"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə
20 mart 2026
# 11:00

Bu gün rus ədəbiyyatının klassiklərindən biri Nikolay Qoqolun doğum günüdür.

Kulis.az onun “Şinel” əsərindən bir hissəni təqdim edir.

Akaki Akakiyeviç gördü ki, daha təzə şinelsiz heç cür iş düzəlməyəcək, buna görə də tamamilə ruhdan düşdü. Axı, doğrudan da, necə olsun, şineli nə ilə, hansı pul ilə tikdirsin? Əlbəttə, bayram üçün veriləcək gələcək mükafata bir qədər ümid bağlamaq olardı, ancaq bu pul qabaqcadan bölünüb paylaşdırılmışdı. Təzə şalvar almaq, çəkməçiyə nimdaş boğazlara təzə pəncə tikdiyi üçün köhnə borcu vermək, bir də alt paltarı tikən arvada üç köynək və yazılı əsərdə adını çəkmək ədəbsizlik sayılacaq iki alt paltarı tikdirmək lazım idi, müxtəsər, bütün pullar xərclənib gedəcəkdi.

Hətta əgər müdirə mərhəmət güc gəlib onu qırx manat mükafat əvəzinə qırx beş, ya əlli manat təyin etdirmiş olsa, yenə de orada çox azacıq bir şey qalacaq ki, bu, şinel kapitalında, dənizdə bir qətrə kimi görünəcəkdir. Hərçənd, o bilirdi ki, Petroviç hərdən ağla sığmayan qiymətlər söyləməyə həvəslidir, belə ki, bəzən arvadı özü də özünü saxlaya bilməyib çığırardı: "Nə danışırsan, dəli olubsan nədi, axmağın biri! Gah görürsən ki, heçə-puça işləyir, indi isə şeytan onu azdırıb elə bir qiymət deyir ki, heç özü də o qiymətə dəyməz".

Hərçənd, əlbəttə, o bilirdi ki, Petroviç səksən manata da şinel tikər, amma yenə də bu səksən manatı o haradan tapsın? Yarısını yenə birtəhər tapmaq olar: yarısını tapmaq mümkündür, hətta bəlkə bir az artıq da düzələr; bəs qalan yarısını haradan tapsın. Ancaq əvvəlcə oxucu gərək bilsin ki, bu pulun birinci yarısı haradandır. Akaki Akakiyeviçin belə bir adəti var idi ki, xərclədiyi hər manatdan bir quruşunu ağzı açarla bağlanan və üstündən pul salmaq üçün ensiz kəsiyi olan kiçik bir qutuya atardı. Hər yarım ildə o, yığılmış mis pulları yoxlar və onları xırda gümüş pul ilə əvəz edərdi. O, xeyli müddətdən bəri bu işə davam edib, bu surətlə bir neçə il ərzində qırx manatdan da bir qədər artıq pul yığmışdı. Beləliklə, şinelin pulunun yarısı nağd idi; bəs qalan yarısını haradan tapsın? O biri qırx manatı haradan tapsın?

Akaki Akakiyeviç düşünüb-daşınıb bu qərara gəldi ki, gərək adi xərclərini heç olmasa bir ilin ərzində bir qədər azaltsın: axşamlar çay içməkdən əl çəksin, gecələr şam yandırmasın, əgər bir iş görmək lazım gəlsə, ev xanımının otağına gedib onun şamının işığında işləsin; küçə ilə gedərkən ayaqlarını daşlara mümkün qədər yavaşca, ehtiyatla qoyub pəncələri üstündə yeriyən kimi yerisin ki, beləliklə, ayaqqabılarının altını vaxtından əvvəl dağıtmasın.

Alt paltarını yumağa mümkün qədər gec-gec versin, alt paltarı dağılmamaq üçün, hər dəfə evə gəldikdə, onu əynindən çıxarıb bircə demikoton xalatında gəzsin.; bu xalat da çox qədim şey idi, hətta zamanın özü ona hörmət eləyib, ömrünü bir qədər uzatmışdır. Düzünü demək lazımdır ki, əvvəllər belə məhdudluqlara alışmaq onun üçün bir qədər çətin idi. Ancaq sonra birtəhər alışdı və işlər yoluna düşdü; hətta o, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi; ancaq bunun müqabilində, fikrində gələcək şinel ideyasını əbədi bir surətdə saxladığından, mənəvi cəhətdən qida alırdı. Bu vaxtdan etibarən onun mövcudiyyəti özü də deyəsən bir qədər tamamlanmışdı.

Elə bil ki, o evlənmişdi, elə bil ki, onun yanında başqa bir adam var idi, elə bil ki, o tək deyildi, xoş bir həyat yoldaşı ömür yolunu onunla birlikdə getməyə razı olmuşdu və bu həyat yoldaşı həmin o qalın pambıq sırıqlı, möhkəm, astarı süzülməmiş şineldən başqa bir şey deyildi. Akaki Akakiyeviç öz qarşısında müəyyən bir məqsəd qoymuş bir adam kimi, nə isə xeyli canlanmış, hətta xasiyyətcə möhkəmlənmişdi. Şübhə, qətiyyətsizlik, bir sözlə, bütün mütərəddid və qeyri-müəyyən əlamətlər öz-özlüyündə onun üzündən və hərəkətlərindən yox olub getmişdi. Bəzən onun gözlərində bir od parlar, hətta, başında ən cürətli və cəsarətli fikirlər dolaşardı: doğrudan da şinelin yaxasına dələ xəzi qoymasınmı?

Bu barədə düşüncələr az qalmışdı ki, onu huşsuz etsin. Bir dəfə o, bir kağızın üzünü köçürərkən az qalmışdı səhv etsin, belə ki, "uf!"- deyə çığımış və xaç vurmuşdu. Hər ayın ərzində o heç olmazsa bir dəfə Petroviçə baş çəkib onunla şinel barəsində, mahudu haradan almağın yaxşı olacağı barəsində və mahudun nə rəngdə və neçəlik olması barəsində söhbət edərdi. Hərçənd bir qədər qayğılı da olsa, evə həmişə razı qayıdardı; düşünərdi ki, nəhayət bir gün gələcək, bütün bunlar alınacaq və şinel tikiləcəkdir. İş, hətta, onun gözlədiyindən də sürətlə getdi.

Tamamilə gözlənmədən, direktor Akaki Akakiyeviçə qırx və ya qırx beş manat deyil, düz altmış manat təyin etdi: "Akaki Akakiyeviçə şinel tikdirmək lazım olduğunu duymuşdumu, yoxsa bu öz-özünə əmələ gəlmişdimi, ancaq beləliklə Akaki Akakiyeviçin iyirmi manat artıq pulu olmuşdu. Bu vəziyyət işin gedişini sürətləndirdi. Bir ikiüçcə ay da azacıq aclığa dözmüş olsa, Akaki Akakiyeviçin, doğrudan da səksən manat pulu yığılmış olacaqdı. Onun ümumiyyətlə, sakit olan ürəyi döyünməyə başlamışdı. Elə birinci gün o, Petroviçlə dükanlara getdi. Çox yaxşı mahud aldılar, bəs necə, çünki, bu barədə hələ yarım il qabaqcadan fikirləşmişdilər və çox ay olardı ki, onlar qiymət bilmək üçün dükanlara getməyə idilər.

Bunun müqabilində Petroviç özü demişdi ki, bundan yaxşı mahud heç ola da bilməz. Astarlıq üçün kolenkor aldılar, ancaq bu elə yaxşı və sıx toxunmuş kolenkor idi ki, Petroviçin dediyinə görə ipəkdən də yaxşı idi, hətta görkəm cəhətindən də ondan qəşəng və şux idi. Dələ xəzi almadılar, çünki doğrudan da baha idi, onun əvəzinə yaxşı bir pişik dərisi seçdilər, dükanda bundan yaxşısı yox idi, bu elə bir pişik dərisi idi ki, uzaqdan onu həmişə dələ xəzinə bənzətmək olardı. Petroviç şinelin üzərində cəmi ikicə həftə işlədi, çünki sırıq işi çox idi, əgər bu olmasaydı, onu daha tez qurtarardı.

Petroviç on iki manat muzd aldı; bundan az almaq heç cür mümkün deyildi: hamısını ipəklə tikmiş, iki qat xırda tikişlə getmiş və bütün tikişləri Petroviç sonra öz dişləri ilə sıxa-sıxa cürbəcür fiqurlar işləmişdi. Bu əhvalatın, düzü, hansı gündə olduğunu söyləmək çətindir; ancaq, yəqin ki, bu gün Akaki Akakiyeviçin ömründə en təntənəli bir gün idi, çünki bu gün Petroviç şineli gətirib gəlmişdi. O, şineli səhər tezdən, departamentə getmək vaxtından bir azca əvvəl gətirib gəlmişdi. Şinel heç bir zaman indiki kimi yerinə düşə bilməzdi; çünki artıq bərk şaxtalar başlamışdı və bu şaxtaların getdikcə daha da şiddətlənəcəyi gözlənilirdi.

Petroviç yaxşı bir dərziyə yaraşan kimi, şineli gətirib gəlmişdi. Onun üzündə elə bir mənalı ifadə var idi ki, Akaki Akakiyeviç bunu heç bir zaman hələ görməmişdi. Sanki o, böyük bir iş görmüş olduğunu tam mənasilə duymuşdu və birdən-birə özündə elə sonsuz bir qabiliyyət olduğunu göstərmişdi ki, bu, təzə paltar tikən dərzilərlə yalnız astar çəkən və yamaqyırtıq edən dərziləri bir-birindən ayırır. O, şinelini bükdüyü cib dəsmalını açdı. Bu dəsmal paltaryuyan arvaddan yenicə alınmışdı.

Petroviç həmin dəsmalı sonra işlətmək üçün büküb cibinə qoydu. O şineli çıxardıb çox lovğa-lovğa gözdən keçirtdi və hər iki əli ilə tutub, çox çevik bir hərəkətlə Akaki Akakiyeviçin çiyninə saldı. Sonra bir az dartdı və arxadan əli ilə çəkib yerinə oturtdu; sonra onu Akaki Akakiyeviçin əyninə bir qədər yaxası açıq geydirdi. Akaki Akakiyeviç yaşlı bir adam olduğu üçün, şinelin qollarını geymək istədi. Petroviç qollarını geyməyə də ona kömək etdi, məlum oldu ki, qollarını geyəndə də yaxşı durur.

Müxtəsər, aşkar oldu ki, şinel tamamilə yaxşı tikilmişdir. Bu zaman Petroviç fürsəti əldən verməyib dedi ki, o yalnız lövhəsiz və kiçik bir küçədə yaşadığı üçün, belə ucuz qiymətə tikir; əgər Neva prospektində tikdirmiş olsaydı, ondan bircə əlmuzdu olaraq yetmiş beş manat alacaqdılar.

Akaki Akakiyeviç bu barədə Petroviçlə bəhsə girişmək istəmirdi, bir də ki, Petroviçin adamı çaşdırmaq üçün sadaladığı bütün böyük məbləğlərdən qorxurdu. O, Petroviçlə haqq-hesabı üzüb ona təşəkkür etdi və həmin saat təzə şineli geyib departamentə getmək üçün küçəyə çıxdi. Petroviç də onun ardınca çıxıb küçədə duraraq xeyli müddət uzaqdan şinelə baxdı və sonra qəsdən bir kənara getdi ki, əyri döngədən keçib, yüyürə-yüyürə yenidən həmin küçəyə çıxsın və öz şinelinə bir də o biri tərəfdən, yəni qabaqdan baxsın.

Bu zaman Akaki Akakiyeviç, bütün duyğuları bayramsayağı coşqun bir halda getməkdə idi. O, dəqiqənin hər bir anında hiss edirdi ki, əynində təzə şinel var. Hətta daxili şadlığından o bir neçə dəfə gülmüşdü də. Doğrudan da o, ikibaşlı qazanmışdı: biri bu idi ki, ona xüsusi göz yetirsin. Nə surətdə isə, departamentdə birdən-birə hamı xəbər tutdu ki, Akaki Akakiyeviçin şineli təzədir. Daha kapot yoxdur. Həmin dəqiqə hamı Akaki Akakiyeviçin şinelinə tamaşa etmək üçün şveysar otağına yüyürüşürdü. Ona mübarəkbadlıq etməyə başladılar. Belə ki, o əvvəlcədən yalnız gülümsündü, sonra isə, hətta, utandı.

Hamı bir-bir onun yanına gəlib təzə şinelin şirnisini istədikdə və heç olmazsa hamıya bir axşam qonaqlığı vermək lazım gəldiyini söylədikdə, Akaki Akakiyeviç tamamilə özünü itirdi, bilmədi nə etsin, nə cavab versin və yaxasını necə qurtarsın. O, bir neçə dəqiqədən sonra qıpqırmızı olmuş halda xeyli sadədilliklə sözə başlayıb hamını inandırmağa çalışdı ki, bu heç də təzə şinel deyil, elə-belə, köhnə şineldir.

Axırda məmurlardan biri, hətta şöbə müdirinin müavini, yəqin ki, özünün heç də lovğa olmadığını və özündən aşağı dərəcəli adamlarla dostluq etdiyini göstərmək üçün, dedi ki, "yaxşı, Akaki Akakiyeviçin əvəzinə mən sizə axşam qonaqlığı verirəm və xahiş edirəm bu gün bizə çaya gələsiniz, bir də ki, elə yerinə düşüb bu gün mənim ad günümdür".

Məmurlar səmimiyyətlə həmin saat şöbə müdiri müavinini təbrik etdilər və onun təklifini həvəslə qəbul etdiler. Akaki Akakiyeviç bir təhərlə boyun qaçırmaq istədisə də, ancaq hamı onu başa saldı ki, bu hörmətsizlik olar, belə etmək ayıbdır, o da artıq heç cür boyun qaçıra bilmədi. Amma sonra o, bu münasibətlə təzə şinelində axşam da küçəyə çıxıb gedəcəyini yadına salanda bu iş ona xoş gəldi. Bütün bu gün Akaki Akakiyeviç üçün, doğrudan da, ən böyük təntənəli bir bayram idi.

O, tamamilə kefi kök halda qayıdıb evə gəldi, şinelini çıxarıb ehtiyatla divardan asdı, mahuda və astara bir də baxıb ləzzət aldı və sonra qəsdən müqayisə etmək üçün tamamilə üzülüb getmiş olan köhnə kapotunu çıxartdı. Həmin kapotu gözdən keçirib, hətta, özü də güldü. Şineli ilə bunun arasında nə qədər böyük bir fərq var idi! Hələ sonra da, yemək yeyərkən o, kapotun nə vəziyyətdə olduğunu ağlına gətirən kimi, hey gülürdü. O, şən bir halda yemək yeyib yeməkdən sonra daha heç bir kağız yazmadı, yatağında bir qədər xumarlanıb, havanın qaralmasını gözlədi. Sonra işi uzatmayıb geyindi, şineli çiyninə saldı və küçəyə çıxdı.

Onu qonaq çağıran məmurun harada yaşadığını, çox təəssüf ki, deyə bilməyəcəyik: yaddaşımız yaman korlanmışdır, Peterburqda nə qədər küçə və ev varsa, hamısı başımızda bir-birinə elə qarışmışdır ki, oradan ağıllı-başlı bir şey tapıb çıxarmaq yaman çətindir. Hər nə olursa-olsun, bircə şey yəqindir ki, həmin məmur şəhərin yaxşı hissəsində yaşayırdı və deməli ki, Akaki Akakiyeviçin mənzilinə çox da yaxın deyildi.

Akaki Akakiyeviç əvvəlcə işığı zəif olan bəzi tənha küçələrdən keçməli oldu, ancaq həmin məmurun mənzilinə yaxınlaşdıqca, küçələr daha canlı, gediş-gəlişli və daha işıqlı bir hal alırdı. O, adamlara daha tez-tez rast gəlirdi. Gözəl geyinmiş xanım- lar da gözə dəyməyə başladı. Rast gələn kişilər yaxalarına qunduz xəzləri vurmuşdular; üzərinə zərli mıxlar çalınmış taxta barmaqlıqlı xizəkləri olan vankalara daha az-az təsadüf edilir, əksinə, moruq rəngli məxmər şapka qoymuş, laklı xizəkləri, ayı dərisindən örtükləri olan sürücülər tez-tez görünür, şahnişinləri bəzəkli karetalar təkərləri qarın üstündə cırıldaya-cııldaya sürətlə küçədən keçib gedirdi.

Akaki Akakiyeviç bütün bunlara yeni bir şey kimi baxırdı, neçə illər idi ki, o, axşamlar küçəyə çıxmazdı. O, maraqla bir mağazanın pəncərəsi önündə durub içəridəki şəklə tamaşa etməyə başladı; bu şəkildə çəkməsini çıxaran gözəl bir qadın başdan-başa çılpaq, qəşəng ayağını açıb göstərirdi; onun arxa tərəfində başqa bir otağın qapısından bakenbardlı və dodağının altında qəşəng ispansayağı saqqalı olan bir kişi başını çıxarmışdı. Akaki Akakiyeviç başını yırğalayıb güldü və yoluna davam etdi. O, nə üçün gülmüşdü, əsla tanış olmayan, lakin hər kəsin, hər halda, haqqında müəyyən bir duyğusu olan bir şeyə rast gəldiyi üçünmü, yoxsa o da bir çox başqa məmurlar kimi düşünürdü ki, "Aman bu fransızların əlindən! Nə deyəsən bir şeyi ki, filan eləmək istəsələr, yəqin ki, eləyəcəklər filan-fəsman..."

Bəlkə də o, hətta heç bunu da düşünmürdü, axı insanın qəlbinə girib onun bütün fikirlərini bilmək olmaz. Nəhayət o, şöbə müdiri müavininin yaşadığı evə gəlib çatdı. Şöbə müdiri müavini gen-bol yaşayırdı: Pilləkən başında bir fanar yanırdı, mənzil ikinci mərtəbədə idi. Akaki Akakiyeviç giriş otağına daxil olduqda, yerdə cərgə-cərgə qaloşlar gördü. Onların arasında, otağın ortasında qoyulmuş bir samovar həm səslənir, həm də yaman buğlanırdı. Divarlardan şinellər və plaşlar asılmışdı, bunların bəzilərinin yaxalarında qunduz xəzi və məxmər var idi.

Divarın o tayından hay-küy və danışıq səsləri gəlirdi; birdən-birə qapı açılıb, bir lakey əlində boş stəkanlar, qaymaq qabı və bir səbət suxarı ilə dolu olan bir məcməyi ilə gəldikdə, bu səslər aşkar və aydın eşidildi. Görünür məmurlar artıq çoxdan yığışmışdılar, adama bir stəkan çay da içmişdilər. Akaki Akakiyeviç özü öz şinelini asıb otağa girdi və onun qarşısında bir anda həm şamlar, həm məmurlar, həm trubkalar, həm kart stolları görünüb hər tərəfdən yüksələn danışıq səsləri və o yan-bu yana çəkilən stul gurultuları onu çaşdırdı. O, çox yöndəmsiz bir halda otağın ortasında durub, nə edəcəyini düşünərək, bir çarə tapmağa çalışdı.

Ancaq onu artıq görmüşdülər. Onu hay-küylə qarşılayıb, həmin saat giriş otağına keçdilər və onun şinelini bir də nəzərdən keçirməyə başladılar. Akaki Akakiyeviç bir qədər utanan kimi oldusa da, ancaq təmiz ürəkli bir adam olduğundan, hamının şineli tərifləməsinə sevinməyə bilmədi. Məlum şeydir ki, sonra hamı onun sözündən də, şinelindən də əl çəkib, öz qaydasilə, vist oyunu oynayan stolun başına yığışdılar...


# 139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər