Bu gün İngiltərənin elmi-fantast yazıçı Herbert Corc Uellsin anım günüdür.
Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.
Onların əlindəki bütün ölüm vasitələrinin məhz elə həmin əllər üçün yaradıldığını bilirsiniz. Dünyalarını işğal etdiyimiz bu kiçik insanlar yüz minlərlə ildir ki, bir-birini necə öldürmək lazım olduğunu öyrənirlər. Onlar bu işdə çox mahirdirlər; ümumiyyətlə, bir çox sahədə bacarıqlıdırlar. Üstəlik, hiylə işlətməyi və qəfildən dəyişməyi də bacarırlar.
***
Axmaqlara bir baxın - mən burada yeni bir elementi fəth etməyə, həyatda inqilab edəcək bir iş görməyə çalışıram. Onlar isə şüurlu bir maraq göstərmək əvəzinə, irişib axmaq zarafatlar edir, məni və qurduğum qurğuları məsxərəyə qoyurlar.
***
Məntiqə söykənən əsaslar olmadan sizdən nəyəsə inanmağınızı tələb etmək fikrində deyiləm. Tezliklə istədiyim qədərini qəbul edəcəksiniz. Əlbəttə, bilirsiniz ki, riyazi xəttin — yəni qalınlığı sıfır olan bir xəttin real varlığı yoxdur. Sizə bunu öyrədiblər, elədir? Riyazi müstəvinin də real varlığı yoxdur. Bunlar sadəcə mücərrəd anlayışlardır.
***
Biz həmişə indiki andan uzaqlaşırıq. Qeyri-maddi və ölçüsüz olan mənəvi varlığımız, beşikdən qəbrədək zaman ölçüsü boyunca sabit bir sürətlə irəliləyir. Eynilə varlığımız yer səthindən əlli mil yüksəklikdə başlasaydı, aşağıya doğru hərəkət edəcəyimiz kimi.
***
Məni öldürə bilərsiniz, amma mən sizi, hətta bütün kainatı —bu kiçik beynimin pəncəsində saxlaya bilərəm.
***
Zamanla məkanın üç ölçüsündən hər hansı biri arasında şüurumuzun onun boyunca hərəkət etməsindən başqa heç bir fərq yoxdur.
***
O, zərrə qədər düşüncə və ya hiss şüası ilə belə işıqlanmayan bir qaranlıq, yuxusuz bir süstlük, nəhayətsiz bir hüzür məkanı idi.
***
Ən sadə sevinclər ən şirindir, lakin həyatımız o qədər mürəkkəbləşib ki, artıq onların qədrini bilə bilmirik. Əyləncə və istirahət adlandırdığımız şeylər çox vaxt zəhmətimizdən daha çox yorucu olur və bizi taqətdən salır.
***
Əzab səs tapıb əsəblərimizi tir-tir əsdirəndə, məhz bu rəhm hissi gəlib bizi narahat etməyə başlayır.
***
Dəyişikliyin və dəyişiklik ehtiyacının olmadığı yerdə zəka da olmur.
***
İnsan o qədər məğrurdur və öz təkəbbüründən gözləri o qədər kor olub ki, XIX əsrin sonuna qədər heç bir yazıçı orada şüurlu həyatın Yer üzündəki səviyyədən daha çox, hətta ümumiyyətlə, inkişaf edə biləcəyi fikrini ifadə etməyib. Marsın Yerimizdən daha qədim olduğunu, səthinin sahəsinin dörddə birinə belə çatmadığı və Günəşdən daha uzaqda yerləşdiyini nəzərə alsaq, onun nəinki zamanın başlanğıcından daha uzaq, həm də sonuna daha yaxın olduğu həqiqəti də ümumilikdə dərk edilmirdi.
***
Əhalinin tarazlıqda və bol olduğu yerlərdə çox uşaq dünyaya gətirmək dövlət üçün bir xeyirdən ziyadə şərə çevrilir; zorakılığın nadir hallarda baş verdiyi və nəslin təhlükəsizlikdə olduğu şəraitdə isə funksional bir ailəyə ehtiyac azalır, hətta heç bir ehtiyac qalmır və cinslərin uşaqların tələbatına uyğun ixtisaslaşması yoxa çıxır.
***
Lakin mən hələ təslim olmamışdım. Yumruğumla bürünc lövhələrə vurmağa başladım. Mənə elə gəldi ki, içəridə nəsə tərpəndi - daha dəqiq desəm, xısın-xısın bir gülüş səsi eşitdiyimi zənn etdim, lakin yəqin ki, yanılmışdım. Sonra çaydan böyük bir çınqıl daşı götürüb bəzəklərdən birini yastılayana qədər döyəclədim, bürüncün pası toz kimi töküldü. O incə miniatür insanlar hər iki tərəfə bir mil məsafədə gurultulu döyəcləməmi mütləq eşitmişdilər, lakin bundan nəticə çıxmadı. Yamaclarda toplanaq mənə oğrun-oğrun baxan bir izdiham gördüm. Nəhayət, təngənəfəs və yorğun halda məkanı izləmək üçün yerə əyləşdim. Amma uzun müddət izləyə bilməyəcək qədər səbirsiz idim; uzun-uzadı keşik çəkmək üçün həddən artıq Qərb adamıyam. Bir problem üzərində illərlə işləyə bilərəm, lakin hərəkətsiz halda iyirmi dörd saat gözləmək, bu, artıq başqa məsələdir.
***
Nuh gülməyi kəsib baxışlarını Tanrıya tərəf çevirdi: ‘Bütün Müqəddəs Kitab boyunca nə sən gülürsən, nə də şeytan. Bunu heç fərqinə varmamışdım...
- Bəli, heç güldüyümüzü xatırlamıram. Niyə də gülməliyik ki?
- İlk səhifədən son səhifəyə qədər ciddiliyinizi pozmursunuz. Məşğul olmalı olduğun yeni insan bu məsələdə səndən üstündür. Aranızdakı bu uyğunsuzluğu yeni dərk edirəm. İnsan güləndə o boğucu cəfəngiyyatın heç bir hökmü qalmır. Gülməyə davam edəcəyik. Tufan zamanı da, tufandan sonra da güləcəyik və hər şeyə yenidən başlayacağıq. Axıdılan bütün qana və göz yaşlarına baxmayaraq. Necə vəhşicəsinə olursa-olsun, absurd olduğuna qənaət gətirilən heç bir şey dözülməz deyildir. Səni əmin edirəm. Həm də heç bir şey.
***
Bəlkə də qeyb aləmindən bir əl kimi uzanıb ürəyinizi sıxan o məşum hissi bilirsiniz. O hissin adət etdiyiniz mənliyinizi sizdən alıb apararaq sizi nə ləng, nə tələsik, nə qəzəbli, nə də qorxaq olan, gərgin və təmkinli birinə çevirdiyini bilirsiniz. Mənimlə də məhz belə oldu.
***
İnsanın öz vəziyyətini dəyişmək gücünə inanan utopiyası ilə Platondan tutmuş, idrakın və sübut olunmuş faktların üstünlüyünü vurğulayan Aristotelə, eləcə də günümüzün qurucu səylərinə və elminə qədər, biz insan zəkalarının yaradıcı azadlığa doğru yol tapdığını görmüşük. Və hər zaman instinktiv mühafizəkarlığın, imtiyazların və doqmatik avtoritarlığın qüvvələri bu irəliləyişə müqavimət göstərmiş və ya mane olmuşdur.
Rus dilindən tərcümə: Aydan Ağayeva