Kiberfeminizm nədir? – Sosial şəbəkələrdə qadınların zorakılığa məruz qalması

Kiberfeminizm nədir? – Sosial şəbəkələrdə qadınların zorakılığa məruz qalması
26 fevral 2023
# 15:00

Kulis.az kiberfeminizm haqqında yazını təqdim edir.

Kiberfeminizm patriarxallığa qarşı üsyan, gender və texnologiya arasında formalaşan baxış bucağıdır. Kiberfeminizm yunanca kibernetika anlayışının prefiksini götürərək kibernetik və feminizm sözlərinin birləşməsindən yaranmışdır. Kiberfeminist araşdırmalar; rəqəmsal texnologiyaların genderə təsirini, üstünlüklərini və texnologiyanın cinsə malik olub-olmadığını araşdırır. O, qadınların ağlını, bədənini, həyatını, psixologiyasını və əməyini virtual azadlıq məkanı olan rəqəmsalda yenidən qurmaq imkanlarından bəhs edir.

Kiberfeminizmin meydana çıxdığı dövr humanizmin tərk edildiyi, posthumanizmin müsbət qarşılandığı dövrə təsadüf edir. Kiberfeminist hərəkatın ilk nümayəndələri 1991-ci ildə Avstraliyada Virciniya Barrat, Culianna Pirs, Françeska da Rimini və Cozefina Starrs tərəfindən VNS Matriksin qurulması ilə ortaya çıxmış, təməlində gender kimliklərinin yaşadığı gender əsaslı problemlərin həlli yolları olan internet və texnologiya, yəni kiber mədəniyyət vasitəsilə axtarılan nəzəriyyəni yaratmışdır.

Beləliklə, sənaye texnologiyasının patriarxal xarakteri ilə yanaşı, qadınların texnologiya mədəniyyətinə və sənayeyə çıxışı minimum səviyyədə qalmışdır.
Artıq dünyada Manuel Kastellsin "şəbəkə cəmiyyəti" adlandırdığı mərhələ (2008) formalaşıb. Bu mərhələ danılmaz faktdır, keçiddir.

Bəs Azərbaycan qadını bu şəbəkə cəmiyyətində necə təmsil olunur?

Qadın olmaq, qadın hüquqlarının təmini məsələsi ümumiyyətlə tarixən çətin proses olub. Əvvəlki dövrlərlə müqayisədə də, çağdaş dönəmdə də bu belədir. Fikrimizcə, bu gün Azərbaycan qadınının sosial şəbəkələrdə təmsil olunması onun sonrakı həyatında böyük problemlər yaradır. Xanımlarımızın əksəriyyəti sosial şəbəkələrdə ya təmsil olunmur, ya da saxta profillərlə hesablar yaradırlar. Kişilərin təzyiqi sosial mediada da qadınlara sirayət edir. Şərq kişisi sosial şəbəkələri istifadə edən xanımlara birmənalı yanaşmır. Sanki Azərbaycan xanımı bu şəbəkədə təmsil olunmamalıdır. Ya da bu şəkildə təmsil olunma qadının onun imicini kiçildir.

Hal-hazırda dünyada rəqəmsal aləm bəzən gender məsələsini aradan qaldırır, daha geniş spektrdə isə gender əsaslı zorakılığı formalaşdırır. Bu zorakılığın əsas qurbanları yenidən qadınlar olur.
Sosial mediada fəaliyyətlə bağlı ya birbaşa qadınlara, ya da onların ailə üzvlərinə təzyiqlər edilir. Bu da qadınların ailə üzvləri və ətraf tərəfindən zorakılığa məruz qalmasına səbəbiyyət verir. Əksər hallarda bu cür təzyiqlərdə əxlaq və etika normaları kənarda qalır. Sonradan formalaşdırılan zərərli zehniyyət, köhnəfikirlilik, “el-aləm nə deyər?” konsepsiyası ön plana çəkilir.

Lakin unudulan məsələ şəbəkə cəmiyyətində təmsil olunma deyil, necə, hansı kontentlərlə, mövzularla təmsil problemidir. Sosial şəbəkələrdə mənfi şəkildə təmsil olunanlarla yanaşı, şəbəkə cəmiyyətində maraqlı, keyfiyyətli kontent yaradan qadınlar da hədəfə çevrilir.

Bu tərz yanaşmalar kiberfeminizmi maraqlandıran digər nüanslardandır. Tarix boyu (ağ dərili) kişi ağıl və məntiqə malik olaraq elmlə məşğul olmağa münasib hesab edilmiş, qadınlar isə intuitiv və emosional olaraq tabe edilmiş və ictimai sahədən kənarlaşdırılmışdır. Qadınların koqnitiv bacarıqlarda zəif görünməsi onların ictimai sahədən kənarda qalmasına və sanki nəzarətdə saxlanılmasına səbəb olmuşdur. Beləliklə mübarizəsinə sosial problemlərin kiberməkana keçməsi ilə başlayan kiberfeminist hərəkat bir tərəfdən cinsiyyətsiz internet mədəniyyəti və texnoloji nizamı hədəfləyir. Bu hədəf kiber məkanda qadın-kişi ayırd etmədən, texnologiyanın nailiyyətlərindən istifadəyə kömək edir.

Skaennati qeyd edir: “Əlbəttə, ümid edirəm ki, gələcəkdə patriarxiya məhv ediləcək və ona görə də kiberfeminizm bizə lazım olmayacaq”.

# 2505 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #