Qızıl Teşt - Təhmasib Rəhimov

Təhmasib Rəhimov

Təhmasib Rəhimov

12 dekabr 2021
# 13:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Təhmasib Rəhimov “Qızıl Teşt” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Gözlərini açanda özünü gölməçənin içində gördü. Hava çiskin, iliyə işləyən soyuq, acı küləkli və yavaş ancaq mütəmadi yağmurlu idi. Huşu yenicə özünə gəlirdi. Mən niyə burdayam, nə baş verib, bəlkə mən ölmüşəm deyə düşündü. Yox, yox ölməmişəm, nə isə hiss edirəm. Deməli salamatam. Üst-başı çirkaba bulaşmışdı. Axı o indi çirkli suyun içindəydi. Ayağa qalxmaq istədi bacarmadı. Bütün əzaları ağrıyırdı. Hər yer qaranlıq idi. Uzaqda bir işıq görünürdü. Gecənin hansı vaxtı olduğunu bilmirdi. Üzüqoylu gölməçənin içində idi. Başını güclə tərpətdi. Harada olduğunu ayırd etmək, bilmək, nə baş verdiyini anlamaq istəyirdi. Tərpənmək istədi bacarmadı, ona görə ki, bədəninin bütün nahiyələrində ağrılar hiss edirdi. Əllərini yerə dayayıb qalxmağa çalışdı. Bacarmadı. Başını güc bəla ilə bir az qaldıra bildi. Bura küçə idi. Mən niyə burdayam, yadına salmağa çalışdı. Hər iki tərəf boyunca hasar uzanırdı, biri bir az yaxın idi. Yaxın hasar boyunca baxdıqda tanış darvaza gördü. Sürünərək darvaza olan hasara yaxınlaşdı. Hasarı özünə dayaq edərək qalxmağa çalışdı. Lakin bacarmadı, hasara söykənib oturdu. Ağrıları getdikcə daha da kəskinləşirdi. Gölməçədən su götürüb üzünü yumaq istədi, birinci cəhddə bunu bacarmadı. Sifətində istilik hiss etdi. Nəhayət əlini üzünə çəkə bildi, üzünün qan olduğunu anladı. Düşündü ki, yəqin yıxılıb. Çətinliklə yerdən çirkli su götürüb üzünü yudu. Hasara söykənib ağır-ağır nəfəs alırdı. Deyəsən yavaş-yavaş huşu özünə gəlir və yaddaşı qayıdırdı. Bir də sağına soluna baxdı. Yaxınlıqdakı darvazanı tanıdı. Bu həmin darvaza idi ki, bir ilə yaxın hər gün bu darvazadan içəri girirdi. Hər gün eyni vaxtda gəlsə də, evə fərqli vaxtlarda gedirdi. Bir daha nə baş verdiyini anlamağa çalışdı, yaddaşını qurcaladı, keçmişi-uşaqlıq, gənclik illərini xatırladı. Həyatı – universitet illəri, işə başlamağı, evliliyi gözünün önündə canlanırdı. Hər şey yolunda gedirdi.

Fabriklərin birində mühəndis kimi çalışırdı. Burda biri ilə tanış olub evlənmişdilər. Bütün bunlar bir lent kimi gözünün önündən keçdi. Sonra ... Əvvəlcə ixtisarlar başladı, sonda da fabrik təchizat üzündən fəaliyyətini dayandırdı. Həm özü, həm də yoldaşı işsiz qalmışdı. Yoldaşı iş axtarmağa başqa yerə getdi. Özü iki uşaqla evdə qaldı. Qohum-əqrəba kömək edirdi. Ancaq bu kifayət deyidi. İş tapmaq lazım idi. Bir evdə xidmətçi işi təklif etdilər. Məcbur razılaşdı. Ev sahibi təzə rəis keçmişdi. Yoldaşı və iki uşağı var idi. Üç gün sınaq müddəti keçdikdən sonra işə qəbul edildi. İndi nə baş vermişdi. Yadına salmağa çalışırdı. Birdən qulaqları zingildədi və baş verənləri xatırlamağa başladı.

- Hanı? - deyə Sahibə qışqırdı.

- Nə hanı? - xidmətçi Nübar soruşdu

- Vazanın içinə qoyduğum dəst brilyant, qızılları deyirəm. Oğurlamısan ləçər.

- Vallah xəbərim yoxdur - Nübar qorxa-qorxa dedi.

- Vallah sənə qənim olsun. Bütün nəslini də satsan o qızılların dəyəri etməzlər.

Nübar əsə-əsə Sahibənin qarşısında- xəbərim yoxdur təkrarladı.

Sahibə onun saçlarından tutub başını aşağı əydi və dizi ilə onun ağzından zərblə vurdu. Nübarın ağzı burnu qanadı. Qan yerə tökülməsin deyə onu otaqdan çıxarıb pilləkənlərin yanına gətirdi və təpiklə arxadan elə bir zərbə vurdu ki, Nübar yumarlanıb həyətə düşdü. Sahibənin ürəyi soyumadı, pilləkənlərlə düşüb onu təpikləməyə başladı. Sahibə fitnes klublara gedirdi. Bəstəboy və əzələli idi. İndi elə bil ki, öyrəndiklərini sınaqdan çıxarırdı. Vurduqca həzz alır və söyüşlər yağdırırdı. Nübar huşunu itirmişdi. Sahibə onu sürükləyib küçəyə atdı. Sonra gedib paltarlarını da gətirib onun üstünə tulladı. Soyuq onun iliyinə işləyirdi. Xəfif yağan yağış onu ayıltdı. Özünü güclə toparlayıb ayağa qalxmaq istədi, büdrəyib yenidən yıxıldı. Nəhayət ayağa durub evinə tərəf getdi. Yaxşı ki, ev çox uzaqda deyildi. Paltarlarını götürüb əynində işlədiyi xalatla evə girib otağına keçdi və yatağına uzandı. Uşaqları heç nə başa düşməyib, heç nə soruşmadılar. Fikirləşdilər ki, ola bilsin yıxılıb və ya maşın vurub. Analarını incitməsinlər deyə otaqdan çıxdılar. Anaları yuxuya getmişdi.

Nübarı yuxudan telefon zəngi ayıltdı. Nömrəyə baxdı. Sahibə idi zəng edən. Nə edəcəyini bilmədi. Bir az fikirləşdi. Nəhayət telefona cavab vermək qərarına gəldi. Amiranə səs gəldi:

- Haradasan, işə niyə gəlməmisən. Cavabı gözləmədən dedi: Eybi yoxdur bu gün dincəl, sabah gələrsən. İtən qızıl və brilyantdan ibarət dəst tapıldı. Mən üç gün əvvəl ad günündən gələndən sonra elə termonun siyirməsinə qoymuşam. Öz yerinə qoymamışam huşumdan çıxıb. Mən bilirdim sən elə deyilsən. İşlər tökülüb qalıb sabah gəl.

Nübar daha heç nə eşitmirdi. Onun huşsuzluğu Nübarın huşunu itirilməsinə qədər gətirib çıxarmışdı.

Bir də səs gəldi.

- Eşidirsən məni, Nübar handan-hana cavab verdi,

- Mən daha gələ bilməyəcəm, başqasını tapın. Mənim ayağa durası halım yoxdur.

- Cəhənnəmə gəl, nə çoxdur iş axtaran - deyib Sahibə telefonu yerinə qoydu...

Nübar rahat nəfəs aldı... Bir milyon da versə getmərəm. Atalar demişkən - Neynirəm o qızıl teşti ki içinə qan qusacağam.

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #