Ömrün sınaq anları - Adil Qeybullanın hekayəsi

Ömrün sınaq anları - Adil Qeybullanın hekayəsi
29 noyabr 2023
# 12:20

Kulis.az Adil Qeybullanın “Ömrün sınaq anları” adlı hekayəsini təqdim edir.

Hər dəfə ikilikdə naxıra mal aparanda, Nihadın söhbəti zamanı, utandığından nəzərləri bir nöqtəyə zillənən və əlindəki çubuğun ucu ilə qeyri-iradi torpağı eşələyən, bununla da oğlanın hər sözünü diqqətlə dinləmək fürsəti qazanan Səlimənin qəflətən başını döndərib mənalı baxışlarla onu süzməsi əks tərəfin qəlbində bir qığılcım yaratdı. Görünür, hərdən sevgi atəşi üçün bir qığılcıma ehtiyac olur. Qızın kəşfiyyat xarakterli, oğlana yönəlik, onu başdan ayağa süzən, titrəyən, atəşli baxışları sonda birbaşa Nihadın gözlərində fokuslandı. Bu həmişəki baxışlar deyildi, başqa idi, o nəzərlərin nüvəsində ünsiyyət sərhədlərini aşan hansısa işartılar vardı. İki göz birbaşa ilk dəfə yeni müstəvidə üz-üzə gəlirdi. Bu baxışlar onların özləri də bilmədən hər ikisinin sonrakı həyatını müəyyən edirdi. Səlimənin badamı gözləri onsuz da çox ifadəli, parlaq və gözəl idi. Adətən hər bir gözəlin ən azı bir gözəgəlimli nişanəsi olur. Səlimənin də cazibəli, cəlbedici gözləri ilk nəzərdən sezilirdi.

Nihada babasının adını qoymuşdular. Səlimə isə nənəsinin adını daşıyırdı, əsil adı sənəddə Səliməxatun idi, Səlimə deyə çağırırdılar. Nihadın özündən yaşca kiçik bir bacısı var idi. Səlimə isə evin tək övladı idi. Yeniyetmələr kənddə qonşu idilər, eyni yaşda doğulmuşdular və eyni sinifdə oxuyurdular. Qonşuda, məhlədə, məktəbdə daim üz-üzə gəlirdilər, lakin qızın oğlana bu nəzərləri onun ürkək qəlbinə od salmışdı. Oğlanın oxumaq, təhsilini davam etdirmək fikri yox idi. Onun yaxın qohumu avtomobil çilingəri idi, rayonda ad çıxarmışdı, maddi durumu da çox yaxşı idi. Nihad qıza danışırmış ki, evdə mənə deyirlər, həmin qohumun yanında şagird kimi işlə, yaxşı öyrən və bu sənəti davam elə. Onların fikri yaşım çatan kimi məni evləndirməkdir. Məhz bu ifadələr qızın aşırı marağına səbəb olmuşdu. Səlimə isə tibb bacısı olmaq, kəndlərindəki ambulatoriyada çalışmaq arzusunda idi.

Uşaqların hər ikisi malı otarmaq üçün adətən örüş yerlərinə birgə aparırdılar. Hər ay Nihadın nobat (mal sirəsi) növbəsi olanda onların danışmaq imkanları məhdud olurdu. Ayrı günlər yol boyu birgə gedər, müxtəlif söhbətlər edər, kənddə-kəsəkdəki dedi-qoduları, qeybət mövzularını, evlərində olub keçənləri bir-birilə bölüşürdülər. Əslində danışmağa, daha dərin ünsiyyət qurmağa mövzu gəzirdilər. Hər ikisinin ailəsi həyətlərində camış saxlayırdılar. Camışın süd məhsulları, qatığı, qaymağı inəyinkindən daha keyfiyyətli, daha dadlı olduğundan kənddə camış saxlayanlar az deyildi. Əksəriyyət isə camışı öz külfəti, ailəsinin dolanışığı üçün saxlayırdı.

Səlimə heç vaxt onu bu cür, təpədən dırnağa süzməmişdi. Gözlərin ifadəsi adətən çox mənalı olur, onu həmişə sezmək olsa da, duymaq, dəqiq oxumaq çətin olur. Bu dəfə onun baxışlarında nə isə gizlənmişdi, əslində onun qəlbində oğlana qarşı müəyyən hisslər oyatmışdı. Qızlar adətən qulaqları ilə sevərlər, deyimi var. Həm də qızlar psixoloji baxımdan oğlanlardan tez yetişirlər, eyni yaşda qız və oğlanın həyata baxışlarında bu fərq hiss olunur. Səlimə oğlanla aralarında olan son söhbətdən sonra içində hər şeyi çək-çevir edir, özünə suallar verirdi: Yanında belə bir oğlan ola ola, başqa birisini gözləməyə dəyərmi? Nihad qısa müddətdə qohumunun sənətini öyrənəcək, ömürlük əlində çörəyi olacaq. Onun atası da zəhmətkeş adamdır, zavodda iki smen işləyir, ailəsinə yaxşı baxır, ev işlərində həmişə arvadına kömək göstərir, sakit adamlardır, heç vaxt səsləri çıxmaz. Nihad da atası kimi indidən zəhmətə qatlaşmaq istəyir.

Bu imkanı niyə qaçırım ki.... Yoxsa bilinmir kimə ərə gedəcəm, ailəyə necə baxacaq, içən, çəkən olacaqmı, hər addımda şiddət göstərəcəkmi, günümü qara eyləyəcəkmi?... Düzdür, bu tale məsələsidir, amma bu oğlan onlardan deyil, ortada ən azı neçə illərin ailə örnəyi var. Bu sualları cavablandırmaq üçün Səlimə Nihadı daha çox dinləməyə, onun sirli tərəflərini öyrənməyə cəhd edirdi. Əlbəttə, hər bir qadının arzusu ər nəvazişini itirməmək, daim sevilmək hissi ilə yaşamaqdır. Belə olanda evdə ruzi də tapılır, əminamanlıq da olur, məmnunluq da yaranır. Yoxsa, söz-söhbətli evdə ruzi-bərəkət olmaz. Bu fikirlər, bu suallar Səlimənin başında fırfıra kimi fırlanırdı. Bir şərqli qızı kimi onu da ailənin məişət tərəfləri daha çox maraqlandırırdı.

Hava sərinlədiyindən hər ikisi altdan geyinib üstdən qıfıllanmışdılar. Baxışlar, ara-sıra qarşılıqlı suallar və bir-birini həsrətlə dinləyən qulaqlar əsas təmas nöqtələri idi. Hər ikisinin 14 yaşı vardı. Bu yaşda yeniyetmələrdə əvvəlkindən fərqli müəyyən dəyişikliklər getdiyindən onların görünüşündə, xasiyyətində, davranışlarında müəyyən məqamlar özünü göstərir. Oğlanın bığ yeri təzəcə tərləmişdi, qızın isə döşləri çıxmışdı.

Örüş yerləri dağların döşündə, düzənlikdə, böyük çəməndə geniş otlaq sahəsi idi. Bura otarmaq üçün mal-heyvan gətirən çox idi, bütün kəndin heyvanı burda otlayırdı. At, camış, inək, buzovlar, keçi və qoyunlar, bir sözlə otlaq sahəsi hamıya çatırdı. Kənd uşaqları burada bir-birilə görüşər, söhbətləşərdilər. Həm də özləri də bilmədən bir-birinə nəzarət edirdilər. Gizlicə siqaret çəkən, artıq əskik hərəkət edənin dərhal ailəsi xəbər tuturdu. Bu isə ən aşağısı, evdə məzəmmət olunmaq demək idi. Kənd bir ailə kimi idi, hər kəs kənddə gəzən söz söhbətdən, biabır olmaqdan çəkinirdi.
Oğlanın dilindən onun gələcək arzuları barədə eşitdiyi hər söz Səlimə üçün bir tütyə kimi idi. Çünki kənddə, evdə, məktəbdə, məhlədə belə söhbətləri eləmək imkanı yox kimi idi. Digər tərəfdən, örüş yeri kəndin içərisindən keçən çaydan bir qədər aralıda idi, suyunun şırıltısı çox zəif eşidilirdi, söhbətə elə də mane olmurdu.

Əslində hər iki ailədə valideynlər bir-birilərini yaxşı tanıdığından qohum olmaq, oğlanla qızın ailə qurmasını istəyirdilər. Nihadın anası oğluna gizlicə bildirmişdi ki, istəyirik bu qızı sənə alaq, gözümüzün qabağında böyüyüb, ağıllı uşaqdır. Oğlan isə susub heç nə deməmişdi. Səlimənin anası isə ona bu barədə deyəndə, qız əvvəlcə mən sənət almaq istəyirəm, sonra baxarıq, - demişdi. Sadəcə, bu söhbətləri bir-biriləri ilə bölüşməyə həm cürət etmirdilər, həm də utanırdılar.
Oğlanı öyrəndikcə qız ürəyində ona daha çox bağlanır, lakin bunu qətiyyən büruzə verməməyə çalışırdı.

Aralarında hisslər dərinləşdikcə bir-birinə qısqanmağa başlayırlar. Bunu sezən valideynlər onuncu sinifi qurtaran kimi onları adaxlayırlar.

Məktəbi qurtaran kimi Nihad yaxın qohumunun yanında avtomobil çilingəri sənətini öyrənməyə başlayır, Səlimə isə orta tibb məktəbinə daxil olur.

Günlərin birində Nihad Səliməgildə olarkən, söhbət zamanı qızın vəziyyəti pisləşir, qəfildən titrəmələr başlayır. Anası əvvəlcə elə başa düşür ki, qızına soyuq dəyib, tez yatağa uzadır, sirkə ilə ovuşdurur, dərman verir, oğlan isə başqa otaqda gözləyir. Səlimənin vəiyyəti bir qədər düzələndən sonra Nihad evlərinə qayıdır.

Nihad evdə bu hadisə barəsində anasına heç nə demir. İki gün sonra vəziyyət yenidən təkrarlanır, Səliməni həkimə aparırlar, oğlan da onlarla gedir, müayinə aparan ultrasəs həkimi bildirir ki, qızın limfa düyünləri şişib, müayinə davam etməlidir. Qızın valideynləri narahat halda evlərinə qayıdırlar. Qızın hər gün hərarəti qalxır, gecələr tərləmələr onu əldən salır, əlacsız qalıb müayinə üçün onu Bakıya çatdırası olurlar. Müayinə edən həkimlər bildirirlər ki, limfa düyünlərinin belə böyüməsinə biganə qalmaq olmaz, qan təhlilləri də narahatdır, mütləq biopsiya edilməlidir. Ailəsinin razılığı ilə biopsiya aparılır. Nəticə hamı üçün dəhşətli olur: limfa düyünlərinin xərçəngi (Limfoqranulomatoz, nodulyar skleroz) diaqnozu qoyulur. Səlimənin ata, anasını dəhşət bürüyür.

Lakin həkimlər qızın valideynlərinə bildirirlər ki, bu xərçəngin müalicə oluna bilən növüdür, amma bir neçə aylıq kimyəvi terapiya və şüa müalicəsi aparılmalıdır. Məsələdən bütün kənd əhli xəbər tutur. Bir tərəfdən, xəstəliyin qorxulu adı, maddi xərclər, digər tərəfdən də, kimyaterapiyanın dəhşətləri. Görəsən, bu yolu keçə biləcəklərmi? Ata, anası Səliməyə çox şeyi bildirmirlər ki, fikir eləməsin. Məsələnin məğzini bilən kimi, Nihadın valideynləri evdə məsləhətləşirlər, qızı almaqdan imtina edirlər və yavaş-yavaş bu qərarı qızın valideynlərinə açıq bildirirlər. Səlimənin ailəsi üçün bu ikinci dəhşətli zərbə olur. Lakin oğlan qızı atmayacağını, sona qədər onun yanında olacağını valideynlərinə qəti şəkildə bildirir. Valideynləri oğlanı inandırmağa çalışırlar ki, bu qızın axırı yoxdur, onun yaşamaq şansı da şübhə altındadır, ondan nə sənə ailə olacaq, nə də ki, ondan uşaq gözlə. Lakin oğlan inadından dönmür, valideynlərinə qarşı üsyan edir.

Kənd camaatı bilir ki, qızın ailəsinin maddi imkanları məhduddur, müalicə xərclərini ödəmək mümkün olmayacaq, qızın həyatı da taleyin ümidinə buraxılıb. Kənd ağsaqqalları oturub məsləhət edirlər, belə qərara gəlirlər ki, uşaqdan mərhəmət hissini əsirgəmək olmaz və bu ailənin arxasından geri çəkilmirlər. Kənd əhli yığışıb kimin nə imkanı var, əl tutur, hər kursun əvvəlində müalicə pulunu toplayıb qızın valideynlərinə verirlər.

Üzücü kimyaterapiya kursları başlayır, dəhşətli halsızlıq, ürəkbulanma, qusma, iştahsızlıq Səliməni əldən salır. Lakin Səlimə bütün bunlara mətanətlə dözməyə çalışır. Nihad da bir anlığa onu tək qoymur, ona ürək-dirək verir, saatlarla yanında oturur, dodağını isladır, üzünün tərini silir.

Vəziyyətdən narahat olan Nihadın valideynləri bir gün müalicə həkiminin yanına gəlir, onunla gizlicə görüşürlər. Söhbət zamanı həkimdən xahiş edirlər ki, bu xəstəlik sağalan olmamasını Nihada izah etsin, bəlkə sizin rəyinizlə oğlumuz qızdan əl çəkə. Bu bir alın yazısıdır, qədərdir, biz neyləyə bilərik. Yaxşı qonşulardır, qız da insafən çox yaxşı uşaqdır. Lakin xəstə qızı biz necə sağlam oğlumuza alıb onu bədbəxt edə bilərik, deyə həkimə sual edirlər. Həkim isə öz növbəsində onlara bildirir ki, hər şey qayda üzrə aparılsa, xəstənin sağalmaq şansı çox yüksəkdir. O ki qaldı oğlana nəsə deməyə, mən şəxsi işlərə qarışa bilmərəm, mənim vəzifəm, həkimlik borcum xəstəni sağaltmaq, həyata qaytarmaqdır. Belə olduğunu gördükdə, Nihadın valideynləri başlayırlar həkimlə sərt danışmağa, çalışırlar onu şantaj etməyə ki, bizim uşağımızı niyə bədbəxt edirsiniz, siz xərçəng xəstəsinin valideynlərinə sağaltmaq söz verirsiniz, bizim uşağımız da bunu eşidir, ümüdlənir. Həkim söhbəti davam etdirməyə lüzum görmür, tibb bacısını çağırıb oğlanın valideynlərini sakitcə otaqdan uzaqlaşdırır...

Səlimə Bakıda bir qohumugildə yerləşir, Nihad isə ilk vaxtlar yanında şagirdlik etdiyi qohumundan borc götürür və Səlimənin qaldığı yerə yaxın, gündəlik ödəmə ilə gecəqondularda qalır. Onun cibində pulu az olduğundan bəzən ucuz yeməkxana tapıb gündə bir dəfə yemək yeyir. Çətin sınaqlar başlayır. Kimyaterapiyanın gedişində çox ağır günlər yaşanır, Səlimənin sümük iliyinin fəaliyyətinin enməsinə bağlı qan göstəriciləri aşağı enir, qız isə günlərlə üzü üstə sul düşür.
Səlimənin anası Nihadı kənara çəkib ona bildirir ki, mən sənin həyatını bədbəxt edə bilmərəm, hələ bilmirəm balamın axırı necə olacaq? Yaxşı olar ki, bura gəlməyəsən, gedib öz işlərinlə məşğul olasan. Sənin valideynlərini də başa düşürəm, onlar elə bilirlər ki, mən səni burada tovlayıb saxlayıram.

Nihad isə qətiyyətlə qızın anasına bildirir ki, mən Səliməni ata bilmərəm, ona bir şey olsa, mən də yaşamayacağam. Əgər məni buradan qovsanız, özümə qəsd edəcəm. Bu sözlərdən sonra, qızın anası bir qədər toxtayır, gözünə işıq gəlir, digər tərəfdən isə oğlanın valideynlərinin tənəsindən çəkinir.

Nihadın pulu qurtardığından yaxınlıqda iş axtarmağa başlayır. Xəstəxana ətrafındakı yerləri dolaşır, orada tək-tək gəzən adamlardan burada iş tapmağa kömək etməsini xahiş edir. Bir nəfər onu yaxınlıqdakı avtoyuma məntəqəsinə aparır ki, bunlara işçi və kömək lazımdır. Orada oğlanın bu işi bacarıb bacarmadığını soruşurlar. Nihad bildirir ki, özü avtotəmirlə məşğuldur. Ona işin şərtlərini başa salırlar ki, iş muzdlu işdir, gündəlik yuyulan maşından asılı olaraq, hər maşına iki manat veriləcək. Oğlan həvəslə tez razılaşır və səhər tezdən mütləq işdə olacağını deyir. O iş tapdığı üçün çox sevinir, Səliməyə baş çəkmək üçün tələsik onun yanına yollanır. Ürəyində fikirləşir ki, burda qazandığı puldan qızın müalicəsinə köməklik göstərə biləcək.

Bir azdan Nihad gəlib Səliməgilə çıxır, qapının zəngini basır, qızın anası gözlükdən baxıb qapını açır, oğlanı içəri buraxır, onu mətbəxə aparır və qarşısına çay qoyur. Lakin oğlan bildirir ki, mən Səliməni görməliyəm. Anası bildirir ki, qız indi çox zəifdir, həkim xəbərdarlıq edib ki, onunla təmaslar azaldılmalıdır. Lakin Nihad israr edir, belə olduqda qızın anası Nihada həkimin dediyi kimi maska geydirib qızın otağına aparır. Əslində anası həm də çalışır ki, oğlan qızı bu durumda görüb ondan yavaş-yavaş soyusun, özü də gələcək tənələrdən qurtulsun. Nihad görür ki, qız yataqda beli üstə heysiz və hərəkətsiz uzanıb, başı yaylıqla sarınıb, sifəti xeyli arıqlayıb, gözləri çöküb və sulanıb, qaşları tökülüb, çöhrəsi ölü kimi solğunlaşıb, dodaqları da cadar-cadar olub. Oğlan gördüyü mənzərədən matı-mutu quruyur, dili lal olur, donub qalır. Kənardan baxanda sanki çarpayıda bir meyid uzanıb, sadəcə cənəsini bağlamağa kimsə tapılmır. Nihad qızın başının üstündə dayanıb baxanda qeyri-ixtiyari gözündən yaş damcıları Səlmənin sifətinə düşməyə başlayır. O, gördüyü mənzərədən özünü itirir, bilmir ki, neyləsin, pəncərəyə tərəf çevrilib maskası ilə gözünün yaşını silir, işıqlı dünya bir anlığa gözündə qaralmağa başlayır, başı gicəllənir, az qala yıxılsın, tez özünü pəncərənin yanında qoyulmuş stula çatdırmağa çalışır. Səlimənin anası cəld oğlanın qolundan tutur ki, yıxılmasın, onu mətbəxə aparır, orda dilə tutur, yalvarışlı tonda deyir ki, Səlimə ağır xəstədir, sənin valideynlərin də çox narahatdır, onları başa düşürəm. Səni bədbəxt edə bilmərəm, nə qədər çətin olsa da, geri dön, olanları unut və öz həyatını qur, mənim balam.

Lakin Nihad ona qəti etiraz edir, qayıdır ki, mən Səliməni heç vaxt atmayacağam, ata bilmərəm və inanıram ki, o sağalacaq, yenidən ayağa qalxacaq. Nihad bunu deyərək, yanıqlı və için-için ağalamağa başlayır, qızın anası da ona qoşulur. Oğlan gözü yaşlı durub evdən çıxıb gedir. Anası da oğlanın dalınca xeyli ağlamaqda davam edir, sakitləşdikdən sonra ürəyində danışır, dualar edir, Allaha yalvarmağa başlayır. Allahın sınağından çıxmağa Yaradanın özü yardımçı ola bilər, Allah böyükdür, - deyərək təsəllki tapmağa çalışır.

Nihad küçədə də gözünün yaşını saxlaya bilmir, cibində yaylığı olmadığından bayaq qızın anası verdiyi və Səlimənin başı üstə öz göz yaşları ilə islatmış maskasını cibindən çıxarır və onunla üzünü silir ki görən olmasın. Yağış yağdığından bayırda adamlar bir-birinin üzünə baxmağa onsuz da macal tapmırdılar. Nihad gəlib evə çatır, əynini dəyişib çarpayıda uzanır, onu fikir götürür, fikirləşdikcə, qızı gözünün önünə gətirdikcə daha da vahimələnir. Bu minvalla onu mürgü vurur, yuxu aparır.

Yuxuda görür ki, yaz fəslidir, hər yer yaşıllaşıb, Səlimə ilə göy çəməndə gəzişərək söhbət edirlər. O əyilib çəməndən qırmızı lalələr dərib qıza vermək istəyəndə, görür ki, qız yoxa çıxıb, qeybə çəkilib. Nihad həyəcanla ətrafa boylanır, Səliməni görmür, qışqırmağa başlayır. Birdən qızın sədası eşidilir, o Nihaddan bir qədər aralı peyda olur. Oğlan görür ki, Səlimə tanınmaz və eybəcər hala düşüb, qorxudan əlləri əsməyə başlayır. Qız Nihada qayıdır ki, «Sən bil ki, mən ağır bəlaya düçar olmuşam. Bizi buna görə ayırmaq istəyirlər. Lakin mən sağalacam, həyata qayıdacam, biz birgə xoşbəxt olacağıq. Buna əmin ola bilərsən. Səndən bircə ricam var, mənə sona qədər dayaq olmağını istəyirəm». Oğlan bunu eşitcək hönkürtü ilə ağlamağa başlayır və tez diksinib yuxudan ayılır. Onun emosiyaları coşur, evdə qala bilmədiyindən əynini geyinib bayıra çıxır, küçədə bir qədər fikirli gəzişir, lakin soyuq olduğundan yaxınlıqdakı marketə daxil olur ki, bir qədər isinsin, həm də axşama yeməyə bir şey alsın, fikri də bir qədər yayınsın. Oğlan evə qayıdan kimi qıza belə bir məktub yazır: «O gün yuxuda mənə dediklərini heç zaman unutmaram. Bizi ancaq ölüm ayıra bilər. Nə qədər nəfəsim gəlir, yanında olacam. Sağalmağına sonsuz ümidlərlə. Sənin Nihadın». Sonra məktubu konvertə qoyur, üzərinə «yalnız Səlimənin oxuması üçün» sözlərini yazır və qapağını bağlayır.

Nihad bütün günü maşın yumaqla pul qazanmağa başlayır. Onun bəxtindən hava dəyişkən olduğundan çirklənən maşınları aydın havada tez-tez yumağa gətirirlər. O baxır ki, günə 40-50 manat pul qazana bilir. O yaxınlıqda aylığı 150 manat olan ev tutur. Pulun 5-10 manatını yeməyə sərf edir, qalan hissəsini isə yığıb saxlayır.

Kimyaterapiyanın son kurslarında Səliməgilin maddi imkanları artıq tükənir. Onun sağlamlıq durumu da ağır və ümidsiz görünür. Nihad da bunu hiss edir, lakin acı nəticəyə heç vəchlə inanmaq istəmir. O əlində iki kursun müalicəsinə yetlik pul qazanıb saxlayır. Xeyli düşündükdən sonra Nihad Səliməyə yazdığı konvertə qoyulmuş məktubu və əlindəki pulu götürüb qızgilə gəlir. Səlimənin otağına daxil olduqda, onu görüb dəhşətə gəlir. Qız əməlli-başlı çəki itirib, bir dəri, bir sümük qalıb, saçları tamamilə tökülüb, tərpənməyə belə heyi yoxdur. Səlimənin anası qəsdən qızın başını açıq saxlayıb ki, oğlan onu görüb qızdan soyusun, uzaqlaşsın, çünki o sonrakı tənələrdən çox qorxurdu. Nihad yazıb konvertə qoyulmuş məktubu gizlicə qızın yastığı altına qoyur, qazanıb yığdığı pulu isə əvvəlcə qızın anasına vermək istəyir, lakin bilir ki, o pulu götürməyəcək, fikrindən vaz keçir, qüssə içində evi tərk edir. Oğlan çıxandan sonra Səliməyə tez-tez baş çəkən anası onun yastığı altında konvertin ucunu görür, tez götürüb üstünü oxuyur, məktubu Nihadın qoyduğuna əmin olur və onu gizlədir.

Sonra Nihad üz tutur müalicə həkiminin yanına, ona vəziyyəti izah edir, iki kursun müalicə xərclərini əvvəlcədən ödəyir, həkimdən isə xahiş edir ki, qızın anasına bu kursların xərclərini xəstəxana öz üzərinə götürür, desin. Həkim oğlanın fədakarlığından məmnun qalır və belə də edir.

Səlimə altı ay ərzində davamlı və əzablı müalicələrdən sonra yavaş-yavaş sağalmağa başlayır, səhhəti tədricən bərpa olur və həyata qayıdır. Həkimlər, - qızınız artıq sağalıb, - müjdəsini verən kimi Səlimənin anası Nihadın məktubunu qızına uzadır. Ağır müalicələrdən yorulmuş, özünə qapanmış Səlimənin çöhrəsi məktubu oxuyan kimi göz önündə dəyişir, onda sevinc və məmnunluq hissləri yaranır. Anası görür ki, qızına gündən günə güc gəlir, əhval-ruhiyyəsi yaxşılaşır, həyat eşqi artır. O qızından məktubun məzmununu soruşmağa utanır, amma ürəyində təxmin edir ki, Nihad ona nə yaza bilərdi?..
Bütün kənd qızın sağalması xəbərini eşidib ürəkdən sevinir. Evə qayıdan zaman həkimlər Səlimənin valideynlərinə lazımi məsləhətlər verirlər. Tapşırırlar ki, qızı mümkün qədər soyuqdəymədən, zökəmdn, qripdən qorusunlar. Üç il müddətində hər altı aydan bir müayinəyə gəlsin. Səlimə evdə yaxşı qulluq edildiyindən bərpa olunur, saçları tam yerinə gəlir, çəkisi artır və əvvəlki füsunkar görkəmini alır.

Bir ildən sonra valideynləri onlara toy edirlər. Toy gecəsi Nihad yuxuda gördüklərini ilk dəfə Səliməyə danışır, həmin ağır və ümidsiz günləri, çətinlikləri birgə, şükranlıq hissi ilə, acı xatirə, qara yuxu kimi xatırlayırlar. Hamiləlik dövründə Səlimə iki dəfə həkim yoxlanışında olur. Onların sağlam uşaqları doğulur, adını isə Vüsal qoyurlar...


Adil Murad,
Bakı şəhəri,
24 noyabr 2023


# 1421 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #