"Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür..." - Macar yazıçıdan sitatlar

"Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür..." - Macar yazıçıdan sitatlar
25 iyun 2026
# 13:30

Bu gün macar yazıçı, dramaturq, şair, jurnalist və tərcüməçi Frideş Karintinin doğum günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.


Başım çatlayırdı. Ağrını düşünür, fiziki əzabın necə bu dərəcədə şiddətli ola biləcəyinə təəccüblənirdim. Belə bir işgəncəyə dözməyin mümkünlüyünü heç vaxt xəyal etməmişdim. Amma yenə də burada idim; həm huşum yerində idi, həm də aydın düşünə bilirdim. Təkcə düşünmək yox, həm də bu prosesi müşahidə etmək və onunla bağlı hesablamalar aparmaq iqtidarında idim. Kəlləmin ətrafındakı polad çənbər yüngül xırıltı səsləri ilə daralırdı. Daha nə qədər darala bilərdi? Xırıltı səslərini sayırdım. Üçqat dozada ağrıkəsici qəbul etdiyimdən bəri daha iki xırıltı qopmuşdu... Saatımı çıxarıb masanın üzərinə qoydum.

– Mənə morfi verin, – dedim, sakit, düşməncəsinə və buz kimi soyuq bir tonla.

– Morfi qəbul edə bilməzsən! Özün də çox yaxşı bilirsən. Ağlına belə gətirmə! Həm o saatla nə edirsən elə?

– Üç dəqiqə ərzində mənə morfi verəcəksiniz.

Narahat halda məni başdan-ayağa süzdülər. Kimsə yerindən tərpənmədi. Üç dəqiqə keçdi. Sonra daha on dəqiqə də ötdü. Saatı sakitcə cibimə qoydum və səndələyərək ayağa qalxdım.

– Onda məni "Fiakker Bar"a aparın. Deyirlər, yaxşı şoudur, bu gecə əylənmək istəyirəm.

Digərləri rahat nəfəs alaraq yerlərindən sıçradılar.

Bu sirri nə o vaxt, nə də sonradan heç kimə etiraf etmədim. O üç dəqiqənin sonunda – həyatımda ilk və son dəfə – qəti qərara gəlmişdim ki, əgər növbəti on dəqiqə ərzində başımın ağrısı kəsilməsə, özümü ən yaxın tramvayın altına atacam.

Qərarıma sadiq qalıb-qalmayacağım heç vaxt bəlli olmadı, çünki ağrı şimşək sürətilə yox olub getdi.

***

Yumor – həqiqətin bütövüdür.


***

İndi biz nağıllar aləmində yaşayırıq. Bu diyarın yeganə kiçik məyusluq doğuran tərəfi odur ki, bura real dünyanın indiyə qədər olduğu hər hansı bir dövrdən daha kiçikdir.

***

Əgər otaqda təkəmsə, mən insanam. Əgər içəri bir qadın daxil olarsa, mən kişiyə çevrilirəm. Və mən nə dərəcədə kişiyəmsə, otağa daxil olan da o dərəcədə qadındır.

***

Məgər gücün maddiyyata qalib gəlməsi, ruhun bədəndən daha qüdrətli bir həqiqət yaratması, həyatın ölümdən sonraya qalan bir mənaya sahib olması, xeyirin şərə qarşı – həyatın ölümə qalib gəldiyi kimi – qalib gəlməsi və nəticədə Tanrının İblisdən daha güclü olması mümkün deyilmi?

***

Kişi və qadın bir-birini necə başa düşə bilər ki, axı hər ikisi tamamilə fərqli şeylər istəyir: kişi qadını istəyir, qadın isə kişini.

***

Başqa bir nümunə gətirsəm, təsəvvür edə bilməzsiniz ki, günlərin bir günü elə bir baş naziriniz ola bilər ki (təvazökarlığımdan adını çəkmirəm), o, Parlamentdə soyuq və rəvan bir səslə, daha əvvəl heç müzakirə etmədiyi (çünki o, azdanışan adamdır) bir sıra dərindən düşünülmüş diplomatik gedişlər nəticəsində Britaniyanı Macarıstanın sıravi bir müstəmləkəsi olaraq imperiyaya birləşdirməyə nail olduğunu və bu fürsətdən istifadə edərək Nümayəndələr Palatasına faktı bildirdiyini elan etsin; bəli, dediyim kimi, o, bunu soyuq və rəvan bir tonla izah etdikdən sonra, onu çiyinlərində daşımaq istəyən coşğulu, sevincli deputatların qışqırıqlarına məhəl qoymayaraq, qəfildən qılıncoynatma duruşu alsın və elə oradaca, baş nazir kürsüsündə, indiyədək naməlum olan müdhiş bir ciu-citsu fəndi tətbiq edərək, Britaniya müxalifətinin Avropanın bu ən böyük şəxsiyyətinə sui-qəsd etmək üçün kürsünün altında xaincəsinə gizlətdiyi Avstraliyalı dünya güləş çempionunu yerə sərsin.

***

Xəyal dünyamın kabuslarını sərbəst buraxıram.

***

Hər şey geri qayıdır və özünü yeniləyir. İndiki fərq ondan ibarətdir ki, bu qayıdışların sürəti həm məkanda, həm də zamanda görünməmiş bir şəkildə artıb. İndi mənim düşüncələrim yer kürəsini bir neçə dəqiqəyə dövr edə bilir. Dünya tarixinin bütöv fəsilləri bir neçə ilin içində oynanılıb bitir.

***

İncəsənət həqiqətin tamamlayıcı mənbəyidir, çünki o, bəşəriyyəti sadə faktların müşahidəsindən daha uzağa aparmaq üçün təxəyyülün köməyinə əl atır. Real nailiyyət yalnız hər ikisi (fakt və təxəyyül) vəhdətdə işlədikdə mümkündür.

***

Diktatura ilə demokratiya arasındakı fərq ondadır ki, diktaturada bir nəfər digərinə qalib gələ, onu təhqir edə və incidə bilər. Demokratiyada isə digəri eyni şeyi o birinə edə bilər.

***

Həyatda qalmaq cəsarəti yalnız ölüm qorxusu bitəndə mümkündür.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər