Koma - Cavad Salmanlı

Cavad Salmanlı

Cavad Salmanlı

23 noyabr 2021
# 12:03

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Cavad Salmanlının "Koma" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ətrafa qaranlıq çökdü. Bu qaranlıq mənə uşaq vaxtlarımda kəndimizdə gecə ulduzlara baxmaq üçün təpəyə dırmaşdığım günləri xatırladır. O zaman da kor-koranə təpəyə dırmaşmaq üçün asta addımlarla zülmət qaranlıqda üzü təpəyə tərəf gedərdim. Evdəkilərin isə mənim bu addımımdan heç zaman xəbərləri olmazdı. Təpənin başında uzanar, saatlarla ulduzlara baxıb xəyallar qurardım. Hər ulduz düşdüyündə sevinərək arzu tutardım. Ulduzları sayar, əksər vaxtlarda həmin sayı itirərdim.

Bir qədər sonra tuneldə olduğum məlum oldu. Tunelin digər ucunda bəmbəyaz işıq görünürdü. Yəqin ki, bu çıxış idi. İşığa doğru irəliləyirdim, amma nədənsə irəlilədikcə sanki işıq məndən uzaqlaşırdı. Nəhayət, işığa çatdım. Qaranlığı tərk edərək aydınlanmış bir otağa daxil oldum. Burda ağ sonsuzluqdan başqa heç nə yox idi. Hansı tərəfimə baxsam bəyaz pərdələr görürdüm. Yox, bunlar bulud idi. Bəlkə də pambıq. Ətraf getdikcə soyuyur, buludlar buzlaşmağa başlayırdı. Buludlar arasından tanış səs gəlir. Hə, dəqiq səs gəlir. Hər gün “səni sevirəm” sözlərini qulağıma pıçıldayan səs. İsti nəfəsini hələ də hiss edirəm. Bu Nəzrinin səsidi, amma səsi heç də xoşuma gəlmir. Qəmgin, biçarə, bəzən də ağlayır. Yox, o ağlaya bilməz. Evliliyimizdən bu yana onu ağladacaq, xətrinə dəyəcək heç bir səhv hərəkət etməmişəm. Bəlkə pis nəsə baş verib? Aman tanrım! Görəsən niyə ağlayır?

- Nəzrin, Nəzrin. Hardasan? Niyə ağlayırsan? Səsimə səs ver. Niyə mənə cavab vermirsən? Səni incidəcək nə etmişəm? Buza dönmüş buludlar anidən parçalanır. Səs buz xırçıltıları arasında yoxa çıxır. Mən isə boşluğa doğru düşürəm. Gözlərimi yumuram. Yəqin ki, bu sondur.

Möhkəm sıxdığım gözlərimi açanda heyrətlənirəm. Mən uçuram. Bu necə ola bilər axı? İnanılmazdı. İstiqamətimi dəyişirəm. Aşağıda yaşıllığa doğru istiqamət alıram. Yaşıllığa yaxınlaşdıqda ora anidən yoxa çıxır. Geriyə baxıram. Həmin yaşıllıq indi də mənim arxamda qaldı. Önümdə isə yeni möcüzə var. Göy qurşağı görünüşlü bir qapı. Qapının önündə iki yaşlı qadın dayanıb. Onlara yaxınlaşıram. Baxışları ilə məni salamlayırlar. Heç nə soruşmadan içəri daxil oluram. İçəridə çoxlu sayda qadın var. Yenə də Nəzrinin səsi gəlir. Bu dəfə sanki məni çağırır. Qadınların arasında Nəzrini axtarmağa başlayıram. Amma o yoxdur. Səs yenə də itir.

Anidən hər şey yoxa çıxır. Yenə də ağ buludlarla əhatələnmiş yerə qayıdıram. Başım çox ağrayır. Əsas da səs... Məni dəli edən səs. Neçə müddətdir ki, onu beynimdə hiss edirəm. Bu səs, saat saniyələri sayan əqrəb kimidir, amma daha kəskin və yüksək səslidir. Artıq Nəzrinin səsi gəlmir. Bəlkə də onu axtarmadığım üçün məndən inciyib. Aradabir orta yaşlı qadın səsi gəlir, o da dərhal yoxa çıxır. Deyəsən mən bu buludları hələ çox seyr etməli olacağam. Yox, belə olmaz. Mütləq bir çıxış yolu tapmalıyam. Bəlkə də Nəzrinin mənə ehtiyacı var, amma mən burda bekar oturub buludları izləyirəm.

Bilmirəm niyə, amma burada heç zaman gecə olmur. Qaranlıqdan çıxmağı çox istəmişdim. İndi isə qaranlıq üçün belə darıxıram. Yol kənarında köhnə sınmış oturacaqda əyləşirəm. Bəlkə aylardır ki, bu yolu gedirəm, amma tükənmək bilmir. Oturmağımın məqsədi yorğunluq deyil, düşünmək istəyirəm. Önümü qara buludlar alır. Bu zamana qədər belə hal ilk dəfədir ki, baş verir. Qorxu hissim yox olub. Mən buludlara doğru gedirəm. Ara-sıra buludların arasından görünən şimşək kəskinləşir. Qara buludlar məni əhatə edir. Şimşək vurur məni, yerə yıxılıram. Torpaq soyuq və qanlıdı. Əlimi başıma aparıram. Başım salamatdı. Ətrafdan qışqırıq səsləri yüksəlməyə başlayır. Ən yaxın səsə doğru gedirəm. Bu ki, mənim ən yaxın əsgər dostum Azərdi. Qolundan yaralanıb. Onu sakitləşdirməyə çalışıram. O isə mənə məhəl qoymur. Kitelinin qolundan bir parça cırıb yarasını sarıyıram. Çox qan itirib. Gözlərini mənə dikib. Nəsə demək istəyir. Gülümsəyirəm. “Narahat olma hər şey yaxşı olacaq” sözləri ilə onu sakitləşdirməyə çalışıram. O gülümsəyir. Dodaqlarını qulağıma doğru yaxınlaşdıraraq “məni bağışla” sözlərini deyir. Bədəni ağırlaşır. Göz yaşlarımı saxlaya bilmirəm. Onun qisasını mütləq almalıyam. Yanımdakı silahı götürürəm. Üstümüzə irəliləyən tanka doğru istiqamət alıram. Daraqdakı güllələr bitənə qədər tanka doğru atəş açıram. Güllələr sanki keçilməz şüşə qatına dəyərək yerə düşür. Güllə səsini qulağımın dibində hiss edirəm. Qaranlıq çökür.

Gözümü xəstəxanada açıram. İçəriyə sakit şəkildə daxil olan tibb bacısı heyrətlənir. Gözləri bərəlir. Həyəcanlı şəkildə “həkim..., həkim” deyə səslənir. İçəriyə bir neçə yaşlı, saçları ağarmış kişi həkimlər daxil olur. Nəbzimi yoxlayırlar. Heyrətlərini gizlədə bilmirlər. “Həyata qayıtmağın münasibəti ilə səni təbrik edirik, sən artıq bizimləsən” sözlərini deyib mənə iynə vururlar. Yuxuya gedirəm.

Yenə də gözümü müharibə mərkəzində açıram. Yaralılara kömək etmək üçün onlar tərəfə gedirəm. Azər əlində silahı düşmənə tuşlanmış şəkildə gözləyir. Qarşı tərəfdən atılan güllə onun qoluna dəyir. Ona kömək etmək üçün var gücümlə onun istiqamətinə qaçıram. Azər yoxa çıxır. Gözlərimi yumuram. Azər mənim qollarımın arasında peydə olur. O artıq ölüb. Nəzrinin səsi gəlir. Bu dəfə sevinclidir səsi. Silahı götürüb düşmənə doğru qaçıram. Qulağımda güllə səsi hiss edirəm. Qaranlıq çökür.

Gözlərimi açıram. Nəzrin başımın üstündə dayanıb. Əllərimi var gücü ilə sıxır. Əlləri nəmlidi. Gözləri gülür. Gözümlə onu salamlayıram. Gözümü istiqamətini dəyişdirirəm. Anam qucağında körpə qızla dayanıb. Bu sənin qızındır deyir. Gülürəm. Hər şey anidən gözlərimin önündə film kimi keçir. Divardakı təqvim mənim 3 il yatdığıma işarə edir. Müharibəni xatırlayıram və müharibə zamanı başımdan aldığım güllə yarası yadıma düşür. Mən sağam, mən yaşayıram. 3 illik yuxudan sonra həyata dönmüşəm. Bu müddət ərzində etdiyim səyahətin əksəriyyətinin real olduğunu anlayıram. Nəzrin hər zaman başımın üstündə duraraq məni ağlayaraq həyata səsləyib, mən ona cavab verməsəm belə. Məni dəli edən səs isə mənim ürək döyüntülərimi qeydə alan cihaz olduğu məlum olur. Bir həqiqət də var. Artıq ən yaxın dostum Azər yoxdur. Mən isə ömrümün sonuna qədər aldığım zədəyə görə danışıq qabiliyyətimi itirmişəm.

# 2589 dəfə oxunub

Müəllifin son yazıları

# # #