İlan - Rəhim Əliyevin hekayəsi

İlan - Rəhim Əliyevin hekayəsi
6 noyabr 2024
# 17:00

Bu gün professor, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Rəhim Əliyevin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "İlan" hekayəsini təqdim edir.

Böyük ustad Nasir Mənzuriyə

Abi üç il qabaq Sabunçudakı quş bazarından beş dənə quş aldı. İri qutudakı quşları satan yaşlı bir kişi idi. Dedi ki, quşların yemi yoxdur, yoxsa satmazdı bunları. Abi tələsirdi, alver yeri deyildi. Quşlar da qağayı kimi tərtəmiz idilər, bilinirdi ki, əsl quşbaz satır bunları. Qiyməti də havayı kimi idi. Bir dənə də qırmızı boynugüllü, qoca erkək vardı aralarında. Alayı vaxt bu boynugüllü beş quşun qiymətinə dəyərdi.

Abi pulunu verib, quşları qutuyla götürüb gəldi bağa. Üç gün sonra aldığı beş quşun ikisini Zirədən gəlmiş qonağa bağışladı. Qaldı üçü. Qoca boynugüllü, onun ağ mayası, bir dənə də qaldı tək ondördlük, cırıq quyruq, ayağı çılpaq ağ maya.

Qoca boynugüllü nə quruldayır, nə də mayası yumurtlayırdı. Abinin fikri isə bu erkəkdən qırmızı boynugüllü balalar almaq idi. Bir gün gördü ki, ağ ondördlük maya beş tük erkəklə cüt düşüb. Maya yaraşıqsız, anaş bir quş idi, yaxşı uçmağına güman da yox idi.

Üzü payıza bir gün Abi gördü ki, ağ ondördlük maya bir cüt yumurtlayıb. Üç həftə sonra yumurtalardan bir cüt bala çıxdı, tez də tükləndilər. Bir gün Abi gördü ki, balaların hər ikisi qırmızı boynugüllüdür! Bu, möcüzəyə yaxın idi, çünki otuz ildə onun quşxanasında hələ bir dənə qırmızı boynugüllü bala çıxmamışdı. Hələ rus pulu vaxtı dəstə qırmızı quyruq boynugüllülər iyirmi beş manata idi.

Həmin gündən bu ağ maya oldu Abinin gözünün işığı. Boynugüllü balalar quşxanadan çıxan kimi Abi qanadlarını kəsdi. Anaş maya təzədən bir cüt yumurtladı, yenə bir cüt qırmızı boynugüllü ağ balalar verdi. Abi bu səfər balaların qanadını qayçılamadı.

Yengidə yayda Abi gördü ki, ağ mayanın qırmızı boynugüllü balaları qalmır. Hərəsi bir bəhanə ilə yox olur. Balaların qanadlarını kəsmək də kömək eləmirdi. Quşbazlar yaxşı deyir: balanın üstündə əsdin əgər, ona mütləq nə isə olacaq, qalmayacaq. Abinin özünün də zəif yeri vardı: axşam tərəfi çox içəndə quşxananı bağlamaq yaddan çıxırdı, pişiklər quşlardan tutub aparırdı. O, bağ yerində qalırdı, yiyəsiz pişiklər çox idi. Onların dişiləri yerik vaxtı qanlı yemək üçün heç nədən çəkinmirdilər. Bir iş üçün hərdən evə girəndə çıxıb görürdü ki, quşun biri yoxdur. Həmişə də baş quşları aparırdı.

Yayın ortalarında soğanı əbreşin bir cüt balası çıxdı. Abi onlara baxanda ətcəbala idilər, yumurtanın birinin yarısı da balaların yanında idi. Səhər quşlara dən atanda dəmir torlu qapıdan əvvəlcə balalara baxdı: amma quruyub qaldı yerində. Balalar gözdə yox idi! Bu nə möcüzə idi? Axı dünən yerində idilər.

Abini fikir apardi, o, möcüzəyə-zada inanan deyildi. Üç-dörd gün sonra başa düşdü: balaları ilan udub. Televizorda ilanın ətcəbala quş balalarını, iri quş yumurtalarını udmağını görmüşdü. Həyət-baca da dolu idi su ilanı ilə. Qızmar günlərdə ilanlar istidən təntiyib evə də girirdilər. İlanın bədən temperaturu sabit deyil, ona görə istidə canları ölçüdən çox qızanda heç nəyə baxmır, harda sərinlik tapdı, girir ora. Udanda da quş balalarını iyindən tapır, diri udurlar. Ona görə yox ki, diri xoşlayırlar, yox. İlan bədbəxt tərpənməyən şeyi görmür, ona görə ancaq tərpənən kərtənkələ, çəyirtkə, quş balalarını seçə bilir və tutub udur. Abi eşitmişdi: Zirədəki gürzə fabrikində zəhəri yığılan ilanlara diri cücələr verirdilər yeməyə. Sağlamları yox, üçüncü gün yumurtadan çıxanları, onlar xəstə və zəif sayılır və bir neçə gündən sonra ölürlər. Ona görə onları gürzələrə verirdilər, onlar da birini udub iki həftə yatır və bolluca zəhər verirdilər.

Əbreşin balaları yox olandan sonra Abi fikirləşdi ki, bu ilanı tapıb öldürmək lazımdı. Düzdü, balalar tüklənəndən sonra yox olmurdu, güman ki, ilan onları uda bilmirdi. Amma Abi ilandan qorxmasa da, iyrənirdi, hər dəfə quşxanaya yaxın gedəndə özünü yığışdırırdı, mütləq dörd dövrəyə göz yetirirdi. Bir neçə gün belə davam elədi, amma ilanın izi-tozu görünmədi. Lap qızmar günlərin birində axşam Abi gəzişmək üçün küçə qapısına çıxdı. Xeyli gəzişəndən sonra həyətə qayıtdı, quşxananın dəmir torlu qapısına yanaşdı. Əlindəki gecə fənərini su qabına tuşlayanda parıltı gördü. Bu, həştad santılıq ilan idi. Quşxananın tametli yerliyində mil kimi uzanıb sərinlənirdi. Lampanın işığına da qımıldanmırdı, yəqin hiss eləmirdi, ya da yatmış idi. İlanın nadir rəngi vardı: belinin zolaqları tünd mavi, göy idi, şüşə kimi parlayırdı lampanın işığından. Abi bu rəng ilanı ömründə ikinci dəfə görürdü.

Abi əvvəlcə bilmədi neyləsin. Quşxananın qapısı içəri açılırdı. İlanı bellə vurmaq üçün qapını açmaq lazım idi, bu isə ilanı hürküdə bilərdi. Üstəlik, bellə dəqiq vurmaq üçün gərək gecə fənərini də bellə yapışıq, qoşa tutmaq lazım idi, bunsuz zərbə dəqiq olmazdı. Belə də elədi, tiyəsi dördkünc beli sol əlində gecə lampası ilə qoşa tutub, ayağı ilə quşxananın qapısını içəri itələyib lampanı ilana tuşladı, qarasına zərbə vurmadı. İlan artıq su qabını keçmişdi, gözlərin sol küncünə girmişdi. Abinin zərbəsi ilanın ancaq quyruğunu tutdu. İlan gözün arxasında yox oldu, Abi işığı küncə tuşlayanda ilanın bayırda qalmış dörd barmaq uzununda quyruğunu gördü. Bir neçə saniyə sonra ilan quyruğunu da çəkdi.

Abi düşündü ki, ilanı yaralayıb, yəqin bir-iki həftəyə gözlərin arxasında haradasa öləcək. On gün sonra səhər quşxananı açanda dəhşətə gəldi: qırmızı boyugüllü balalar verən ağ maya yerdə ölmüşdü. Yaxşı baxanda gördü ki, mayanın sol budunda qan ləkəsi var. Amma mayanın üçüncü mərtəbə gözdəki bir cüt yumurtasının biri yox idi. Abi anladı: gözə girib mayanın üstündə oturduğu yumurtaları yemək istəyəndə ana quş ilanla dirəşib, yumurtalarını qorumağa çalışıb. İlan isə mayanı budundan tutub dişləyib. Bəzən su ilanlarının da dişində zəif zəhər olur. İlan mayanı dişindən buraxanda ana quş gözdən düşməli olub, sonra yerdə ölüb.

Abi dilxor oldu, çünki indən belə onun heç vaxt bu maya kimi quşu olmayacaqdı. Ona görə bu ilanı güdüb öldürmək vacib oldu. Amma bu asan deyildi, çünki ilan qızmar isti günlərdə, həm də gecələr üzə çıxırdı. Qaranlıq da bu işi çətinə salırdı. İlan çox cəld heyvan idi, onu gündüzlər görüb izləmək və öldürmək çətin idi. Gecə vaxtı isə bu, qat-qat müşkül idi.

Abi hər gecə yatmazdan əvvəl gecə lampasını götürüb quşxanaya baxırdı. Bilirdi ki, ilan əl-ayaq çəkiləndən sonra, gecənin sakitliyində ova çıxır. Amma quşxana ov yeri deyildi, ilan sadəcə orda asan yemək tapmağa dadanmışdı, dadananla quduran bir olar, deyiblər. Növbəti qızmar günlərin birində gecə lampasını quşların su qabına tuşlayanda parıltı gördü. İlan sol tərəfdəki aşağı gözdə qıvrılıb uzanmışdı, lampanın işığında dərisi parıldayıb bərq vururdu. Amma bu dəfə ayıq idi. Lampanın işığını hiss eləyən kimi tələsmədən gözün arxasına sivişib gözdən itdi.

On gün sonra Abi ilanı bir də gördü. Lap quşxananın kandarında qıvrılıb yatmışdı. Yenə lampa ilə belin dəstəsini sol əlində rahatlayıb ayağı ilə qapını içəri açdı və ilana zərbə endirdi. Zərbədən sonra su qabının ətrafını işıqlandırıb baxdı: ilan həm də su qabının qabağındakı rütubətin sərininə dadanmışdı, isti günlərdə onlar evlərin ətrafına gələndə belə sərinlik axtarırlar. İlanın izi də yox idi. Abi özü də bilmədi ki, ilanı vurub, ya yox, bəlkə də ilan zərbədən əvvəl sivişib qaçmışdı, Abinin zərbəsi isə boş yerə dəymişdi. Həmin gün avqustun iyirmisindən sonra idi. Hava gecələr sərin olurdu, ilan da yəqin, sərin yer axtarmağa ehtiyac görmürdü. Amma ilan çalan ala çatıdan qorxar, deyirlər. Abi də qışda belə quşxananın qapısını açanda sol küncdəki gözə baxırdı əvvəl. Elə bilirdi ilanı yenə həmin gözdə parıldayan görəcək. Amma düşünürdü ki, bəlkə də ilanı öldürüb.

Yengidə havalar qızanda Abi quşxanada hər şeyə göz qoyurdu: ilanın izlərini axtarırdı. Bir gün səhər boynugüllü qara çəpin dünən yumurtadan çıxmış balalarını yerində görmədi. Deməli, ilan yenə gəlmişdi. Amma bu, başqa ilan da ola bilərdi. İlanlar yaz başı qış yuxusundan oyananda aqressiv, qorxusuz və ac olurlar. Ancaq birinci ovdan sonra sakitləşib yatmağa gedirlər. Bir gün yayın birinci bərk istisində Abi gecə ilanı quşxanadakı su qabının qapı tərəfində qıvrılıb yatmış gördü. Bu dəfə daha lampasız hərəkət eləmək, tiyəsi dördkünc beli əlində rahatlayıb qarasına, işıqdan istifadə etmədən gördüyü yerə bərk zərbə endirmək qərarına gəldi. Ayağı ilə qapını içəri itələyib zərbə endirdi.

Hiss elədi ki, tiyə tametə yox, yumşaq nəyəsə dəydi və heç səs də çıxartmadı. Sonra gecə lampası ilə su qabının ətrafını işıqlatdı. İlan əvvəlki yerindən bir dirsək irəlidə, sol küncdəki gözün qabağında qıvrılıb qalmışdı. Amma bu dəfə onun qarın altının sarılığı görünürdü. Zərbə tutmuşdu onu, çünki zərbədən sonra ilanlar qıvrılanda bel tərəflərini altlarına yığır, çevrilirlər. Abi ilanı tanıdı, həmən tünd göy zolaqlı ilan idi. Bir hovur sonra ilan özünü toplayıb aşağı sol gözün arxasına süründü. Amma onun quyruğunun iki qarışı bayırda idi. İlanda quyruğunu çəkməyə hey yox idi. Abi var gücünü toplayıb bellə ilanın quyruğuna ikinci zərbə endirdi. Amma quyruq üzülmədi bədəndən. Bir hovur sonra ilan hardansa güc tapıb quyruğunu da ardınca çəkib gözdən itdi.

Həmin gündən sonra Abi ilanı axtarırdı. Hər dəfə quşxananın qapısını açanda ilanı gördüyü yerə, qıraq sol gözə baxırdı. İlan yox idi. Hətta quşlardan biri o gözdə yumurta da qoydu, balalar çıxardı. Amma Abi hər dəfə həmin gözə nigaranlıqla baxırdı. İlan yox olmuşdu. Amma Abinin nigaranlığı yox olmadı, ilanı vurduğu yerə narahat-narahat baxmaq başında şakər kimi qaldı. Bəlkə də ilan heç ölməmişdi.

2020-2023

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

# # #