Qırx beşinci gün - Yaşar Bünyad

Yaşar Bünyad

Yaşar Bünyad

25 noyabr 2021
# 17:45

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Yaşar Bünyadın "Qırx beşinci gün" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Böyük Zəfərə aparan 44 günlük Vətən müharibəsi qəhrəmanlarına

Hava da, torpaq da barıt qoxurdu. Allahın bir quşu, bir böcəyi gözə dəymirdi. Yəqin ki atılan saysız – hesabsız topların gurultusundan , yeri lərzəyə gətirən ağır hərbi texnikaların uğultusundan diksinən quşlar göyün yeddinci qatına , böcəklər yerin tərkinə sığınıb müharibənin havaxt bitəcəyini gözləyirlər.

Partlamış mərmilərin çalaları yetişib açılmış nəhəng çiban yerini andırırdı. Yanmış düşmən tanklarının , top və maşınlarının qalıqları, nəhayət, torpağın əsl sahibləri qayıtdığından qorxub canlarını götürüb qaçarkən atdıqları silah-sürsatlar yollar boyu , dərə uzunu səpələnmişdi...

Qırx dörd gün sevgilisi kimi gecə-gündüz ayrılmadığı silahının qundağını torpağa söykədi, sağ ayağındakı ağrını bir anlığa unutmaq üçün avtomatın lüləyindən bərk-bərk yapışıb yaralı ayağını havadan salladı. Azca toxtadı sızıltısı.

Təpədə dayanıb üzü kəndə baxdı. Daha doğrusu , uşaqlıqdan yaddaşında qalmış abad kəndlərinin indiki miskin xarabalığına. Baxmaq belə dəhşət idi!

Müharibə -haqq savaşı başlayandan , iyirmi səkkiz ildə viranəyə çevirilmiş kəndlərin, şəhərlərin xarabalıqlarını görəndən sonra əmin olmuşdu ki, savaşanda barışmaqçün üz saxlamayan ermənilər , sadəcə , düşmən yox , ayaq basdıqları yerləri viranəyə döndərən , gözəlliyi, abadlığı sevməyə qadir olmayan yırtıcıymışlar!

Kol-kosun içindən ara-sıra görünən kərpic, daş qalaqları , bir zamanlar tankın qabağına qatılıb dədə-baba yurdundan qovulan əliyalın , köməksiz insanların göyə açılan əllərinə bənzər qaralmış daş sütunlar gözə dəyməsəydi, nəvaxtsa burada haylı -küylü , barlı-bağatlı kəndin olduğunu təsəvvürə gətirmək mümkünsüz idi. Dağılmış hasarların oyuqlarını mamır gəmirən , daş-kəsəyi hisə boyanmış , uçuq , qapı-pəncərə yerindən gicitkan kolları boy verən damsız evlər cadar-cadar olmuş torpağın bozluğunda ilan mələşən məzarlığı xatırladırdı.

Yaxınlaşmağa ürək eləmədi .Gözlərini qıyıb xəyalən kəndin boş küçələrində “gəzdi” , həndəvərində quzu otardığı yarpızlı bulağa “endi”, kölgəsində ənzəli oynadıqları , indi qol-budağı yanıb kösövə dönmüş xan çinarın “başına dolandı”, limonadla şirin qoğal aldığı Məzinin aynabəndli çayxanasının çürümüş taxta döşəməsini “adlayıb keçdi”, birinciyə getdiyi ibtidai məktəbin salamat qalmış giriş dirəyinin tayını “gördü” ...

Evlərini axtardı, ha axtardı... tapa bilmədi . Sanki kotan salıb şumlamışdılar, binəsindən də əsər-əlamət qalmamışdı evin.

Gözləri doldu. Müharibə başlayandan bu qədər qan-qada gördüyü anlarda, gecə-gündüz şıdırğı yağış kimi yağan güllələr, durmadan ətrafa yayılan mərmi qəlpələri öz əcəlindən xəbərsiz insanları hədəf seçəndə belə qorxunun nə olduğunu ağlına gətirmədən, qələbə əzmiylə başladıqları müqəddəs savaşda döyüş yoldaşlarını itirdiyi zaman “düşmən görər, kövrəlmək olmaz!” düşüncəsiylə nifrətin boğazında qurutduğu qəhəri, gözlərini göynədən yaşı daha saxlaya bilmədi. Bütün itkilərini - qarış-qarış, arşın-arşın azad etdikləri vacib yüksəkliklərdə, ev-ev, küçə-küçə boşaltdıqları kəndlərdə həlak olan döyüş yoldaşlarını, dizinin üstündə can verən komandirini kəndinə baxa-baxa xatırlayıb kövrəldi.

“Hər şey bitdi. Daha ağlamaq yox!“

Ovcunun içi tərləmişdi. Avtomatını yerdən aralayıb çiyninə atanda ixtiyarsız yaralı ayağını torpağa basdı. Sümükləri gizildədi. Ufuldamaq istəsə də, dişini dişinə sıxıb durdu. “Ağrı azalıb, dözməliyəm” - özünə toxtaqlıq verib qəbiristanlığa sarı addımladı.

Bütün varlığıyla qatlaşdığı ağrı-acısına son vermək, diz çökdürdükləri amansız düşmənin məğlubiyyətini, yüzlərlə şəhidin müqəddəs qanıyla qazanılmış böyük qələbənin sevincini doğmalarına çatdırmaqla, iyirmi səkkiz il çiynində daşıdığı ağır yükü bu qəbiristanlıqda həmişəlik dəfn etməyə gəlmişdi.

Qəbiristanlıq, uzaqda yeri bilinən kənddən də betər idi; sinə daşlarından çoxunu tank tırtılları ağzına alıb üyütmüş, mərmi, güllə qopartmış baş daşlarından tək-tük salamat qalanı da halsız qocalar kimi belini yerə söykəmişdi.

Babasının qəbrini güclə tapdı. Sinə daşı salamat qalsa da, başdaşında “Təvəkkül oğ...”dan özgə yazı qalmamışdı. Gözlərini yumub yumşaq noyabr havasını ciyərinə çəkdi - əmioğlusu Mədətlə babasının nimdaş sırıqlısının döş cibindən əkişdirib oğrun-oğrun sümürdüyü ilk və son papiros kimi...

- Gəldim, baba, gəldim, ata... - deyə bildi. Silahını yerə qoyub diziüstə çökdü, yağış döyəcləməkdən ovulmuş, iyirmi səkkiz il əvvəl atasının edam kötüyü olmuş boz sinə daşına zərrəbinlə baxırmış kimi baxdı, heç bir nişanə qalmamışdı o gündən - yaddaşındakı acı xatirələrdən özgə.

“O gün, alatoranda kəndin bütün qapıları zərblə çırpıldı. Avtomatlardan açılan güllələrin səsi tank tırtıllarının eybəcər uğultusuna qarışdı. Nə baş verdiyindən xəbərsiz yarıyuxulu camaat çaşqınlıq və qorxu içində küçəyə çıxdı. Əsgərdən çox yırtıcıya bənzəyən sərxoş ermənilər bağıra-bağıra hamını kolxoz həyətinə yığılmağı əmr etdilər. Gözləri qan çanağına dönmüş erməni quldurları avtomatlardan havaya güllə atır, elə hey “bu torpaqlar bizimdi, öz xoşunuzla çıxın, yoxsa hamınızı cəhənnəmə göndərəcəyik!” deyirdilər. Etiraz edən camaatın başı üstünə güllə yağdırdılar, əmimlə kənd soveti Rza müəllimi tankın dalına qoşub kənd içi sürüdülər. Eybəcər hala düşmüş cəsədlərinə yaxın gedəni başından avtomatın qundağıyla vururdular, baba. Hamı keyləşmişdi. Atam dözə bilmədi. Bilirəm, sən də dözməzdin, baba. O, göz qırpımında evə cumdu, handan-hana sənin beşatlanınla çıxıb yaraqlıların başçısının qarnını gülləylə doldurdu. Elə bu an tankın lüləsini at kimi minən erməni, atamın ayaqlarını nişan almağıyla onun yerə sərilməyi bir oldu. Amma heç ufuldamadı da. Donub qalmışdıq. Nə edəcəyimizi bilmirdik. Atamın ayaqlarından qan fışqırırdı. Anamla yardım üçün ona yaxınlaşanda iki quldur bizi tutub saxladı, başqa ikisi –daha heybətliləri - atamın çiynindən yapışıb qəbiristanlığa sarı sürüməyə başladı. Atamı qan aparır, sərxoş ermənilər həyasız-həyasız gülüşür, camaatın ah-naləsi ərşə qalxırdı. Bu, dəhşət idi, baba!.. Seyfəli dayının oğlunu bel dalınca göndərdilər, sonra da sənin, bax, sol tərəfində dərin çala qazdırdılar... Eşidirsən, baba?... Anamla məni diz çökdürdülər. Uşaq idim, nə baş verəcəyini anlamırdım. Mən ağlayır, anam and-aman eləyir, yalvarırdı... Atam isə “arvad – uşağa gücünüzü göstərməyin, alçaqlar!” deyib yaraqlılardan birinin üzünə tüpürdü. O, əvəzində bağırıb ermənicə söyə-söyə avtomatının qundağını var gücü ilə atamın çiyninə endirdi. Baba, həmən an ruhun oralardaydısa, oğlunun məğrur duruşunu görməmiş olmazdın. Elə bil onun bədəni poladdan tökülmüşdü, ağrı hiss etmirdi. Düşmənə nifrət dolu o baxışlar hələ də gözümün önündən çəkilməyib... Yırtıcı xislətli düşmən isə amansız olur. Xain və amansız... Hələ də ayaqlarından qan axan atamı sənin sinə daşına uzatdılar. Xeyli qan itirən atamın əhvalı dəyişir, rəngi ağarırdı. Anam nəsə duymuşdu. Məni qucaqlayıb “qurbanın olum, oğlum, baxma!” dedi. Qırmızı gözlü şişman erməni isə bundan həzz alırmış kimi ikimizin də saçından tutub baxmağı tələb etdi. Elə bu an, quduz sifətli, qırmızısaqqal erməni irəli gəldi, belindəki xəncəri sıyırdı, gözümə baxdı, qəzəblə irişə-irişə atamın boğazını toyuq başı kimi üzüb o çalaya tulladı, baba... Sonralar, mən özümə gələndə, bildim ki, qorxmuş, iki saat ərzində kənddən qovulan camaat atamın cəsədini dəfn etməyə macal tapmayıbmış. Mənə, “bu qisası sən alacaqsan!” - deyə-deyə havalandı anam. Və öldü. Bu günü görmədən öldü, baba... İndi, gəlmişəm, sənə gözaydınlığı verməyə gəlmişəm. Biz düşməni qovduq, məhv etdik, artıq, torpağımız azaddı, baba! Gözlərin aydın. Gözlərimiz aydın! Nigaran qalma, biz tezliklə yurdumuza dönürük. Eşidirsən? Qayıdırıq!”

Əlbəttə, inanırdı ki, babasının ruhu diridi, bax, bu qırılmış, ovulmuş başdaşının yanındaca durub təmkinlə onu dinləyir. Hətta saçında barmaqlarının tumarını da hiss edirdi... Xeyli rahatlandı. Yarası da sızıldamırdı elə bil. Dərindən “ah” çəkib sinə daşına sarı əyildi. Qucaqladı babasını...

***

...Üfüqdə batan Günəş göy üzünü qırmızıya bələyirdi. Axşamın sərini çökürdü torpağa. Səngər, barıt qoxulu paltarı gözləri kimi nəmlənmişdi. Birdən, qəribə, qeyri-adi səslər doldu qulağına. Bu, nə qırx dörd gündə yan-yörəsində partlayan mərmilərin, nə də aramsız açılan güllələrin səsiydi. Başını qaldırıb ətrafı dinşədi. Səmtini ayırd edə bilmədiyi səslər getdikcə yaxınlaşırdı. Əvvəlcə, lap uşaqlığındakı təkin, babasının sinəsinə qısılıb uyuduğunu, yuxu gördüyünü zənn etdi. Gözlərini yumub-açdı. Qəbiristanlıq boyu, tanıdığı, tanımadığı onlarla insan qollarını açaraq qalib ordunun yaralı əsgərini qucaqlamaq üçün ona sarı gəlirdi, deyəsən. Gördüklərinin ilğımmı, gerçəkmi olduğunu aydınlaşdırmaq üçün bütün ağrı-acısını unudub ayağa durdu, ixtiyarsız olaraq qollarını gələnlərə sarı açdı. Deyəsən, babası, atası, anası da onların arasındaydı...

Axşamın ayazında bir dəstə quş qanad çalıb başı üstündə dövrə vururdu...

Qalib əsgər xoşbəxt idi.

# 2303 dəfə oxunub

Müəllifin son yazıları

# # #