Kulis.az Tural Cəfərlinin “Mahmudun ahı var” hekayəsini təqdim edir.
Əslinə qalsa, burada təəccüblü bir şey yoxdu. Həmişə olub belə hadisələr. Amma bəzi hadisələrin fərqli və sirli tərəfləri olduğu üçün onu nəsə xüsusi edən səbəblərdə ilişib qalırıq... İnsan həyatı ilə bir halda barışır: “özündən küsəndə”… Mahmud özündən küsəli çox şeylə barışmışdı… Ancaq həyatla barışmaq haqqında heç nə düşünmürdü. Çünki ona elə gəlirdi ki, nə vaxtsa həyatı dəyişəcək, daha maraqlı və mənalı olacaq. Yox, Mahmud buna inanmaq üçün nə kitab oxuyurdu, nə də filmlərə baxırdı. Bu onun uşaqlıq arzusu idi… Qar kimi təmiz, saf uşaqlıq arzusu… Çoxları kimi hədiyyə almağı sevsə də, hədiyyə etməyi də xoşlayırdı. Bu gün nədənsə içində bir sızıltı, bir narahatçılıq var idi. “Görəsən, hədiyyəni bəyənəcək?” - sualı ilə otaqda var-gəl edirdi. Həyəcanı boğazında düyünlənib, nəfəsini kəsirdi…
Ertəsi gün Mahmudun həyəcanı öz yerini qorxuya vermişdi. Çünki yuxuda atasını görmüşdü və aralarında olan söhbət qanını qaraltmışdı:
- Mahmud, sənin üzünə tüpürüm!
- Niyə?!
- Əəə, nətəri niyə? Pinəçi Camalın qızına nə corab alan çıxmısan? Özünə şalvar ala bilmirsən, camaatın qızına corab alırsan?
- Ad günü idi...
- Pay atonnan! Ə, düşük oğlu düşük, sənə nə? Sən kimsən ki, ad günü hədiyyəsi alırsan?
- Onu sevirəm... O da məni...
- Kəs səsini! Abırsız. Utanmaq yaxşı şeydi. Get, özünə bir iş tap! Adam ol, adam!
- ...
Yuxuda gördüklərini həyatda nəinki atasına, heç kimə danışmazdı. Hər şeyi içində saxlamaq vərdişi onu başqalarından fərqləndirirdi. O, hamıdan qabaq qocalmışdı. Atası Əhməd kişidən də... Hətta babası Xaliq ondan daha gümrah, daha şux görünürdü. Bunun bir neçə səbəbi var idi: əvvəla, Mahmud yetim idi, anası öləndə cəmi altı yaşı vardı. Sonra atası başqa qadınla evləndi, Mahmudun qara günləri başladı. Döyülməkdən dili tutuldu, babasıgilə qaçdı, atası bunu bilib, Mahmudu güclə evə qaytardı, yenə qaçdı, bu dəfə onu tövlədə tutdu, axura bağladı. Mahmud iki il beləcə yaşadı, sonra tamam dəyişdi. Məktəbi buraxdı, özünə qapandı, adamlardan uzaq durmağa başladı... Ondan başqa...
- Bəlkə, şəhərə qaçaq? Orda hamıdan uzaq, xoşbəxt yaşayarıq...
- Yox, bunu edə bilmərəm...
- Niyə?
- Ora çox uzaqdı...
- Dəlisən? Beş saatlıq yoldu da. Nəyi uzaqdı?
- Bəs anam?
- Mahmud, ciddisən? Anan torpağın altındadı, onu özümüzlə apara bilmərik...
- Yox, anam birdən darıxar, məni görmək istəyər, onda neynəyəcəm?!
- Offf, Mahmud, offff. Otuz yaşın var, özünü uşaq kimi aparırsan. Məni də özün kimi bədbəxt edəcəksən...
- Niyə elə deyirsən?
- ...
Pinəçi Camalın qızı Fatimə hər dəfə Mahmudu yola gətirmək istəsə də, bu, onda alınmırdı. Bu söhbətlərdən özü də bezmişdi, evdəkilər də... Ancaq hər dəfə Mahmudu görəndə ürəyi yumşalır, gözləri dolurdu. Mahmudun yazıq və çəlimsiz görünüşü qızın kövrək duyğularını oyadırdı... Axırıncı dəfə Mahmud babası ilə Fatiməni istəməyə gedəndə elə qapının ağzındaca pinəçi Camal var gücü ilə “Gedin vızqırdın burdan” – deyib, əsəbi şəkildə üstlərinə qışqırmışdı. Həmin gün babasının halı pisləşmiş, təzyiqi qalxmışdı. Mahmudun güvənəcəyi, etibar edəcəyi başqa adamı yox idi...
- Mahmud, o qızın başını burax. Pinəçi Camal sənə qız verəsi deyil...
- Bilirəm...
- Bilirsən, lap yaxşı, özünə bir iş tap, qismətinə də bir qız çıxacaq, Allah qoysa...
- İstəmirəm!
- Nə istəmirsən? Qız, yoxsa iş?
- İkisini də...
- Düzəlmədin də...
Xaliq baba öləndə heç kim ağlamırdı, çoxu Mahmudun halına yanırdı. Kənddə hamı bilirdi ki, Mahmudun bir ümid yeri varsa, o da Xaliq babasıdır. İndi o da yoxdu. Mahmudun bəxti əvvəldən gətirməyib. Bəxti gətirsəydi, yetim olmazdı...
- Belə davam edə bilməz...
- Səni qaçıra bilmərəm...
- Niyə? Kişiliyin çatmır?
- Kişiliyin bura nə dəxli var...
- Onda niyə?
- Fatimə, bəlkə atan yola gələr, başa düşər bizi?
- Heç vaxt... Atamı tanıyıram, yola gələn deyil...
- Yenə də ümidimizi itirməyək...
- Hansı ümiddən danışırsan, ay Mahmud?
- Bizi yaşadan ümiddən...
- Eh, qorxuram o ümid bizim axırımıza çıxa...
- ....
Fatimə Mahmudu sevirdi. Bu sevgi onun yeddi ilini almışdı. Mahmudun isə bir ömrünü... Son vaxtlar Mahmudun ümidləri perik düşmüşdü. Pinəçi Camalın yola gəlməyəcəyini anlamışdı. Fatimə ilə sonuncu görüşündə bu barədə fikirlərini açıq deyib, məsələnin nə yerdə olduğunu bildirmişdi. Mahmud ölən ümidlərinin Fatimənin göz yaşlarında əks olunduğu gecəni unuda bilmirdi... Həmin gecə ölən ümidlərin qırxı çıxmamış Fatimə qonşu kənddə dərzi işləyən Bilala ərə getdi. Mahmud bu xəbəri gülüşlə qarşılamışdı. Kənardan baxan, vəziyyətdən xəbəri olmayan adam elə düşünərdi ki, yəqin, dəli olub. Sevdiyin qızın başqasına ərə getməsinə axı necə gülmək olar? Bu lap axmaqlıdır ki... Ancaq Mahmudun gülüşü, onun faciəsinin ağrısı, lap elə doğum sancısı kimi bir şey idi...
- Sənə dedim axı, o qızdan uzaq dur!
- Hansı qızdan?
- Özünü gicliyə vurma! Səy köpəkoğlu!
- Xahiş edirəm, bir az nəzakətli olaq!
- Əəə, dur, buna bax! Nəzakət kimdi ə?
- Yeni sevgilim... Hihihi... Tanış edim?
- Vallah sənin başın qaçıb.
- Hahaha...
Guya Fatimənin öz həyatı alındı? Alınmadı. Olmadı, yarımadı, yaramadı... “Bundan arvad olmaz...” - qayınatasının bu sözləri rahatlıq vermirdi ona. Yaşamağa, sevinməyə, xoşbəxt olmağa qoymadılar. Bütün fikri-zikri uşaq doğmaqda oldu: bircə oğlum olsun, heç nə istəmirəm, yeddi il dalbadal qurban demişəm... Görəsən, Mahmudun ahımı tutdu məni? Yox, o mənim pisliyimi istəməz. Heç vaxt.
Mahmudun atası gecənin birində qəfil ürəktutmasından öldü. Bu Mahmudun kefini pozmasa da, kiçik qardaşına görə üzülürdü. Atası ilə olan münasibətləri elə bir həddə çatmışdı ki, bir gün ya o atasını, ya da atası onu öldürəcəkdi. Bu mənada Mahmudun ilk dəfə idi bəxti gətirirdi. Ən azından ata qatili olmaqdan xilas ola bilmişdi...
“Hamısı o oğraş kopoyoğlunun işidi, bilirəm! Onun ahı öldürüb kişini!” - qəssab Kamran ağzı köpüklənə-köpüklənə deyinir, hirsindən dodaqlarını gəmirirdi. Mahmud evdən çölə çıxmağa cürət etmir, bütün günü damın altında oturub, radioya qulaq asırdı. Sevirdi radionu, köhnə radiosu indi onun ən yaxın dostu, sirdaşı idi. “Bəlkə də inanmayacaqsınız. Həmin gün ürəyimə dammışdı atamın öləcəyi. Hə, vallah! Çünki içimdə bir rahatlıq, bir yüngüllük hiss edirdim. Adətən belə olanda mənim tanıdığım adamlardan kimsə ya ölür, ya da ölümcül halda xəstəxanaya aparılır. Hə, vallah! Sınamışam. Qonşumuz Xuraman xalanı deyim. İki həftə əvvəl özümü yenə rahat, yüngül hiss edirdim. Həmin gün yazıq arvad yemək yeyəndə tikə boğazında qalıb öldü. Bilirəm, inanmayacaqsınız. Amma elədi. Vallah, elədi...”
Mahmud tez-tez qəbiristanlığa gedir, anasının məzarına baş çəkirdi. Bəzən saatlarla məzarın yanında oturar, anası ilə söhbət edərdi. Bu dəfə isə danışmağa yeni mövzu ilə gəlmişdi qəbiristanlığa: “Ana, atam yanına gəldimi?! İndi ona ürək sözlərini deyə bilərsən... Soruş gör, məni niyə incitdi? Nə istədi axı məndən? Niyə sevmədi məni? Bəlkə sənə deyə. Mənə heç vaxt demədi... Hə, bir də soruş səni çox sevirdi, yoxsa ikinci arvadını? Nəsə mən bir qərara gələ bilmədim. Bir az onu çox sevdiyini hiss edirdim. Hər halda özü sənə deyəcək... Məndən narahat olma. Daha ancaq sevdiklərim ölmür, indi sevmədiklərim də ölür. Əvvəl elə bilirdim ki, ancaq sevdiklərim ölür, indi başa düşdüm ki, sevmədiklərim də ölə bilirmiş. Məsələn, atam. Düzdü, o da məni sevmirdi, bəlkə də, qəlbinin dərinliklərində bir sevgisi var idi, ancaq mən onu görmədim. Sən gördünsə, heç kimə danışma, nə vaxt mən gəlsəm, onda danışarsan mənə. Bilirəm, bunu mənə özü deməyəcək... Tərs adam idi, orda da tərslik eləsə, vecinə alma. Boş ver. Gedib, orda da səni narahat etməsə yaxşıdı... Bilirsən, indi də onun dərdini çəkirəm ki, gedib orda səni incidər. Yoxsa, yox? İncitməz? Bəlkə də... Sən çoxdan oralardasan, bir yolunu taparsan əgər səni incitsə... Nə bilim”...
Axırıncı dəfə onun üzünü görəndə hələ babası sağ idi. Mahmud pinəçi Camalı görən kimi qaş-qabağını töküb, it sifətini aldı. Bir anlıq ona elə gəldi ki, babasını o öldürüb. Eyhamlarını, atmacalarını, qışqırmağını həmişə Fatiməyə görə keçirdisə, bu dəfə elə bir məcburiyyəti yox idi.
- Niyə babamı söydün?
- İndi yadına düşüb? Sürüş burdan, gül ağzımı açma.
- Ay əclaf, vermirdin bunu adam balası kimi deyə bilmirdin? Gərək xoruz kimi banlayardın?
- Nə deyirsən? Əlimdə ölmək istəyirsən deyəsən...
- Hihihi. Xoruz kimi banlayan Camal. Hihihi...
- Gic. Sənə qoşulan elə sənin kimi olar...
- Xoruz, xoruz. Bundan sonra sənin adın oldu Xoruz Camal. Hihihi...
Bir aydan sonra pinəçi Camal yatağa düşdü. Əvvəlcə ayaqları şişdi, sonra gözləri tutuldu. Kənddə şaiyə gəzirdi ki, bu Mahmudun işidir. Hamı inanırdı ki, Mahmudun ahı onu incidənləri tutur və öldürür. Belə çıxırdı ki, hətta atası da onun ahının qurbanı olmuşdu. Buna Mahmud da inanmağa başlamışdı...
- Bircə Fatiməyə heç nə olmasın... Mən ondan incimirəm. Bir az küsmüşəm, düzdü, ancaq qəti incimirəm. Atası bir qəpiklik adam deyildi, ancaq qızın özü dəyərli idi mənim üçün. Elə indi də...
Pinəçi Camal öləndə bütün kənd qorxu içində Mahmudun ahı haqqında danışır, bu məsələnin gələcəkdə ağır fəsadlarının olacağını deyirdi. “Mahmudun ahı var” ifadəsi küçə-küçə, ev-ev dolaşır, qulaqlara qurğuşun şəklində çəkilirdi. Hamıdan çox Fatiməyə görə narahat olan Mahmud axırıncı xəbərlə çox sarsıldı. Xeyli müalicələrdən sonra yeddi aylıq hamilə olan Fatimənin körpəsi tələf olmuşdu. Bu xəbər Mahmudu bərk kədərləndirmişdi... Növbənin Fatimədə olduğunu ehtimal edən kənd camaatı çarənin Mahmudun ölümündə görməyə başlamışdı...
“Ana, tezliklə yanına gələcəm. Mənə görə sevdiklərim ölməyə başlayıb. Hərçənd sevdiklərim demək doğru deyil... İndi bir nəfər var, sənə danışmışam onun haqqında. Fatiməni deyirəm. Bir az küsmüşəm ondan, ancaq incimirəm. Görünür, ahım onu da tutub. Lənətə gələsi ahım. Hərdən elə fikirləşirəm ki, səni də mənim ahım öldürüb. Bəlkə məni uşaq vaxtı şuluqluğum, nə bilim, nadincliyim üstdə döyüb, incitmisən məni?! Bilmirəm. Ola bilər? Əgər elədisə, bağışla məni... Təki elə olmasın... Ana, yadındadı, şor qoğal bişirirdin. Küncütlü, bax o qoğaldan bişirərsən mənə. Səndən sonra heç kim elə qoğal bişirmədi, o dadı bir daha dadmadım... Atamın da xoşuna gəlirdi. Hə, hə, dəqiq xatırlayıram. Tezliklə görüşəcəyik. Bax, məni tanımaya bilərsən, böyümüşəm, balaca Mahmud deyiləm daha, düzdü, içimdə həmin Mahmuddu, ancaq görünüşcə dəyişmişəm... Nə isə... Görüşmək ümidi ilə...”
Qızmar Günəş əriməkdə idi. Bürküdən nəfəs almaq olmurdu. Dərzi Bilal köks ötürərək, “Belə havada ölmək olar?” - deyib, əsnədi. “Kim ölüb axı?” Fatimə həyəcanla yan otaqdan səsləndi. “Mahmud, rəhmətlik Əhmədin böyük oğlu. Özünü tövlədən asıb. Hələ bir cümləlik məktub da yazıb: “Daha sevdiklərim ölməyəcək”. İşə bir bax...” Bilal etinasız halda dillənib, öz-özünə zümzümə etməyə başladı. Araya sükut çökdü. Fatimə yan otaqda əllərini qoynuna sıxıb, göz yaşlarını gizlətmək üçün üzünü pəncərəyə tutmuşdu...