Nakam sevginin xatirəsi - Ömər Elşənoğlu

Ömər Elşənoğlu

Ömər Elşənoğlu

10 dekabr 2021
# 15:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ömər Elşənoğlunun “Nakam sevginin xatirəsi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bu gecə göy üzü də fərqli idi. Sanki xoş xəbəri duyan Ay da gülümsəyərək nurunu hər tərəfə yayır, zülmət gecəyə aydınlıq gətirirdi. Bu xoş xəbəri eşidən andan ürəyim elə vururdu ki, döyüntüsü qulaqlarımda əks-səda verirdi.

Günlərdir televizorda gözlədiyim qələbə xəbərinin yayımlandığını izlədikcə uşaq kimi atılıb-düşür, namaz üstə olan anama bu xəbəri çatdırmağa tələsirdim.

Anam canamazın üstə, üzü qibləyə, əllərini göylərə tutaraq dua edirdi: “Şükür sənə, İlahi. Ölmədik, bu günü də gördük. Amansız düşməndən qisas alındı. Qarabağ indi öz səhərlərini azan səsi ilə açacaq. Artıq 30 ildir əsarətdə olan torpaqlarımızda narahat dolaşan şəhidlərin ruhları şaddır.” Yanında döşəməyə sərilmiş, xalçanı açılı vəziyyətdə görəndə sevinc qarışıq təəccüb hissləri keçirdim. Gördüklərim məni valeh eləmişdi. Xalçanın üzərindəki rəsm sanki canlı idi.

Özümü bilən gündən bu xalça evin bir küncündə bükülü qalmışdı. Anam ona baxdıqca üzündəki qəm-qüssədən hiss olunurdu ki, bu xalça onun yaralı yeri idi. Hər dəfə anam sükutla xalçaya baxanda bu səssizliyin arxasında dəli bir hönkürtü olduğunu hiss edirdim. Dəfələrlə istəmişdim ki, dərddən ağarmış, ipək saçlarını öpüb oxşayam, ondan bu xalçanın hekayəsini soruşam. Ancaq sevinci, fərəhi keçmişdə qalıb əzilmiş anamın yarasının qaysağını qoparmağa ürək eləmirdim.

Duasını bitirər-bitirməz qollarımı onun boynuna doladım. - “Canım, anam! Gözün aydın! Zəfər çaldıq!” Anam məni çoxdan həsrətini çəkdiyi əzizinə qovuşan kimi bərk-bərk bağrına basdı. Xalçaya baxdığımı görən anam həyəcanla ürəyinin qapısını açdı. Uşaqlığını, gəncliyinı keçirdiyi, sevincli günlərindən, didərgin düşdüyü elindən, sinəsi muğam üçün göynəyən obasından danışmağa başladı. İllərdir ürəyində saxladığını nəhayət dilə gətirdi:

“Bizim ellərin gül-çiçəkli çağları idi. Xuda sanki dağların ətəyinə zümrüddən xalı sərmişdi. Bülbül nəvasına, qumru səsinə qərq olmuş obalarda qızlar, gəlinlər bulaq başında toplaşardı .

Atam İlyas kişi mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi idi. Anamın vaxtsız vəfatından sonra bizi də göz bəbəyi kimi qoruyardı. Bibim məni və səkkiz yaş məndən böyük olan bacımı təklikdə heç yerə buraxmazdı, nəsihətlər verərdi ki, öz kimliyimizi, mənəviyyatımızı qoruyaq. Orta məktəbi həmin il bitirən bacım Göyçəyi atam söz-söhbətinə, gülüşünə görə “Şirin!” deyə çağırardı.

Adı kimi özü də göyçək olan bacımın gözəlliyinə, ağlına hamı heyran idi. Onun günəş kimi parlaq üzü, kələğayısının altından görünən zülmət gecə kimi qara, uzun, hörükləri gözəlliyinə gözəllik qatardı. Hilal qaşını, gülün ləçəyinə bənzər al yanaqlarını, ceyran gözlərini görən hər kəsi əfsunlardı.

Necə dəfə elçi düşsələr də heç kimə qəlbinin açarını verməmişdi. Bir dəfə rəfiqəsi ona aşiq olan Pərviz adlı oğlanın şəklini bacıma göstərmişdi. Bacım da bu sevgiyə etinasız qala bilməmişdi. Onların sevgisi dillərə dastan olmuşdu. El adəti ilə toy edəcəkdilər, gəlinliyini də özü tikmişdi. Gözəl əl qabiliyyəti olan Göyçək öz hisslərini sevdiyi “Xosrov və Şirin” poemasına bənzədərək toxuduğu xalçaya həkk etmişdi.”

Anam danışdıqca xalçaya toxunmadan sanki ona sığal çəkirdi. Mənzərə o qədər gözəl idi ki, heyrətlənməmək mümkün deyildi. Bayaqdan xoş xatirələri dilə gətirən anamın üzünə kədər kölgə salsa da sözünə davam etdi:

- “Gündüzü səsli-küylü olan kəndimizin zülmət gecələrində sükutu arada kal-kal hürən itlərin səsi pozardı. Son neçə gün idi yuxusuz gecələr keçirirdik. Kəndimizdə məskunlaşdırılan uzun illər dost donuna girmiş ermənilər yerli əhali ilə təxribatlar yaratmağa başlamışdı. Bütün cavanları kimi Pərviz də xəyanətkarlara qarşı mübarizə aparan dəstədə xüsusi fəallıq göstərir, kəndi düşməndən qoruyurdu.

Bir dəfə kəndə minomyotla atəş açmışdılar. Ermənilər kəndimizin aslan ürəkli oğlanlarından qorxduqları üçün gecə hərəkətə keçmişdilər. Fəlakət yerdəydi, meşənin içindən gurultulu səs gəlirdi. Hamı çaxnaşma içində idi. Pərvizin dəstəsi düşmənə güclü zərbələr endirmiş, özü isə ağır yaralanmışdı. Bacım can üstə olan nişanlısının yanında dizini yerə qoyub, onun əlini tutmuş fəryad edirdi. Qəfil evə qaçıb geri qayıdan bacımın əlində bıçaq gördüm. Canından çox sevdiyi Pərvizin yanında özünə qəsd edən qızın lalətək yanan al yanaqları ağappaq olmuşdu. Vaxtsız-vədəsiz həyata göz yuman bacımın xırıltısını eşitməmək üçün qulaqlarımı tutsam da, gördüklərimi bir gün belə unutmamışam. Onun taleyi də Nizaminin Şirininə bənzədi. Atamı bacımı gəlinliklə dəfn etdi.”

Mən hadisədən təsirlənmiş halda düçüncələrimi dilə gətirdim: - İlham və Fərizə, Mehdi və Mələk kimi.

Anamı qəhər boğdu, susdu. Gözündə yaş gilələndi. Gətirdiyim sərin su ona bir az toxtaqlıq verdi. Anam davam etdi:

“Atam bizə kəndi tərk etməyi tapşırdı. Bir zamanlar əylənmək üçün mindiyimiz o yerin gözəli Qarabağ atı bizim xilaskarımız oldu. Bibimlə dumanlı-çiskinli havada at belində kənddən, doğma ocağımızdan uzaqlaşdıq. Tək götürdüyüm əşya bacımın əlləri ilə naxış saldığı xalça oldu.

Kəndi tərk edənlərin çoxu əzizini itirdi. Günahsız insanlara qıydılar. Atamı da öldürmüşdülər. Neçə ailə başsız, neçə cavanın arzusu gözündə qaldı.

Son zamanlar yuxularımda Göyçəyin əynində gəlinlik, Pərvizi isə bəy paltarında sevinc içində görürdüm. İgid əsgərlərimiz də onların ətrafında yallı gedərkən. Yuxularım çin oldu. Qisası alınan bütün insanların, bir ölüb, min dirilən oğulların ruhu Vətən göylərində şaddır.”

Küçədən gələn aramsız siqnallar bizi söhbətdən yayındırdı. Eyvana çıxanda əlində Azərbaycan, Türk bayrağı olan şanlı qələbəmizi qeyd edən insanların necə şadyanalıq etdiyini gördük. Nakam sevginin xatirəsi olan xalçanı köksünə sıxmış anam sevinc göz yaşlarına hakim ola bilmirdi. Qollarımı anama dolamış halda xəyalımda baba yurduma qayıdıb ilk gedəcəyimiz yerin doğmalarımızın qəbrinin ziyarəti olacağını düşünürdüm.

May 2021

Şəki şəhəri

# 3600 dəfə oxunub

Müəllifin son yazıları

# # #