Merlin – Murad Muradovun hekayəsi

Murad Muradov, yazar

Murad Muradov, yazar

7 iyun 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Murad Muradovun “Merlin” hekayəsini təqdim edir.

Gecə növbəmin bitməyinə iki saat qalmışdı. Pəncərədə ay işıq saçırdı. Şirin bir yuxu məni xumarlandırırdı.

Oxuduğum kitabın son səhifələrinə çatanda dərin, qəzəblə ulayan it səsindən diksindim. Yuxum qaçdı. Sürətlə, amma ehtiyatla pilləkənlərdən enib ot-alaq basmış çığırla səsə doğru irəlilədim.

Təyinat alıb həkim kimi işləməyə başladığım xırda evlərdən ibarət bu yoxsul qəsəbədəki xəstəxananın bütün ətrafı hündür ağaclarla əhatə olunumuşdu. Ayaq saxlayıb, ehtiyatla həndəvərimə göz gəzdirdim. Ağaclıqda dərisi sümüklərinə yapışmış, ayaqları titrəyən bir it gördüm, doğmağa çalışırdı. Elektrik lampasının aydınlığında itin yanaqlarındakı yaşlar parıldayırdı. Kifayət qədər qoca it idi. Sol arxa ayaqı yarıdan yox idi. Məni görüb səsini kəsdi. İti fitlədim. Vecinə də almadı. Daş götürüb yanına atdım. Başını qaldırıb baxdı. Yaşlı gözlərindən onun kömək istədiyini hiss edirdim. Qarşısında sallağı oturdum. Mən və qoca it heç səs çıxarmadan bir xeyli baxışdıq. Bir-birmizi başa düşürdük. Hər ikimizin ulu əcdadlarına qədər gedib çıxan dostluq bağları öz sözünü deyirdi.

İkimiz də həyəcanlı idik. İtlərə qarşı uşaqlıqdan olan qorxuma qalib gəlib, bir qədər də yaxınına getdim, diz çöküb, onun başını oxşadım. Ayaqlarımı qoxladı. Sonra başını dizimin üstünə qoydu. Öz tənhalığından şikayətlənə-şikayətlənə uzun-uzadı mırıldandı.

Təxminən bir saat sonra qoca it mənim köməyim sayəsində dörd küçük dünyaya gətirdi. Amma küçüklərdən üçü ölü doğuldu. Yalnız dişi bir küçük yaşayırdı. O, küçükləri qoxladı, yalayıb təmizlədi. Su gətirmək üçün xəstəxanaya qayıtdım. İtin orada gözləyəcəyini bilirdim, çünki çox yorğun idi.

Mən geri qayıdanda qoca it sağ qalmış körpəsini əmizdirirdi. Çox yavaş-yavaş nəfəs alırdı. İçimi qorxu bürüdü, tez yanına getdim. Gözlərini açdı. Gah mənə, gah da körpəsinə baxdı, yenidən gözlərini yumdu. Nəfəsi dayandı, mən acı-acı ağladım...

Körpəni öz otağıma gətirdim. Sonra geri qayıdıb, qoca it və ölü üç küçüyü üçün qəbir qazdım. Onları basdırıb geri qayıtdım.

Sağ qalmış küçük artıq mənim himayəm altında idi. “Yazıq heç vaxt ana sevgisinin nə olduğunu bilməyəcək”.

Mən onun adını Merlin qoydum.

Qızım gündən-günə deyil, saatdan-saata gözəlləşib böyüməyə başladı. Günlər keçdikcə bir-birimizə isinişdik. Eyni dildə danışmasaq da, bir-birimizi başa düşürdük. Vaxtımın çox hissəsini onunla keçirməyə başladım. Bu boz, məxməri varlıqla çox əylənirdim. Beləcə bir neçə il ötüb keçdi.

***

Yayın son günləri idi. Nəfəs almaq asanlaşmışdı. Qəsəbəni əhatəyə alan ağaclardan düşən upuzun kölgələr gözə dəyirdi. Merlinlə gəzintidən qayıdırdıq. Adamın içini ürpədən, dəhşətli it zingiltisi eşitdim. İnsan səsləri də gəlirdi, gülüşürdülər. Heç nə başa düşmədim. İri addımlarla səs gələn tərəfə getməyə başladım. Nə baş verdiyini öyrənmək istəyirdim.

Aman Allah!!!

Dizlərim boşaldı, nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Qeyri-iradi bir titrəmə bütün bədənimi bürüdü. Başıpozuq bir dəstə gənc ağacdan kəndirlə asdıqları iti telefonun kamerasına çəkə-çəkə kötəkləyirdi. İt nəfəs çatışmazlığından əziyyət çəkən insanlar kimi boğulurdu. Ağzının qıraqlarına çapılmış atlardakı kimi, ağ köpük yığılmışdı. Ona olmazın əzab-əziyyətini verirdilər.

