Qar kürəsi - Aminə Mahmudova

Qar kürəsi - Aminə Mahmudova
23 noyabr 2021
# 11:46

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aminə Mahmudovanın "Qar kürəsi" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

- Emanuel, ora çox soyuqdu, paltonu geyinməyi unutma! - anamın səsiylə özümün “yataq” adlandırdığım balaca, bir ayağı sındığına görə sadəcə kiçik taxta parçası ilə dəstək almış - kreslodan atıldım və qardaşımın üstünə qaçıb onu bərk-bərk qucaqladım:

- Sən mənimlə vidalaşmadan gedəcəkdin? - deyib onun buludlu səmanı xatırladan dərin, mavi gözlərinə baxdım.

- Sadəcə, səni oyatmaq istəmədim, Alva, - deyə saçlarımı oxşadı.

- Axı, sən vidaları sevmirsən?!

- Mən vidaları sevmirəm, amma Emanuel gedirsə, o “Vida” deyil! Xudahafizdir!

- Onda “xudahafiz”, Alva..

- Emi, ora çox uzaqdır? - o bir an dayandı, dərin nəfəs alıb:

- Hə. Ora çox uzaqdır, - dedi və məni qucağından yerə qoydu.

- Bəs... bəs birdən biz bir-birimizi unutsaq?

- Əgər biz bir-birimizi unutsaq “BU ŞƏHƏR AĞAPPAQ QARA BƏLƏNSİN” - dedi and içərmiş kimi. O, sadəcə bunun necə mümkünsüz olduğunu deyirdi. - Axı, biz Port-Jantildə yaşayırdıq - cənub-qərb küləklərinin əsir aldığı, qarın həsrətini çəkən, ya da bəlkə onun nə olduğunu bilməyən bir şəhərdə. PORT-JANTİLDƏ.

- Ora çox uzaqdır, bəs birdən sən məni əvvəlki kimi sevməsən? Axı, sən deyirdin məsafələr insanları ayırır.... Sanki bir an onun mavi gözlərində dolmuş buludlar gördüm.

O, mənə yaxınlaşdı, gözlərimi görə bilmək üçün iri, cüssəli bədəni mənim cılız ayaqlarım altında diz çökdü:

- Alva, məsafələr insanları ayırar, duyğuları yox. Emi səni hər zaman sevəcək və heç zaman unutmayacaq!

- Emi, bəs ora qar yağır?

- Hə, ora çoxlu qar yağır.

- Bəs, sən mənə qar kürəsi gətirərsən oradan?

- Sənə dünyanın ən gözəl qar kürəsini gətirəcəm, Alva.

- Söz ver ki, Emanuel Alvaya qar kürəsi gətirəcək.

- Söz verirəm ki, Emanuel Alvaya qar kürəsi gətirəcək, - dedi.

Mən 13 illik balaca həyat hekayəmdə Emanuelin göz yaşlarını heç vaxt görməmişdim. Hər zaman onun göz yaşlarının da gözləri kimi balaca, mavi incilərdən olacağını düşünürdüm. Amma... amma Emanuel ağlayırdı...

Axı, o niyə ağlayırdı?! Sadəcə o, bizim bu balaca “evimizi” xilas etmək üçün bir neçə il gedəcəkdi. Bəs, o niyə məni ömürlük görməyəcəkmiş kimi qucaqlayır?!

Emanuel - mənim müqəddəs Tanrım idi, sanki. Adının mənası kimi “Tanrı”. Anamın və mənim TANRIM. 19 yaşlı Emi - mənim qardaşım. Onun paslanmış dəmiri rəngli saçları, arıq amma cüssəli bədəni vardı.

Mən onu heç vaxt unutmayaqcaqdım! Heç vaxt!

Emanuelin dediyi kimi - “Bir gün bu şəhərə qar yağsa, unudaram səni ancaq”

Bir gün bu şəhərə qar yağsa... unudacam səni...

***

Emanuel getdiyi gündən sevincimiz xoşbəxtlik gəmimizə qonan bahar nəfəsi kimi tez qeyb oldu... Biz onsuz - Emanuelsiz limansız gəmi olmuşduq. Amma, bizim təsəllimiz vardı - onun məktubları. Durmadan göndərdiyi məktublarında işinin nə qədər ağır olsa da, oranın - onun “uzaq” dediyi yerin necə gözəl olduğundan, bir gün bizi də ora aparacağından danışırdı.

Və bir gün... uzağı yaxın edən məktubların sonlandığı, sonsuz maviliyin səma olduğu vaxt...

“Mən bilirəm o ölməyib. O ölə bilməz. Tanrılar heç vaxt ölməz. Axı, o mənim Tanrım idi. Əgər o ölsəydi, mən necə nəfəs alardım... Emanuel ölə bilməz...”

O ki mənə söz vermişdi - “Dünyanın ən gözəl qar kürəsini gətirəcəkdi... Dünyanın ən gözəl... Qar kürəsi...”

***

“Mənim 20 yaşım var. Mən Alva Lachovisk. Bu gün yeganə ailə üzvüm olan anamı -Anna Lachoviski itirdim. Yeganə ailə üzvüm... Çünki artıq Emanuel məni - Alvanı unutmuşdu. Artıq mənim üçün də Emanuel Lachovisk yox idi. Onu da bu gün anam ilə birgə itirdim...”

***

4 il sonra... Port-Jantilin dar küçələrinin yavaş-yavaş addımlayıram. Bugünkü iş günüm yorğun keçmişdi. Uşaqların qulaqbatırıcı səsi və digər müəllimlərin uzun- uzadı bitməyən söhbətləri.

Yol boyu səkidəki rəngarəng daşlardan yalnız ağ olanları sayaraq addımlayırdım. Və birdən daşlar bitdi. Çünki səkinin sonuna gəlmişdim. Bu məni bir az kədərləndirmişdi. Amma qarşıdakı səs-küy və həyəcan məndə kədər yerinə maraq hissi oyatdı. İnsanlar bir yerə toplaşmış, çevrə şəkilli fiqur yaratmışdı. Marağımı bir kənara qoyub, səs-küyə fikir vermədən bu dəfə də ağ rəngli keçid zolaqlarını sayaraq keçirdim. Bir görüntü məni saxladı. Bədənimdən bir gizilti keçdi sanki... Ürəyimin döyüntüləri qulaqlarımda əks-səda verdi. Bu o du... Emanuel - Mənim qardaşım. O... o qanlar içərisində yerdə uzanıb. Onun paslanmış dəmiri xatırladan saçları qana boyanıb, cüssəli bədəni cılızlaşıb... Əynində sadəcə yamaqları belə məhv olmuş şalvarı və rəngi solğunlaşmış köynəyi vardı.

Ona yaxınlaşırdım, mən ona yaxınlaşırdım. Qan içində olan balaca üzü sanki tunc rəngi almışdı. Qarşısında diz çökdüm, əlimi buz kimi soyuq olan əlinin üzərinə qoydum. O, ağır-ağır gözlərini açdı. Onun gözləri artıq sonsuz səmanı, dərin dənizi xatırlatmırdı. Onun gözləri qaranlıq bataqlıqdakı gölməçəyə bənzəyirdi. Məni gördüyünə təəccüblənmiş kimi gözlərini gözlərimə zillədi:

“Al..va, E..manu.. elə sö..z ver..rir ki sənə dün..yanın ən gözəl qar kürəsini gə..ti..rəcək”. Güclə eşidiləcək zəif səsiylə, - dedi və digər əlindəki qana boyanmış Qar kürəsini mənə uzatdı..”

- Alva..a, E..manuel sən..i heç va..xt un..utmayacaq.. ə..gər biz bir-birimizi unutsaq bu şəh..ər ağ qa..r..a bə.lənsin..... və onun mavi gözləri cənnət çiçəkləri görmək üçün əbədiyyətən yumuldu..

Mənim gözyaşlarım onun cılız bədənini isladırdı, mənim gözyaşlarım... onun qanlı saçlarında idi. Qəflətən bədənimdə soyuq bir şey hiss etdim. Və bu “çoxalmağa” başladı. Başımı mənə hər zaman Emanuelin gözlərini xatırladan səmaya qaldırdım. Bu ola bilməz! Qar yağırdı... Bu şəhərə qar yağırdı.

Əgər bir gün biz bir-birimizi unutsaq bu şəhər ağappaq qara bələnsin”.

***

Mən Alva Lachovisk, bu da həyatımın yeganə mənası olanQAR KÜRƏSİ”.

Son

# 3979 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #