Nevroz - Vüqar Əmrahın yeni hekayəsi

Vüqar Əmrah

Vüqar Əmrah

13 oktyabr 2022
# 11:20

Kulis.az Vüqar Əmrahın “Nevroz, yaxud transfer” adlı hekayəsini təqdim edir.

Yaşam tərzinə çevrilən sevgi – nevrozdur

Buqələmun ağır-ağır, ləngər vura-vura gedirdi. Başı hərlənən ağayana kişilər kimi. Gövdəsinin gün düşən tərəfi ağ, o biri tərəfi qara idi. Birdən dayandı. Yumurtaya oxşayan gözlərinin birini Əhmədə, o birini Güləndama zillədi. Sonra muncuq dişli ağzını açıb sanki, onlara tüpürmək istədi, amma nədənsə tərəddüd etdi:

“Tüpürüm, ya yox?” – Əhməd buqələmunun öz-özünə verdiyi sualı eşidirmiş kimi qulaqlarını şəklədi. Sonra müəlliməsinin əmrinə müntəzir duran birinci sinif şagirdi vəziyyəti alıb, gözləməyə başladı. Müəlliməsi boyalı dodaqlarını əsdirə-əsdirə Güləndama zillədiyi gözünü də Əhmədə çevirib ağzını açdı.

Ucu toppuza oxşayan uzun dili sürətlə yuvasından çıxaraq Əhmədin sifətinə yapışdı – Şşarrapp!

Yerindən hövlnak qalxdı. Sövq-təbii əlini sifətinə aparıb yapışmış dili qoparmağa çalışdı. Taxipnoenin “spidometri” qırxı keçmişdi:

“Vicdansız gəlib çıxmır ki, həkimə aparsın, – Əhməd kişi barmaqlarını bir-birinə keçirib dördüncü mərtəbədəki iki otaqlı mənzilində ora-bura vurnuxdu – bu qədər yuxu görmək olar? Ürəyim partladı axı”, – guppultu ilə döyünən ürəyinə bənd olmayıb, işləməyən televizorun düymələrini qurdalamağa girişdi.
Həyat yoldaşı Güləndamın ölümündən bir il ötmüşdü. Ondan sonra Əhməd kişi mehrini Nuh əyyamından qalma ağ-qara televizora salmışdı.

Güləndamsız ev Əhməd üçün ağlı-qaralı dünyaya dönmüşdü. Televizor göstərməsəydi Əhmədin gözünə yuxu getməzdi. Tez-tez ekranda görüntü itir, yerində eybəcər səsi olan ağ-qara zolaqlar peyda olurdu. Onda Əhməd kişi şirin yuxusuna haram qatıb, televizoru “qeyrətə” gətirməyə çalışırdı. Lap buna bir saat vaxt sərf eləsə də... Yoxsa, Əhməd hara, yuxulamaq hara.

Televizor da Güləndam kimi dünyasını çoxdan dəyişmək istəyirdi. Amma Əhməd buna imkan verə bilməzdi. Hər dəfə televizoru qucağına alıb hıqqana-hıqqana dördüncü mərtəbədən aşağı düşürür, taksiyə qoyub yarım ağac uzaqlıqdakı ustanın yanına aparırdı. Təmirin ömrü üç-beş gün çəkirdi. Yenə televizorun “dəliliyi” tuturdu. Yenə Əhməd kişi sevinə-sevinə ustanın yanına qaçırdı. Artıq o qədər öyrəşmişdi ki, emalatxana açılan kimi lövbərini ora salırdı. İlk vaxtlar söhbətləri ancaq televizordan düşürdü:

– Əhməd dayı, sən Allah, o televizoru rədd elə getsin! İndi hansı zamanadır, a kişi? Qırx ilin televizorudur, at getsin ey. Sənin də canın qurtarsın, mənim də! –ustanın səmimiliyinə şübhə qalmırdı.

Neynin, ay usta, üzüm-gözüm öyrəşib, rəhmətlik arvadın cehizidir, tullamağa əlim getmir, – yazıq görkəm alan Əhməd kişi ustanın haqlı olduğunu bilirdi.
Güləndamla qırx il birgə ömür sürmüşdülər. Evlənəndə qayınatası şandazlığına salıb yaxşı cehiz vermişdi. Təzə evə köçəndə verdiklərinin çoxu işə yaramamışdı. Qalan bir-iki xırda-para əşya və bir də həmin televizor olmuşdu. Nə qədər ki, Güləndam sağ idi, televizor Əhmədin yadına düşmürdü. Axşam evə gələn kimi səhərdən axşama qədər iş-güclə məşğul olan Əhməd kişinin gözü Güləndamı axtarırıdı. Necə deyərlər, “getmə gözümdən, gedərəm özümdən”. Utanmasaydı unitazada oturanda da Güləndamı yanında saxlayardı...

İndi, Güləndam bir il idi yox idi. Bu bir ildə Güləndamı əvəz edən televizorun işləməyən vaxtı olmamışdı. Belə yükə dözməyən televizor axır ki, ömrünü Əhmədə tapşırdı. Nə illah elədisə usta televizora yaxın durmadı. Yazıq Əhməd kişi! Güləndam yox, televizor yox! Əhməd kişi özünü evdə həbs eləmişdi. Ona elə gəlirdi ki, qapıdan bayıra çıxsa ürəyi dayanar. Əlac qalırdı kürəkənə...
Evliliklərindən olan yeganə qızını çoxdan ərə vermişdi. İndi kürəkəninə zəng vurub, gəlməyini gözləyirdi. Dediyinə görə onu öz oğlu qədər istəyirdi.

Kürəkən isə gəlib çıxmaq bilmirdi...

“Nə qədər olsa özgə oğludur, övlad qədər yanmaz, – Əhməd kişi suda boğulan meymun kimi qəlbi ilə qeybətə girişdi. – Toxun acdan nə xəbəri? Nə vecinə, mən nə zülm çəkirəm. Axx, Güləndam, Güləndam!”

Nəhayət, öz evində günü qara olan kürəkən işdən on günlük məzuniyyət götürüb Əhmədin yanına gəldi. Əhməd kişinin çiçəyi çırtladı. Artıq, özünə həmdəm tapmışdı. Nə Güləndam yada düşürdü, nə televizor. Kürəkənini bir an belə olsun yanından buraxmırdı. Bir həftədən sonra kürəkən də Güləndamın televizoru kimi “ağ-qara zolaqlar” buraxmağa başladı. “Yoox, belə getsə dəli olacam, məzuniyyət vaxtım bitənəcən bir şey fikirləşməliyəm, – ürəyindən qara qanlar axan kürəkən qəti qərara gəldi. – Yaxşısı budur əvvəlcə həkimlə təkbətək danışım”.

Kürəkən həkimin qəbuluna həyəcanlı girdi. Az qala qırx illik iş təcrübəsi olan həkim bu gəlişin adi xəstə gəlişi olmadığını dərhal hiss etdi. Çünki pasiyentin çiynində oturub ayaqlarını boyunduruq kimi sallayan “təmənnanı” da görmüşdü.

– Doktor, mənə əlac, amandır! – kürəkən sanki boyunduruğun açılması üçün həkimə yalvarırdı.

– Asta-asta danış, başa düşüm, – həkim sanki bunu pasiyentə yox, “təmənnaya” dedi.

– Həkim, qayınatamın başı xarab olub, – Kürəkənin üzündən yazıqlıq yağsa da, hiyləgər baxışlarının gizlədə bilmirdi.

– Ustaya göstərmisiz? – təcrübəsi söhbətin nə ilə qurtaracağını həkimin qulağına əvvəlcədən pıçıldayırdı.

– Kimi? Qaynatamı? – çaş-baş qalan kürəkən sualı başa düşmədi.

– Yox, başını! – qabağındakı resept blankı ilə qurdalanan həkim laqeydcə fikrini

“Deyəsən bunun da başı xarabdır. Bir-birinə calaya bilsəm, canım qurtarar” – kürəkən ildırım sürətilə beynindən keçən fikri dilinə gətirmədi.

– Göstərmişik, doktor, əlac olmayıb! Yalnız sizi deyib gəlmişəm.

“Qızını sənin kimisinə ancaq başı xarab adam verər” – həkim kürəkənin biclik yağan gözlərinə baxa-baxa eyni şeyi fikirləşirdi.

– Yaxşı, de görüm neynir o bədbəxt?

– Doktor, səhərdən-axşama qədər məni yanından buraxmır. Deyir, getsən ürəyim partlayar. Mənim də işim-gücüm var, Bakıya qayıtmalıyam axı!

– Həəə – saitlərin sonuna durğu işarəsi qoymadığı üçün kürəkən həkimin hansı nəticə çıxardığını kəsdirə bilmədi. – Yaxşı! Kişini gətir görək dərdinə necə əlac edirik. – Hətta kürəkəni sancmağı da unutmadı. – Hələ bilet almağa tələsmə!

Elə bil kürəkənə paz soxdular: – “Sənin də, qayınatamın da... – ürəyinin ritmi pozulsa da, dilinə hökm edə bildi. – Yaxşı, doktor, sabah gətirərəm”.

Səhəri gün hündür boylu, nurani sifətli, baxışlarında ürkəklik olan Əhməd kişi ağsaqqallara xas ədəb-ərkanla salamlaşıb içəri daxil oldu. Özünü təqdim elədi:

– Adım Əhməddir. Dünən kürəkənim sizinlə danışıb.

– Həə! Buyur, Əhməd kişi! – “Görəsən başının harası xarab olub? – şeytanının verdiyi sualın əksinə olaraq, həkimin ilkin qənaəti başqa idi: – “Qətiyyən başı xarab adama oxşamır!”

– Həkim! O düzdür ki, oğlan, ya qız olmağın ancaq kişiyə dəxli var? – belə sual gözləməyən həkim fikrə daldı. Gözləri önünə cüvəllağı kürəkən gəldi. Gecdən-gec:

– Əlbəttə! Hər halda oğuldan şikayət eləmək kürəkəndən razılıq eləməkdən yaxşıdır. – Həkim Əhmədin bostanına atdığı daşın düz hədəfə dəydiyini gördü.

– Axx! “Herikçi oğlu, sən əkdin mən bitirmədim?” – Rəhmətlik arvadıma oğul doğmadığını deyəndə həmişə belə cavab verirdi. – Əhməd kişi yanıqlı-yanıqlı dilləndi.

– Day olan-olub, keç mətləbə!

– Həkim, evdə tək qala bilmirəm, az qalır ürəyim yerindən çıxsın. Gərək mütləq yanımda adam ola. Adam içinə çıxanda da ürəyim sıxılır, elə bilirəm göy üstümə uçacaq. Bir yerdə qərar tuta bilmirəm. Gah boğuluram, gah əllərim qıc olur, gah başımda qarışqalar gəzir. Bu nə bəladır, baş tapmıram. Mənə əlac elə!

– Həə! Bunun adına nevroz deyirlər, Əhməd kişi! Əlahəzrət nevroz!

– Vallah, nervilənəsi bir işim yoxdu, ay həkim. Dəyib-dolaşanım yox, hörmət-izzətim də öz yerində, — Əhməd kişi həkimə inamsız baxdı.

– Nevroz “nervinni” adama demirlər, Əhməd kişi! Nevroz — adamın içində oturan şeytan deməkdir. Nevroz həyata keçməyən arzular deməkdir. Nevroz düşdüyün, amma uyğunlaşa bilmədiyin mühitin verdiyi əzab deməkdir, – pasiyentinin diqqətlə qulaq asdığını görən həkim “dərsini” davam etdi: – Nevroz mənasız prinsiplər ucbatından əyilən xasiyyət deməkdir. Nevroz hadisələrə səhv bucaq altından baxmaq deməkdir.
Deyilənləri Əhməd kişinin tam anlamadığı gün kimi aydın olsa da, həkim monoloqunu davam edirdi. Həm də bunu Əhməd kişinin yaralı yerlərini qaşıya-qaşıya edirdi:

– Nevroz, ətrafında min-min adam, on beş kürəkən olsa da, tənhalıq deməkdir.

– Oxx! Lap kitabın ortasından dedin! – Bu yerdə Əhməd kişi özünü saxlaya bilməyib, ovucları ilə dizlərini çırpdı.

– Burax getsin o yazığı, nə sözün olsa mən burdayam!

Uzun söhbətdən sonra həkim Əhməd kişinin razı sala bildi. Kürəkən “infarkt” olmamış öz Bakısına – kölgəsiz adamlar şəhərinə qayıtdı.
İlk gəliş sonuncu olmadı. Həkimə qarşı məhrəm hissləri yaranan Əhməd kişi onu tez-tez, iki gündən bir ziyarət edirdi. Özünə qapanması keçmişdi. Dördüncü mərtəbədəki iki otaqlı “həbsxanasını” həkimə getmək həvəsi ilə tərk edir, hətta arabir çayxanada çay da içirdi. Söhbətlərin birində həkim

Əhməd kişiyə qəribə təklif elədi:

– Təklik yaman şeydir, Əhməd dayı. Bəlkə, özünə həmdəm tapasan?

Sualı eşidəndə Əhməd kişinin gözündə ani işıq peyda oldu, lakin bu işığın parlaqlıq vahidi o qədər kiçik idi ki, ancaq arif adam sezə bilərdi.

– Güləndamın ruhuna xəyanət eləyərəm, həkim! – aciz-aciz dilləndi.

– Məncə xəyanət sayılmaz. Yenə də məsləhət sənindir.

Bu təklifdən bir həftə keçsə də pasiyent gözə dəymirdi. Sonra ziyarətlər yenidən başladı. Ancaq tam fərqli formada. – Əhməd kişi sadəcə qapını açıb salam verir, “İşdə olmağınızı bilmək istədim, gələcəm, yaxınlıqdakı çayxanada çay içirəm”, – deyərək, gedirdi. Günlərin birində yenə eyni hadisə təkrarlananda həkim Əhməd kişinin getməyə imkan vermədi:

– Əhməd dayı, əziyyət çəkib pilləkənləri qalxma. İşdə olmağımı bilmək istəyirsənsə maşınımı xəstəxananın qabağında saxlamışam. Onu görmək kifayətdir...

Əhməd kişi yenə yoxa çıxdı. On gündən sonra isə yeni “şedevrini” yaratdı. Qapını açıb hövlnak:

– Həkim, maşının haradadır? – soruşdu. Həkimin yadına düşdü ki, maşını yüz metr aralıdakı “moykaya” qoyub.

– Yumağa vermişəm.

– Oldu, sağ ol! – pasiyent yenə yoxa çıxdı. Həkimin ürəyi sıxılmağa başladı. – “Sən dərmanla sağalan xəstə deyilsən, Əhməd dayı!”

Aradan bir neçə ay keçmişdi. Həkim eşitdi ki, Əhməd kişi özünə həmdəm axtarır. Həm də axtaranlara ismarıc yollayıb ki, “çalışın adı Güləndam olsun...”

# 2329 dəfə oxunub

Müəllifin son yazıları

# # #