Sarı itin başına gətrilənlərə dözə bilmədim. Bu tükürpərdici olay məni təbdən çıxardı, həyəcanlandırdı və çaşqına çevirdi. Qışqırıb onları söydüm.

-Mənə baxın, sizin heçmi vicdanınız yoxdu?! Niyə o zavallı heyvanla belə rəftar edirsiz.

Gənclərdən biri əl saxladı, qalın qaşlarını qaldırıb, təpədən dırnağa qədər məni süzdü. Sonra sualıma cavab verdi:

-Bu itin əlindən oğul-uşaq, qız-gəlin çölə çıxa bilmir. Gələnə-gedənə bu qançıq hücum çəkir. Çox deyil, iki gün öncə balaca qardaşımı onun pəncələrindən güclə aldım. Səhərə qədər ulayır, səsindən yata bilmirik. Cəzasını verməyin vaxtı gəlib çatıb. Artıq rahat nəfəs almaq istəyirik! Nə üçün belə etdiyimizi indi başa düşdüz?!

Vəziyyətlə barışmaq istəmirdim, amma çox aciz idim, heç nə edə bilmirdim.

-Ay bicbalalar! Siz necə insansız? Sizə insan deməyə dilim gəlmir, utanıram! Siz insanlığdan çıxmısız! Sizə insan demək olmaz!

Onlar toplaşıb pıçıldaşmaqa başladılar. Aralarından iki nəfər ayrılıb əllərindəki zopaları yelləyə-yelləyə mənə sarı gəlməyə başladı. Yaxınlaşan kimi birinin çənəsinə möhkəm bir yumruq ilişdirib, hiddətlə itələdim. Yerə sərildi. Digəri başımdan zopa ilə vurdu. Yıxıldım. Çaşbaş qalmış Merlin tüklü quyruğunu havada ağır-ağır tərpədir, dişlərini qıcayıb onları durdurmağa çalışırdı. İstəmirdim. Təhlükədə olması məni qorxudurdu. Nə qədər onu çağırsam da, geri çəkilmədi.

-Merlinnn, Merlinnn...

Məni eşitmirdi. Özündən çıxan gənclər Merlini dairəyə aldılar, əllərindəki zopalarla ona zərbə endirməyə başladılar. Vəhşi gənclər qorxunc hərəkətlərindən həzz alıb gülüşürdülər.

Merlin zərbələrdən yayınıb onlardan birinin üstünə atıldı. Elə bu vaxt çox dəhşətli bir səs eşitdim. Sonra Merlin yerdə hərəkətsiz qaldı. Böyük bir daş götürüb ayağa qalxmaq istədim. Gözüm heç nə görmürdü. Təkrar başıma dəyən zərbənin təsirindən huşumu itirdim.

Ayılıb, gözlərimi açanda Merlin yaxınımda eləcə uzanmışdı. Külrəngi tükləri qan içində idi, ləkəli boz gözləri yumulmamışdı. Onun bədənindəki yaraları yoxladım. Ürək nahiyəsindən bıcaq zərbəsi endirmişdilər. Yaralarının üstündə uçuşan milçəkləri qovdum. Merlinimi - qızımı, ən yaxın dostumu, doğuşuna, dünyaya gəlişinə yardım etdiyim əzizimi belə görmək qorxunc idi. Öz üzərimdəki hakimiyyətimi itirdim. Uşaq kimi məni basan panikalı dəhşətin qarşısında aciz qaldım. Uzun müddət sakitləşə bilmədim. Gözlərimi çəkmədən bir xeyli buludların dəlmə-deşiyindən Merlinimin üstünə düşən gün şüalarına baxdım. Adama elə gəlir ki, günəşin zəif və solğun qolları ona uzanmışdı.

Merlinimi öz əllərimlə anasının yanında dəfn etdim...

***

Dünya Merlinsiz necə də boş idi. Onun haqda düşünmək çətin gəlirdi. Yollarımız çox tez ayrıldı. Yaşadığım əzabın dözülməz bitməzliyinə boyun əyməkdən savayı əlindən bir şey gəlmirdi.

Bu qəsəbədə yaşamaq, işləmək məni köynək yaxası kimi sıxsa da, mən əsla buranı tərk etmədim. Çünkü mövcudluğumu ört-basdır etmək istəmirdim. Belə olan halda həzz aldığım şeyləri itirmək riski azalırdı.

Merlinimi tənha qoya bilməzdim. Hər gün qəbrini ziyarət etməli idim. Tək təsəllim bu idi, bir də getdiyi yerin buradan daha gözəl olması...

# 5330 dəfə oxunub

Müəllifin son yazıları

# # #