Mübhəm tənhalıq - İlahə Səfərzadənin hekayəsi

Mübhəm tənhalıq - İlahə Səfərzadənin hekayəsi
4 sentyabr 2024
# 18:00

Kulis.az İlahə Səfərzadənin "Mübhəm tənhalıq" adlı hekayəsini təqdim edir.

Hər gün səhər olduğu kimi bu gün də Günəş öncə başını azca çıxararaq, ətrafı oğrun nəzərlərlə süzdükdən sonra bütün möhtəşəmliyi ilə cahanı aydınladıb nura qərq etmək üçün səmanın fövqünə qalxmaqda idi. Yay boyu mütəmadi olaraq hər gün ən uzağı saat altıda oyanır, öncə Günəşin doğmasını seyr edir, sonra elmi işi yazmaq üçün eyvandakı masamın arxasında əyləşirəm. Uzun müddətdir, tək yaşayıram. Səbəbi insanlardan qaçmağımdır. İki il davam edən uğursuz ailə həyatından sonra özümü toplamağım üçün çox uzun zaman lazım olmuşdu. İndi o hissləri yenidən yaşamağa da qorxuram, düzü. Övladım da yoxdur. Buna kədərləndiyimi desəm, yalan olar. Hərdən düşünürəm ki, xoşbəxt uşaqlıq dövrü bəxş edə bilməyəcəyin övladı dünyaya gətirib onu da bu həyatın dərd-sərinə ortaq eləmək hansı xudbinliyin əlamətidi? Tək qalmaq qorxusununmu? Yoxsa “hər kəsdə var, məndə də olsun” düşüncəsininmi? Ya da, bəlkə, Tanrının qadınlara bəxş etdiyi ana olmağa həvəs instinktininmi? Bunun səbəbləri haqqında çox düşünmüşdüm boş vaxtlarımda. Yaxşı ki, indi beynimi elmi işdən başqa nəyləsə məşğul eləməyə vaxtım qalmır. “Təklik zirvədəkilərə məxsusdur” – deyib, arada özümə naftalin ətri gələn köhnəlmiş zarafatlar eləməkdən də qalmıram. Tez-tez mənə elə gəlir ki, şəhər bom-boşdur. Burada uzun zamandır heç kim yaşamır. Bəlkə də, mövcuddurlar, amma yaşamırlar. Ola bilsin ki, Diogen də ona görə insanlardan qaçıb təkliyi və bir çəlləkdə yaşamağı üstün tutmuşdu. Çəllək ha! Özümə gülməyim gəlir. Görürsünüz də, adam uzun müddət tək qalanda belə fəlsəfi fikirlər istehsal eləməyə başlayır. Çəllək! Yox bir! Olmaya, sən də özünü Diogen sayıb evinin eyvanını da çəllək hesab edirsən? Bax beləcə, tez-tez özümlə mənasız zarafatlar edib gülürük. Bəlkə də, dəli olmuşuq. Nə isə!

Səhər saat altıdır. Şəhər hələ yatır. Bir azdan Günəşin qalxması ilə bərabər istinin adamları təngnəfəs etməsinə baxmayaraq, küçədə maşın və adamların izdihamı başlayacaq. İndi isə səhərin erkən çağı olduğu üçün küçədə çox az, demək olar ki, bir neçə adam gözə dəyir. Beş-altı yaşlarında bir qız anasının əlindən tutub, balaca ayaqlarını onun addımlarına uyğunlaşdırmaq üçün yeyin hərəkətlərlə getməkdədir. Qəfildən anasının əlini buraxıb Günəşə tərəf baxdı.

- Salam, Günəş, - deyərək, üzündə şən gülümsəmə ilə onu salamladı.

Anası hövsələsiz halda:

- Tez gəl, gecikirik, - deyə onu çağırdı.

Qız Günəşə əl edib, becid hərəkətlə anasına çatıb, onun əlindən tutdu.

Uşağın davranışı mənə həm məzəli göründü, həm də bir qədər düşündürdü. Hərgah yay fəsli başlayandan hər gün lap erkən çağlarda qalxıb binanın eyvanından Günəşin necə çıxmasını izləyirəm. Amma bir dəfə də onunla salamlaşmamışam. Birdən bir qədər uca səslə "Salam, Günəş" deyə gülümsəyirəm. Mənə elə gəldi ki, Günəş də mənə gülümsədi.

Bir aydan çoxdur ki, bu təkliyimin içinə başqa bir təklik də əlavə olunub. Kiminləsə tanış olmağım fikri ağlınıza gəldisə, təbii ki, o deyil. Mən öz təkliyimlə dostam və ona xəyanət eləmək niyyətində deyiləm. Çünki uzun müddət sənə həmdəm olanı sevməsən də, ona bağlanırsan. Mən qonşudakı qadını nəzərdə tuturdum. Hər gün onun eyvanına baxıram. Qəribədir, uzun zamandır, o mənzildə heç kim yaşamırdı. İndi isə, səhv eləmirəmsə, bir aydan çoxdur ki, orada hər gün orta yaşlı, dolu bədənli, bəstəboy bir qadın görürəm. O, hərdən gözündə eynəklə bir müddət noutbukda nəsə yazır. Sonra yenidən eynəyi çıxarıb, əlini çənəsinin altına dayaq edib, uzun müddət səmaya baxır. O, çox nadir hallarda aşağıdakı adamları, maşınları, yəni, qaynayıb-qarışan həyatı seyr edir. Hətta bəzən iki avtomobildəki adam bir-birinə yol vermək üstündə dava edir, ya da bir neçə qadın nəyəsə görə qışqıra-qışqıra danışır, səsləri aləmə yayılır. Qonşu qadın həmin anlarda belə bir saniyəlik də olsa, başını aşağı salıb küçədə baş verənlərə baxmır. Ola bilsin, o, kardı, səsləri eşitmir. Amma hər halda, bu ehtimal çox da ağlabatan deyil. O, daha çox bütün dünyaya laqeydləşmiş kimi görünür. Səmada hərdənbir görünən təyyarələrin arxasınca onların silueti yoxa çıxıb, göy qübbəsi ilə bir bütün təşkil edənə qədər gözlərini zilləyib ümidlə baxır. Sanki kimsə təyyarənin pəncərəsindən baxıb ona güləcəkmiş kimi gözlərində bir neçə anlıq ümid işartıları yanır. Təyyarənin görüntüsü öləziyib yoxa çıxandan sonra qadının üzünə yenə həmin mübhəm kədər yüklənir. Doğrusu, gözlərim qadının bütün üz cizgilərini sezəcək qədər yaxşı görmür, bunları yalnız onun qımıldamalarından hiss edirəm. Eyvanın divarına yapışdırılmış heykəl kimi uzun müddət hərəkətsiz qaldıqdan sonra onun ən cüzi tərpənişlərinin, reaksiyalarının nəyə olduğunu anlamaq elə də çətin olmur. Nədənsə, qəlbimdən gələn bir hisslə qadını bir az daha yaxından tanımaq arzusu dolur içimə. Bu mənim yazıçı marağımdanmı irəli gəlir, yoxsa insani hisslərdimi, qərar verə bilmirəm. Hər halda, əsas məsələ odur ki, bax, elə indicə eyvandan yataq otağına keçib əynimə qonşuya getmək üçün daha münasib paltar geyinirəm. Bu xasiyyətimi sevimmi, yoxsa tənqid edimmi, heç bilmirəm. Uşaqlıqdan beləyəm. Ağlıma gələn ilk fikri reallaşdırmağa çalışıram. Daha bunun sonrası haqqında düşünmürəm. Etdiyi hərəkətlərin nəticələrini hesab-kitab edib, sonra qərar verən adamlara həsəd aparmışam həmişə. Mən isə elə hey ağlımın əksinə hərəkət edib qəlbimin dediyini etməkdə israrçı olmuşam. Bax, indi mənə deyən lazımdır ki, axı təxminən bir aydır ki, müşahidə etdiyin bu qadını yaxından tanımaq sənin nəyinə gərəkdir? Durub da öz eyvanında. Adama deməzlərmi, sən kimsən ki, mənim həyatımla bağlı sual verməyə, məni daha yaxından tanımağa gəlmisən?

Təbii ki, özümə etdiyim bu töhmətlərin heç faydası olmadı. Artıq onların binasının giriş qapısından girmişəm. Bəlkə, marketdən nəsə bir şirniyyat-filan alardım? Deyim ki, mən sizin qonşunuzam. Yəqin, buralarda heç kimi tanımırsınız. Tanış olmağa gəlmişəm. Qadın da deyə ki, lap yaxşı, şirniyyat sevmirəm, tanış olmaqla da aram yoxdu. Təklik daha gözəldir. Xoş getdiniz...

Heç nə almadım. Artıq qapının zəngini çalmışam. Mən evdən çıxanda qadın eyvanda oturmuşdu. Bəlkə də, oraya səs getmir. Ola bilsin ki, qapını, ümumiyyətlə, heç kimə açmır. Ya da ola bilsin ki... Düşüncələrim burada yarımçıq qalır.

- Salam, - qadın qapını açıb üzündə mənim təsəvvür elədiyim həmin o anlaşılmaz ifadə ilə gözlərini mənə dikib. Nə deyəcəyimi bilmirəm. Ey Tanrı, yardım elə, marağımın güdazına gedirəm.

- Salam, necəsiz? Mən sizin qonşunuzam. İçəri girmək olar? – deyib, qadının məni qapıdan qovmağını gözləyirəm. İlahi, görəsən, dünya yaranandan bəri qarşısındakına ikinci belə mənasız sual verən olub?

- Buyurun, əlbəttə, - qadın mübhəm tənhalığının üzünə çökdürdüyü məhzun ifadə ilə heç uyuşmayan istiqanlılıqla məni içəri dəvət edir.

Birbaşa salona keçdik. Orada divan, önündə balaca jurnal masası və bir də kitablar yığılmış maraqlı dizaynı olan rəfdən başqa, demək olar ki, heç nə yoxuydu. İndi hərəmiz künc divanının bir başında oturub, sanki belə də olmalı imiş kimi bir-birimizə baxırıq. Yəqin ki, qadın aramızdakı sükutu pozub, axır ki, ona nəsə deməyimi, gəlişimin əsas səbəbini bilmək istəyir.

- Bilirsiniz, mən sizinlə üzbəüz binada yaşayıram, – deyə sözə başladım, səmimi olmaq həmişə ən yaxşı seçimdir. Al-əlvan bəzənmiş üstü bəzək, altı təzək cümlələrə ehtiyac görmürəm. – Bəlkə, səfeh olduğumu düşünə bilərsiniz. Deyə bilərsiniz ki, bu dövrdə kimdi ki, kimisə yaxından tanımaq üçün qapısını döyən? Yenə kənd olsa, başadüşülən olardı. Orada hamı bir-birinə daha çox can yandırır. Ancaq şəhərdə kim kimədir ki? Deyəsən, bura yeni köçmüsünüz, əvvəllər sizi heç görməmişdim bu mənzilin eyvanında. Və mənə birdən maraqlı gəldi. Xahiş edirəm, elə bilməyin ki, dəliyəm, mən sadəcə yazıçıyam. Ancaq biz yazıçılar da bir növ dəli sayıla bilərik. Ona görə də bu mənasız marağımı üzrlü sayın, -deyib, yenə şit zarafat etdim.

- Yox, niyə, ola bilər də, – qadının nəzakət xətrinə üzünə qondurduğu süni gülümsəmənin müşayiəti ilə verdiyi bu etinasız cavabı məni daha da pərt edir. Qovsa, daha yaxşı idi. - Əslində, doğru təxmin etmisiniz, tək yaşayıram. – Qadın başını aşağı dikərək, yenidən danışmağa başlayanda ürəyim yerinə gəldi. Döşəməyə o qədər diqqətlə baxırdı ki, elə bil, deyəcəkləri orada yazılmışdı və oxumağa çalışırdı. – Təxminən, on ildir ki, tək yaşayıram. Əvvəllər işə gedib-gəlirdim. Böyük bir şirkətin mətn redaktoru işləyirdim. Orada da heç kimlə qaynayıb-qarışmazdım. Adamlardan qaçıram çox vaxt. Heç kimlə söhbət eləməyi sevmirdim. İş yoldaşlarımla olan ünsiyyətim ancaq işlə bağlı suallara çox qısa və konkret cavablar verməkdən ibarət olurdu. Sonra daha cavan kadrlar işə gəlməyə başladı. Onların təcrübəsi az olsa da, həyat enerjisi, işə həvəsi, özlərini təsdiqləmək üçün hər gün daha yaradıcı ideyalar irəli sürməyi rəhbərliyi daha çox cəlb edirdi. Mən bunu anladığım üçün onların məni ixtisara salmağını gözləmədən, üzüsulu özüm ərizə yazıb çıxmaq qərarına gəldim. İndi sərbəst olaraq redaktor kimi işləyirəm. Əvvəldən işlərimə bələd olan adamlar ehtiyac olduqca mənə mətnlər göndərir, onlarla məşğul oluram, geriyə qalan zamanı da yola verirəm gedir, - qadın gözlərini döşəmədən qaldırıb mənə baxaraq yenidən gülümsədi, amma bu gülümsəmənin içində dərin bir təəssüf oxudum. – Siz də tək yaşayırsınız? Ailəniz haradadır? – Heç gözləmədiyim halda o da mənə şəxsi həyatımla bağlı suallar verdi.

- Bəli, mən də tənhayam. Ailəm yoxdu. İllər öncə evli idim, sonra ayrıldıq. Uşağım da yoxdur. – Mən gülümsədim. İndi fikir verdim ki, mən bu cümlələri təəssüf hissi ilə deyil, beləsi daha yaxşı olubmuş kimi, öz təkliyindən qürur duyan adam ədası ilə dedim.

- Həə, - deyərək, qadın yalançı təsəlli sözləri tapmağa çalışmaq üçün vurnuxub bir müddət bilmədi nə desin.

- Həyatda hər şey yaxşılığa doğrudur. Belə olubsa, deməli, xeyirlisi bu imiş. – Mən belə deyərək onu pis vəziyyətdə qalmaqdan xilas elədim.

- Əlbəttə, - deyə qadın məmnun ifadə ilə dediklərimi təsdiqlədi. Sonra yenidən üzünə həmin kədər qondu. – Yəqin ki, hər şey yaxşılığa doğru olur. Amma bəzən... – qadın duruxub fikirlərini hansı sözlərlə ifadə edəcəyini düşündü, - bəzən elə hadisələr olur ki, biz onlarda nə qədər yaxşılıq payı axtarsaq da, tapa bilmirik. Mənim övladlarım var. Daha doğrusu, biri artıq yoxdur, o biri var. O isə... Həyat yoldaşımla bir-birimizi sevib evlənmişdik. Uzun müddət övladımız olmamışdı. Sonra biz mənim bacımın üçüncü oğlunu övladlığa götürdük. Mən onu lap doğulandan götürdüm ki, ana kimi məni bilsin. Onun üç yaşı olanda bir möcüzə oldu və mən də hamilə qaldım. İkinci oğlumuz dünyaya gəldi. O anadan olduqdan bir müddət sonra həyat yoldaşımı maşın qəzasında itirdik. – Qadın bunu deyərkən bir az duruxdu. Bu itkinin təsirindən doğub artıq korşalmış iztirab hissi onu göz yaşı ilə müşayiət etməsin deyə, dodağını dişlədi, sonra yenidən davam etdi. - Mən oğlanlarımı çətinliklə böyüdürdüm. Hətta bir neçə dəfə bacım uşaqları böyütməkdə çətinlik çəkdiyimi görüb, öz oğlunu geri götürmək istədi. Mənsə bundan inciyib, daha da məyus olurdum. Yoldaşımın vəfatı mənə ağır təsir eləmişdi. Sarsıntıdan kimi günahlandıracağımı bilmirdim. Doğma oğlum atasına çox oxşayır. İçimə doğmuş xudbin hisslərin təsiri ilə atasının ölümündə onu günahkar bilməyə başladım. Elə bil, Tanrı mənim uşaq üçün yalvarışlarımı eşidib oğlumu verdi, amma yoldaşımı aldı. Gündən-günə oğluma qarşı daha çox qəzəb yaranırdı içimdə. Bunu böyük qardaşına həmişə yaxşı davranıb, onu hər fürsətdə sancmağımla da bəlli edirdim. – Bunları deyərkən qadın ağlamırdı, amma balaca bir yaş dənəsinin kipriyindən necə qopub yanağına düşərək orada yoxa çıxdığını görə bildim. - Sonra orta məktəbi bitirib hər ikisi universitetə qəbul oldu. Böyük oğlum ali təhsilini yekunlaşdıranda əsgərliyə getdi. Və... – Qadın bir neçə dəqiqə səssizcə döşəməyə baxdı. Mən ürəyimdə özümü tənbehləyirdim. Axı başqalarının yaralarını tərpətməyə, onlara keçmişi xatırlatmağa nə ehtiyac var? Necə də pis insanam!

- Əgər sizə çətindirsə, qalanı danışmaya bilərsiniz, - deyə çox quru cümlə ilə guya onu ovutmağa çalışdım.

- Narahat olmayın, adam hərdən bölüşməyə də ehtiyac duyur, - deyə o davam etdi. – Müharibə bizim əlimizdən çox sevdiklərimizi aldı. Elə deyil? – deyib mənə baxdı. Mən nə deyəcəyimi bilmədiyim üçün susdum. O isə davam etdi. – Hə, elədi. Doğrudur, adamlar bəzən bədbəxt hadisələr nəticəsində də dünyadan vaxtsız köçə bilir, biz buna “uğursuz tale” deyirik, amma gərək müharibə insanların taleyi olmasın. Ondan sonra mənim kiçik oğlumu görməyə heç gözüm qalmadı. Hər fürsətdə onu acılayır, bütün əsəbimi ondan çıxır, başıma gələn bütün fəlakətləri onun ayağına yazır, ailəyə bədbəxtlik gətirdiyini düşünürdüm. Bəlkə də, dəli olmuşdum. Oğlum Bakıda universiteti bitirdikdən sonra Amerikada təhsilini davam etdirmək üçün vətəni tərk elədi. Sonralar məktubunda yazmışdı ki, orada yaxşı bir işdə çalışır, hətta evlənib. Nömrəmi bilməsə də, “facebook” hesabımdan mənə tez-tez yazaraq nəyəsə ehtiyacım olub-olmadığını soruşur. Heç bir mesajını cavablamasam da, o, daim yazır. Əslində, onun üçün çox darıxmışam. Başıma gələn fəlakətlərdə günahsız uşağı müqəssir bildiyim üçün özümə nifrət eləmək istəyirəm. Amma cavab da yaza bilmirəm. Sanki hansısa gözəgörünməz bir qüvvə mənim artıq onu oğul bilməyə haqqımın olmadığını deyir. Neçə dəfə yazsam da, göndərə bilməyib silmişəm. Daha haqqım çatmır özümü ona ana bilim. Mən çox pis insanam. Hələ sağ olsun ki, məni sayıb yazır, axtarır, maraqlanır. Onun da bir oğlu var, yəni mənim nəvəm, – qadın bunu deyərkən gülümsədi, - çox şirin uşaqdı, şəkillərini görmək istəyirsiniz? – Qadın sanki yüz ilin rəfiqəsiyikmiş kimi cəld hərəkətlə noutbukda “facebook” hesabını açıb oğlunun profilinə daxil oldu. Burada uşağın fərqli məzəli fotoları var idi: yemək yeyərkən üzünə makaronlar yapışmış halda, hovuzda çimərkən, çəmənlikdə yıxılmış və başqa fərqli situasiyalarda.

- Çox şirindi, Tanrı qorusun. – Mən şəkillərdən gözümü çəkmədən dedim.

- Çox sağ olun, – deyib, sonra birdən xatırlayıbmış kimi, – ay, üzrlü sayın, heç sizə çay təklif etməmişəm bayaqdan, – deyərək cavab gözləmədən mətbəxə yüyürdü. Adını belə bilmədiyim qadının “facebook” hesabı qarşımda açıq qalmışdı. Profilinə baxıb öyrəndim: Səma Əlizadə.

Mesaj bölməsi ekranda açıq qalıb. Oğlundan gəlmiş çoxlu mesajlar var. Bunun yanlış olduğunu bilsəm də, əlim dinc durmur və qeyri-iradi oğlunun yazdığı mesajlar bölməsinə girib qadının profilindən ona yazdım: Sizin üçün çox darıxıram...

Mesajı göndərib-göndərməyəcəyimə tərəddüd etməyə vaxt yox idi. Ona görə də birbaşa “göndər” etdim. Və göndərilmiş mesajı sildim. Vəssalam! Bəzən sevdiklərimizə qovuşmaq bu qədər rahatdır. Həyatı qəlizləşdirməyə nə ehtiyac var?

- Heç sizdən çay, yoxsa kofe xoşladığınızı soruşmadan birbaşa çay gətirdim. Ümid edirəm, narazı qalmazsınız, mən çayı yaxşı dəmlədiyimi düşünürəm, kofeylə isə aram yoxdu, – deyə çayı və şirniyyatı balaca jurnal masasının üstünə qoydu. – Bayaqdan danışıb dostlaşırıq, amma heç adlarımızı da bilmirik. Mən Səmayam. Sizinlə ünsiyyətə şad oldum. Bilirsiniz, qəribədir, ünsiyyətsevən olmasam da, sizə hər şeyi danışmağım gəldi birdən. Elə bil, sizi mənə Tanrı göndərdi. Bax, beləcə Tanrının qəribə işləri olur arada, - deyərək, qadın gülümsəyən gözlərini tavana dikdi. Sanki Tanrı orada oturmuşdu.

- Mən də Zərifə. Mənə də xoş oldu tanış olmaq. Artıq gedim, yenə gələrəm, qonşuyuq onsuz, yol yaxındı, - deyərək, çaydan bir qurtum alıb durdum.

- Tez-tez gəlin, - qadın gülümsədi və məni yola saldı.

Mən artıq öz binamızın qapısından girirəm və düşünürəm ki, necə tez-tez gedə bilərəm? Mən dostlaşmağı və ünsiyyət qurmağı sevmirəm axı. Bu da sadəcə bir maraq idi, tanımaq ehtiyacımı təmin etdim, bundan sonrakı ünsiyyət mənə zövq verən deyildi, yəqin ki. Mənzilə girib yenidən əzəli məkanım olan eyvana çıxdım və beynimi başqa düşüncələrdən arındırmağa çalışıb, yenidən elmi işimlə bağlı kitabı oxumağa başladım.

Bir müddət sonra yenidən qonşu binaya baxıram. Qadın eyvanda, yenə həmin yerdə oturmuşdu. İndi o, bir qədər daha doğma görünürdü. Üstəlik, bir az da sevincliymiş kimi gəldi. O, harada yaşadığımı bilmirdi. Çünki mən səkkizinci mərtəbədə, o isə qarşı binadakı dördüncüdə qalır. Yəqin ki, onu izləyənin məhz mən olduğumu anlamış deyildi. Oğlunun ona verdiyi cavabı, yəqin ki, heç vaxt öyrənə bilməyəcəm. Heç olmasa, adımı səhv deməsəm, bəlkə, tapardı məni. Eh, bu da bir gün idi, yaşadım... Günəş isə üfüqdə son qalan şüalarını da yığışdırıb binaların arasında itib-batırdı...

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #