Məlik Rzadan yeni hekayə: Yaşıl

Məlik Rzadan yeni hekayə: Yaşıl
5 oktyabr 2021
# 15:40

Kulis.az gənc yazıçı Məlik Rzanın “Yaşıl” hekayəsini təqdim edir.

1

Yaşılı kimyəvi yağışların pıçıltıları əsrarlı röyalarından ayıranda toranlıq şəhərin üzərinə qüruba tələsən iniltili qarğaların sədaları ilə birgə havaya atılmış mələfə kimi ağırlıqla çökürdü.

Kal yuxusundan əmanət qalmış şirin tamı dodaqlarında hiss etdi. Yerinin istiliyində xumarlanıb siqaret çəkmək istəyəndə tünd rəngli əşyalarla boğulmuş otaq ürəyini onu ikindi vaxtının itirilməsi ilə müjdələyən divar saatı ilə birgə sıxdı, canına yayılan tənbəllik qırmızı pərdələrin tündləşdirdiyi süd rəngli işıqların cazibəsinə yenildi. Sanki sevgililərinin dizinə baş qoyub uyuyan bədheybətlərtək yüzillik yuxularından oyanmışdı Yaşıl. Ruhu qəribə bir yüngüllük içində xəyalət kimi yırğalanır, onu kül rəngli işıqların bətninə çağırırdı.

Pərdələr aralananda zavodlarının borularından öskürən şəhərin zəhərli tüstülərini udmaq üçün əkilən küknarlarla əhatələnmiş boş meydanın kimsəsizliyinə kimyəvi yağışlar yağırdı. Yaşıl hamının evinə getdiyi idarədə Səlim kişidən başqa heç kimin qalmadığını xatırlayanda Çexovun pak qəhrəmanları kimi həyatının ən xoşbəxt anını ruhuna əsən xiffət küləklərinə itirmiş mühafizəçi qoca ilə eyni anda kədərlə siqaret çəkdiklərini təlaşla hiss etdi. Nəfəsi bağrına möhürlənmiş közü üfürdü. Üfürdükcə ruhu vücudundan havalanıb yuxuların şərqindəki itkin xəyalına qovuşdu. Yaşıl, itkin yuxusunu şəhərin önündə sərgilədiyi meydanda yaşadıqca huşu canından qızdırma kimi rahatlıqla çıxdı. Gözlərini röyalarındakı kimi yumdu Yaşıl – sükut içində.

Yumulu gözlərin ardında iki cüt göz vardı. Bir tərəfdə Yaşıl, Səlim kişinin gözlərindən kimyəvi yağışlarla döyülən boş meydanı keçib xəyalını yenidən ötən xatirələrin xəzəl qoxulu albomuna köçürürdü. Bir yanda isə yaşıl gözlər boş meydanın kimsəsizliyində Xəzərə tərəf itkin dərvişlərtək addımlayan Sumu gördükcə pak görüntü gözlərinin ardındakı bütün mənzərələri udub bütövləşirdi. Qeyb aləmindən dünyaya qayıdan Yaşılın torpaq rəngli sovet binalarının üfüqlərindən gördüyü Xəzərin maviliyini Sum ancaq göylərə ucalan göydələnlərin ardında xəyal edə bilirdi və Sum ruhunu ruhunun qərib yerindən dindirən şəhərə keçmişini danışdıqca Yaşıl ötən gününü – bir neçə saat sonra təkrarlanacaq yaxın gələcəyini dinləyir, ruh qardaşlarının dünyaya açılan gözləri Xəzərdə heykəl kimi donur, bağırlarında müxtəlif zamanların əkiz qəriblik anlarındakı bənzər cümlələr çiçəklənirdi. Şəhərim Sumda bir zamanlar həyatlar yozular, röyalar, röyalar yaşanarmış.

2

Şəhərim Sumda bir zamanlar həyatlar yozular, röyalar, röyalar yaşanarmış. Atamın nağıl təhkiyəsi ilə “bir zamanlar” dediyi vaxtlar Sumun dərviş libasını əynindən yenicə çıxarıb Sosialist Suma çevrildiyi, qırmızı parçalara yazılmış ağ hərfli bolşevik şüarlarla, oraq-çəkicli bayraqlarla zavodların meydançalarında həvəsləndirici mitinqlər keçirildiyi, bütün stalinka evlərin Stalin şəkilləri ilə bəzədilib sovet məişətini bütünü ilə mənimsədiyi, müxtəlif millətlərin adamlarının ortaq dili olmuş rus dilli kinoların plobmir dondurması və gizli öpüşlərlə birgə “Rossiya” kinoteatrında izlənildiyi, şəhərin küçələrində sinəsi ordenli, qara eynəkli veteranların boy verdiyi vaxtlar imiş. O zamanların əvvəlində isə qırmızı inqilabla müjdələnmiş çöl bağrına gəlmiş, adları universitetlərin şərəf lövhəsindən əksik olmayan təcrübəsiz bolşevikləri udubmuş. Sum öz dərviş libasına möhkəmcə büründükcə çölə uduzan adamlar ikindinin qəribliyi ilə ətirlənirmiş. Ruhları ay qızdırmalı gecələrdə gördükləri xəyali dərvişlərin ruhlarına itkin düşürmüş, çöhrələri addımladıqları şoran torpaqların əkiz qardaşına çevrildikcə baraklardan çıxıb göz ilişdirməyə heç nəyin olmadığı sonsuz sarı torpaqlara zillənirmişlər. Qürub çağında tikintini unudub təkəmseyrək zeytun ağaclarının kölgəsində yatanların oyandıqdan sonra unutduqları röyalar varmış. Yuxular sirri qorumaq sirr olurmuş. Ancaq babam və babam kimi şəhər tikməyə niyyətlənmiş təcrübəli bolşeviklər çölə gəldikdən sonra Sum ruhunu qorumaqdan ötrü sosializmə ağ bayraq qaldırıbmış. Sonradan yüzlərlə uşağı şikəst qoyub öldürəcək zavodların borularından ilk tüstülər də bu vaxt göylərə ucalıbmış. Dəniz sahildən əbədi uzaqlaşan dalğalarını geri çəkərkən onu izləyən, bir ömür parlaqlıqlara aldanmayan babam artıq hər şeyi anlayırmış. Bilirmiş – şəhəri tikib tənha qalacaqlarını.

Uzun illər tikinti meydançasını xatırladan Sumda tozdan, havanı zəhərləyən zavod tüstülərindən, canalan yay bürküsü və qış çovğunlarından başqa heç nə olmamışdı. Bütün həftəni zavodlarda, tikintilərdə tər tökən şəhər zəhmətkeşlərinin həftəsonları üçün yalnız bircə əyləncəsi vardı: Kino. Adamlar ailələri ilə birgə illər əvvəl ekranlaşdırılıb böyük sovet şəhərlərini gəzdikdən sonra Suma gəlib çıxmış filmlərdə bolluq içində yaşayan xoşbəxt sovet ailələrini, cənnətdən çıxıbmış kimi ovsunlu şəhərlərin mənzərələrini izlədikcə bir gün özlərinin də beləcə bolluq içində yaşayacaqlarına, Sumun geniş və işıqlı şəhər olacağına inanardılar. Qaranlığa və səssizliyə gömülmüş arxa sıralarda vücudlarına zəlzələ düşmüş cütlüklər isə gizli öpüşlərlə başqa dünyanın qapısını açarkən kommunizmi, Sumu, hər cür məhrəmliyi inkar edən sovet ənənəsini unudar, yalnız hiddət ifadə edən bir öskürək, təhlükəli addımlar eşitdikdə gözlərini açıb itkin düşdükləri qeyb aləmindən qayıdardılar. Həmin uzun axşamlarda zəhmətkeşlər zülmət və palçıqlı yollarla evlərinə qayıdıb röyalarına gömüldükdən bir neçə saat sonra təcrübəsiz, Sumun dərviş ruhunun cazibəsinə qapılmış gənclər küçələrdə görünərdi. Sakitcə, balıq tutmaq üçün dənizə yollananlar oturduqları qayalıqlarda maviliyə zillənib qəribləşərdilər. Qəriblərin içində babam da vardı. Ömrünün sonuna kimi hər həftəsonu dənizə gedəcək babam qayalıqlarda axşama düşənədək qürub yoldaşları ilə sükut içində oturar, ortaq dərdlərinə çevrilmiş sirri günəş batdıqdan sonra dənizə pıçıldayıb evinə qayıdardı. “Şəhəri tikdik, indi tənhayıq”. İlk dəfə beləcə dənizə məst olmuş adamların sükutundan vəba kimi şəhərə yayılan tənhalıq şəhər var olduqca Sumun bağrında yaşayacaqdı. Heç kim bilmirdi.

3

Yaşıldan başqa heç kim heç nə bilmirdi. Röyasının bitdiyi an şəhəri tikdikləri zaman düşdükləri qum fırtınalarındakı kimi itkin düşdüyünü təlaşla hiss edib görəcəyi şəhəri tanımamaqdan qorxmuşdu. Amma indi sovet senzurasının adamların ruhlarına gətirdiyi xoşbəxtliyi qəribliyi ilə silən qəribə axşamın kirli mələfə kimi çökdüyü şəhərə zilləndikdə dilinə möhürlənmiş sual bağrında mina kimi partladı. Dilindən şəhərin yaxın keçmişini, ötən gününü, ehtimal olunan gələcəyini dinlədiyi Sum kim idi? Hara qeyb olmuşdu? Ötən gün səhərdən axşamacan balıq tutduqları sahildə qürubun sürmə çəkdiyi üfüqlərə zillənib dediyi əsrarlı cümlə ilə adamların ruhuna qaramatlıq çökdürən atasını axşam kinoteartda görəcəyi an ona niyə ölümü xatırladırdı? “Şəhəri tikdik, indi tənhayıq”. Ruhu çoxdan canından çıxıb meydandakı təkəmseyrək adamların yeridiyi səmtə – kinoteatra tərəf inamla addımlayırdı.

4

Yerindən götürüləndə telefon zəngi otağın sükutuna mərmi kimi atıldı. Dəstəyi götürməmişdən öncə eşidəcəyi sözlərin üzləşdiyi sirri tündləşdirəcəyini qəribə bir fəhmlə hiss etdi.

“Şəhərin onillik yubileyi üçün şəhərə gələcək heyət qum fırtınasında itkin düşüb. Yubiley təxirə salınır”

Xəzərdə donmuş gözlərinin donu yay bürküsündə açılarkən Yaşıl gözlərindəki soyuqluqdan qorxmuş Səlim kişinin yanından ötüb gecənin kimsəsizliyinə sirrinə qovuşmaq üçün məbədə addımlayan rahib kimi addımlayırdı və axırıncı siqaretini kimyəvi yağışlarda çəkmiş qocanın ona verəcəyi qara xəbərin dilində əridiyini bilmirdi. Atasının ürəyi kimyəvi yağışlarla döyülmüş küçənin kimsəsizliyində dayanmışdı, amma qoca yaşılını itirmiş gözlərin buzundan ürküb Yaşılın hər şeyi bildiyini güman edirdi.

5

Ruhumu əhvalatlarımla bərkidib meydandan bir zamanlar yerində kinoteatr olmuş qəriblər parkına gedərkən nağıl kitablarından çıxmış yaşıl sarmaşıqlı binanın sarı işıqlı pəncərələrindən birində bir an sanki atamın ağ-qara albomlardakı gənclik surətini, gözlərinin yaşılını gördüm. Amma ruhum bunu məni müqəddəs amalımdan uzaqlaşdırmaq istəyən şeytanın oyunu bilib yerində dayanmadı. Qatar sürətilə ayaqlarımı yerdən üzüb xəyalət kimi meydanlardan ötdüm. İtkin sevgilimlə mənalanmış məkanlardan keçərkən yerlər gözlərimdən ötdükcə geridə qalmış mənzərələrin keçmişin xəyal aləminə – xatirələrimin sarımtıl albomuna gömüldüyünü hiss etdim və qəriblər parkındakı yeganə dairəvi fontanın ətrafında saat əqrəbitək fırlanan velosipedli uşaq uzaqlaşdıqca uzaqlaşıb mənə zamanı unutdurdu. Gözlərimlə izlədiyim göyərçinim parkın yeganə işlək küçə lampasının sarı işıqlarına yetdikdə əllərini ruldan buraxıb gözəlim gözlərini yumdu. Xəyalımda şəhər kənarındakı tarlalar kimi küləklənən sarı saçların qan qırmızını gördüm. İtkin sevgilimin səsinə zavod gurultuları qarışmış qulaqlarımda yaxınlaşmaqda olan fəlakətin bağırdeşən səsi partlayarkən küçə fənəri çiliklənib söndü – zülmətdə tənha qaldım və zülmətin bağırtıları qulaqlarıma möhürlənib pıçıltılara döndükcə qorxdum. “Gecikdikcə adamlar öləcək, Sum”. Yerimdən götürülüb dostumla görüşdüyümüz kafenin yanından yeddi dəfə keçib bir zamanlar qəribliyimin ovçusu olmuş dostumun məni xilasımdan yayındırması üçün müqəddəslərini göylərdən gözləyən inananlar kimi onun gəlişini gözlədim. İşıqlı küçələri qaranlıq həyətiçlərinə dəyişib yanımdan xəyalət kimi keçən adamların pak ruhlarına hopdum. İşıqlı küçələrdə gündəlik dərdlərdə – uduzulmuş domino oyunlarının qaramat qəzəbində, kassadan götürülmüş borcların bir gün ifşa ediləcəyindən qorxan ürəklərin səksəkəsində, festival filmlərinin qanıqara obrazları kimi tut ağaclarına söykənib asfaltdakı təkəmseyrək quru yarpaqların xışıltısında hələ də adı şəhər, ruhu qəsəbə olan məkanın tələsindən xilas yolları axtaran gəncin işsizlik kədərində, canı bir pivəlik olan itirilmiş sevgilərinin ötəri hüznündə – onlara hər gün gülümsəyən müdir katibələrinin gecə röyalarına arzulanan ətli-budlu vücudlarının qara ehtirasında – bütün köşklərin işıqlarının söndüyü bir vaxtda qutudakı sonuncu siqaretin gecə üçün yetmədiyini duyan yuxusuzların bikefliyində boğulan ruhların qaranlıq küçələrin əsrarında bişdikcə necə təmizləndiyini, şəhərin ruhunu onların ruhunun qərib yerindən necə dindirdiyini hiss etdim. Adamsız tikililərin – göylərə nizə kimi sancılmış rəngsiz göydələnlərin quyular kimi zülmət pəncərələrində mavilənən Xəzər ruhumu bətninə səsləyərkən içində itkin düşdüyüm labirintin sonunda ruhunu uzaq kəndlərin yaşıl axşamlarına köçürmüş sənin məni gözlədiyinə inandım. Səni cənub şəhərinin qışında qarı arzulayan uşaqların qarı sevdiyi kimi sevdim, sevgilim. Bir cənub şəhərində bir gün dizlərinə baş qoyub uyuduqları sevgililərini ayıldıqdan sonra tapmayan bədheybətlərtək röyalarımdan bədbəxtliklə oyandım və anladım ki, gen dünyada nə varsa, hamısı yuxudur. Anladım ki, üfüqlərə maviliyinin sürməsini çəkmiş Xəzər məni xilasımla müjdələyəcək. İşarəni dənizdən gözlədikcə uzaqdan mavilənən Xəzər içimi titrətdi. Xilasıma addımladım, Yaşıl. İntihar üçün dənizə boylanmış kimsəsiz parkı keçib kirli qumsalda uzananda çirkab sularının fövqündən boy verəcək Xəzərin mavi sularını gözlədim. Röylarımda çöhrəsini görmədiyim itkinimi- səni gözlədim, Yaşıl – aləmimizin yeganəsini.

6

Kinoteatrın qaranlıq arxa sıralarına sakitcə addımlayarkən şəhərin ruhunu tamamilə udmasından qorxurdu. İki səbəbdən burda oturmuşdu. Şəhəri tikdikləri zaman baş verən sirli əhvalatın təsirilə qəribləşən atasının sirlə möhürlənmiş çöhrəsi ilə qarşılaşmamaq və şəhərin ruhunun heç cürə yaxın düşə bilmədiyi ehtiraslı cütlüklərin təhlükəsiz çənbərində gizlənmək üçün.

Bir vaxtlar çöldə itkin düşmüş zəhmetkəşlərdən biri onu səsləyən uğultulu təpələrin çağırışına cavab vermişdi. Təpələrin ən hündürünə qalxıb əvvəlcə onu cazibəsinə bükən sirlə ruhunu bütövləşdirmiş, sonrasında üzləşdiyi sirrin ruhunda cücərən bağırdeşən vahiməsilə uğultulu təpələrdən şəhərə dəli atlar kimi qaçmış, dəli atlar kimi də röyalarına zəlzələ salan sirrin ruhunda silkələnən ağrıları ilə yenidən gəldiyi kimi çölə qayıdıb tapmaq üçün itkinin axtarışında itkin düşmüşdü. Onun tut ağaclarından birinin budaqlarından asılan vücudunun axtarışına çıxan zəhmətkeşlər qarşılaşdıqları sirli çöhrədən təsirlənib bağırtılarla ağıllarını başlarından uçurarkən və divanəyə dönüb ilğımlarda qeyb olarkən yalnız gözlərin yummuş atası salamat qayıdıb eşitdiklərilə sükutlu bir varlığa çevrilmişdi. İndi, Yaşıl ölənləri xatırlayarkən olanları unutmaq üçün zülmətdən yanına ehtiraslı bir sevgili, göylərdən şəhərə ona Allahı xatırladıb qorxularını canından siləcək qar arzulayırdı. Amma böyük ekranda işıqlanan sovet filmi başlayarkən ilk səhnədən ruhundakı ağrının yüngülləşdiyini duyub hər şeyin bitdiyinə təvəkküllə inandı.

Soyuq rus şəhərlərində adamlar darıxmamaq və içkilərlə kifayətlənib pəncərələrindən şəhərlərə şeir kimi yağan qarı səssizcə izləmək üçün evlərini tündrəngli əşyalarla, divar kağızları ilə boyamış, tünd qoxularla ətirləyib onlara şəhərlərə vecsizliklə və astagəlliklə yağan qarı xatırladan pişiklərini yaşamlarının əbədi sakininə çevirmişdilər. Qısa vaxtda vəba kimi imperiyaya yayılan bu məişət ənənəsi cənub şəhərlərində də boy verərkən cənublular üçün qar yalnız arzuolunan təbiət hadisəsi, pişiklər pis xəbərlərin müjdəçisi, tündlük isə arzuolunmaz qürub sıxıntılarının əkiz qardaşı idi. Sovet senzurasının ruhlarına ötürdüyü xoşbəxtlikdən ötrü cənublular imperiyadan gələn yeni ənənəni sevinclə qucaqlayarkən şəhərin ruhuna güc verən fövqəladə bir səhvə yol verdiklərini bilmirdilər. Hər şey beləcə bir səhv ucbatından qürub çağı başlamışdı. Şəhəri tikib tənha qalan ruhlar qürub sıxıntısına dözməyib evlərin tündlüyündən şəhərin kimsəsizliyinə addımladıqca ruhları şəhərin ruhuna calanıb bərkimiş, bərkidikcə itkin ruhlar vəbalı adamlar kimi evlərində cəncəl tündlüklə birgə qürubun bəla orduları ilə döyüşən adamlara ruhlarının qərib yerindən yoluxmuşdu. Heç bir xoşbəxtliyin ayaq aça bilmədiyi şəhər üçün indi ancaq bircə xilas yolu – ümid vardı: Kino.

Yaşıl, əvvəlcə bütün bunları çevikliklə düşünməyinə heyrətlənib gülümsədi, sonrasında isə ruhunun izlədikləri filmdən təsirlənib şəhərlərinin bir gün ekranda gördükləri şəhərlər kimi böyük və işıqlı olacağına, xəyallarının güzgüsü olan filmdəki sovet ailələri kimi bolluq – xoşbəxtlik içində yaşayacaqlarına inanan ümidli gözlərin kədərinə büründüyünü duyub vahimələndi. Bir an röyalarında əhvalatlarını dinlədiyi, adına Sum dediyi çöhrəsiz yaşıl gözlərin onu izlədiyini təlaşla hiss etdi. Filmin və adamların səsləri qulaqlarından əbədi itərkən gözlərini yumub röyalarına oyandı, Yaşıl. Zülmətdə parlaq gözlərin qar səssizliyindəki pıçıltısını eşitdi. “Yaşılın qaçış oyunu.. Filmin sonu.. Şəhər əbədi sönür Yaşıl..”

Yaşılın yumulu gözlərinin ətrafındakı dünyada isə yerlərində təəssüflə oturmuş adamlar işıqların yenidən gələcəyinə inanır, cütlüklər zülmətdən həvəslənib arxa sıralarda sonsuzluq və bir gün qədər böyük ehtirasla öpüşür, torpaq rəngli sovet binasının üçüncü mərtəbəsindəki, saçları gecə kimi uzun qızlardan biri işıqlar gəldikdən – divardakı kölgə oyunlarını bitirdikdən sonra şamı üfürməsinin xəyalını qururdu.. İndi isə əlləri divarlarda göyərçin kimi uçurdu..

Gözlərini zülmətə açarkən şəhər, qarşısında mavilənən Xəzərin parlaqlığından başqa bütün rəngləri canında əbədi itirmişdi. Dünyaya tər içində qayıtmışdı Yaşıl. Amma O… O yaşıl gözlər də onunla birgə oyanıb zülmətə gəlmişdi. Qumsalda çöhrəsi zülmətə gömülmüş yaşılgözlü vücudun yanına uzanıb Xəzərin çirkab sularının fövqündən boy verəcək mavi suları gözlədi, Yaşıl. “Səni çox gözlədim, oğlum Sum…”

Əllər bir-birindən yapışarkən onların yaşıl gözləri də, itkin ruhları da, cansız vücudları da şəhərin ruhunda bütövləşir, qeyb aləminin yeganəsinə çevrilmiş müdhiş vücud bədheybətlərin qəbri olan dağlar kimi ucalır, Xəzərin mavi sularına fağır uğultularla acizənə səsləndikcə sular xiffətlə köpüklənib sahilə tələsirdi.

7

Xəzərin mavi sularının tərkində sakitcə yırğalanərkən şəhərin ruhunun ondan daim qaçmaq istəyən adamlarının vücudlarından, xatirələrinin gizləndiyi qaranlıq həyətiçlərilə torpaq rəngli sovet binalarından, gecə kimi qara itlərinin gözəl gözlərinin zilləndiyi qərib axşamlarından çıxıb canımda çiçəkləndiyini hiss edirdim.

Şəhərim qum fırtınalarında əbədi itkin düşürdü, bilirdim.

Adım taleyimlə birgə gecəyə şeir kimi yağan qarın səssizliyindən qulaqlarıma möhürlənirdi, eşidirdim.

Summ…

Qardaşım Sum..

Ruhumuz bütövləşdikcə xatirələrin canından, adın yaddaşından silinəcək..

Hər şeyin bitdiyi an ruhlarımızı ağırlıqla çökəcəyimiz Xəzərin dibindən həsrətini çəkdiyimiz ustadımızın itkin səltənətinə – göylərə köçürəcəyik. Xəyanət etməmək üçün səsini eşidəcəyimiz gözəl çöhrəyə gözlərimiz hönkürtülərimizlə yumulacaq, Sum. Çölün bağrına yıxılıb nəhəngliyimizlə ağaclarımızın gövdəsinə məhkum olarkən gözlərimiz yenidən dünyaya inamla açılacaq.

Sənin xiffətinlə bağrım yandı... İndi ustadımızın xiffətində bağrımız yarılsın... O, hələ də adamlara inanır.

Biləsən, hönkürtülərimizlə dolub-daşan ağaclarımızda bizlər sirrin astanasından parlaqlıqlara aldanmayıb sədamızı gözləyən adamlara səslənən ustadımızın pıçıltısı olacayıq Sum, bir ömür.

Əminlik olmadıqca külə çevrilməyib ağaclarımızın gövdələrində yaşayacayaq ruhlarımız əbədi qardaşdır.

İndi isə, əlimdən tut, ruh qardaşım, ağacımızın gövdəsinə atılırıq.

Sim-sim.az

May be an image of 1 person, beard, tree and outdoors

# 3662 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #