Rəngbərəng kəpənəklər - Xanım Aydın

Xanım Aydın

Xanım Aydın

30 noyabr 2021
# 19:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xanım Aydının “Rəgbərəng kəpənəklər” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yol gedirik. İlkin salamlaşmadan sonra fikrinin yarısı bir tərəfdən maşın, bir tərəfdən də nataraz, yolu hardan gəldi keçən piyadalarda, yarısı da bir az əvvəl çıxıb mənimlə görüşə gəldiyi işində. Onsuz da qısa olan zamanımızı işiylə bağlı söhbətlərlə doldurur. Halbuki danışası o qədər söhbətimiz vardı... Bayaqdan səbrlə dinləyirəm. Söhbətinin arasında yolda baş verənlərə də münasibət bildirir: "Burdan yol keçərlər?", "Yol doludur da sürə bilməyənlərlə!" və s. Yenə də səbrlə dinləyirəm. Arada gözlərimi yoldan ayırıb üzünə baxıram. Danışır... Əlbəttə, mənə ona aid hər şey maraqlıdır. Hətta indi danışdıqları da, axı özüylə bağlıdır – gün ərzində başına gələnlərdir. Gözləyirəm. Düşünürəm bəlkə, bu mövzu bitəndə bizdən danışarıq. Amma çifayda. İşıqforun işığı qırmızıdan yaşıla keçən kimi söhbət yenə də gəlir işin-gücün üstünə. Hiss edirəm ki, artıq səbrimi güclə basıram. Hər nə qədər də səs tembrinə, danışıq manerasına, arada özünəməxsus sözlər işlətməsinə vurğun olsam da, canım sıxılır. O danışdıqca düşünürəm ki, bəlkə, daha sözünü kəsim, deyim ki, ay bala, burda mən varam. Mən sənin iş yoldaşın, əsgər yoldaşın deyiləm. Yoruldum, yetər daha. Ürəyimdən bu sözlər dilçəyimin altına qədər gəlir, dişlərimi sıxıram, bu demək istədiklərimi səsə çevirmirəm. O isə hələ də işdən, gücdən, problemlərdən danışır. Arada ağıllı-ağıllı ona məsləhət verməyə də çalışıram. Amma hiss edirəm ki, bu, mən deyiləm. Gözlədiyim başqadı. Alaqaranlıqda yola baxıram. Sonra sükandan bərk yapışan əllərinə diqqət edirəm. Sonra yenə də üzünə baxıram. Yenə də fikri yolda və işindədir. Mən burda nəyəm, kiməm, anlamağa çalışıram. Növbəti işıqfora çatmağımızı və onun "yaşıla" düşüb yolu tez keçmək istəyinə baxmayaraq, "qırmızıya" düşüb dayanmağımızı gözləyirəm. Nəhayət. "Qırmızı”ya düşdük. Əlimi sakitcə ona tərəf uzadıram. Əlimə baxır, sonra işıqforun zaman tənzimləyicisinə, sonra da mənə. Gülümsünür. Heç nə demirəm. Ümid edirəm ki, məni başa düşər. Əlimdən tutur. Barmaqlarımı barmaqlarının arasında bərk sıxıram. Sanki onu daha çox hiss etməyə çalışıram. Və həm də eyni zamanda özümü ona hiss etdirmək istəyirəm. Yenə də gülümsəyir. Və işıqforun "yaşılı" yanır. Yenə də yol, yenə də işdən-gücdən ümumi söhbətlər. O danışdıqca da mən diqqətlə onu dinləyirəm. Düşünürəm ki, görəsən sıra mənə nə vaxt gələcək. Yəni əgər mən vacibəmsə, mən ona lazımamsa, mənim üçün darıxıbsa, mənlə danışsın, bizdən danışsın. Yox deyiləmsə, açıq-açıq desin. Mənim ona təkcə dost-yoldaş olmaq kimi bir fikrim yoxdur. Düşüncəmdə özüm üçün bu ifadəni xüsusi vurğulayıram: "təkcə dost-yoldaş". Çünki həmişə hesab etmişəm ki, insanlar bir-birini sevəndə hər şeydən öncə bir-birinə dost, yoldaş olmağı bacarmalıdırlar. Dinləməyi, anlamağı, səbir etməyi bacarmalıdırlar. Amma bunun da bir həddi, bir ölçüsü var axı...

Yenə də yol gedirik. Yenə də o danışır, mən də danışdıqlarına fikir bildirirəm. Və birdən görürəm ki, alınmır, özümü hiss-duyğu qəfəsində çərçivələyə bilmirəm. Söhbətinin qəti dəxli olmayan yerində astaca deyirəm: “Burda mən də varam”. Qəfil maşını saxlayır. Üzümə baxır: “Bilirəm də burdasan. Nəsə olub ki?” Mən: “Yox, heç nə olmayıb. Sür gedək, gecdir.” O da heç nə olmamış kimi yoluna davam edir. Və mən yenə də düşünürəm. Görəsən, doğrudan, mənim nə hiss keçirdiyimi bilmir, yoxsa bunu üzə çıxarmaq, cavab vermək, bir müstəviyə çıxarmaq istəmir deyə, özünü bilməzliyə, görməzliyə vurur? Hmmm... Çətin sual oldu. Çözə bilmirəm onu. Əslində, insanları çözmək, nə düşündüyünü bilmək, başa düşmək mənim üçün heç vaxt çətin olmayıb. Yarım cümləsindən dilinin altında nə yatdığını həmişə bilmişəm. Bəs... onun nə düşündüyünü niyə anlaya bilmirəm. Məncə, məsələ mənim yox, onun özünün özünü hələ ki, tam anlamamasındadır. Ya da ki, mən buna belə bir don geyindirirəm. Çünki soyuqluğuna başqa ad vermək istəmirəm. Bəzən insan özü başa düşə-düşə, bilə-bilə ki, qarşısındakının hissi özününkünə adekvat deyil, bunu qəbul etməmək üçün şüuraltı olaraq min cür bəhanələr uydurur. Deyəsən, mən də uydururam. Amma bunu istəməyərəkdən edirəm. Mən əslinə qalsa, realist adamam. Bilsəm ki, doğrudan da, bu uydurmadır, özüm elə sağollaşıb bu yolun ortasında elə qaranlıqdaca düşüb piyada gedərəm. Vəssalam. Hisslərimlə istiqanlı olduğum qədər də sərt və soyuqqanlı ola bilirəm. Və bu hissdən o biri hissə keçid almaq mənim üçün bir dəqiqənin söhbətidir. Sadəcə buna əmin olmalıyam. Fikrim düşüncələrimdən ayrılır, yenə də yanakı üzünə baxıram, sonra əlimdən tutduğu əlinə baxıram. İstəyirəm ki, məni hiss etsin, fikrini dağıtmaq, mənə yönəltmək üçün yenə də barmaqlarını möhkəm sıxıram. Əlimizə, sonra da üzümə baxır. Gülümsəyir. İlahi, mən bu adamla ən edim?.. İnsan da bu qədər biganə olarmı?.. Birdən nəyisə xatırlayır, gülə-gülə həmin hadisəni danışır, təbii ki, mən də gülürəm. Amma yenə də ürəyimin içində qaynar qazan var. Sanki bu dəqiqə qapağı havaya qalxıb danqıltıyla yerə düşəcək... Yenə də təmkinli olmağa çalışıram. Özüm-özümə sual verirəm: "Sən bu adama niyə bu qədər səbr edirsən ki?..” Cavabım da özüm kimi havalıdır: “Bilmirəm”. Mən: “Axı bilirsən”. Özüm: “Hə, bilirəm. Bircə bunu bilirəm ki, onu itirmək istəmirəm. Həyatımda hansı adla qalır-qalsın, bircə qalsın. Getməsin. Onu itirmək istəmirəm”. Mən: “Görürsən? Bilirsən”. Özüm: “Hə, bilirəm, nə olsun? O ki bilmir. Mən də ona bunu deyə bilmirəm. Deməyə özü imkan vermir. Sanki bilir nə deyəcəyimi başqa sözlərlə sözümün qarşısını sərhədləyir”. Susuram. Üzünə baxıram. Yenə də yolumuza davam edirik. Yenə də danışır. Və bu dəfə bayaq demək istəyib, dilçəyimin altında saxladığım sözləri qulağımda eşidirəm. Düzü, özüm özümə təəccüblənirəm. Yəni mən dedim? Onun qəfil söhbətini kəsməyindən, bir anlıq sükuta dalmağından belə başa düşürəm ki, mən doğrudan da, çox dəxilsiz bir anda demişəm: “Sənin üçün darıxmışam”. Araya düşən fasilə, teatr antraktı kimi uzun çəkmir. Cavabı da fasilə kimi qısa və həm də dilucu olur: “Mən də darıxmışam”. Açığı bu cavab, bu söz məni bir o qədər də açmır, qane etmir. Biz – qadınlar hisslərin ən dərininə düşəndə, onu özündən də dərin yaşamağı sevirik. Əgər düşmüsənsə ora, həmin dərinliyə, gərək orda özünə yuva qurasan, orda dibçəklərə çiçək əkəsən, günəşi orda böyüdəsən gözlərində, yağışı onunla birgə orda sevəsən, həm də ondan sevgini ala biləsən. Bu hisslər indiki dövr üçün – dəbdə olan terminlə desəm, qloballaşan dünyamız üçün həddindən artıq romantik və xəyali səslənsə də, mən hisslərimi belə yaşamaq istəyirəm – tam dərinlikdə. Yəni hissimin ən ucası ürəyimin ən dərinində olmalıdır... Qəfil əlini əlimdən çəkir və yolumuza çıxan maşına siqnallayır. Dərinlinlikdən işıqlı, maşınlarla dolu, qarmaqarışıq prospektin üstünə qayıdıram. Və qəfil sualına yaxalanıram: “Elədir?” duruxuram. Söhbətin nədən getdiyini bilmirəm. Astaca “ya Allah” ümidinə cavab olaraq sadəcə onun fikrini təsdiqləyirəm: “Hə, əlbəttə, elədir”. Və onun reaksiyasına həyəcanla baxıram. Allah bilir nə deyibmiş. Hər halda, onu bu anda dinləmədiyimi, nərdivanla aşağı-yuxarı hissimlə düşüb-qalxdığımı deyə bilmərəm ki... Nəysə ki, gülümsünür, yenidən əlimdən tutur və yolumuza davam edirik. Bir-birinə pərçimlənən əllərimizə baxıram. Sakitliyi pozmaq üçün istehzayla soruşuram: “İşdə başqa nə var-nə yox?..” Bilmirəm sözümü tutur, özünü yenə də bilməzliyə vurur, yoxsa tutmur. Və mövzunun davamı gəlir... Arada başqa şeylərdən də danışırıq. Məsələn, yoldakı asfalt örtüyündən, səkilərin düzgün qurulub-qurulmamağından, piyada keçidlərindən, dünyada baş verənlərdən... Amma heç cür bu mövzlardan qopub öz dünyamıza keçid edə bilmirik. Astaca əlimi əlindən çəkirəm. Soruşur: “Nə oldu ki?..” Mən: “Heç nə. Rahat yolunu sür”. O: “Mən rahatam, əlini ver.” Bu, məndə sönməkdə olan odu yenidən üfürür, közərdir. Özümdə yazda ağacların canlanmağına oxşar qəribə bir canlanma, yeni nəfəs hiss edirəm dərhal. Qapıldığım bu eyforiya da çox çəkmir. Söhbət yenidən ümumiyə qayıdır. Dərindən nəfəs alıram. Dilxor oluram. Nə edim? Nə deyim? Bu qədər adamı incidərlərmi? Olmazmı ki, elə birabaşa münasibətimizə nə ad qoyduğunu desin? Məni də bu qədər incitməsin. İçimdə yenə də kəpənəklərin öldüyünü hiss edirəm. Qanadları qopur düşür. Özləri də havadan yıxılır yerə, məhv olurlar. Mən onlara baxa bilmirəm. Ürəyim sızlayır. Kəpənəklərim – rəngbərənglərim... Kövrəlirəm. Axı mən əmindim ki, bu adam mənim taleyimə elə-belə gəlməyib. Bilirdim ki, mən də onun taleyinə tam zamanında gəlmişəm. Bizim bu görüşümüz təsadüfi ola bilməzdi. Deyildi də. Heyfim gəlir bu hisslərə... Yenə də asfalta, yola, prospektə qayıdıram. Bayaq dediyim "darıxmışam"a görə özümü qınayıram. Peşmanlıqdan dişlərimi bir-birinə elə sıxıram... “Dilini dinc qoy da. Nə vacibdir axı, darıxıdığını demək? Görürsən ki, mənası yoxdur. Başımı geriyə – söykənəcəyə dirəyib gözucu üzünə baxıram. O da bunu hiss edir, ilk fürsətdə üzümə baxır. Gözlərinin içi gülür. Sonra yenidən yola baxır. Mən də söhbətin yenə də dəxilsiz yerində deyirəm: “Kaş mənə baxanda gözlərinin necə gülümsədiyini özün də görə biləsən...” Gülümsəyir... Yenə də artıq söz dediyimi düşünürəm. Bəlkə, mənə elə gəlib. Bəlkə səhv hiss etmişəm... Of... O yenə də ümumi mövzularda danışır – nə bilim sosial problemlərdən və sosial şəbəkələrdə yayılan son xəbərlərdən, dünyada baş verənlərdən və sairə və ilaxır...

Mən sözümün məğzinə xüsusi vurğu vuraraq: “Deyirəm ki, sənin üçün darıxmışdım... O: “Hə də... dedim ki, mən də darıxmışdım...” Boğazımda qəhər möhürlənir. Belə kobud adam yer üzündə yoxdu bəlkə. Amma mən onun ürəyinin içini bilirəm... “Bilirəm” dedim də, amma deyən kimi duruxdum. Hardan bilirsən, ay qız? Sən onun ürəyini hardan bilə bilərsən ki? Sən sadəcə bildiyini düşünürsən. Çünki belə olmağını istəyirsən. Sən istəyirsən ki, bütün onu kobudluqlarını necəsə malalayasan. Və bundan da ötrü özündən min bir yox eee, milyon bir bəhanə uydurursan. Yenə bu zəhləmgetmiş dilxorluq qəsdimə durur. Fikrim qarışır. Fikrim kimi cizgilərim də qarışır. Qarışan həm də önümüzdəki yoldur. O gərginləşir yola görə, mənsə sevinirəm. Yox, dəli deyiləm. “Yox”u da elə qətiyyətlə deyirəm ki... Nə yox? Dəli olmasam bu adamın yanında nə işim? Sadəcə yolumuzun biraz uzanacağına, daha doğrusu, yol həmin yoldu, vaxtın uzanacağına sevinirəm – bir yerdə ola biləcəyimiz vaxtın... O başa düşmür ki, onsuz süni nəfəs aparatına qoşulmuş kimiyəm – yaşamıram, süni nəfəs alıram...

Arada fikrim ora-bura getsə də, daha bütün dediklərini söz-söz, hətta hərf-hərf eşidirəm. Heç bir vergülünə də etinasızlıq etmirəm. Özü bəzən bütünlükdə mənə etinasızlıq etsə də. Belə şeylər əslində məni çox sındırır. İnciyirəm. Amma duyğumun hansı “level”idirsə bu incikliyi elə özüm bəhanəylə ört-basdır edirəm. Bu adam bütün bu ağır xasiyyəti və mənim üçün anlaşılmaz qalan tərəfləriylə məni yormur, əksinə yorğunluğumu – ruhi yorğunluğumu gicgahlarımdan çıxarıb atmosferə tolazlayır. Mən hələ fiziki yorğunluqdan danışmıram. Onu necə sıfra endirdiyini dərk edə bilmirəm. Lap kürəyinə baxmağım gəlir. Bəlkə tanrı mələk endirib göydən mənim üçün. Yox əşi. Belə kobud mələk olar? Olsa-olsa belə ancaq öküz olar. Düşüncəmdən məni gülmək tutur. Yenə yanakı ona baxıram: görəsən "öküz" məsələsini duymadı ki? Yenə də qayıdıram asfalta, prospektə... Onu dinləyirəm... Mən bu adam üçün niyə darıxıram axı? O mənim varlığıma da biganədir. Neynim? Bəlkə, elə indi – yolun ortasında deyim ki, maşını saxlasın, mən də küskün-küskün düşüm gedim?.. Görəsən bu susqun gedişimin səbəbini anlayar? Yaxşı, tutalım anladı və bu onun ürəyincə oldu. Onda bəs? Onda mən daha çox əzab çəkərəm axı. Bəs əgər heç anlamasa. Buna sadəcə mənim bir şıltaqlığım kimi baxsa və heç nəyin fərqinə varmasa... Düşünürəm. Və elə bu vaxt üçüncü variant da üzə çıxır: bəs əgər bilsə, başa düşsə və məni itirib axtarmasa necə?.. Yəni canında məni itirmək qorxusu olmasa, təbii ki, məni axtarmayacaq... ay da... dəli olacam... emosiyalarıma qapıldığımı hiss edirəm... Yenə də üzünə baxıram. Özümü toparlayıb daha bu qədər bəs olduğunu düşünürəm. Çatanda düşərəm, sağollaşaram, vəssalam... Bu adamdan heç nə gözləyən deyiləm. Ağılsızlıqdı. Adam soyuqqanlığın, kobudluğun pikidir. Hə! Məndən çıxmayan iş – ağ bayrağımı qaldırıb təslim oluram. Telefonuna zəng gəlir, qanım qaralır. O isə heç nə olmamış kimi zəngə cavab verir, rahatca danışır, mən də susuram. Bu zəng edən kimdirsə ikimizə aid vaxtdan oğurluq edir. “İkimiz” ha! Mənim bir iddiama bax e. İkimiz! Yox bir! Onunla mənim aramda “ikimiz” deyilən bir anlayış var ki?.. O başqa adamdır, başqa dünyadadır, mən də ona yadam, hər nə qədər özümü aldatsam da, yamağam... Çox da bu yolu bir yerdə gedirik. Bu, sadəcə asfalt yoldur... Mənim onunla getmək istədiyim ömür yoludur... Sonuna qədər, Allah yazan qədər, bir yerdə, sevgi dolu... Deyəsən xəyallarımdan yıxılacam bu dəqiqə yarğanın lap dibinə, qolum-qanadım qırılacaq. Üşünürəm... Yenə də üzünə baxıram... Nə gözəl təbəssümü var. İmisti. Nəysə, özünü aldatma, please. Bu axşam sağollaşırsan və daha bu haqda düşünmürsən. Çünki mümkün deyil, adam hər sözü, hər kəlməsi, hər hərəkəti, nə bilim, az qala alıb-verdiyi nəfəsiylə də etinasızlıq göstərir, məsafə saxlayır. Bundan da dahası varmı? Yox, əlbəttə. Həm də mənim ona duyduğum əgər birtərəflidirsə, deməli, sevgi-zad deyil. Bu, nədirsə, elə-belə ötəri bir hissdir. Nəysə. Bir az da gözlə. Az qalıb, çatırıq. Hər şey maşından düşəndə bitəcək onsuz da. Mən artıq özümü buna kökləmişəm. İndi sanki ürəyimə bir rahatlıq gəlir. Hiss edirəm ki, üzümdəki qarışıq ifadələr də çəkilir. Hə, rahatam. İndi mən narazı halda: “Nə vaxt düzələcək ee bu yollar? Səhər də çıxırsan tıxac, günorta da çıxırsan tıxac, axşam da çıxırsan tıxac”. Dedim və səsimdə bir soyuqluq dəydi qulağıma. Aha. Əla! Demək, artıq hər şey qaydasındadır. Bundan sonra nə istəyir desin, istəyir lap soyuqluğu, nəzakətləsizliyi ilə qar, dolu yağdırsın. Daha vecimə deyil. Çünki qəbul etdim, dərk etdim və tərk etdim. Bu qədər. O da elə bil himə bəndmiş kimi deyinir: “Əşi düzələn deyil ee, düzələn deyil. Sürücülük mədəniyyəti yoxdur bunlarda. Üstəlik çoxu da heç ümumiyyətlə sürə bilmir. Ona görə də belə olur da. Aləm dəyir bir-birinə”. Mən qısa və konkret şəkildə: “Hə!” O da sanki bu “hə”mdən diksinir. Təəccüblə: “Nə, hə?” Mən: “Nə “hə” olacaq? Deyirəm yəni düz deyirsən də”. Bayaqdan bəri məni duymayan, vecinə almayan adam indi qəfil bir kəlmə soyuq “hə”mə diqqət kəsilir. Amma mən qərarlıyam. Düşürəm, sağollaşıram, vəssalam...

Çatırıq... Düşüb getməliyəm. Əlim qapının kilidində, açılmağa ürək etmədi birdən-birə. Niyə belə oldu ki? Bayaqdan asıb-kəsirdim axı. Pərt oluram. O da üzümə baxır. Heç nə demir. Eləcə sağollaşır. Düşünürəm: Nə deyim, görəsən?.. Üstünüyü sükuta verirəm. Sadəcə gözlərinin dərinliyindən daxilinə nüfuz etməyə çalışıram. Alınmır: “Gedim?..” Çiyinlərini çəkir. Yenə də qeyri-müəyyənlik. Yenə də kəpənəklər ölür, göyqurşağımın rəngləri qarışır, bulanır: “Yaxşı... gecən xeyrə...” Maşından düşürəm, çantamı boynumdan poçtalyonlar kimi yanakı keçirib asta-asta küçə boyu gedirəm. Mən bu adamı anlaya bilmirəm... bilmirəm... bilmirəm... Məndən qaçdığınımı, mənə gəldiyinimi, nəyin nə olduğunu anlaya bilmirəm.... bilmirəm... bilmirəm... Və artıq yorulduğumu hiss edirəm. Əslində mübarizə məni yormur, ona görə və onunla axıra qədər gedərəm. Məni yoran qeyri-müəyyənlikdi, “niyə”lərdi... Həm də ona əsəbiləşirəm ki, verdiyim qərarı maşının qapı kilidində atdım getdi. Bax, buna görə lap dilxor və gərginəm. Heç evin qarşısına necə çatdığımı bilmirəm. Baxıram. Amma evə girib işıqları yandırmağım gəlmir. Bilirəm ki, içimin hövülündən divarlar məni sıxacaq, üstümə doğru əyiləcəklər. Otağın ortasında dizlərimin üstünə yıxılacam. Boynum büküləcək. Yumaruqlarımla divarları döyəcləyəcəm. Divarlara elə onun özü kimi heç nə olmayacaq, olan əlimə olacaq, ürəyimə olacaq. O da daşdır evimin divarları kimi... Yoxsa belə olmazdı. Elə dərhal da yolumdan dönüb bir az da gəzişməyə üstünlük verirəm. Doğrudan özümü çox pis hiss edirəm. Onsuz da yanında görünüşümə görə çox balacayam. İndi mənəvi də balaca olmuşam. Bu mənə çox ağır gəlir. Yəni qaldıra bilmirəm, özümə sığışdıra bilmirəm bunu, qüruruma toxunur. Və indi ruhumu dəlmə-deşik edən onu itirməyim yox, onun gözlərində kiçilməyimdir. Həzm edə bilmirəm bunu. Nənəm demişkən, “əlindən zəncir çeynəyirəm”.

Telefonuma mesaj gəlir. Heç baxmaq istəyim də yoxdur. Kim olacaq e? Yüz faiz işdəndir. Mən küçədə olmağıma baxmayaraq, hirsli səslə: “Yoxam, ölmüşəm, əl çəkin məndən... yoxam mən... yoxam... yoxam...” Yanımdan əl-ələ tutub ötən cütlük mənə qəribə baxır. Özümü saxlaya bilmirəm: “Hə, nədir? Özüm-özümə danışa bilmərəm?” Qız oğlanı dartışdırır: “Dəlidir, fikir vermə, canım!”. Gedirlər. İndi daha da qəzəbliyəm. İstəyirəm acığımı onlardan çıxım. Dərhal da fikrimi dəyişirəm. Başa düşürəm ki, axmaqlıq etmiş olaram. Addımlarım hirs-hikkənin təsiri altında bir az da itiləşir. Birdən yenə də gələn mesaj yadıma düşür: Yüz faiz işdəndir. Əşi işdəndirsə, işdəndir. Görüm ən istəyirlər. Onsuz da əl çəkən deyillər. Özümü də söyürəm ki, axşam-axşam nə vacibdir axı, işdən gələn mesaja baxırsan... Amma eyni zamanda da başmı işlə qatmaq istəyirəm ki, unudum – onu unudum. Narazı sifətlə telefonu cibimdən çıxarır, baxıram. Yazan odur. İnciyəm, küskünəm, əslində ona yox e, özümə. Niyə axı, mən bu qədər ümidlənmişdim? Nəyə də, nəyə? Ortada heç nə olmadan adam bu qədər hissini dərinləşdirər? Yox, əlbəttə, yox. Amma ağzında hiss deyirsən e. Dəniz dalğası kimidir, qarşısını almaq, qəfəsə salmaq, bir qaba, bir qutuya salıb bağlamaq, qapatmaq olmur axı... Bütün bu düşüncələrdən mədəmin tam ortasında aşağı-yuxarı qalxıb-düşən giziltiyə – həyəcana ayrılıram. Lənət olsun, özüm özümə söz keçirə bilmirəm. Amma yox, qətiyyətliyəm. Nə olur-olsun, daha özümü aldatmayacam. Ürəyimi bu qədər incitməyə haqqım yoxdur. Tanrının mənə əmanətidir. Yenə mədəmin içindəki gizilti məni fikirlərimdən ayırır. Nə də olsa, rəsmi, soyuq bir cavab yazacam, vəssalam. Bəlkə, heç onu da yazmadım. Yox amma. Yazaram. Etik deyil. Nəzakət xətrinə yazaram nəsə. Yəni yenə də işdən, gücdən, problemlərdən nəsə yazıbsa təəccüblənmərəm. Nəhayət ki, göndərilən mesajı sönük baxışlarla oxuyuram:

“Quzum mənim, bilirsən ki, səni sevirəm. Amma nə edə bilərəm, mən də belə sərt, kobud adamam. Belə olsam da, səni dünyalar qədər çox istəyirəm. Bilirəm, mənə ürəyində “öküz” deyirsən. Bu sərtliyi, bu kobudluğu canımdan ancaq sənin eşqin çıxara bilər. Neynim, ürəyimdən gələnləri dilimlə deyə bilmədim. Hiss etdim, incidin məndən. Amma sən də inciyib getsən, mən həmişəlik belə sərt, kobud qalaram. Səni sevən adamdan getmə...”

Bu gələn mesajı yeddi dəfə oxuyandan sonra içimdə bir az əvvəl qanadları qırılan kəpənəklərin necə yenidən pərvazlandığını görürəm. Kəpənəklərim – rəngbərənglərim. Kövrəlirəm... Göyqurşağının bulanıqlığı çəkilir, rəngləri öz yerinə qayıdır. Gecənin bu saatında günəş də doğur, vallah doğur. Mənim üçün yeni gün, yeni ömür başlayır. Mən səhv etməmişəm. Ürəyini bilirəm...

# 3676 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #