Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi
6 dekabr 2024
# 10:59

Kulis.az Həcər Paşayevanın "Kişi, qadın və tüfəng" hekayəsini təqdim edir.

Cığırla enib daşların arasından qaynayaraq çayın lil suyuna qarışmadan bir qıraqla axan bulağa yaxınlaşdı. Əl-üzünü yudu, bir-iki ovuc içdi. Əllərinin suyunu şalvarının yanlarına çəkib siqaret çıxardı, yandırıb damağına qoydu. Kanistri bulağa söykəyib acı tüstünü dalbadal ciyərlərinə çəkərək özü-özünə:

– Nankor qadın... Nankor qadın, sənin nəyin çatmırdı, nəyin axı? Qardaşım o şəkilləri çəkib göndərməsəydi, bundan sonra neçə il məni aldadacaqdın? Hər şey axarıynan gedirdi. Sakitcə yaşayırdıq. Hələ məhkəmədə mənə ürəyi yanır: “Qanunla bir şey istəməyə haqqım yox, hər şey onda qalsın”. Tüpürüm sənə də, sənin mərhəmətinə də. Burda nə işim vardı axı? Başımı götürüb çıxdım şəhərdən, - deyə pıçıldayırdı.

Altı aydan çoxdu, bu böyüklükdə dünyada özünə yer tapmırdı. Ayağının altından yer qaçmışdı. Atasının sözləri yadına düşəndə əzabları bir az səngiyirdi: “Oğlum, şəhər sizi uddu. Burda ruhunuz azır, özünüzü itirir, əriyib gedirsiniz. Bir ağır günün olanda dağlara get. Qanınızda-canınızda o dağların babalarınızdan gəlmə min illik genetik kodu gizli qalıb. Dağlar məlhəmdir, oğlum, ruhun, cismin məlhəmi”. O da ofisində işlədiyi geoloji kəşfiyyat idarəsinin briqadasına qoşulub ulu babalarının yurduna gəldi. Burda da sıxılır, qüssədən canını qurtara bilmirdi. Əvvəlcə briqada üzvləri ilə qazıntı işləri aparırdı. Hirsini-hikkəsini canından çıxararaq dincəlmədən işləyir, az da olsa, fikri dağılır, gecə də daş kimi düşüb yatırdı. Bu da olmadı: əlləri ağır işə alışıq olmadığından tez qabarladı, bir neçə yerdən dərin suluq atdı. Buna görə yarası sağalanacan mətbəx işlərinə baxmağa məcbur oldu.

...Başını qaldıranda beş addımlıqda dayanıb ona təəccüblə, mat-mat baxan qadını gördü. Görünür, qadın ilk dəfəydi, burada bu yerlərin adamına oxşamayan yad birini görmüşdü. Kanistr dolmuş, su axıb gedirdi. Götürüb ağzını bağladı. İkinci kanistri əlində saxlayıb qadının səhəngi doldurması üçün başı ilə işarə etdi. Qadın söz boğazına tıxıla-tıxıla:

– Zəhmət çəkməyin, siz bitirin, gözlərəm, - dedi.

Kişi bir kənara çəkilib inadla gözlədi. Qadın əyilib səhəngini bulağa söykəyəndə nazik donunun altından bədəninin bütün cizgiləri özünü büruzə verdi. Mükəmməl bir bədən idi. Ani baxışla bunu tuta bildi. Hər kəs qabını doldurub əks istiqamətə gedən cığırla geri qayıtdı.

Qadının üzünü yadında saxlamamışdı, amma bədən bütün gecəni gözü önündən getmədi.

Bundan sonra hər gün eyni vaxtda bulağa gəlməyə başladılar. Qadın əvvəlcə elə düşünürdü ki, deyəsən, kişi bütün günü su daşıyır. Sonra bulağa gündə bir dəfə gəldiyini biləndə fikirləşdi, yəqin, qarşı təpədən onu güdür. Lakin bu, o qədər uyğunlu, telepatik bir hal aldı ki, şübhəyə yer qalmadı. Hər dəfə bulağa gələndə qorxurdu, birdən kişi orda olmaz...

... Yamacdan dərəyə enən cığırın başında dayanıb baxdı. Qadın qarşı təpədəki cığırda çiynində səhəng göründü. Heç vaxt hiss etmədiyi həyəcanlı, şipşirin hiss vücudunu sardı. O, bu qadından nə gözləyirdi, nə istəyirdi? İtin quduran yerində bir kənd qadınının mehrinəmi sığınmışdı, ya nəydi onu bu qədər silkələyib yerindən oynadan duyğular? Bunları ayırd etmək, sonranı düşünmək istəmirdi. Sadəcə bu vəziyyət onu məmnun edir, aldığı ağır zərbənin ağrısını azaldırdı. Hər gün elə bil kimsə qadının bir azdan bulağa enəcəyi xəbərini verirdi. Onunla eyni vaxtda dərəyə enər, beş-altı dəqiqə ayaqüstü dərdləşər, kanistrləri doldurub geri qayıdardı. Bu gün günortadan sonra gəlmişdi. Yemək bitənə qədər içi əsə-əsə, həyəcanla qadını düşünmüş, bulağa gəlib onu görmədən qayıdacağından qorxmuşdu. Nahardan sonra yoldaşları çadırı tərk etmiş, o da tüfəngi götürüb bulağa tərəf qaçmışdı. Bu yaşınacan bu qədər həyəcan keçirdiyi, kiminsə haqqında bu cür əlahiddə dadlı duyğularla düşündüyü olmamışdı...

...Bir gözü qadında aşağı enib bulağın yanını kəsdirdi. İlk dəfəydi, qadın onu görəndə xəfifcə gülümsədi:

– Bu gün gec gəldim, amma siz yenə burdasız. Bəs qablarınız hanı? Suyu nə ilə aparacaqsınız? – deyə soruşdu, sonra çiynindəki tüfəngə işarə ilə, – Deyəsən, ova gedəcəksiz,– dedi.

Kişi yaxınlaşaıb səhəngdən yapışdı. Qadın qızardısa da, aralanmadı, kişinin səhəngi götürməsi üçün böyrü üstə azca əyildi. Kişi səhəngi alıb bulağa söykədi.

– Qoçaq xanımsız, bu ağırlıqda səhəngi yoxuşu qaldırmaq çətin deyilmi? Özünüz də belə cansız-çəlimsiz, – deyib qadına nəzər saldı. Qadın yenə qızardı. Onun belə qızarması kişini məmnun edirdi.

– Çətin deyil, vərdiş etmişəm. Fitnə kimi. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında var ha, onu deyirəm,– hər görüşəndə qadın ədəbiyyatdan gətrdiyi misallarla kiini təəccübləndirirdi, –biz elə uşaq vaxtından əziyyətə öyrəncəli oluruq. Kənd yerində doğulmaq uşaqlığının üstündən qara bir xətt çəkmək deməkdir. Çoxumuz nə oynamaq görərik, nə əyləncə. Qoyun-quzu dalınca qaçar, bostan işlərinə buyurarlar, meşədən odun daşı, qurudub satmaq, lavaşa üçün mer-meyvə yığ .. Nə bilim e, çətindir bu yerlərdə yaşamaq, əfəndim.

Əfəndim - bu söz kişini lap təəccübləndirdi. Dağlar, bulaq, qadının arıq, çəlimsiz görkəmi – hər şey donunu dəyişdi. Əfəndim ha...

– Hə, görürəm, burda çətindir... Heç olmasa bulağı çəkib kəndin içinə aparmaq olmazdımı? – deyə kişi soruşdu, sonra gülümsəyib, – Aha, deyin, bəs onda sizi necə görəcəkdim?

Qadın birdən ayıldı, tutuldu. Nə müddətdi, yad adamla görüşüb danışmağın günahını indi dərk etdi elə bil. Kişi sözü dəyişib onun fikrini yayındırmaq istədi:

– Arada söhbətlərinizdən necə yaşamağınızı tutmuşam. Ancaq özünüzdən az danışmısınız.

– Aha, necə yaşadığımızı demişəm? Söz sözü çəkir də, ağzımı boş qoyub danışıram. Evdə danışmağa anamdan başqa, bir adam yoxdur axı. O da söhbət etməyi sevmir.

Kişi qısa söhbətlərdən tutduğu məqamları sadalamağa başladı, sonra:

– Ata evinizdən, şəxsi həyatınızdan, bəlkə, danışasız,- deyib o da fikrə getdi. Qadından şəxsi həyatını danışmasını istəmişdi. Öz şəxsi həyatı isə yox idi, talan olmuş, darmadağın olmuşdu. Bunun ağırlığı yenə üstünə çökdü.

Qadın dolmuş səhəngi götürüb bir qırağa qoydu. Tıxancı sıxıb səhəngin ağzına basdı, belini dikəldib dərindən nəfəs aldı. Nəzərlərini uzaqlara dikib:

– Dədəm evi qonaq-qaralı, get-gəlliydi. Ağır külfət, bu qədər adamın yeməyi, yır-yığışı.. Mal-heyvan, bostan işi də üstəlik. Əh, nə bilim e.. Gözümü açandan elə qarğaşadayam, – dedi.

Qadın su ilə əlləşməkdən dərisi büzüşmüş əllərini hovxurub qoltuğuna soxdu, altdan yuxarı kişinin saqqal basmış üzünə baxıb nəzərlərini tutmağa çalışdı. Onun fikri uzaqdaydı, qadının başı üzərindən min il əvvələ dikilmişdi. Qadın mızıldandı:

– Deyəsən, sizi maşqul etdim. Gedim daha. Arvad yıxılıb eləyər, qalaram zülmdə.

Kişi birdən ayıldı:

– Qardaş-bacıların harda olurlar? Onlar niyə baxmırlar analarına? Axı işləmirsən, bəs necə dolanırsız? – deyə soruşdu.

– Qardaşlarımın ikisi də Bakıdadır. Birinin evinə getmişəm bir dəfə. İkimərtəbəli, geniş həyətli evdir. Anamı yayda aparırlar. Bir həftə ancaq qalır, qayıdır üzübəri. Deyir, orda asuda olmuram. Şəhər evində qala bilmir arvad. Heç gəlinlər də baxmaz. Dolanmağa da ki, anam pensiya alır. Qardaşlarım da hərdən yadlarına düşəndə puldan-paradan göndərirlər. Kəndin qız-qadınına paltar da tikirəm, – deyəndə qadın əynindəki donu sığalladı, –ərzaq, pul verirlər, çak-çuk edirəm də arada... Bacılarımın da ikisi Bakıda olur, biri də ailəsiylə köçdü Almaniyaya. Vəssalam, ta yenə bir sorğunuz varmı? – deyə qadın gülümsədi. Onu sorğu-suala çəkən adama qarnının hər dərdini niyə deyirdi, özü də bilmirdi.

Kişinin nəzərlərinin tez-tez yayınıb uzaqlara dikilməsi, gərginliyi qadını da gərgin vəziyyətdə saxlamışdı. Nə gedə, nə qala bilirdi. Əlini atıb səhəngi götürmək istədi.

Kişi fikirdən ayılıb sualının ardını gətirdi:

– Bəs oğlun, o, harda olur? O günü ağzından qaçırdın, oğlunun olmağını onda bildim.

Qadın diksindi. “Oğlun” sözünün deyilməyi ilə gözündə gilələnən yaşın yanağı aşağı süzülməsi bir oldu. O, oğlundan söhbət salınmasını istəmirdi. İstəmirdi, kimsə oğlunu soruşsun, yaddaşında daşlaşıb, buzlaşıb qalmış nisgilini diksindirsin, oğul nankorluğundan qapqara qaralmış ruhunun hisinə əl çəksin, ürəyində heç kimə deyə bilmədiyi sözlərin düyününü açsın. Qadın yarıqalxmış səhəngin qulpundan əlini çəkdi. Dik qalxdı, dərindən ah çəkib gözlərini bir dəfə bərk qırpdı. Yanağındakı yaşı əlinin dalı ilə silib bir kənarda böyrü üstə yıxılmış palıd kötüyünün üstündə əyləşdi. Uzun illərdi, içində qalıb düyün bağlayan nisgilləri çözülməyə bənd imiş. Qarşısı kəsilmiş gölün bəndində şırnaq açılmışdı:

– Elə bil dünyaya əzab çəkmək, hamıdan nankorluq görmək üçün gəldim. Giley eləmirəm e, ancaq taleyə mat-məəttəl qalmışam. Dedim axı məndən sonra anamın beş uşağı oldu. Hamısını mənə saxlatdı. Dərsə getməyə ancaq vaxt tapırdım. Uşaqlar məhlədə oynamağa çıxanda mən evdə o uşaqların səsini eşidə-eşidə körpələrə layla çaldım, bələyini dəyişdim, yeməyini yedirtdim. Çimizdirdim, paltarlarını yuyub suya çəkdim. Bir az böyüyəndən sonra evin bütün işlərini basdı belimə. Bir qırıqlığımdan eşşək kimi işləyirdim, ancaq bir xoş sifətini, mehribanlığını, can deməyini görmədim. Əzrayıl kimi cumurdu üstümə, qorxudan az qala, özümü batırırdım. Ali məktəbdə oxumağa da işdən imkan olmadı. Hazırlaşa bilsəydim, mütləq bir instituta girə bilərdim. On səkkiz yaşımacan dözdüm, sonra ərə getdim. Getməz olaydım. Ağəli dəlinin biriymiş. Buynuzu sonra çıxdı. Adi şeyləri bəhanə edib məni döyüb öldürürdü. İçəndə lap dəliyə dönürdü. Toyda içib biriylə dalaşdı. O da bunu vurub öldürdü, özü də getdi türməyə. Ərimdən sonra qaynanamı da saxladım. Altını-üstünü dəyişdim, çimizdirdim. Onun da xoş rəftarı yoxuydu, axşamacan söyürdü. Günümü göy əskiyə düymüşdü. Qonşular deyirdi, əziyyətini çəkir, niyə söyürsən. Deyirdi, gəlini söyərlər də. Yaxşı ki, tez öldü, yoxsa yüz il qala, qoymazdı, anamı saxlayam, qoparağını götürərdi, - deyib zolağı qurumuş, ucu yanağında şüşə kimi düyünlənmiş göz yaşını sildi, nəzərlərini uzaqlara dikib davam etdi:

– Hə, atası öləndə oğlumun üç yaşı varıydı. Canımı oda yaxdım, yemədim, yedirtdim, geymədim, geydirdim. Dedim, qoy yetimliyi bilməsin. Əsgərliyə getməmiş kənddən sinif yoldaşını götürüb qaçdı. O gələnəcən böyük nəvəm doğuldu, sonra bir qızı. Gəlin əfəlin biriydi, yerindən qalxınca daş daşdan ayrılardı. Günortayacan yatırdı. Nəvələrimi də özüm saxladım. Balanın balası lap şirin olur axı. Nəvələrim p..dan-sidikdən çıxan kimi uşaqlarını, arvadını da götürdü, evdən getdi. Əsgər dostu ilə yazışırdı, deyəsən, o çəkib apardı. Bilmədi, hardayam, necəyəm, ölmüşəm, ya qalmışam. Yerini-yurdunu da bilmirəm. Qaldım tək. Bayquş kimi... Bacı-qardaşlarıma da elə bu lazımıymış. Anamı gətirib atdılar üstümə. Anamdır, doqquz ay qarnında saxlayıb, südünü əmmişəm. Boynumun borcudur saxlamaq. Qaynanamı saxladım, indi anamı saxlamayım, neyləyim axı? Hə, bax görürsünüzmü yazını, qisməti, - bunu deyəndə əlini açıb ovcunun içi ilə alnını şappıldatdı, - Dədə evi elə, ər evi belə, axırda da ki bu cür...

Gün yavaş-yavaş əyilirdi. Dağın kölgəsi dərəni basır, işıq azalırdı. İkisi də susmuşdu. Kənardan baxana elə gələrdi, hərəsi öz dünyasına dalıb. Kişi birdən:

– Doqquz ay qarnında olmaq, bir il də süd əmmək sənə yaman baha başa gəlib, - deyib acı-acı gülümsədi, sonra qadını yamsıladı, – Saxladım... Böyütdüm... Saxladım, saxladıım... Hamını saxlamısan, səni saxlayan olmayıb heç.

Qadın da ona baxıb əzabla gülümsədi. Kişi əl atıb səhəngi yerdən qaldırdı, kəndə qalxan cığıra düşüb geri qanrılaraq başı ilə qadına işarə etdi. Həmişə su daşıyanda yoxuşa diklənən cığırı səhənglə nəfəsi kəsilə-kəsilə, zülmlə qalxan qadın bir kəlmə dinmədi. Elə bil uzun illərdi, yükünə əl atan birini gözləyirmiş. Camaatın dedi-qodusunu da düşünmürdü. Kişi tüfəngi sol qoluna keçirib səhənglə yerini dəyişdi. Yeridikcə arada qolu qadına toxunur, qadın diksinib kənara çəkilir, bir qədər getdikdən sonra bu, yenə təkrar olurdu. Burunu döndülər. Sallamalardan, şax-şəvəldən çəkilmiş çəpərlərin içində köhnə evləri miskin görkəmli kiçik bir kəndlə qarşılaşdılar. Qadının evi cığırın bitdiyi yerdə – kəndin kənarındaydı. Divarlar çöldən əhənglə ağardılmışdı, kənddəki o biri evlərdən fərqlənirdi. Qadın kişidən səhəngi alıb həyətə girmək istədi, ancaq onun getmədiyini görüb:

– Sağ olun. Siz deyəsən, ov etmək istəyirdiz, gec olar, gedin, – dedi.

Kişi inadla dayanıb baxır, ayağını tərpətmirdi.

– Həvəsə düşmüşdüm. Dedim, bəxtimi sınayım, bir-iki quş vurum. Şəhərdən gələndə bu tüfəngi niyə götürdüm, özüm də bilmirəm. Hələ bir dəfə əlimə alıb bir yerə ova çıxmamışam. Qalsın bu gün, sonra gedərəm, – deyib əlavə etdi, – məni evinə dəvət etmirsən? Bir az nəfəsimi dərim, çıxaram.

Qadının gözü dörd oldu, qıpqırmızı qızardı. O tərəf-bu tərəfə baxıb kiminsə onları görüb-görmədiyini bilmək istədi. Kişinin evə keçməsini istəmir, təklifini rədd etməyə isə ürəyi gəlmirdi. Kişi onun susmasından istifadə edib həyətə girdi. Səhəngi qadının əlindən alıb iti addımlarla evə keçdi, dəhlizdə bir küncə qoyub geri çevrildi:

– Görürsən, görən olmadı. Nahaq qorxursan. Ananla tanış olsam, olarmı?

Qadın qapını açıb otağa keçdi, kişi də arxasınca. O, içəri girəndə təəccübdən donub qaldı. İri, tərtəmiz bir otaqdı. Divar boyu köhnə şkaflarda kitablar səliqə ilə düzülmüşdü. Dünya ədəbiyyatından monumental əsərlər ölkələr, müəlliflər üzrə seçilib ayrıca yığılmışdı. Əlini atıb “Karamazov qardaşları”nı götürdü. Vərəqlədikcə bəzi səhifələrin arasında kiçik kağız parçalarına yazılmş qeydləri götürüb oxumağa başladı. Qadın irəli keçib kitabı əlindən aldı, şkafa qoyub:

– Bu kitablar olmasa, ölərdim. Qaynım qızı məktəbdə kitabxanaçıdır, o verir. Bəzilərini almışam, qohumlar da hərdən hədiyyə kimi alıblar. Anam o biri otaqda, paltarını dəyişir. Əyləşin, indicə gəlir. Mən çay dəmləyim, içib gedərsiz, – deyib çay qoymaq üçün dəhlizə çıxdı.

Tabe olmaqdan başqa çarəsi qalmadı. Tüfəngi küncə söykəyib evə nəzər salmağa başladı. Divanın, stol örtüyünün, pəncərə pərdələrinin ətəklərinə, kənarlarına rəngli saplardan gözoxşayan haşiyə toxunmuşdu. Küncdəki balaca stolun üstündə tikiş maşını vardı. Pəncərələrin qabağında dibçəklərdə sardinya çiçəkləri o qədər açmışdı ki, günəşin şüası düşüb əks edir, evi qırmızı işıqlandırır, otağa məstedici bir aura qatırdı. Nəzərləri çiçəklərə dikilib qalmışdı.

Hənirə çevrilib baxdı. O biri otağın qapısı ağzında çəliyinə söykənmiş ağsaçlı, beli əyilmiş bir qarı qəzəblə ona baxırdı. Özünü yığışdırdı.

– Salam, ana, – dedi, dərhal da fikrindən keçirdi: “Ana nəydi, gərək xala deyəydim”.

– Hardan sənin anan oldum? Kimsən sən? Burda nə gəzirsən?

Qadın dəhlizdən özünü içəri atdı:

– Ana, kəndə gəlirdi, səhəngimi götürdü. Yuxarıda qazıntı işləri aparırlar. Geoloqdur, – dedi.

Qarı:

– Nə qazırsınız elə?- deyib kişiyə baxdı.

– Faydalı metallar axtarırırq.

– Özünə faydalı nəsə axtarırsan, qızıma isə ziyanın dəyir. Onun adını ləkələmək istəyirsən. Dur, get. Get bu evdən. Bir də ayağın buralara dəyməsin.

Kişi gözlərini qarıya zilləyib bir az baxdı, sonra ayağa qalxıb lap yaxına gedərək astaca pıçıldadı:

– Sənin qızını istəyirəm. Onunla evlənəcəm. Neyləsən də, bura gəlib gedəcəm. Aydındırmı?

Qarı bir qızına, bir kişiyə baxıb birdən bərk qiyyə çəkdi:

– Evimi yıxıb qızımı əlimdən alanın evini Allah yıxsıın! Məni kim saxlayacaq bəs?! Məni damın altında tək qoymaq istəyirsən? İt oğlu, səni öldürərəm, cəhənnəm ol burdan!

Kişi qalxıb qapıya sarı yönəldi. Özünü itirmiş qadın da arxasınca dəhlizə keçdilər. Kişi qadının əlləridən tutub gözlərinə baxdı:

– Qorxma, bulağa gəl, yaxşımı, – deyib getdi. Evdən qarının qışqırığı, nifrinləri eşidilirdi..

...Səhəri gün cığırı enəndə bilirdi, hiss edirdi ki, qadın orda yoxdur. Yeməkdən sonra hamı çıxıb getmiş, o, ağır düşüncələrdən yaxa qurtara bilməmişdi. Qadınla görüşlərindən sonra çox dəyişmiş, həyata bağlanmışdı. İndi onu görməyəndə əvvəlki məyusluğu yenidən qayıtdı, özünü kimsəsiz, tənha hiss etməyə başladı. Bulaqda bir az gözlədi, qarşı yoxuşa sarı yönəlib sürətlə qalxdı. Qadının evinə yaxın yerdə – dovşanalması kollarının arxasında dayanıb gözləməyə başladı. Bir azdan qadın qoltuğunda ləyən evdən çıxdı. Çovustana keçib sacın altını qalamağa başladı. Ləyəndə üstü ağ süfrə ilə örtülmüş iri bozlamac kündələri vardı. Qarı pəncərədən görməsin deyə kişi arxadan hərlənib çovustana girdi. Qadın onu görəndə içini çəkdi.

– Niyə gəlmədin bu gün? Səni gözlədim orda? – deyə kişi pıçıltı ilə soruşdu.

– İşim çoxdu, çörəyi bişirdikdən sonra gələcəkdim. Tüfənginiz qalıb bizdə. Onu da gətirəcəkdim.

– Hə, dünən unutdum, qaldı. Anan götürər, verməz. Bundan sonra səni tüfənglə qoruyar, – dedi.

Qadının dodaqları qaçdı:

– Yamandı, ölməmiş, – dedi, kişinin gözlərinə diqqətlə baxıb, – Yamanlar elə mənə qalıb, deyəsən, – deyə əlavə etdi.

Kişi:

– Məndən qorxma, yaman deyiləm. Özüm də yamanlardan qorxuram. Elə ona görə sənin kimi sakitini axtarıb tapdım. Anan isə, doğrudan, yamandır, dünən gördüm.

Qadın danışa-danışa kündənin ikisini yastılayıb sacın üstünə atdı, kişinin üzünə baxmadan:

– Siz məni axtarıb tapmamısız. Biz təsadüfən rastlaşmışıq, – dedi, sonra, –hələ nə görmüsüz, onda bir biləsiz, nələr var, – deyə gülümsədi.

Kişi gözlərini zilləyib açıqlama gözləyirdi, yəni, bir şey danış.

– Qaynımın bir oğlu var, artistlik eləməyi xoşlayır. Dili yanmış bacısı bunun yanında ağzından qaçırıb, anamı qız vaxtı kənddən İsa kişi istəyirmiş. Eləmə tənbəllik, oğlan anasının donunu geyinib, başına da bir yekə şal bağlayıb, üz-gözünü bürüyüb, gəlib bizə. Görəndə təəccübləndim. Yalvardı ki, bibi, qurban olum, dinmə, görək neyləyəcək. Gəlib çökdü anamın çarpayısının qabağında. Dedi, İsa kişi məni sənə elçi göndərib. Deyir, onda çoxdan gözüm vardı. Gəlsin, dərədə atla gözləyirəm. Bu arvada bir hərəkət gəldi, dik qalxdı ayağa. Səntirləyə-səntirləyə cumdu şifonerdən paltarlarını çıxarmağa. Şalını yerə sərib yığır içinə. Dəli oldum. Dedim, ana, səni dolayır, ağlın harda? İsa səni bu yaşında neyləyir? Dəlisən, nəsən.. İnanın, elə cinləndi. Dedi: “ O, məni qız vaxtı istəyirdi. Bilirdim, elçi göndərəcək. Arvadı on ildir, ölüb, köpəyoğlu elçini indi göndərir. On ilimi verdi bada. Dur, mənim güzgümü çıxart sandıqdan. Kələğayımı, bir də ipək donum vardı ha, bənöyüş, onu da çıxart”. Nə qədər deyirəm, olmur. Qaynımın oğlu da yaylığının altından uğunub gedir. Uşaq sonra başını açdı, donunu çıxardı. Bunu görəndə anam üstünə elə cumdu. Amma sonra arvada yazığım gəldi. Yaman çökdü, pis oldu. İki gün yemək yemədi.

Onların başı qarışmışdı, ətrafı duymur, qarının yaxınlaşdığını görmürdülər. Kişi başını qaldıranda bulanıq gözlərini qəzəblə ona dikən qarının əlində tüfəngi görəndə qorxdu, özünü toparlayıb:

– Xala, neynirsiz, ehtiyatlı olun, açılar. Elə ondan ötrü gəlmişəm, – dedi,– dünən yadımdan çıxıb qaldı.

– Kişi deyilsən, ona görə. Kişi silahını heç bir qapıda unutmaz. Kişi naməhrəm arvadın evinə girməz. Dünən dedim, bir də bura gəlmə. Mənim qızımı günaha batırma. O, sənin tayın deyil.

Qarı danışdıqca hirslənir, səsini ucaldırdı. Kişi qətiyyətlə:

– O, mənim tayımdır. Mən də dedim, bura gəlib-gedəcəm, –dedi.

Qarı əlindəki çəliyi yerə atdı. Belini güclə dikəltdi, tüfəngi çiyninə söykəyib kişiyə tuşladı. Barmağını tətiyə keçirib qışqırdı:

– İt oğlu, qızımdan əl çək, səni öldürərəm. Əcəlinə susamısan?

Kişinin rəngi qaçdı, özünü ələ alıb sakit danışmağa çalışdı:

– Tüfəngin lüləsini aşağı sal. Gəl danışaq. Mən qızınla evlənmək ...

Kişi sözünü bitirməmiş atəş açıldı. Qırmalar dirsəkdən yuxarı qolunun ətini didib parçaladı. O, əli ilə qolundan bərk yapışıb əyildi. Fışqıran qan sacın və çörəklərin üstünə qıpqırmızı güllər çəkdi. Bir anda ətrafı kabab qoxusu bürüdü. Qorxudan rəngi avazımış qadın ayağa qalxıb kişiyə tərəf yox, tüfəng çiynini təpdiyi üçün geriyə yıxılan anasının üstünə qaçdı. Qarı arxasıüstə iri daşın üstünə yıxılıb qalmışdı. Qolunun qanı axa-axa kişi də qarıya tərəf yönəldi. Onu götürüb evə apardılar. Tüfəng səsini eşidən kənd camaatı devikib yan-yörəyə boylandı. Qadından şübhələnmədilər, çünki onun nə tüfəngi, nə də evində kişi vardı. Qadın anasını çarpayıya uzadıb üzünü yavaşca şillələyir, nəfəsini dinləməyə, ayıltmağa çalışırdı. Lakin qarı ölü kimi uzanmışdı. Kişi köynəyini çıxarıb yarasına baxdı, sümüyünü yoxladı. Sınıq yox idi. Bir neçə qırma ətini dağıtmış, qulağı batmışdı. Əli ilə yarasını bərk sıxdı ki, qanı axmasın. Qadın anasını ayıltmaqdan əl çəkib qarderobu açdı. Şırımladığı köhnə mələfə əsgilərinin bir-ikisini yandırdı, külünə bal qatıb yaraya qoydu, bərk-bərk bağladı. Yenə anasının üstünə qaçdı. Hər ikisi başını itirmişdi. Kişi:

– Mən qaçım düşərgədən zəng edim, təcili yardım gəlsin. Belə olmaz, qadın ölə bilər, – dedi.

– Nə danışırsız, bura dad-aman yerdir. Bu kəndə heç vaxt təcili yardım maşını gəlməyib. Xəstələri ulağın, atın belində o biri kəndə aparıb yük maşını ilə həkimə çatdırır camaat.

– Bəs neyləyək? Arvad gözümüzün qabağında ölsə, neyləyəcəyik? – deyə kişi ağrıdan üz-gözünü qırışdırıb dilləndi.

Qadın:

– Ölsə, fatihə verəcək, aparıb basdıracağıq, – dedi.

Qızı anasının bədənini əli ilə yoxladı. Belinə çatanda içini çəkib kişiyə baxdı:

– Onurğası sınıb, sümükləri ovxam-ovxamdır. Yazıq arvad. Bunu indi mən neyləyəcəm? Həkimə aparmaq üçün gərək at, ulaq ola. Ay Allah, bu nə iş idi, mən düşdüm, – deyib ağladı.

Kişi özünü tamam itirdi. Qulağını qarının sinəsinə söykəyib sağ olub olmadığını öyrənmək istədi. Nə ürəyin, nə də nəbzin ritmini tutmaq olmurdu. Bir azdan qarının kirpikləri titrədi, gözlərini azca açıb naməlum bir nöqtəyə zillədi, sonra qızına baxdı. Gücsüz barmaqları ilə onun biləyindən yapışıb zəifcə sıxdı. Büzüşmüş dodaqları arasından güclə eşidiləcək şəkildə:

– Deyəsən, ölürəm. Əşhədü ən la İlahə illəllah. Əşhədü ənnə Muhəmmədən rəsulullah..., – bura çatanda nəfəsi dayandı, bir qədər xırıldayıb davam etdi, - Bu adama getmə. Şəhər adamı etibarsız olur. Arvadı-uşağı var, yəqin... Aldanma, –dedi.

Qarı bir neçə dəfə içini çəkib son nəfəsini verdi, gözlərini birdəfəlik yumdu.

Qadın çarpayının qarşısına çöküb başını anasının sinəsi üstə qoyaraq yanıqlı-yanıqlı hönkürdü:

– Ta bu evə girəndə salam verəsi bir adamım qalmadı. Dünyada tamam tək qaldım, ana, heyy..!

Kişi də onun yanına çökdü, bir əli ilə çiynini qucaqlayıb o da hönkürdü.

– Siz gedin, qolunuzdan muğayat olun, simləməsin. Mən qonşuları çağırım, yas işini həll eləyim, – deyə qadın toxdayıb kişinin üzünə baxmadan dilləndi.

– Mən də qalıram. Təkbaşına neyləyəcəksən? – deyən kişi qadının çiyinlərini boşladı, – Bəs camaata nə deyəcəksən?

– Nə düzdür, onu deyəcəm. Yıxılıb daşın üstünə, rəhmətə gedib. Siz gedin, ta qalmayın burda. Tüfəngi də götürün. Elə gedin, camaat görməsin.

Kişi tüfəngi götürüb çıxdı. Qadın dönüb nəzərləri ilə onu müşaiyət elədi. Sanki bütün ruhunu içindən çəkib çıxardılar. Yenə ağladı.

Kişi alatoranda cığırı itirməməyə çalışırdı. Qolunun ağrısı xeyli səngimişdi. Yol boyu olanları ağlından keçirir, baş verənlər gözü önündən getmirdi. Arada qadının –“fatihəsini deyib basdıracağıq”- sözləri yadına düşəndə birdən elə bərkdən güldü ki, əks-səda verən səsinə özü də diksindi...

...İnstitutun ikinci kursunda oxuyurdu. Payızın son ayı idi. Tələbə yoldaşları ilə sözləşib ilk dəfə obaşdan xaş yeməyə getdilər. Ortada araq da var idi. Arağı da ilk dəfəydi, içirdi. Dostları Aydın gəlməmişdi. Zəng vurdular ki, niyə gəlməyib, dedi, nənəsi rəhmətə gedib, gələ bilməyəcək. Arağın havası başlarına vuranda dedilər, yaxşı deyil, nənəsi ölüb, gedək, Aydına başsağlığı verək. Kafedən çıxan beş dost gəlib məhlədə qurulan yas mağarını tapdılar. Hələ er olduğu üçün içəridə on beş-iyirmi adam ancaq olardı. Başda əyləşən molla çay içir, qarşısına qoyduğu “Quran”ı vərəqləyirdi. Uşaqlara da dərhal çay gətirdilər. Bir azdan dostu Asəf başını yumruqlarına söykəyib mürgüləməyə başladı. Görünür, araq təsirini göstərirdi. Az keçməmiş astaca xorultu səsi də gəldi. O, baxdı ki, belə getsə, xorultu səsi lap güclənəcək. Astaca dostunu dürtmələdi. Birdən ayağa qalxan Asəf mağarı titrədən bor-bor, bariton səsi ilə var gücü ilə qışqırdı: “Əll-faaatihəəə!” Molla da, digərləri də bərk diksindi. Uşaqların gözü kəlləsinə çıxdı. Bircə o başa düşdü ki, Asəf yuxuda yas məclisində mollanın fatihə verməsini görüb, ona səs verib. Uşaqlar başlarını sağa-sola çevirib gülməklərini gizləməyə çalışsalar da, mümkün olmadı. Çadırın ətəyini qaldırıb altdan əkildilər. Yolboyu uğunur, gülməkdən az qala, ölürdülər.

Uzun zamandan bəri ilk dəfəydi , bunu xatırlayırdı. Birdən gülməsi onu gərginlikdən qurtardı, xeyli yüngülləşdi.

...Kənd camaatı yığışıb qarını dəfn elədi. Qızı saxladığı qoyunlardan kəsdirib anası üçün ehsan verdi, halva çalıb payladı.

Bir həftə sonra hündür bir adam əlində çanta qadının evinin yanında dayanıb kəndə, dağlara, meşəyə baxır, bu möhtəşəm gözəlliyin sakitliyini pozan zığzığların səsi də ona xoş gəlirdi. Sanki min illərdi, burda yaşamış, uzun müddətdi, ayrı düşdüyü, həsrətini çəkdiyi doğma yerə yenidən qovuşmuşdu.

Qapı döyüldü. Qadın qapını açdı. Neçə gündü, gözlədiyi adam kandarda dayanmışdı. Hər ikisi bir qədər sınıxmış, rəngləri avazımışdı. İçəri keçib divanda əyləşdilər. Qadın soruşdu:

– Yaran necoldu? Çirkləməyib ki?

– Yox, – deyə kişi dilləndi, – yaxşıdır indi. Qoyduğun məlhəm nəydisə, elə onunla da bitdi. Bakıya getmişdim. Evə baş çəkib bir az pal-paltar götürdüm. Sən necəsən, necə yola verdin yası?

– Yası camaat yola verir. Hamı gəlir, kömək eləyir, qurtarıb gedir. Bacım, qardaşlarım da gəlmişdilər, dünən getdilər.

Qadın çay süzdü, kasalara mürəbbə qoydu. Ehsandan qalan yeməkdən isidib gətirdi.

– Gec gəlmisən. Qaranlıqda düşərgəyə qayıtmq qorxuludur. Tez ye, get, – deyib kişiyə baxdı.

Kişi gödəkçəsini soyundu, stulun başına keçirib cibindən bir vərəq kağız çıxardı. Kağızı stolun üstünə qoyub əlini yumaq üçün dəhlizə çıxdı. Qadın vərəqə baxdı: boşanma haqda sənəd idi. Tarixi yeddi ay əvvələ aid sənəd.

...Payızın zamanı bitmişdi artıq. Təbiət yeni fəsli qarşılamağa hazırdı. Kirpilər, ayılar qış yuxusuna getmiş, sincablar yuvalarını yem tədarükü ilə doldurmuş, dərisinin altı sapsarı yağla dolan qaratoyuqlar balalarını çoxdan uçurmuş, dovşanlar, tülkülər xəzlərini dəyişmişdilər. Axşam qar yağmağa başladı. Lopa-lopa yağan ağappaq qar dənələri yavaş-yavaş yerə enir, qadının evinin üzərini ilk zifaf gecəsində olanların evi kimi bürüyən zəif halədə iri qar dənələri lampa işığında uçuşan pərvanələri xatırladırdı...

14 oktyabr 2024-cü il

# 1717 dəfə oxunub

Müəllifin son yazıları

# # #