Tənhalığın sonu - Vaqif Abbasov

Vaqif Abbasov

Vaqif Abbasov

10 dekabr 2021
# 14:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Vaqif Abbasovun “Tənhalığın sonu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Xəstəlik yayılmışdı. Hərə öz evinə çəkilib gününü keçirir, qadağaların nə vaxt bitəcəyini səbirsizliklə gözləyirdi. Virus, karantin, ölüm kimi sözlər dillərdən düşmürdü.

Kişi qapını açıb içəri girdi. Qadın divanda oturmuşdu, telefona baxırdı. "Acmışam, yeməyə nə var?" - deyə kişi soruşdu. Qadın mətbəxə keçib, bir azdan makaron dolu boşqabla qayıtdı, masanın üstünə kişinin qabağına qoydu. Güllü, təzə boşqab kişinin diqqətini çəkdi. Adətən, qadın köhnə qab-qacaqdan istifadə edir, təzəsini qonaq üçün saxlayırdı. Hərçənd bu evə qonaq cox nadir hallarda gələrdi: qadın qonaq getməyi də,qəbul etməyi də xoşlamırdı.

Kişi özünü saxlaya bilməyib dilləndi:

- Boşqab təzədir, nə yaxşı..

- Saxlayıb nə edəcəm? Onsuz da hamımız öləcəyik.

Kişi qadının ümidsizlik çökmüş çöhrəsinə baxdı,ona yazığı gəldi:

- Bəd danışma, - dedi - Səbrin olsun.

Kişi yeməyini yeyib, hamama keçdi, qarmaqdan təzə dəsmal asıldığını gördü, kövrəldi..

Qırx ilə yaxındı ki, kişi ilə qadın bir yerdə idilər. İki uşaq böyütsələr də, bir-birini sevə bilməmişdilər. Uşaqlara görə boşanma söhbətindən vaz keçmiş, birlikdə çalışaraq uşaqların əllərini başına yığa bilmişdilər. İndi oğlu ilə birgə yaşayırdılar. Bu arzuya çatmaq üçün zalım dünyada nə qədər acılar yaşanmışdı!

Kişi xeyli vaxtdı işsizdi, yaşı altmışı keçsə də, hələ pensiya almırdı, iş üçün müraciətləri cavabsız qalırdı, qadın isə işinə davam edirdi.

Bir-birinə bənzəyən boz günlər keçirdi. Oğlan nəvəsi səkkiz yaşa çatmışdı, qız hələ balaca idi. Lakin...

Kişi bir daxili tənhalıq hissi keçirməyə başlamışdı. Həyata marağı azalırdı, "həyat budurmu, mən kiməsə lazımammı" kimi suallar onu düşündürürdü. İnanmaq istəmirdi ki, həyat, doğulub böyüməkdən, ailə qurub övlad böyütməkdən, sonra qocalıb ölməkdən ibarətdir. Hiss edirdi ki, burda bir sirr var.

Kişi arabir gəzintiyə çıxırdı, nəvəsinin "niyə həmişə tək gəzirsən" sualına cavab tapa bilmirdi.

Günlər keçdikcə bütün sualları yalnız bir sual əvəz etdi: “ həyat nədir ?”

Bir dəfə axşam üstü parkda bir az dolaşdıqdan sonra skamyada oturdu, saralmış otlara, yarı qurumuş şam ağaclarına baxmağa başladı. "Təbiət-Yaradandır, - deyirlər. Bu otlar, boz torpaq, şam ağacları "həyat nədir" - sualına cavab verə bilərmi?" - deyə düşünürdü... Birdən beynində bir fikir yarandı: həyat - özünü ifadə etməkdir, hər varlıq özünü ifadə edir. Anladı ki, otlar, ağaclar, - hər yaradılış azaddır, hamı birlikdə bir həyat simfoniyasını ifa edir, amma hərə öz bənzərsiz nəğməsini oxuyur. Hamı eynidir, mənimlə ot, torpaq, ağac arasında heç bir fərq yoxdur, hamımız bir briliyantın zərrələriyik...

Bu düşüncə içində bir istilik ayaqlarından başlayıb bədəninə yayıldı, daxilində yeni nəfəs hiss etdi. Bu hiss dilə gətirilə bilməzdi, hədsiz bir sevinc və sevgi ilə dolu idi. Durub şam ağacının gövdəsini qucaqladı, üzünü ehmalca söykəyib pıçıldadı: “Biz birik, eyniyik, əzizim, mən bunu bilmirdim!”

Tənhalıq hissi onu birdəfəlik tərk etdi, indi kainat onun həmdəminə çevrilmişdi, könlündə bir sakitlik və rahatlıq yaranmışdı. İndi o, bütün insanları bağışlaya bilirdi.

..Vaxt gəldi, karantin qadağaları yumşaldı. Bir nahar vaxtı xörək köhnə boşqabda masaya gəldi, hamama köhnə dəsmal asıldı. Kişi düşündü ki, qadın "hamımız öləcəyik" - deyəndə daha yaxşı idi...

Bir dəfə nəvəsilə gəzməyə çıxmışdı.Uşaq azan səsini eşidib soruşmuşdu:

- Baba, o nə oxuyur?

- Deyir ki, gəlin dua edin.

- Niyə dua edirlər ki?

- İstəyirlər salamat olsunlar, ruziləri gəlsın.

- Ruzi nədi?

- Yəni pul qazansınlar, uşaqları yedirtsinlər.

- Baba, sən də dua et, pul qazan, Kəlbəcərə gəzməyə gedək.

-Yaxşı, qazananda gedərik.

O uşaq bilmirdi ki, babası öz qazancını artıq tapıb .Bu qazanc hər sərvətdən üstündü, bir adı vardi: şərtsiz sevgi...

Qonşu bölgədən bacısı arabir kişiyə zəng edir, hal-əhval tuturdu:

- Özünü soyuqdan qoru, xəstələnərsən.

- Yaxşı. Bəs niyə səsin zəif gəlir?

- Sənə demək istəmirdim, xəstələnmişdim, indi yaxşıyam.

- Xəstəlikdən qorxurdun, eləmi?

- Hə, beynimdən çıxara bilmirdim, sanırdım ki, hər yan virusla doludur, ehtiyat edirdim.

- Ölümdən qorxmağa dəyməz, həyat bitməzdir, haradasa həyata davam edəcəyik.

- Doğrudur, amma hələ ki, nəvələrimin yanında olmaq istəyirəm.

- Çox bağlanma, stress yaşayarsan. Hər işdə bir hədd var. Onsuz da insanın heç nəyi yoxdur.

Günlər keçdikcə böyüdü, genişləndi, dərinləşdi sevgi. Kişi indi özünü bir stəkan su kimi hiss edirdi, dünyanın xeyri də, şəri də ondan şüa kimi gəlib keçirdi, heç bir iz qoymurdu. İndi həyat onun üçün bir həzz qaynağına çevrilmişdı, üzünü gəzdiyi çöllərə tutub arabir pıçıldayırdı: "Biz birik"

# 1671 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #