Kitab qoxulu dostum - Sülhiyyə Şirinovanın hekayəsi

Kitab qoxulu dostum - Sülhiyyə Şirinovanın hekayəsi
6 may 2024
# 16:30

Kulis.az Sülhiyyə Şirinovanın "Kitab qoxulu dostum" hekayəsini təqdim edir.

İllərdir açmadığım qapını ehmalca itələyib içəri girdim. Burnuma tanış qoxu doldu - köhnə kitab qoxusu. Daha doğrusu, Nərminənin qoxusu. O vaxt mən bu qoxunun adını belə qoymuşdum. Yeddi ildən sonra mən onu - sevimli dostumu görəcəkdim - ömrüm boyu tanıdığım ən mərhəmətli, zərif və sevgi dolu dostumu. Həyəcanlıydım, sevincliydim..
Bir az irəlidə kitab rəfini səliqəyə salan gənc qıza yaxınlaşdım:

- Salam. Nərminə xanım işdədirmi?

Qız əlindəki kitabı rəfə qoyub üzünü mənə çevirdi:

-Kim?

Sualımı təkrarlayıram.

- Bizdə Nərminə adlı əməkdaş yoxdur. Mən 1 ildən çoxdu burdayam, elə işçi olmayıb bizdə.

- Bağışlayın, mən Nərminə xanımı burda sonuncu dəfə 6-7 il öncə görmüşdüm. Bəs köhnə əməkdaşlardan kimsə qalıbmı?

Gənc qız bir neçə saniyə düşünüb əli ilə astananın sağ tərəfini göstərdi:

- Müdirimiz Kəmalə xanım bilər, o, burda çoxdan işləyir.

Müdirin otağına tərəf getdim. Qapını taqqıldadıb içəri keçdim. 55-60 yaşlarda, səliqəli geyinmiş, eynəkli qadın mənim gəlişimə gözlərini qarşısındakı kitabdan ayırdı. Salamlaşıb yenə onu soruşdum. Eynəyini çıxarıb təəccüb və məyusluqla mənə baxdı. Üzünün ifadəsindən tədirgin oldum. Qarşıda yer göstərdi:

- Nərminə xanımın nəyisiniz?

- Dostu... Çox yaxın idik... Bura bir vaxtlar tez-tez gəlirdim - onu görməyə. Sonuncu dəfə 7 il öncə görüşdük. Sonra iş yerimi başqa şəhərə dəyişdim, bura uzaq olduğu və müəyyən qayğılarım çıxdığı üçün gəlib onu görə bilmədim.

Hiss edirdim ki son cümləni “dostum” dediyim şəxsi illərdir görməməyimə, xəbərsiz qalmağıma haqq qazandırmaq üçün deyirəm. Çünki müdirin üzündəki kədər nəsə yaxşı xəbər deməyəcəyinin nişanəsi idi.

- ... Nərminə xanımı itirdik. Mənim zərif Nərminəm, elə kəpənək kimi uçub getdi. 5 il oldu...

Müdirin səsi titrədi. Stolun üstündəki kağız dəsmalı götürdü. Qulağımda dərin bir uğultu yarandı. Beynim eşitdiyi xəbəri qəbullanmaqda çətinlik çəkirdi.

- Niyə? Necə axııı?!.

Sözlərimin arasında rabitə itsə də, Kəmalə xanım indiki halda nəyi soruşa biləcəyimi anladı:

- Xərcəngdən getdi. - Qadın xəstəliyi... Ömrünü qardaşının, bacısnın balalarına həsr elədi. Ailə də qurmadı...

Gözüm dolmuşdu, tək olsam, ucadan hönkürərdim. Qəhər boğazıma tıxanmışdı. Sadəcə, otaqdan çıxmaq, başdan-ayağa Nərminə qoxan bu yeri tərk etmək istəyirdim. Sağollaşıb çıxdım. Kitabxananın qarşısındakı parkda oturdum. İlk görüşümüzü xatırlamağa çalışdım. Köhnə iş yoldaşımın qohumu idi. Kitabxanaya kitab götürmək üçün gələndə bizi tanış etmişdi. 40 yaşlarında, bəstəboylu, əllərinin üstündə bütün damarları sayılacaq qədər arıq, qaraşın qadın idi. Sonralar görüşəndə gülə-gülə deyirdi ki, mən kəndimizdə ağappaq qız idim e, qaçqınlığın ilk illərində İmişlinin düzündəki çadırlarda qaraldım. İlk baxışdan qadın kimi gözəl təsir bağışlamazdı bəlkə, amma onu tanıdıqca, sevgi dolu gözəl ürəyinə, xeyirxahlığına bələd olduqca gözümdə dünyanın ən gözəl qadınına çevrildi.

Elə qısa müddətdə dostlaşdıq ki, elə bil yüz ilin doğmasıydıq. Bakıda məskunlaşandan bu kitabxanada işləyirdi. Burdakı köhnə kitabların qoxusu çökmüşdü üstünə. Hər dəfə onu görməyə gələndə qucaqlaşıb görüşəndə saçlarına hopmuş köhnə kitab qoxusu uzun müddət burnumdan getməzdi... Elə xoşum gəlirdi bu qoxudan... O mənə “ruh əkizim” deyirdi, mən ona “kitab dostum”. Aramızda 18 yaş fərq olsa da, tay-tuş kimi dərdləşirdik. Öncə “Nərminə xanım” deyə müraciət edirdim, sonra xahiş etdi, eləcə adını deyim.

Onun işlədiyi kitabxana yolumun üstündəydi. Mümkün olanda işdən 15-20 dəqiqə tez çıxırdım ki, yolüstü ziyarət edim. Bəzən isə naharda hərəmizə bir kişmişli bulka alıb gedərdim iş yerinə, o çay süzərdi və bütün nahar saatını söhbətləşərdik. Onunla danışanda, elə bil kitab oxuyurdum. Kitabxanadakı əksər kitabları oxumuşdu və bizim söhbətlərimiz mənə də o yazarları, qəhrəmanları doğmalaşdırırdı.

Gəncliyi müharibə, işğal dövrünə düşən əksər gənc qızlar kimi ailə qurmaq fürsəti olmamışdı. 22 yaşından didərgin düşdüyü torpağından sonra müvəqqəti məskunlaşma yerlərini dəyişə-dəyişə, bir də görmüşdü yaşı 40-ı keçib... "Ta bu yaşdan sonra neyləyirəm ərə getməyi? - Bacımın, qardaşımın uşaqları elə mənim babalarımdı də" - deyirdi. Deyirdi "Kəndimiz işğal olunmasaydı, Qaçayla evlənəcəkdim". Qaçaydan tez-tez danışırdıq - "o dərədə heç kimin atı onun kimi şahə qaldıra bilmədiyi" və əlbəttə, Nərminəni çox sevən Qaçaydan... Deyirdi, Qaçay kəndimizin ən qəşəng oğlanıydı. Təhsil almasa da çox fərasətliydi, kəndin bütün qızları ondan ötrü ölürdü. Amma Qaçay kəndin ən çəlimsiz, anasının sözü ilə desək, “ən, ən çirkin” qızını sevmişdi. Özü də elə çox sevmişdi, bu dünyada varı-yoxu olan bircə anasına belə qarşı gəlmişdi. Anasına demişdi, Nərminə sənin gəlinin olacaq, vəssalam! Gülbəs xala da kənd məclislərində neçə dəfə qızın qulağı eşidə-eşidə deyibmiş ki, ellər yaraşığı, lay divar oğlum gör gedib kimi seçdi...

Qaçay Nərminə ilə bir sinifdə oxuyub. Elə aşağı sinifdən onu sevirmiş. O isə həmişə deyirmiş, mən universitet oxuyacam. Universiteti bitirib qayıdanda, Qaçay incik-incik soruşub ki mən inistitut oxumamışam, yəqin məni bəyənməzsən, hə? Qız da qayıdıb ki, bəs sən niyə kəndin ən çirkin qızını bəyəndin? uzun sözün qısası, beləliklə, anasının könlü olmasa da, Qaçay elçilərini Nərminəgilə göndərir.

Bütün xoş nağıllarda Div sevgililəri ayırdığı kimi, bu nağılın da Qara Divi müharibə olur. İgid, yaraşıqlı Qaçay öz atı ilə birgə könüllü döyüşə gedir. Vida görüşündə sevdiyinin əlindən tutub “mənə bir şey olsa, ailə qurarsan, amma oğluna mənim adımı qoyarsan” - deyib, atını dördnala çapıb odun-alovun içinə atılır... Çox keçmir, “Div”in ordusu Nərminənin, Qaçayın kəndini yağmalayır. Gənc qız Qaçayın şəhid xəbərini İmişlidəki çadır şəhərciyində alır. Biz hər dəfə Qaçayı xatırlayanda, Nərminə deyirdi, bilirsən, necə yaraşıqılıydı. Atı dördnala çapanda elə bilirdin əfsanələr gerçək olub, indicə qədim zamanlardan silkinib, çıxıb.

Bütün bu itkilər, həyatındakı çətinliklər dostumu bir damcı da sərtləşdirməmişdi. Mehriban, şəfqətli idi. Kitabxanaya gələn hər kəsə əlindən gələn köməyi edirdi. Amma bir nəfərə xüsusi diqqətini hiss etmişdim. Bu, mənim də qiyabi tanıdığım gənc siyasətçi idi.

Yaşılaçalan, nüfuzedici baxışları olan siyasətçi kitabxanaya tez-tez gəlirdi. Onu görəndə Nərminənin necə həyəcanlandığını hiss edirdim. Çalışırdı, onun kitab sifarişlərini özü həll etsin. Bəzən başı digər oxuculara qarışanda, o siyasətçi də açıq-aşkar şikayətlənirdi: “Nərminə xanım, heç mən tərəfə baxmırsınız e”... Bunu eşidəndə dostumun necə xoşbəxt olduğunu görürdüm. Tez gülümsəyə-gülümsəyə oğlana yaxınlaşırdı. Hətta siyasətçiyə öz stəkanında çay verirdi. Oğlan da gələndə Nərminəyə minnətdarlıq ifadəsi olaraq şokolad alıb gətirirdi. Qıraqdan onların davranışını müşahidə etməyi xoşlayırdım.

Bir dəfə zarafatla dedim, bu şokoladın sonu nişan xonçasıyla bitəcək. Gülümsəyərək soruşdu ki səncə o məni sevər, axı həm çox yaraşıqlıdı, həm də məndən 5-6 yaş kiçikdi. Mən də yarızarafat, yarıgerçək cavab verdim: “Qaçaydan ki yaraşıqlı deyil. Qaçaya kəndin ən gözəl qızlarını qoyub səni sevdirən səbəb, bu siyasətçini də dizə gətirər. Bu gözəl qəlbi, bu səmimiyyəti, zərifliyi necə sevməmək olar”? Bir az hüznlə dedi: “Nə bilim... Lap sevsə də, bu yaşdan sonra, aramızdakı bu görünüş, yaş fərqi ilə onunla necə evlənərəm”? Mənim Nərminəm 42 yaşında aşiq olmuşdu və elə gözəl, elə saf sevirdi, mən onun sevgisinə vurulmuşdum. Bəlkə də heç vaxt qarşılığı olmayacaq, sevilənin xəbərsiz olduğu bu tutqu, qısqanclıq, naz dostuma çox yaraşırdı.

İş elə gətirdi, 2 aya yaxın kitabxanaya gedə bilmədim. Bu müddətdən sonra gedəndə onu kədərli gördüm. Dedi, o gənc siyasətçi daha kitab oxumağa gəlmir. Vidalaşmadan, səssiz-səmirsiz çıxıb gedib. Bəlkə, onun sevgisini hiss edib qorxmuşdu, bəlkə, qadının ona bağlanmasını istəməmişdi, qarşılıq verə bilməyəcəyindən çəkinmişdi, nə bilim?.. Səbəbini heç vaxt bilmədik. Nərminəm kədərli halda dedi ki, Qaçaydan sonra kimə qarşı marağım olub, mənə kimlərinsə hissi olubsa, bax beləcə yarımçıq bitib. Yəqin onun ruhu hələ də mənim çevrəmdədi, razı deyil mən kiminləsə ailə qurum.

Mən nə qədər başını qatmağa çalışsam da, aylarla o siyasətçini unuda bilmədi. Üzü bir qədər də məhzunlaşdı...

Yeni işim başqa şəhərdə olduğu üçün neçə il o kitabxanaya gedə bilmədim; bu azmış kimi, telefonumu da itirmişdim, onun nömrəsini tapmaq da mümkünsüz olmuşdu. Yeddi il sonra isə dostumu görməyə gələrkən ölüm xəbərini aldım. Mənim kəpənək kimi zərif, xeyirxah Nərminəm bu dünyanı tərk etmişdi. Özü də çox ağır, zalım xəstəlik səbəbindən. Həyatın onun qarşısına çıxardığı amma həmişə son anda əlindən aldığı qadın səadətini yaşamadan, qadın olmadan, saf, bakirə sevgisi kimi bakirə cismi ilə bu amansız dünyaya vida etmişdi.

Səni heç vaxt unutmayacağam, sevgili dostum!

# 1846 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #