Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi

Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
26 noyabr 2026
# 16:27

Bu gün Azərbaycan Kəlağayısı Günüdür.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə 2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan nəsrində kəlağayı haqqında ilk bədii nümunə Natəvan Dəmirçioğlunun 2005- ci ildə qələmə aldığı “Kəlağayı” hekayəsidir. (“Birinci kitab” 2006)

Kulis.az sözügedən hekayəni təqdim edir.

– Axtarırdım, tapmışam.

– Bu vaxt bunu tapmaq çətin məsələdi. Özü də əvvəlkilər kimi baramadandır.

– Desəm, inanmazsan. Elə bil mənə hay gəlmişdi. Hamıdan kəlağayı soruşurdum. Bacımın qayınanası, o birisi bacımın baldızı, baldızının nəsil-nəcabətində kim var, hamısı, özümüzünkülər, qayınanam, kəndin qarıları – daha adam qalmamışdı, mən kəlağayı istəməyəm. Qayınanam dedi: “Sənə nə rəng lazımdı?” Dedim: “Nə rəng olur-olsun. Ağ, qırmızı, noxudu, zoğalı”. Hələ soraq verən yox idi.

Bu yay kəndə gedəndə atamın qonşu kənddə yaşayan qohumu rəhmətə getmişdi. Atam ora hüzr yerinə getdi. Çox gec gəldi. Bir də gördüm, atam tələsik böyük darvazanı açır. Bizdə iki qapı var. Balaca qapı, özümüz işlədən. Bir də böyük qapı, maşın-zad gələndə açılan. Atam darvazanı açdı. Bir maşın içəri girdi. Göy “Volqa” idi. Bu maşından bir qopqoca kişi düşürtdülər. Gəlhagəl, gətirib eyvana çıxardılar kişini. Kişi işığı zəifləmiş, yığılmış gözləri ilə hey ətrafına baxır, elə bil kimisə, nəyisə axtarır, ya da elə bil hər şeyə ayrıca diqqət verirdi.

Atam toğlu kəsib qonaqlıq etmək istədi. Kişi qoymadı. Samovara od saldıq, təzə dəm dəmlədik. Çay süfrəsində atam çağırdı, mən də oturdum.

Dedi:

– Bu ağsaqqalı təsadüfən tapmışam.

Adama elə gəlirdi ki, bu qocalığında kişi ağır eşidər. Kişinin qulağı darı dəlirdi. Göy, damarlı əlini qaldırıb atamın sözünü kəsdi:

– Sən məni yox, mən səni tapmışam.

Atam güldü:

– Sən deyəndi, ağsaqqal, – dedi.

Orada çox söhbətlər oldu. Qısası budur ki, bu kişi balaca uşaq olanda, özü dediyi kimi, “xırda uşaq” olanda onlar atamın babasıgildə – bəylik qapısında – qapı qaravulçusu olublar. Elə orada, bəylik qapısında yaşayırlarmış. Həyətdə balaca qulluqçu evi, nökər-naibin, qulluqçu-qaravulçunun yaşayış yeri olurmuş bəylik qapısında. Deyir:

– Şura hökuməti qurulanda, bolşeviklər gələndə bəylik quruluşu dağıldı. Biz də oradan köçürüldük. Nəyimiz vardı – yorğan-döşək, xalça-palaz, qab-qacaq, taxt, miz – hamısını səhər tezdən arabaya yüklədik, təzə yurda apardılar. Xanım bir-iki mis qazan, sini, teşt, bir yun palaz yükümüzə qatdı. Anam axşamtərəfi – ikindi vaxtı – özünün bər-bəzəyini, əmanət şeylərini bir pambıq şalın arasına yığdı, düyünçələdi. Boğçanı sağ qoluna keçirdi, sol əli ilə mənim əlimdən tutub bəylik qapısıyla sağollaşdı. Evdə təkcə xanım vardı. Heç xanımı səsləmədi, utandı. Eləcə həyət-baca ilə vidalaşdı, halallaşdı. Bu mülkü, səltənəti ulu Tanrıya tapşırdı. Alaqapıdan çıxmaq istəyirdik ki, xanım eyvanın pəncərəsindən bizi səslədi. Anam geri qanrıldı. Mən də əlimi onun əlindən buraxıb geri döndüm. Xanım sakitcə bizə əl elədi. Anam yeyinərək geri qayıtdı. Xanım o tərəf-bu tərəfə baxıb pəncərədən bir bükülü atdı. Anam bükülünü qoltuğunda gizlətdi. Şalının ucu ilə də üstünü örtdü.

Evə gəldik. Anam bükülünü çıxarıb mizin üstünə qoydu. Barmağını kip örtülü dodaqlarının üstünə vurdu üç dəfə. Bu o demək idi ki, bu haqda heç kimə heç nə demirsən. Otaqda ikimizdən başqa heç kəs yox idi. Tirmə şalın arasında beş qızıl pul, bir qolbaq, alt paltarı, iki dənə də kəlağayı var idi.

Pulu, yəqin, anam xərclədi, qolbağı 41-45 müharibəsində cəbhə fonduna verdi, tirmə şalı mən evlənəndə gəlinin başına atdı, alt paltarını geymiş olardı. İki kəlağayı bu gün də qatı açılmamış durur. Ya örtməyə utandı, ya Şura hökumətindən qorxdu, ya da xanımdan yadigar saxladı. Day orasını mən deyə bilmərəm. Amma onu bilirəm ki, lap son vaxtlar, qarı öləndən sonra qıza-gəlinə ha dedim ki, o örpəkləri örtün, dedilər: “Dəbi keçib, nəyimizə lazımdı”. Arvadın sandığında durur. Öləndən sonra nəyi vardısa, payladılar, yuyucuya, mollaya verdilər. Kəlağayıları mən qoymadım. Sandığında durur. Əvvəlki qadınların saxlancı olurdu, indikilərinki bir mebeldi, onu da kişi də açır, uşaq da açır, ona görə xeyir-bərəkət göyə çəkilib.

Kişini axşam gəldiyi göy “Volqa”da yola saldıq. İki gündən sonra mən qonşuluqdakı taksi sürən oğlandan soruşdum ki, məni o kəndə neçə manata aparıb gətirərsən. Qiymət dedi, verdim. Gedəndə bir kisə un, beş kilo qənd, çay, konfet aldım, bir vedrə meyvə dərdirdim, qoydum maşına, balaca oğlumu da yanımca apardım, getdim həmin o qoca kişigilə. Kəlağayıları alıb gətirdim. Biri ağ, biri də bu qırmızı kəlağayılar idi. Dünyanın işinə bax ki, elə bil bu kəlağayıları axtarırmışam. İynə axtaran kimi axtarırdım. Demək, bunlar məni gözləyirmiş.

– Bəs qoca kişi nə dedi siz bunları gətirməyə gedəndə?

– Nə deyəsiydi? Özü demişdi ki, nə vaxt istəsəniz, gəlin aparın. Halal mal yiyəsini tapar. O, mirasdı. Mirasın böyük, müqəddəs qüvvəsi var. O qoca, dünyagörmüş kişi çox qiymətli sözlər söylədi. Dedi:

– Sovet hökuməti bizim buxara papağımızı, kəlağayımızı, sazımızı, atımızı, hələ silahımızı demirəm, onu tamam aldı. Amma bu dörd şeyi bizdən qopardı. Çünki bu dördü ilə biz özümüzə çox oxşayırıq. Buxara papaq qeyrətdi, kişilikdi, kəlağayı xanımlıqdı, saz ruhdu, at da namusdu, hünərdi. Bunlar bizdə var. Bunlar Azərbaycan türkünün özününküdür. Dalınca getdiyimiz, yelinə uçduğumuz millətlər var – ruslar, avropalılar, amerikalılar – onlarda da çox üstünlüklər var, lap elə at da var. Amma bizdə olan elə dəyərlər var ki, onlarda min il bundan qabaq olmayıb, min il bundan sonra da olmayacaq. Onda get də qabağa, çat Avropaya, Amerikaya, kim sənə deyir getmə? Amma olanlarını itirmə. Çünki sənin olanla sən özünsən. Hamıdan seçilirsən, qaynayıb-qarışıb itməyəcəksən millətlər içində. Özünün olanları yeni etməyi, çağdaş etməyi bacar!

SON

2005

# 89 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər