblərini inandırırdı ki, özgə mallarını almasınlar. O monopoliyaya can atırdı, öz rəqiblərini məcbur edirdi ki, ya onun biznes sahəsini rahat buraxsınlar, ya da onunla birləşsinlər. Vito hər şeyi sıfırdan başlamışdı, reklam olunan mallara inanmırdı, camaatın dediklərini əsas götürürdü; düzünə qalsa, onun gətirdiyi zeytun yağı o biri rəqiblərin gətirdiyi növlərdən kifayət qədər yaxşı deyildi. O şəxsiyyətinin nüfuzuna və "hörmətli adam" kimi tanınmağına arxayın ola bilirdi.

Gənc Vito Karleoni "ağıllı adam" hesab olunurdu; heç vaxt heç kimi təhdid etmirdi, o inandırma gücüylə hərəkət edirdi və onun inandırıcı dəlillərinə qalib gəlmək mümkün deyildi. Vito Karleoni ilə iş birliyində olanlar heç vaxt uduzmurdular. Vito tezliklə bu qənaətə gəldi ki, rəqabət yalnız izafi vaxt və vəsait itkisinə gətirib çıxarır, yalnız monopoliyaya arxalanmaq olar. Bruklində topdansatış ticarətlə məşğul olan bir neçə çılğın adam vardı; onlar da zeytun yağı ticarətiylə məşğul olurdular, bu sahədə monopoliyanı inadla inkar edirdilər. Hətta Vito situasiyanı onlara təmkin və təfərrüatı ilə izah edəndən sonra da təəssüflə əlini yellətdi, Tessionu problemi "həll etmək" üçün Bruklinə göndərməli oldu. Bir neçə anbar yandı, yaşıl zeytun yağları sahilyanı bütün göllərə və küçələrə dağıldı. Topdansatış mərkəzlərindən birinin sahibi, Milandan olan birisi polisə şikayət etməyə, öz həmvətənlərini minillik İtalyan ənənələrini və mafiya qaydalarını pozmaqda suçlandırdı. Lakin işə start verilməmiş topdansatış mərkəzinin sahibi yoxa çıxdı, arvadı və üç uşağı yetim qaldı; şükür Allaha, yaxşı ki, uşaqları həddi-büluğa çatmışdı, atalarının işini davam etdirərək "Cenko Pura" şirkətiylə dil tapdılar.

Böyük Adam doğulmur, Böyük Adam olurlar. Vito Karleoni də amansız həyat meydanında böyüyə-böyüyə Böyük Adam oldu; spirtli içkilərin qadağan olunduğu qanun işə düşəndə Vito adi biznesmendən böyük Dona çevrildi. Spirtli içkilərin qadağan olunmasının sona çatması və böyük böhranın başlanması zamanı Vito Karleoni Xaç Atası oldu, Don oldu, Don Karleoni oldu.

"Cenko Pura" firmasının altı yük maşını vardı; Kanadadan spirt və viski gətirən bir qrup italyan qaçaqmalçısı Klemenzanın vasitəsiylə Vito Karleoniyə müraciət elədi. NyuYorkda malların paylanması üçün onlara yük maşınları və fəhlə qüvvəsi lazım idi; onların həm də etibarlı və nüfuzlu adama da ehtiyacları vardı. Təklif olunan xidmət haqqı o qədər böyük məbləğ idi ki, Vito Karleoni demək olar ki, zeytun yağı ticarətindən tamamilə imtina elədi, yük maşınlarını qaçaqmalçıların ixtiyarına verdi.

Vito Karleoninin biznesi çiçəkləndi, bu illər ərzində topladığı təcrübə və əlaqələri ona yardımçı oldu. O adamlara yaxşılıq etdi, bu isə onun üçün eynilə bankirə verilən zəmanət kimi bir şey idi. Sonrakı illərdə aydın oldu ki, Vito Karleoni sadəcə bacarıqlı adam deyil, o dahidir.

O italyan ailələrini müdafiə edirdi, öz evlərində xırda meyxanalar təşkil edir, burada sadə fəhlələr on beş sentə özlərinə bir stəkan viski ala bilirdilər. Senyora Kolombonun kiçik oğlunun həddi-büluğa çatdığı gün Vito Karleoni onun xaç atası oldu, oğlana iyirmi dollarlıq qızıl monet hədiyyə etdi.

Bununla belə, qaçaqmalçı yük maşınlarından bir neçəsi polis tərəfindən yaxalandı, Cenko Abandando polis və məhkəmədə əlaqələri olan vəkil tutdu; çox keçmədi ki, Karleoninin təşkilatında məmurların "siyahısı" tutuldu, onlara aylıq haqq veriləcəkdi. Vəkil böyük xərclərə görə siyahını qısaltmağa çalışırdı, lakin Vito Karleoni onu sakitləşdirib dedi:

- Yox, yox, lazım deyil. Siyahıya hamını sal, hətta indiki vaxtda bizə lazımlı olmayacaq adamları da daxil elə. Mən dostluğa inanıram, öz dostluğumu da birinci sübut etməyə hazıram.

Vaxt ötdükcə Karleoninin imperiyası böyüyürdü, o daha çox yük maşınlarına sahib olurdu, təbii ki, məmur siyahısı da çoxalırdı. Klemenza və Tessionun adamlarının sayı da artırdı. Təşkilat getdikcə idarəolunmaz vəziyyətə düşürdü; əlbəttə, təşkilat və biznes idarə olunmalıydı. Vito Karleoni idarəetmənin yeni sistemini hazırladı; o Tessio və Klemenzaya rütbə - Kaporejime, yəni dəstə başçısı rütbəsi verdi, onlar üçün işləyən adamlara isə "əsgər" rütbəsi verdi. Cenko Abandando onun şəxsi Konselorisi, yəni müşaviri təyin olundu. Özü ilə onun əmrini həyata keçirən adamlar arasında bir neçə qat təcrid divarı yaratdı; bütün əmrlərini Cenkoya, ya da dəstə başçılarından birinə verirdi; əmrlər çox nadir hallarda şahidlərin yanında verilirdi. Sonra Karleoni Tessionun qrupunu ayırıb onu Bruklin üzrə məsul şəxs elədi. O həmçinin Tessio ilə Klemenzanı ayırdı, çox aydın başa saldı ki, onların bir yerdə olmasını yalnız nadir hallarda görmək istəyir; o bu addımı daha dərrakəli Tessioya ehtiyat tədbiri üçün atdığını başa saldı. Tessio da dərhal anladı ki, dəstə başçısının Dona sui-qəsd etmək imkanları məhdud olsun. Kompensasiya üçün Tessio Bruklində tamam fəaliyyət azadlığı aldı. Klemenzanın Bronksda fəaliyyət göstərən qrupu Donun özünün daimi nəzarətində qaldı. Klemenza cəsarətli adam idi, lakin kifayət qədər ehtiyatlı deyildi və son dərəcə amansız idi (özünü şən göstərsə də). Onu daim nəzarətdə saxlamaq lazım idi.

Böyük Depressiya Vito Karleoninin nüfuzunu möhkəmlətdi, onu artıq Don Karleoni çağırmağa başlamışdılar. Dürüst və vicdanlı adamlar şəhərin hər tərəfində özlərinə iş axtarırdılar; qürurlu adamlar özlərini alçaldaraq məmurların ayaqlarına düşüb yalvar-yaxar edir, ailələrini dolandırmaq üçün işə ehtiyaclarını bildirirdilər. Lakin şəhərdə Don Karleoninin adamları başları dimdik gəzirdilər, cibləri pulla oynayırdı. Onlar işlərini itirməkdən qorxmurdular, hətta, Don Karleoni təvazökar olsa da, özü qürur hissi yaşayırdı. O öz adamlarının qayğısına qalırdı, gecə-gündüz onun üçün alın təriylə işləyən və ona görə azadlıqlarını və həyatlarını təhlükə altında qoyan adamların ümidlərini doğrulda bilirdi; onun adamlarından biri təsadüfən həbsə düşəndə, ya bir xəsarət alanda onların ailəsinə baxırdı; əlbəttə, hansısa qəpik-quruşdan söhbət belə gedə bilməzdi, həmin ailələr onların başçılarının haqq etdiyi məbləği alırdılar.

Əlbəttə, bu, xalis xristianlıq mərhəməti deyildi; onun səxavəti arxasında hansısa xudbin maraq gizlənmişdi. Həbs edilən adam yaxşı bilirdi ki, polisdə ağzını yummalı, artıq-əskik söz danışmamalıdır; bu halda onun arvadı, uşaqları ac qalmayacaqlar. Həmin adam bilirdi ki, türmədən çıxandan sonra onun şərəfinə ziyafət olacaq, evdə onu gözəl yeməklər gözləyəcək: şərab, ev xörəkləri, piroqlar, qoğallar... Bütün dost-tanışlar yığışacaqlar, onunla birlikdə həbsdən azad olunmasını qeyd edəcəklər. Bəzən müşavir Cenko Abandando və yaxud Don Karleoni hörmət əlaməti olaraq özü həmin cəsur adamın evinə gəlir, onun sağlığına şərab içirdi, ona pul mükafatı gətirirb verirdilər; türmədən çıxmış adama hər şeydən öncə imkan verirdilər ki, bir neçə həftə ailəsinin yanında qalsın, istirahət eləsin, sonra gündəlik iş rejiminə qayıtsın. Bu mənada Don Karleoninin misli yox idi, belə hallarda onun səxavət və qayğısı sonsuz olurdu.

Don Karleoni getdikcə hiss edirdi ki, öz dünyasını ona maneçilik törədən düşmənlərinin imperiyasından daha yaxşı idarə edir. Rayonda yaşayan kasıb təbəqə də bu fikirdəydi; onlar hər hansı bir xahişdən və ya problemdən ötrü Donun yanına gəlir, ondan kömək umurdular: iş üçün, daimi məvacib almaq üçün, hansısa cavan oğlanı türmədən qurtarmaq üçün və ya onu işə düzəltmək üçün, borc pul üçün, işsiz adamdan kirayə haqqı tələb edən ev sahibiylə yaranmış mübahisəni yoluna qoymaq üçün Dona müraciət edirdilər.

Don Vito Karleoni hamıya kömək edirdi, özü də bunu ürəklə edirdi; müraciət edən şəxs onun yanından heç vaxt məyus halda çıxmırdı, sanki Dondan sədəqə aldığını hiss edirdi. Sadə italyanlar senata seçkilər ərəfəsində, ya da şəhər bələdiyyəsinə, yaxud məhkəmə orqanlarına seçkilər başlayanda dost və ya özlərinə hami hesab etdikləri Don Karleoniyə - Xaç Atasına məsləhət üçün müraciət edirdilər; beləcə, Don siyasi gücə çevrildi, müxtəlif partiyaların rəhbərləri onunla hesablaşmağa başladılar. O öz mövqeyini möhkəmlətdi, siyasi uzaqgörənliyi nüfuzunu artırdı; o kasıb aillərdən çıxmış istedadlı italyan uşaqlarına təhsillərini başa vurmaq üçün kömək elədi. Bu oğlanlar gələcəkdə vəkil, prokuror köməkçisi, hətta məhkəmə sədrləri oldular. Don öz imperiyasının gələcəyini nüfuzlu və uzaqgörən dövlət xadimi kimi planlaşdırırdı.

Spirtli içkilərin qadağasının ləğv olunması Donun imperiyasına ağır zərbə vurdu; lakin o əvvəlcədən ehtiyat tədbirləri görmüşdü. 1933-cü ildə Vito Karleoni öz adamlarını liman rayonlarının və Manhettenin bütün qumar evlərinin, ippodromların, Harlemin bütün qumarxanalarına və lotoreya oyunlarına nəzarət edən sahibkarın yanına göndərdi. Bu adam Nyu Yorkda cinayət aləminin başçılarından biri Salvator Maranzano idi. Karleoninin emisarları Maranzanoya əməkdaşlıq təklifi ilə gəlmişdilər, ona Bruklin və Bronksda bərabər şəkildə biznes yapmaq imkanları verirdilər. Bu zaman hər iki tərəf fayda götürəcəkdi. Vito Karleoni ona himayədarlıq edəcəkdi, polis və siyasi əlaqələrindən istifadə edib onun biznesini qoruyacaqdı. Lakin Maranzano uzaqgörən adam olmadı, Karleoninin təklifini həqarətlə rədd elədi. Maranzano şəxsən Al Kaponenin özüylə dostluq edirdi, onun öz imperiyası, öz adamları, üstəgəl iri məbləğdə sərvəti vardı, onun Karleonini görməyə belə gözü yox idi: necə yəni, yoxsul bir adam olasan, birdən-birə varlanasan və özün də mafiya başçısından daha çox siyasi diskussiyalar üzrə böyük usta olasan? Maranzanonun rədd cavabı 1933-cü ildə Nyu York şəhərində cinayətkar imperiyalar arasında müharibəyə səbəb oldu və bu, bütün cinayət aləmində aşağıların yuxarılara tabe olmaq qaydasını dəyişdi.

İlk baxışdan bu savaş bərabər güclərə malik olmayan tərəflərin döyüşünü xatırladırdı. Salvator Maranzanonun nəhəng imperiyası vardı, ətrafına güclü qanqsterlər yığmışdı. Bundan başqa o, Al Kaponenin rəğbətini qazanmışdı, ona hər zaman kömək üçün müraciət edə bilərdi. Onun şəhərdə fahişəxanalara və az da olsa narkotika ticarətinə nəzarət edən Tatalya Ailəsi ilə də yaxşı münasibətləri vardı. Maranzano şəhərin iri kapitalistləri ilə də yaxşı əlaqələr qura bilmişdi; həmin kapitalistlər şəhərdə toxuculuq sənayesi həmkarlar təşkilatının yəhudi rəhbərləri və tikinti sindikatlarının italyan başçıları ilə haqq-hesab çəkmək üçün dəfələrlə Maranzanodan qanqsterlər istəmişdilər.

Bütün bunlara qarşı Don Karleoninin iki xırda, lakin təşkilati cəhətdən güclü olan dəstəsi dururdu: birinə Klemenza, digərinə isə Tessio rəhbərlik edirdi. Donun polislə və siyasi xadimlərlə əlaqələri Maranzanonun iri biznes rəhbərləri tərəfindən dəstəklənməsini neytrallaşdırdı; düzdür, düşmən Donun təşkilatının vəziyyəti barədə heç nə bilmirdi; Maranzano bilmirdi ki, Donun neçə qanqsteri var, hansı gücə malikdir; çoxları elə bilirdi ki, Tessionun Bruklində başçılıq etdiyi qanqsterlər dəstəsi ayrıca müstəqil təşkilatdır. Hər halda, bərabər döyüş deyildi, lakin Vito Karleoninin çox ustalıqla vurduğu bircə zərbə tərəflər arasında güc imkanlarını bərabərləşdirdi.

Maranzano Al Kaponedən xahiş elədi ki, layiq olmadığı mövqeyi qazanan bu cındırı aradan götürmək üçün ona iki ən yaxşı qanqster göndərsin. Karleoni Ailəsinin dostları və xəbərçiləri Çikaqodan məlumat verdilər ki, həmin iki qanqster qatarla gəlir. Vito Karleoni Luka Braziyə tapşırdı ki, o iki nəfərin işini bitirsin; özü də Lukaya icazə verilmişdi ki, öz yırtıcı instinktləri ilə hərəkət etsin.

Brazi və onun dörd nəfər adamı Çikaqodan gələn iki qanqsteri vağzalda qarşıladı. Brazinin adamlarından biri taksi əldə etmişdi, sürücü kimi geyinmişdi; yükdaşıyan adamı da Kaponenin yolladığı killerləri düz apardı həmin taksiyə. Onlar taksiyə oturan kimi arxa oturacaqlardan Brazi və adamlarından biri qalxdı, silahlarını Çikaqodan gələn qonaqların başlarına dayadılar. Əmr elədilər ki, uzansınlar. Taksi limana sarı şütüdü və Brazinin əvvəlcədən hazırladığı anbara girdi.

Kaponenin qanqsterlərinin qollarını və ayaqlarını bağladılar, dəsmalları bürmələyib ağızlarına soxdular. Sonra Brazi baltanı götürüb onlardan birinin əl-ayağını kəsməyə başladı; əvvəlcə topuğunu, sonra dizini, sonra da bədəni ilə budunun birləşdiyi hissəni baltaladı. Brazi güclü adam idi, lakin bu işdə xeyli əziyyət çəkməli oldu. Onun qurbanı artıq ölmüşdü, anbarın döşəməsinə isə insan ətinin parçaları və sümükləri səpələnmişdi. Yerdə qan gölməçəsi yaranmışdı. Brazi ikinci qanqsterə yaxınlaşanda gördü ki, o artıq qorxudan dəsmalı udaraq boğulub, Luka daha özünü əziyyətə salmadı. Polis meyiti yaranda dəsmal həmin adamın qarnından çıxmışdı.

Bir neçə gündən sonra Al Kaponenin adamları Vito Karleonidən mesaj aldılar: "Artıq sən bilirsən ki, mən öz düşmənlərimlə necə rəftar edirəm. Axı nə üçün bir Neopolitanlı iki Siciliyalının mübahisəsinə qarışır? Sənin kimi adam bilməlidir ki, səndən nəsə xahiş etməyənlə dostluq münasibəti yaratmaq daha sərfəlidir, çünki o, özü özünün qayğısına qalır, lazım olan vaxt sənə həmişə kömək etməyə hazırdır. Sən bu dostluğu rədd edə bilərsən. Lakin mən qeyd etməliyəm ki, bu şəhərdəki iqlim rütubətlidir, bu da Neopolitanlıya zərərlidir; sənə məsləhət görürəm ki, bu şəhərə heç vaxt gəlməyəsən...".

Məktubun həyasız tonu bilərəkdən yaradılmışdı. Don Kaponenin adamlarını sevmirdi, hesab edirdi ki, onlar sarsaq qatillərdi. Donun məxfi xəbərçiləri ona çatdırmışdılar ki, Al Kapone həyasızlığı və hədsiz lovğalığı ucbatından siyasi təsir nüfuzundan tamamilə məhrum olub. Don Karleoni əmin idi ki, siyasi və ictimai nüfuz təsirindən məhrum olan Al Kapone və onun kimilərinin heç bir dəyəri yoxdur, onları çox asanlıqla məhv etmək olar. Don bilirdi ki, Kapone öz məhvinə doğru gedir, onu saxlamaq çətin olacaq; Don bunu da anlayırdı ki, Kaponenin təsiri və nüfuzu hansı qüdrətə malik olur-olsun, Çikaqodan o tərəfə çıxmayacaq.

Taktiki addım uğurlu alındı. Ona görə yox ki, amansız və yırtıcıydı, ona görə ki, Don çevik tərpənmişdi, dərhal da reaksiya vermişdi. Əgər Donun məxfi kəşfiyyat şəbəkəsi varsa, deməli, düşmənin atacağı hər bir yeni addım real təhlükə altında qalacaq. Ən ağıllı yol təklif olunan dostluğu qəbul etməkdir. Al Kaponenin adamları xəbər göndərdilər ki, onlar bu işə bir daha qarışmayacaqlar.

Tərəflər arasındakı güc imkanları artıq bərabərləşmişdi. Birləşmiş Ştatların bütün cinayət aləmi Vito Karleoninin Al Kaponeyə qarşı alçaldıcı rəftarını ləyaqətlə qarşıladı, Dona rəğbət artdı. Altı ay keçmişdi ki, Don Karleoni Maranzano ilə də haqq-hesabı çürütdü. O Harlemdə Maranzanonun himayə etdiyi qumar oyunları evlərinə girişdi; Klemenzanı və dəstəsini göndərdi ki, Maranzanonun quldurlarının soyğunçuluq hərəkətlərinə qarşı mübarizə aparan həmkarlar təşkilatının, habelə toxuculuq firmalarının tərəfində dursun. Ağıl və mükəmməl təşklatçılıq ona bütün cəbhələrdə qalib gəlməkdə kömək etdi. Karleoni Klemenzanın şən əhval-ruhiyyəli amansızlığından ağılla istifadə elədi, bu da uğur qazanmasının səbəblərindən biri oldu. Və bundan sonra Don Karleoni indiyə kimi mübarizə meydanlarından kənarda qalan Tessionun ehtiyat dəstəsinə Maranzanoyla məşğul olmağı əmr etdi.

Artıq Maranzano da barışıq üçün adamlarını göndərmişdi. Vito Karleoni müxtəlif bəhanələrlə onları qəbul etməkdən boyun qaçırdı. Maranzanonun qanqsterləri gələcəyi olmayan işə görə ölmək istəmirdilər, dağılışmağa başladılar. Qumarxana sahibləri onları müdafiə etdiyinə görə Karleoninin təşkilatına pul ödədilər. Savaş demək olar ki, bitmişdi. Lakin 1933-cü il Milad bayramı ərəfəsində Tessio və onun adamları Maranzanonun müdafiə qalasının içinə girdilər; Maranzanonun cangüdənləri sövdələşmədə maraqlı idilər, öz şeflərinin qurban getməsinə razılıq verdilər. Onlar Maranzanoya dedilər ki, Bruklin restoranlarının birində onun Karleoni ilə görüşü olacaq və onu restorana müşaiyət edəcəklər. Maranzano restorana daxil olanda cangüdənləri qaçıb aradan çıxdı və o restoranda tək qaldı. Hökmün icrası cəld və dəqiq oldu. Marazano ağzında çörək güllə yağışına tuş gəldi, ələk kimi deşik-deşik oldu. Savaş bitdi.

Maranzanonun imperiyası Karleoni imperiyası ilə birləşdi. Don Karleoni xərac sistemini yenidən qurdu, bu sistemə görə qumarxanalar həmişəki kimi yerlərində qalacaq, öz işləriylə məşğul olacaqdılar. Əlavə olaraq Don Karleoni toxuculuq sənayesi fəhlələrinin həmkarlar təşkilatının rəğbətini qazandı, orda nüfuz sahibinə çevrildi, bu da gələcəkdə çox vacib amil olacaqdı. Və bir gün bütün işgüzar məsələlər yoluna qoyulandan sonra evdə problemlər ortalığa çıxdı...

"Ədəbiyyat qəzeti"

# 1883 dəfə oxunub

Müəllifin son yazıları

# # #