İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi
14 dekabr 2024
# 10:00

Kulis.az Sabir Əhmədlinin "Paris hekayələri" silsiləsindən "İntihar üçün yer" hekayəsini təqdim edir.

Yaxındakı meyvə dükanında bir mehriban oğlan çalışırdı. Onu hər gün avtobusa minib gəzməyə çıxanda görür, salamlaşırdıq. Biz mehmanxanaya qayıdanda, o, dükanın önünə yığdığı qutuları içəri daşıyır, ya da mal qəbul edirdi. Mərakeşli idi, fransız dilini bilirdi. Bir dəfə onunla yaxından tanış olmaq üçün dükana gəldim. Yaşayışını, dolanışığını soruşdum. Bizi dilavər bələdçinin söylədiklərindən başqa, Parisi həm də onun "dibindəki" insanların gözü ilə görmək istəyirdim. Mərakeşli oğlan mənə bir hadisə danışdı:

Onun bir dostu vardı. Sanlazar vağzalını süpürürmüş. "Martini" reklamından bu yana, vağzalın pillələri, meydan və səkilər, altından qatarların keçdiyi körpüyə - Çili küçəsinədək onun sahəsi idi. Paris fəhlələri səhər sübhdən Sanlazar vağzalına, metroya yönəlir, işə yollanırdılar. Onlardan qabaq Senanın sularına səhərin ilk işartısı düşəndə oğlan çalğısı ilə iş yerində hazır olurdu.

O, vətəni Tunisdən Fransaya bir ildi gəlmişdi. Anası, arvadı və ilkisi orada qalmışdı.

Tunisli oğlanı iri panel kombinatında işə götürmüşdülər. Bir həftə keçmiş nəzarətçi mühəndis bölmələri dolanıb getdikdən azacıq sonra beton divarların cilalandığı yerdə çalışan fəhləni kabinetə çağırtdırmışdı. Onu yarıtmadığı üçün işdən dərhal azad etmişdilər.

Əli hər yerdən üzüldükdən sonra tunisli, Sanlazar vağzalında süpürgəçiliyə razı olmuşdu.

Parislə ilk görüş, ilk günlər ona bu şəhərə nə məqsədlə gəldiyini az qala unutdurubmuş. Tunisli oğlanın möhtəşəm şəhərdə fikir-xəyalını hər şeydən çox cəlb edən Eyfel qülləsi idi. Qüllə ox təki göyə tuşlanmışdı. Bu qüllə tunisli oğlana ucalıq rəmzi kimi görünürmüş. Hər dəfə ona baxanda özünü yüksəklərdə zənn edirmiş.

Senanın payız otları təki göyərən və saralan narın səthinə baxa-baxa oğlan Eyfel qülləsinə can atırmış: Bir gün evə ürəyincə pul göndərdikdən sonra Eyfel meydanına gələcək. Çəmənlikdə gəzəcək, liftlə qüllədəki restorana qalxacaq. Parisdə olduğu müddət heç olmasa, bir kərə iqtidarlı, zəngin adamların əyləşdikləri restoranda yeyib-içəcək. Orada, qüllənin ən uca meydanında dolanıb Parisə tamaşa edəcək.
Arvadına yazdığı məktublarda Parisi ürəkdolusu tərifləməkdən özünü güclə saxlayırdı. Mühacir fəhlələrin yataqxanasında uzun-uzadı məktublar yazan yoxdu. Vətəni, ailəni qoyub qazanc və dolanışıq imkanı tapmaq üçün buraya üz tutmuş hər kəsin başlıca təsəllisi şəxsi hesaba toplanan frankdı. Ailə, uşaqlar nağılvari məktublar yox, pul gözləyirdilər. O da əcnəbi ölkəyə vətəndə qalmış ailəsinin yaşayışını təmin etmək üçün gəlmişdi.

Oğlan dünya şəhərlərinin ulduzu sayılan Parisdə yaşayanların hamısını özündən xoşbəxt sanırdı. Bu duyğu günbəgün onu "bədbəxtliyin sərhədi"nə çəkirdi.

Hər səhər onun yanından, dövrəsindən keçib minlərlə adam dəyirman boğazından axırmış kimi vağzala düşürdü. Axşam elə bil orada, daşların arasında üyündükdən sonra geri sovrulurdular. Adamların heç birinin baxışında, rəftarında ünsiyyət əlaməti görməmişdi.
Konkord meydanına, Yelisey boyu, Bulon meşəsi səmtlərdəki imarətlərə yana-yana göz dikmiş, könlündən nələr keçmişdi.

Eşitmişdi ki, Parisdə həyatdan bezib özünü Senada boğanlar çox olub. Eyfeldənsə üç yüz nəfər atılıb özünü həlak etmişdir. Onlardan yalnız üçü salamat qalmış, intihar baş tutmamışdı. Tunisli mühacir anlaya bilmirdi ki, bu dünyada özünü öldürməkdən savayı çıxış yolu olmayan insan nə üçün Eyfel qülləsinin ən yuxarı mərtəbəsini seçir. İntihar üçün başqa yer, özgə vasitə tapılmırmı? Elə bir guşə ki, kimsə səni görməsin. Ölümündən bir insanın xəbəri olmasın. Orada anan və uşaqların ömür boyu səni gözləsinlər.

Tunisli mühacirin Parisdə bircə dostu vardı. Bir səhər vağzaldan şəhərə çıxan qıvrımsaç oğlan ona yaxınlaşmış, maraqlanmış, tanış olmuşdular. Qıvrımsaç oğlan mərakeşli idi. O, vağzal xidmətçisinə ünvanını vermişdi. Süpürgəçi "Rezidens de Mareşo" mehmanxanasının yaxınlığındakı meyvə-tərəvəz dükanında işləyən mərakeşlinin yanına bir neçə dəfə getmişdi.

Bu gün də getməli idi. O, Parisi tərk etmək qərarına gəlmişdi. Amma vətənə qayıtmağa bilet pulu yoxdu.

Şeylərini çantaya yığdı. Gəlib Sanlazarın asfalt döşənmiş geniş, qabarıq körpüsündə dayandı. Məhəccərdən xeyli aşağıda qətran suvanmış torpağın üzərinə saysız-hesabsız dəmiryol xətləri döşənmişdi, xeyli baxdı. Burada, vağzala girişdə bir-birini kəsən xətlər qətl baltası təki parlayırdı. Bu xətlər ona hər gün səhər-axşam gördüyü kütləni xatırlatdı.

Oradan "Rezidens de Mareşo" səmtə yönəldi. Çili küçəsində avtomobil satan mağazanın qabağında ayaq saxladı. Geniş şüşədən içəri görünürdü. "Reno" avtomobillərinin qırmızı, göy, narıncı rəngli təzə modelləri mancanaq üstə fırlanır, par-par parlayırdı.

Mərakeşli dostu banan, narıngi yığılmış qutuları dükana daşıyırdı. Dükan sahibi yoxdu. Alış-veriş qurtarana yaxın iki-üç nəfər gəldi, meyvə alıb getdilər.

Onlar əyləşib əhvallaşdılar. Mərakeşlinin vəziyyəti nisbətən yaxşı idi. Səkkiz ildi Parisdə yaşayırdı. Bura qədər Marseldə işləmişdi.

Tunisli dedi:

- Paris gözəl şəhərdir.

Dostu təsdiq etdi:

- Amma onun gözəlliyi hamını fərəhləndirmir. Bu şəhərə gələnlərin və burada yaşayanların hamısı xoşbəxt olsaydı, gözəgörünməz bədbəxtlər bir yana, Eyfel qülləsindən üç yüz insan özünü atıb həlak etməzdi.

- Anlamıram ki, özünü həlak etmək istəyənlər neyçün gərək oraya dırmansınlar.

Mərakeşli dedi:

- Parisdə yaşayanların hər biri ömrü boyu heç olmasa bir dəfə özünü Eyfeldən atmaq dərəcəsinə çatıb, ya da bunu xəyalından keçirib.

- Eyfel də şəhərin hər yerindən görünür. Elə buna görə də varlığı bu böyük kütlə içərisində itən, müsibəti, acınacaqlı həyatı kimsəni maraqlandırmayan çarəsizlər Parisə axırıncı dəfə Eyfeldən tamaşa etdikdən sonra özlərini həlak ediblər. Yalnız o zaman milyonlarla insan yaşayan şəhər bir nəfərin - o ana qədər tanımadığı insanın taleyi barədə azacıq olsa da düşünüb.

O, dostu ilə vidalaşdı. Senanın sahilinə üz tutdu.

Dayaqları torpağa pərçimlənmiş qüllənin dövrəsində, otlu cığırlarda Paris sakinləri itli, itsiz gəzinir, Senanın sərin nəfəsi, Bulon meşəliyinin ətri duyulurdu.

O, beş frank verib bilet aldı. Lift dolu idi. Beş-on dəqiqədən sonra burdakı adamlarla özü arasında yaranacaq fərqi duyurdu. Qutu, içərisindəki kütləni füsunkar şəhərin üzərinə qaldırırdı. Dairəvi pəncərələrdən Paris görünür, itir və getdikcə dərinə düşürdü. Burdakı bir insan üçünsə ara-sıra yox, əbədi itəcəkdi. Təkcə ümid bağladığı şəhər deyil, bütün dünya itəcəkdi. O dünyaya yollanan qutu onu ömrün elə yüksək zirvəsinə qaldırırdı ki, oradan taleyinin ən dərin uçurumu görünəcəkdi.

Lift-kabinə ikinci mərtəbədə dayandı. Buraya qədər hündürlük yüz əlli metrdi. Oradan yuxarı qaldırmadılar. O, bu mərtəbədəki meydançaya hamıdan sonra çıxdı.

Qələbə tağından dörd yana oxlanan küçələr, südrəngli imarətlər, çay və onun üzərindəki körpülər bir-birinə bitişmiş, qovuşmuş təki görünürdü.

Meydançadakı adamlar seyrəldilər. O, dolanmağa başladı. Monmartr tərəfə, Bulon meşəliklərinə, qatar-qatar binaların arasından sükunətlə axan Senaya diqqət yetirdi. Meydanın kənarına yaxınlaşdı. İndi başa düşdü ki, qüllənin yüksək meydanının dövrəsincə iki adam boyu hündürlükdə dəmir tor çəkilmişdir. Bunu ona görə eləmişdilər ki, intihara yol verməsinlər. Parisin yüksəklik rəmzi - Eyfel qülləsi ölüm düşüncəsindən uzaq olsun.

Tunisli mühacir burma pillələrlə yuxarı dırmandı. Orada da meydanın kənarlarına tor çəkmişdilər. Daha burdan yuxarı qalxmaq mümkün deyildi.

Fəhlələr iri kranı dolandırıb qülləni təmir edirdilər.

Tunislinin gözləri Senaya və çayın körpülərinə dikilmişdi... Qaranlıq qatılaşanda Senaya düşüb boğulacaq mühacir, Parisin ən uca nöqtəsindən atılıb intihar edənlərə həsəd aparıbmış.

# 1480 dəfə oxunub

Müəllifin son yazıları

# # #