Kənd, dağlar, qəbir və bilet – Əhlim Sadıqzadənin hekayəsi – Yeni imza

Kənd, dağlar, qəbir və bilet  – Əhlim Sadıqzadənin hekayəsi – Yeni imza
25 oktyabr 2022
# 09:00

Kulis.az gənc yazar Əhlim Sadıqzadənin “Kənd, dağlar, qəbir və bilet” hekayəsini təqdim edir.

Günəş küsüb yavaş-yavaş dağların arxasına çəkilirdi. Cəfi dayıya elə gəlirdi ki, tək günəş yox, bu kənddəki hər şey ondan küsüb inciyirdi. Dağlar da, ağaclar da, quşlar da... Çünki Cəfi dayı onların hamısını geridə qoyub bu kənddən birdəfəlik gedirdi. Altmış il nəfəs alıb, nəfəs verdiyi kənddən çıxıb bələd olmadığı xarici bir ölkəyə oğlunun yanına yollanırdı. Əslində, bu gediş onun özünün ürəyincə deyildi, ancaq bircəcik oğlunu incitmək istəmirdi. Oğlu atasını yanına aparmaq üçün çox israr etmişdi. Həm də Cəfi dayı get-gedə qocalırdı, taqətsizləşirdi. Birdən-birə naməlum ağrıları peyda olurdu. Həmişə ətrafında fır-fıra kimi fırlanan qonşuları da yavaş-yavaş azalırdı. Oğlu atasının evdə tək yaşamağından narahat olurdu. Qorxurdu, başına bir qəza gələr. Düzü, Cəfi dayı özünü tək hesab etmirdi. O, həmişə:

– Mən tək deyiləm, dostlarım həmişə yanımdadır, – deyirdi. – Bu kəndin dağları, ağacları, daşları axıracan məni qoruyacaqlar. Mən onlara arxayınam. Mən onlara insanlardan da çox inanıram. Mənim bütün dərdlərimi ancaq onlar bilirlər. Altmış ilinin dərd yükünü onlarla bölüşmüşəm. Onlar heç vaxt mənə xəyanət etməyiblər, bundan sonra da etməzlər.

Ona heç vaxt xəyanət etməyən bu dağlara, ağaclara, daşlara indi Cəfi dayı özü xəyanət edirdi. Onları atıb gedirdi. Hiss edirdi ki, bu kənd onun getməyini istəmir. Kəndin hər qarışı mısmırığını sallayıb oturmuşdu. Yazıq kişi yaman xəcalət çəkirdi. Dolub-dolub qalmışdı. Ağlamamaq üçün özünü güclə saxlayırdı. İstəmirdi ki, axır dəqiqələrdə dostlarının yanında zəif, çarəsiz kimi görünsün, ancaq onu da bilirdi ki, dostları onu çox yaxşı tanıyırlar. Hamıdan, hər şeydən, elə bəlkə, onun özündən də yaxşı...

Cəfi dayının bu kənddə keçirdiyi sonuncu günü idi. Sabah səhər sübh tezdən yola düşəcəkdi. Bu gün dostları ilə bolluca dərdləşib sağollaşmaq istəyirdi. Bu gün günəş batana qədər bütün kəndi gəzmişdi. Dağın ətəyinə getmişdi, ağacların budaqlarını sığallamışdı, daşların üstündə yazıq-yazıq yerimişdi... Günəş batandan sonra öz həyətində oturub bulud kimi dolan gözlərini darvazaya zillədi. Həmişə qapısı, darvazası açıq qalan həyət-bacaya kilid vurmağa ürəyi gəlmirdi. Ağaclar, dağlar ondan küsən kimi bu həyət-baca, bu darvaza da ondan küsüb inciyirdi.

Onun özünə, ən çox da geridə buraxdığı dostlarına yazığı gəlirdi. Həm getmək, həm də getməmək istəyirdi. Beynindəki bütün düşüncələri bir-birinə qarışmışdı...

Darvazanı danqıldada-danqıldada açıb içəri girən qonşu Bəşirə onu düşüncələrdən ayırdı. Qonşu qadın əlində balaca bağlama ilə gəmişdi. Salamlaşıb Cəfi dayının yanında əyləşdi. Bir az hal-əhval tutandan sonra əlindəki bağlamanı ona uzadıb:

– Kənd payıdır, – dedi. – Gücüm çatandan, hərəsindən bir az qoymuşam.

Bəşirə Cəfi dayının əlində böyümüşdü. Bir yerdə çörək kəsmişdilər. Yaxşı-yaman gündə bir-birlərinin əlini sıxmışdılar. Vaxtilə kənddə ən hörmətli adam olan Cəfi dayı indi hörmətini itirmişdi. Çoxu ondan salamını da kəsmişdi. Ona münasibəti dəyişməyən bir Bəşirə qalmışdı. Bəşirə həmişə deyirdi ki:

– Bu kəndin adamları qədir bilmirlər. Onlara edilən yaxşılıqları külək keçən kimi yadlarından çıxarırlar.

Bəşirə cavan olanda Cəfi dayı ona çox köməklik göstərmişdi. Hər dar ayaqda dadına yetmişdi. Ona görə Bəşirə qonşusunun xətrini həmişə əziz tuturdu.

– Deməli, sabah gedirsən, Cəfi dayı?! – Bəşirə elə dedi ki, Cəfi dayı bilmədi, qonşusu sual verdi, yoxsa özünün də bildiyi qəhərli xəbəri ona təzədən xatırlatdı.

Cəfi dayı içini çəkə-çəkə:

– Elədi, sabah səhər gedirəm... Özü də həmişəlik...

– Tez-tez zəng vurarsan. Orda forslu qonşular tapıb məni yaddan çıxarma.

– Səni yaddan çıxarmaq olar? Sənin üçün çox darıxacam. Bu kənd üçün də.

– Mən də darıxacam sənin üçün. Özündən muğayat ol, – Bəşirə hıçqıra-hıçqıra, gözündən yaş tökülə-tökülə Cəfi dayını qucaqladı.

Cəfi dayı:

– Elə ağladın, elə bildim, ölməyə gedirəm, – deyib gülməyə başladı.

Bəşirə üz-gözünü turşudub:

– Ölsün səni istəməyənlər, – dedi.

– Eh... qızım... onsuz da, hamı bir gün öləcək. Mən də, sən də, bu kənddəki bütün adamlar da, özgələr də...

Bəşirə hiss elədi ki, daha dayana bilməyəcək. Dayansa da, bir az da dərindən hönkürtü çalacaq. Qonşusu ilə vidalaşıb tez həyətdən çıxdı. Cəfi dayı onun arxasınca:

– Məndən sonra bu kəndin dağ-divarı sənə əmanətdi, – deyib səsləndi.

Bəşirə gedəndən sonra Cəfi dayı həyət-baca ilə yenə təkbətək qaldı. Bu gün ilk dəfə gözlərindən bir cüt yaş yanaqlarına süzüldü. Tez əli ilə üzünü-gözünü sildi. Elə bil, kiminsə görəcəyindən qorxdu. Fikirlər onun başını, çiyinlərini ağrıdırdı. İçindəki qəhərdən az qala boğulub yerə səriləcəkdi. Bir müddət uzaqlara harasa baxa-baxa tərpənmədən oturdu. Oturduğu yerdə ürəyindən içmək keçdi. Çoxdandır ki, boğazını yaşlamırdı. Evə qalxdı. Bir küncdə gizlətdiyi yarımçıq araq şüşəsini tapıb çıxardı. Bayaq Bəşirənin gətirdiklərini yeyə-yeyə şüşənin axırına çıxdı. Deyəsən, gözü doymadı. Həvəsi yox idi, yoxsa kəndin o başındakı dükanabənzəyən yerdən gedib bir şüşə də alardı. Evə gətirib doyunca içərdi.

Boş şüşəyə, evin divarlarına baxa-baxa fikrə daldı. Nələr düşündüyünü heç özü də bilmədi. Masanın üzərindəki əldə oynadılmaqdan əzilmiş təyyarə biletinə baxdı. Öz-özünə dedi ki:

– Bir cırtım kağız parçası mənim bu boyda həyatımı dəyişəcək...

Sonra ağlından keçirdi ki, sabah kənddən çıxıb gedirsə, arvadının, ata-anasının qəbirlərinə də baş çəkməli idi. Bütün günü kəndin hər tərəfini veyllənmişdi, təkcə qəbiristana getməmişdi. Hava qaralmışdısa da, qərar verdi ki, indi gedib onlarla vidalaşsın. Əvvəlcə bileti süfrənin altında gizlətdi. Sonra pencəyini və gecə fənərini götürüb evdən çıxdı.

Məhlənin ortasındakı kənd cavanlarının yığılıb oturduğu böyük ağac kötüyünün yanından keçəndə cavanlar onunla ədəblə salamlaşdılar. Arxasınca isə ona lağ edib, ağız əydilər. Necə ki, Cəfi dayı özü də bir vaxt bu cür edirdi. Cavan olanda hər axşam kəndin başqa cavanları ilə bu kötüyün yanına yığışar, səhərə kimi min hoqqadan çıxardılar. Gedənə-gələnə söz atıb, ağızlarını əyərdilər. Cəfi dayının cavanlığı elə-belə cavanlıq olmamışdı. Bütün kənddə onun ad-sanı var idi. Kənddə hamı qızını Cəfiyə sırımaq istəyirdi, ancaq bütün kənd bilirdi ki, Cəfi naxırçı Fərruxun qızı İlahənin dərdindən divanə olub. Naxırçı Fərrux da özünü şişirdib kəndin içində gəzmək üçün qapıya gələn kimi qızını Cəfiyə vermişdi. İlahənin özünün də Cəfiyə könlü var idi. Özünü naza qoymadan bu evliliyi göydə qəbul eləmişdi. Cəfi onu yağ-bal içində saxlamışdı. Oğlu olandan sonra lap dünyanı ayağının altına sərmişdi. Qocalana yaxın isə andıra qalmış bir xəstəlik onu boğazından tutub yerin altına aparmışdı.

Cəfi dayı biraz yeridikdən sonra yolda köhnə dostu Teyyubla qarşılaşdı. İndi onun Teyyubdan zəhləsi gedirdi. Elə-belə salamlaşıb aradan sıvışmaq istədisə də, alınmadı.

– Cəfi, eşitdim, sabah gedirsən? Deyirəm, nə bəxtəvər adamsan. Bu yaşında gedib Avropanı da görəcəksən. Halaldı sənə.

Cəfi dayı istədi Teyyuba desin:

– Bəxtəvər sənsən e, dünya-aləm vecinə də deyil. Nə ailə sayırsan, nə dost sayırsan. Qanmazın birisən...

Ancaq heç nə demədi. Özünü saxladı. Axırıncı günündə kimləsə sözləşmək istəmirdi. Həm də bilirdi ki, dediklərinin bir əhəmiyyəti olmayacaq. Fərrux gönü qalın adam idi. Avaralanmaqdan başqa heç nə bilmirdi. Yolda kimi tutsa, çənəsinin altına salırdı. İndi də onu tapmışdı. Fərrux nəsə danışırdı, Cəfi dayı qulaq asmırdı. Fikri qəbiristanda qalmışdı. Fikirləşdi ki, bəlkə, Fərruxu da özünə qoşsun, qaranlıqda tək getməsin. Sonra isə Fərruxun çərənçi olduğunu xatırlayıb fikrindən daşındı. Fərruxa cavab vermirdi. Bilirdi ki, nəsə desə söhbət uzanacaq. Güclə Fərruxdan ayrıldı. Ayrılanda Fərrux onu elə qucaqladı, elə bil, can-bir qardaş idilər.

Qəbiristan kəndin yuxarı tərəfində meşənin girəcəyindəki təpədə salınmışdı. Cəfi dayı səndələyə-səndələyə qəbiristana tərəf yeriyirdi. Qurd-quşun ulaşması getdikcə yaxından eşidilirdi. Hərdən qorxurdusa da, özünü o yerə qoymurdu. Yol da uzanırdı. Elə bil, atası, anası, arvadı qəbirlərini götürüb ondan qaçırdılar.

Birtəhər qəbiristana çatdı. Qəbirlərin arası ilə gəzə-gəzə, əlindəki fənərlə yoluna işıq vura-vura öz ailəsinin qibləgahını tapdı. Bir-bir qəbirlərin üstünü sığalladı. Ailəsinin qəbirlərinin baş daşlarına həkk olunmuş şəkillərinə baxanda ona elə gəldi ki, hamısı gözlərini bağlayıb yatıblar. Fikirləşdi ki, bəlkə, o, özü də elə burda yıxılıb qəbirlərin arasında həmişəlik yatsın. Onda, o, səhər gedəsi olmazdı. Üstəlik, oğlunun özü də kəndə gələrdi.

O, dünya ilə əlaqəsini kəsmişdi. İndi nə arabir kəndin içindən gələn it hürüşmələrini, nə də yaxınlıqdakı qurd-quş ulartısını eşidirdi. Qulaqlarını qəbirlərə şəkləmişdi. Qəbirlərin ona dil açıb nəsə demələrini gözləyirdi.

Birdən göydə şimşək çaxan kimi oldu. Meşənin içindəki bütün heyvanlar səs-səsə verib ulaşmağa başladılar. Qəbirlər tərpəndi, sonra da çatladı. Atası, anası, arvadı qəbirdən çölə çıxdılar. Cəfi dayını qorxu bürüdü. İstədi, durub qaçsın, ancaq yerindən tərpənə bilmədi. Qəbirdən çıxan ailəsi gəlib onu yanında oturdu. Qorxudan rəngi ağarmış qoca qışqırıb kömək çağırmaq istədi. Səsi çıxmadı. Anası onu qucaqlayıb oxşamağa başladı. Atası dayanmadan:

– Bu kənddən getmə... Bu kənddən getmə... – deyib dururdu.

Arvadı İlahə isə gözlərini bərəldib:

– Bizi qoyub heç yerə gedə bilmərsən. Yoxsa səni bağışlamarıq, – deyirdi.

Qəbiristanın ortasında aləm bir-birinə dəymişdi. Cəfi dayı qorxudan əsim-əsim əsirdi. Bayaqdan onu oxşayan anası birdən:

– Heç yerə getmirsən, – deyib başına bir qapaz qoydu.

Cəfi dayı mürgüdən ayılıb var gücüylə qışqırdı. Təpəsi baş daşına dəyib onu ayıltmışdı. Qorxa-qorxa qəbirlərə nəzər saldı. Üçü də yerində idi. Tələsik ayağa qalxdı. Son dəfə baş daşlarındakı şəkillərə gözucu baxıb oradan uzaqlaşdı.

Gecənin yarısında bir yuxu da gördü. Bu dəfə o, yuxuda qəbiristanlığa getmişdi. Hər tərəf qap-qara zülmət içində idi. Hər qəbirin başında bir qurd ulayırdı. Bircə ortadakı qəbirdən başqa. Ortadakı həmin o qəbrin üstündə kimsə ağlayırdı. Bir az yaxınlaşanda gördü ki, ağlayan onun öz doğmaca oğludur. Oğlu həmin qəbrin üstündə zırhazır ağlaya-ağlaya göz yaşlarını leysan kimi axıdırdı. O, oğluna yaxınlaşıb onu sakitləşdirmək istədi. Oğluna tərəf gedəndə qurdlar onun oğlunu mühasirəyə aldılar. Sonra qurdlar birdən-birə onun oğlunun üstünə cumdular. Oğlu yazıq-yazıq atasına baxdı. Çığırıb atasından kömək istədi. Kişi qorxudan tərpənə bilmədi. Birdən qurdların arasından bir nəfər çıxıb onun yanına gəldi. Bu onun köhnə dostu Teyyub idi. Teyyub boğazını xırıldada-xırıldada:

– Avropaya gedib bəxtəvər olmaq istəyirdin? – deyib şaqqanaq çəkdi.

Teyyub şaqqanaq çəkdikcə qurdlar onun oğlunu gözünün önündə didim-didim parçalayırdılar. Qəbiristandakı hər şey hərəkət edirdi. Ağacların hamısı bir-bir gövdədən çatlayıb Cəfi dayının ayağının altına düşürdü.

Qan-tər içində yuxudan ayıldı. Bütün geyimi, yorğan-döşək su içində idi. Qalxıb bir-iki fincan su içdi. Saata baxdı. Səhərin açılmağına xeyli qalmışdı. Eyvana çıxıb dərindən nəfəs aldı. Kəndə dərin bir sükut çökmüşdü. O, ömrü boyu kəndi belə sakit görməmişdi. Ona elə gəldi ki, yuxusundakı qəbirdə basdırılan elə kəndin özü idi. Onun getməsinə dözməyən kəndin dağ-divarı həsrətdən can vermişdi. İndi də səs-səmiri çıxmırdı. Kəndə yazığı gəldi. Ürəyinə qırış düşdü. Eyvandan aydın görünən kəndin dağlarına baxıb dərindən bir köks ötürdü. Bir müddət kəndin o tərəfinə, bu tərəfinə baxa-baxa gözlədi ki, hardansa bir səs gələcək, ancaq bir çöp səsi də eşidilmədi. Cəfi dayıya elə gəldi ki, bəlkə, o, özü kar olub, ona görə heç nə eşitmir. İndi o, kəndin hər bucağından həmişəki kimi səs-küyün gəlməsini, özünün kar olduğuna görə bunu eşitməməsini arzulayırdı. Qulaqlarını yoxlamaq üçün ayağını iki dəfə yerə vurdu. Ayağının səsi qulağına çatanda bilmədi ki, buna sevinsin, yoxsa yox. Uzun müddət hardansa bir səsin gələciyini gözlədi. Bir azdan it hürüşməsi, ardınca da kəndin o başından inəyin movultusunu eşitdi. Kənd ölməmişdi, yaşayırdı. Könlü açıldı. Tələsik içəri qayıtdı. Bayaq süfrənin altında gizlətdiyi təyyarə biletini əlinə alıb ilk dəfə görürmüş kimi diqqətlə gözdən keçirdi. Bileti ikiyə yırtıb masanın üstünə tulladı. Sonra da təzədən eyvana çıxıb uzun müddət kəndin dağlarına tamaşa elədi.

# 4037 dəfə oxunub

Müəllifin son yazıları

# # #