Günəşin qaranlıq tərəfi - Anar Şamilin hekayəsi

Günəşin qaranlıq tərəfi - Anar Şamilin hekayəsi
6 sentyabr 2024
# 17:30

Kulis.az Anar Şamilin "Günəşin qaranlıq tərəfi" hekayəsini təqdim edir.

1.1

Güclü külək səhradakı toz dənələrini havaya qaldırmışdı. Balaca su hövzəsinin ətrafında məskunlaşan, toz buludunun onlara doğru yaxınlaşdığını görən insanlar evlərində gizlənməyə çalışırdılar. Onlar hər dəfə küləyin səhraya yaşatdığı soyqırımın şahidi olurdular. Səhra küləyin qarşısında köməksiz görünürdü. Lakin burulğanın içində olan hər bir toz hissəciyi xoşbəxt idi. Hər dəfə güclü külək əsdikdə onlar sevinərək önünə atılırdılar. Olduqları yeri tərk edib yeni, tanımadıqları toz hissəciyinin yanına düşmək həvəsində idilər. Hər birinin xəyalında ayrıldığı hissəcikdən daha gözəli vardı.

Arxadan gələn qurudulmuş kartof dilimlərinin dişlər arasında qırılmasının səsi onu kinoya baxarkən canlandırdığı fikirdən ayırdı. Əsəbindən barmaqları ilə oturacağın qoltuğunu sıxdı. Arxa oturacaqda uşaqla xanım əyləşmişdi. Rəsulun qarşılaşdığı, lakin nifrət etdiyi hadisələrdən idi. İstər teatrda, istərsə də kino zallarında nədənsə bu tip insanlar onun arxasında əyləşirdi. Bəlkə də qanun imkan versəydi getdikləri məkanların mahiyyətini anlamayan insanları elə orada boğub öldürərdi. Lakin qanunlar bir çox hallarda bir tərəfin haqlarını geniş şəkildə tanıyarkən əks tərəfin haqlarını azaltmaq məcburiyyətindədir. İzlədiyi filmin kinoteatrda ilk yayımından xeyli vaxt keçmişdi. Lakin Rəsul sırf bu günü gözləmişdi. Bu gün Ramazan ayının ilk günü idi. Rəsul filmi bütün hisləri ilə izləyə biləcəyinə əmin idi. Lakin onun bəxtindən nə özünü, nə də tanrısını tanımayan, mədəniyyəti olmayan insanla rastlaşmışdı. Film bitdikdən sonra zalda işıqlar yandı. Rəsul arxaya çevrilib günəş rəngli saçları olan qadını və balaca qızı gördü. Qadın qızın əlindəki çərəz paketini və su qabını alıb çantaya qoyduqdan sonra ayağa qalxdı. Qarşı tərəfdəki cavan oğlanın ona zillənmiş baxışını görüb qorxdu. Bir anlıq duruxdu, lakin sonra qızının əlindən tutub çıxışa doğru getdi.

Rəsul qəzəblə qəhvəyi gözlərə baxırdı. Lakin anidən qəzəbi səngidi. Gözü qadının qırmızı dodaqlarında ilişib qalan kartof qırıqlarına sataşdı. Könlündən fərqli hislər keçdi. Dodaqlar və çipsi arasında qalmışdı. Nə istədiyini ayırd edə bilmirdi. Qadın zalı tərk edtdikdən sonra Rəsul tək qaldığını görüb pillələri enərək qapıya doğru hərəkət etdi. Bir ayağı digərindən balaca olduğuna görə uşaqlıqdan pillələri sevmirdi.

Günəş şüaları binaların arasından süzülərək ağacları tapmağa çalışırdı. Şəhərin sıx və hündür tikililərinə görə bəzi ağaclar günəşlə tam şəkildə qidalana bilmirdilər. Rəsul zibil qutusunun yanında dayanaraq bir tərəfi daha çox budaqlanan və yaşıllaşan ağaca, sonra isə ayaqlarına baxıb gülümsədi. “Yəqin günəş həmişə anamın sağ tərəfinə düşüb.” Siqareti zibil qutusuna atıb şəhəri gəzmək qərarına gəldi. Həmişəki halından fərqli, yad bir hislə qarşılaşmışdı. Bu hiss onun öyrəşdiyi qəzəbdən daha yaxşı idi. Yolu gedərkən ani olaraq marketin yanında dayandı. Bir müddət sonra, marketdən aldığı qırmızı bibərli çipsi ilə gülümsəyərək yoluna davam etdi.

“Günəş dovşanları” suyun üzərində oynayır sanki qızmar günəşin istisindən bezərək sərinləmək istəyirdilər. İnsanlar ağacların kölgəsi altında oturmuşdular. İstini sevib onun tanrısından gizlənən yaşlılar ortalıqda qaçan və yayın gözəlliyindən zövq alan balaca uşaqları anlamırdılar. Rəsul arxasında ağac olmayan yeganə oturacaqda əyləşdi. Ətrafına baxıb gülümsədi. Digər oturacaqların ona qıcıqla baxdığını təsəvvür etdi. İstini və günəş şüalarını çox sevirdi. Günəşin tanrı vasitəsilə insanlara enerji və sevinc ötürdüyünə inanırdı. İnsanın xatırladığı əksər xoş anların yay tətilinə təsadüf etdiyini hansısa kitabdan oxumuşdu. Başını qaldıraraq diqqətlə günəşə baxdı, orada isti bir cənnətin olduğunu təsəvvür etdi. Həmişə qış fəsli olmayan bir ölkədə yaşamaq istəmişdi. Günəşin şüaları göz bəbəyindən kənara yayılırdı. Gözünü günəşdən çəkdikdə özünü suyun içində təsəvvür etdi. Balaca dalğalar gözünün önündən süzülüb keçirdi. Gözünü yumub hər şey qaranlığa qərq etdi. Kitablardan oxuduqlarını xatırladı:“İlk əvvəl qaranlıq, sonra işıq, sonra isə partlayış”. Gözünü açdıqda topun sürətlə onun sifətinə gəldiyini görüb yayınmağa çalışdı, lakin sürəti çatmadı. Topu əlinə alıb səbəbkarı axtardı. Dağınıq saçlı balaca bir uşaq yaxınlaşdı.

- Üzrlü say, əmi, topumu verə bilərsən?

2.1

Böyük bir qaranlığın içində uzaqda balaca,nöqtə boyda işıq vardı. Sonra işıq böyüyüb qaranlığı zəbt etdi. Boşluqda əvvəl yer kürəsi rənglərində top sonra isə, fərqli rəngdə topa bənzər digər obyekt peyda oldu. Məkandan heyrətlənən Rəsul kürəni izləyərkən gözləri ayaqqabısına sataşdı. Əynindəkiləri diqqətlə incələdi. Ad günlərindən birində atasının ona verdiyi futbol geyimində idi. Yeni geyimlə cəmi bircə dəfə futbol oynamışdı. Kürəni ayağında çiləyərək var gücü ilə daha uzaqda olan digərinə doğru vurdu. Kürələr toqquşduqda ... Nə olduğunu bilmədi, çünki yuxudan oyanmışdı.

Çarpayıda alt paltarında oturaraq divardan asılan uşaqlıq illərinə aid, futbol formasında olduğu şəklə baxdı. Yanında atası sağ tərəfində isə məşqçisi dayanmışdı. Ad günündən sonra atası onu şəhərin futbol məktəbinə yazdıraraq verdiyi sözü yerinə yetirmişdi. Məşqçisi ona çox yaxşı yanaşırdı. Digər komanda yoldaşlarının etirazına rəğmən həmişə hücumda oynadırdı. Bu sevincini Rəsul atası ilə bölüşəndə gülərək mən sağ olduğum müddətdə belə olacaq demişdi. Həmin an Rəsul bu sözlərin mənasını anlamırdı. Rəsulun futbola getməyinə anası razı deyildi. “Sən uşağı arzusunun qurbanı edəcəksən, o balacadı ,amma sən arzuların bəzən insanı məhv etdiyini anlayırsan”. Anasının dediklərini Rəsul yaddaşında yartadığı “başa düşmədiyi sözlər” qovluğuna yazmışdı. Anasına qarşı içində bir nifrət vardı. Lakin sonralar içindən keçən bu uşaqlıq hislərinə görə çox peşman oldu. Çünki gələcəkdə xəyallarla yox anasının dediyi həqiqətlərlə üzləşmişdi.

Anası şəhər kitabxanasında işləyirdi. Ona və balaca bacısına nağıllar kitabı gətirərdi. İlk əvvəl Rəsul nağıllardakı müsbət qəhrəmanları sevirdi. Lakin sonralar fikirini dəyişdi. Hər dəfə yeni nağıla başladıqda o mənfi qəhrəmanı seçər və qələbəsini arzulayardı. Lakin həmişə onun qəhrəmanını məğlub edirdilər. Buna rəğmən o kitablara marağını itirməmişdi. Kitabxanada olan bütün kitabları oxumuşdu. Kitabxanaçı ona arxivə verilmək üçün yığılan, kiril əlifbası ilə yazılan kitablardan verirdi. Astranomiya ilə bağlı olan kitablar böyük marağına səbəb olmuşdu.

Atasının hündür boyu, səliqəli daranmış qısa saçı, narın saqqalı vardı. Məşhur xəstəxanaların birində həkim işlədiyinə görə növbədə qalır və çox vaxt evdə olmurdu. Anası gecələr yatmayıb onun yolunu gözləyirdi. Amma səhərlər atası evə gələndə baş verən hadisələri Rəsul anlaya bilmirdi. Anası bütün gecə həsrətlə gözlədiyi adamla səhər qarşılaşanda həmişə dalaşırdı. Bu kimi xırda problemlərə rəğmən gözəl bir həyatı vardı. Atası ondan heç nəyi əsirgəmirdi. Küçəyə çıxdıqda atasının aldığı oyuncaqları özü ilə aparıb digər uşaqlara göstərən zaman hamı onun ərtafına yığılırdı. Rəsul bölüşərkən özünü dəyərli hiss edirdi. Uşaqlar onu futbol oynamağa çağırar və həmişə hücumda oynadırdılar. Hər dəfə atasına ya şirniyyat, ya da yeni bir oyuncaq aldırardı. Bölüşmək üçün nəsə tapmadığı gün həyətə çıxmazdı. Sanki uşaqlardan qorxurdu. Lakin fiziki cəhətdən onlardan daha güclü idi . Dalaşsaydı istənilən birini üstələyərdi. O , sadəcə uşaqlar tərəfindən ediləcək diqqətsizlikdən qorxurdu. Həyətə çıxmadığı vaxtlar onu heç vaxt oynamağa çağırmazdılar.

Ad günündən bir ay sonra atasının üç gün evdə olmaması valideynləri arasında böyük mübahisəyə səbəb olmuşdu. Onun ezamla bağlı bəhanəsi, aldığı güllər və xoş sözlər müsbət nəticə vermədi. O üzdən Rəsul və bacısını əmisigilə qoyaraq şəhərdən uzaqda yerləşən istirahət mərkəzlərindən birinə yollandılar. Anası hər ikisinin üzündən öpdü. Atası isə əyilərək qulağına bu sözləri dedi.

- Bacın sənə əmanətdir, artıq böyük oğlansan, mən ananın könlünü alıb qayıdacam.

Rəsula göz vuraraq uzaqlaşdı. Bu Rəsulun valideynləri haqqında yadında qalan son xoş xatirə idi. Həmin gündən sonra hər şey dəyişdi. İlk dəyişikliyi məşqə gedərkən hiss etmişdi. Məşqçi ona ayağındakı problemə görə futbola uyğun olmadığını deyərək məşqdən qovmuşdu. Hadisədən sonra tez-tez öz məhəllələrinə gedir, evlərinə baş çəkirdi. Uşaqlar artıq nə onun yanına gəlir , nə də ki oyuna qoşurdular. Bir müddət əmisigildə qaldıqdan sonra münasibətlər dəyişməyə başladı. Bir gün əmisi ona qapıdan uzaqlaşan şəxsləri göstərib soruşdu. “Bilirsən onlar kimlərdi?” Rəsul onları tanımadığına görə səssiz dayanmışdı. Əmisi hirsli halda “Onlar atanın qumar dostlarıdır. Atan evə gəlməyəndə, elə bilirdin növbədə olurdu? Bu dostları atan həmin növbələrdə qazanıb. İndi hər gün mənim qapıma gəlirlər. Sizin həyatınız üçün təhlükə ola bilər . Anlayırsan məni . Sən bir yana Aytən üçün təhlükəlidir. Axırıncı dəfə atan onlara böyük vədlər verib.” Rəsulun beynində Aytənlə bağlı cümlə fırlanırdı. Yeganə dostu olan bacısı üçün hər şeyi etməyə hazır idi. Onu itirməkdən qorxurdu.

Divardakı şəklin yanında qəzet səhifəsi asılmışdı. Rəsul onun qarşısında dayanaraq artıq neçənci dəfə idi ki, diqqətlə oxuyurdu. “Məşhur həkim sükan arxasında yuxulu olduğu üçün yol qəzası keçirdi. Maşında olan sürücü və sərnişin yerindəcə vəfat etdi”. Uşaq evinə düşəndən iki il sonra Rəsul Aytəni də itirmişdi. Güclü soyuqdəymədən ağır vəziyyətə düşən Aytəni həkimlər xilas edə bilmədilər. Başına gələnləri düşündükcə özünü artıq nağıllardakı mənfi qəhrəman kimi hiss edirdi. Həyatında ona dəstək ola biləcək hər şeyi itirmişdi. Aytənin ölümündən əvvəl əmisi bir neçə dəfə ona baş çəkmişdi. Sonuncu dəfə onu uşaq evindən icazə alıb tanımadığı bir yerə götürmüşdü. Bu hadisədən sonra əmisinin üzünü görməmişdi. O , bilirdi ki, atası sağ olsaydı, bacısı bu xəstəlikdən ölməzdi. Uşaq evində onlar pulla tutulmuş, valideyn obrazına girmiş insanlar üçün çox yad idilər. Xatirələrin təsirindən çıxmamış çarpayının altında gizlətdiyi top cırığını çıxararaq pəncərənin önündə əyləşdi. Uşaq evinin həyətində balaca meydança vardı. Həyətin hündür hasarı önündə əkilmiş şam ağacları soyuq havalarda yayın gələcəyini xatırladırdı. Süni örtüklü, balaca qapıları olan meydança nədənsə çevrəyə alınmamışdı. Atasının ona top alıb gətirdiyi gün, məhəllədə uşaqlarla oynadığı anlar yadına düşdü. Son dəfə evlərini ziyarət edərkən topu ordan götürmüşdü. Meydançaya diqqətlə baxdı. Narın saqqallı adamla, ayağının birini çəkərək qaçan, balaca oğlan futbol oynayırdı. Gözünü ovuşdurdu. Ağlamaq istəmirdi. Ata sözünü ucadan deyib topu əlində bərk sıxdı . Lakin birdən meydança boşaldı .Təkcə topu qovan uşaq qalmışdı. Onun vurduğu top söhbətgaha gələn bağbanın başına dəydi. Uşaq qaçaraq topu götürmək istədikdə bağban onu bıçaq ilə kəsib kənara atdı. Rəsulun içindən qəzəb dolu enerji çölə çıxmağa çalışırdı. Əlində imkan olsa, bıçaq götürüb eyni formada bağbanı parçalayardı. Anidən hər şey əvvəlki vəziyyətə qayıtdı. Nə oğlan vardı, nə də ki top . Lakin söhbətgahda əyləşən bağban yenicə budadığı güllərə baxırdı.

1.2

- Sənin baban bağban deyil ki ?

Balaca təəccüblə:

- Yox, - dedi.

Rəsul gülümsəyərək topu ona uzatdı.

Balaca topu götürərək uzaqlaşdı.

Rəsul parkdakı oturacaqdə əyləşərək insanları izləməyi çox xoşlayırıdı. Bu an onun yanında bir xanım əyləşdi. Rəsul sola baxdıqda dejavu yaşadığını hiss etdi. Gözlərini geniş açaraq qadına baxdı. Tanrının enerjisini aldığı saçlarından aşağı enərək qarşısındakı qadının bədənini incələdi. Günəşin istisindən dodaqları qurumuş, incə boynunun üzərinə günəş rəngli saçlar sərilmişdi. Sinəsinin üzəri və göbəyi açıq idi .Göy cins ilə ayaqqabısı köynəyinə uyğun idi. Rəsul gah ona, gah uşaqlara baxırdı. Əslində Rəsul nə edəcəyini bilmirdi. Əlləri həyəcanlı halda dizinə sıxılmışdı. İstəmədiyi xəyallar ondan xəbərsiz beynində canlanmağa başlamışdı. Lakin bir anlıq xəyallarındakı 18 dən yuxarı hərəkətlər yox oldu sanki qısaqapanma baş verdi. Oturacağın özünə yaxın olan küncünə sıxıldı. “İmkan tapıb həftədə bir dəfə Samirənin yanına getmək lazımdı. Bədəndəki enerjini boşaltmasam gic olacam. Durduğum yerdə pis xəyallar qururam. Ya da yox ey Samirənin başını buraxmaq lazımdır. Sevgi olmayan yerdə ehtiras olmur. Təcili sevgi yaşaya biləcəyim biri ilə tanış olmalıyam. Amma bacarmıram. Hər dəfə gözəl biri xanım görəndə özümdə cəsarət tapa bilmirəm. Həmişə cəsarətsizliyimi imkansızlığın arxasında gizlətməyə çalışıram. Sən belə qorxaq deyildin. Nə oldu? Əslində elə idin. Məhəllədəki uşaqların hamısından güclü olsan belə, onlara nəsə vermədən yanlarına getməyə qorxardın. Hə, sən əslində onlardan yox, qəbul edilməməkdən , uzaqlaşmaqdan, diqqətsizlikdən, tək qalmaqdan qorxurdun .. indi necəsən, təksən ? Sadəcə tək deyilsən, tənhasan. Söhbət etməyə özünlə tək özün qalmısan”. Əlini yumruq formasında sıxdı. Cəsarətli olmağa qərar verdi. “ Sabah axşam hər kəsin bacara bilmədiyi işin ardınca gedəcəm. Ən böyük cəsarət elə məndədir”. Üzünü qıza doğru çevirərək:

- Salam...

- Salam, -gülümsəyərək,-. Siz kinozaldakı oğlan deyilsiz?.

- Hə, - Rəsul cavab verərkən gülmsədi.

- Zalda mənə elə baxdız ki , bir anlıq çəkindim. Yol gələrkən düşündüm ki, yəqin arxada yemək yediyimizə görə narahat olmuşdunuz.

- Düzünü desəm elə idi, lakin sizi gördükdə dilim tutuldu və nə edəcəyimi bilmədim.

Qadın gülümsəyərək səssizcə gözlərini kənara çəkib parkda qaçışan qızına baxdı.

- Adım Rəsuldu.

Əlini havada saxlayaraq, özü ilə girdiyi savaşın nə ilə bitəcəyini gözləyirdi. Əlin sıxılmadan geri qayıdacağına dözməli idi. Əslində bir neçə saniyə keçmişdi. Amma Rəsul artıq bir saatdı əlinin havada qalmasını və hər kəsin bunu izlədiyini düşündü . Əlini geri çəkmək istəyirdi.

- Mənim də adım Nuraydı.

Əllərində xoş bir istilik hiss etdi. Nuray onun gözlərinə baxaraq əlinin buraxılmasını gözləyirdi. Lakin Rəsul tanımadığı başqa bir dünyada idi.

- Rəsul bəy yaxşısız siz?

- Hə .. hə əlbəttə .. Filmi bəyəndiz? -nə danışacağını bilmədiyindən ağlına gələn ilk sualı soruşdu.

- Əlbətdə. Çoxdandır vaxt tapa bilmirdim . Bu gün qızımla gəzintim bir bəhanə oldu. Qızıma üçün maraqlı olmayacağını düşünüb ona cipsi aldım . Elə olduki məndə dadına baxdım. .. Amma film gözəl idi...çox bəyəndim. Bəs siz?

- Çoxdan gözləyirdim film idi. Filmdə bizim dünya və tanrılar fərqli formada təsvir edilib. Aktyor oyunu çox möhtəşəm idi. Sizcə oskar alar?..

- Layiq olduğunu düşünürəm.

Rəsul birdən ayağa qalxaraq yıxılan balaca qıza yardım etdi. Nurayda ağlayan qızına yaxınlaşdı, onu oturacağa gətirərək sakitləşdirməyə çalışdılar. Birlikdə qızın könlünü alırdılar. Bir anlıq Rəsul olduğu mühitdən kənara çıxdı . Sanki balkonda oturub kənardan bu səhnəni izləyirdi. Rəsul özünü çoxdan uzaqlaşdığı ailənin bir üzvü kimi hiss etdi. Amma bu ailənin üzvü olmadığını dərk edirdi. Uşağın başına sığal çəkərkən əlini saxladı, bir az kənara çəkildi, və onları izləməyə başladı. Birdən öz uşaqlığı və anası yadına düşdü. İndi anası sağ olsaydı, onu daha çox sevərdi. Amma zamanın itirildiyinin fərqində idi.

Qız əlində anasının verdiyi şokoladın üzlüyünü açaraq sakitləşmişdi. Nuray qızının çantasını əlinə götürərək ayağa qalxdı.

- Biz getməliyik artıq. Sizinlə söhbət etmək xoş idi.

- Mənə də xoş oldu.

Nuray qızının əlindən tutaraq uzaqlaşırdı. Rəsul isə qərarsız qalmışdı. Qızının olduğunu və adını bilirdi. Amma ailəli olduğunu öyrənməmişdi. Onun üçün bir şans olduğunu düşünürdü. Daxilində gizlənən və sevgiyə ehtiyacı olan digər Rəsul “axtardığımızı tapdıq” deyirdi. Ani olaraq Rəsulun gözləri önündə yeni bir həyat canlandı. Sevdiyi qadın, qızları və balaca evi. Qızları olsa onların adını Aytən və Güney qoyacaqdı. Hər səhər Nurayın günəş saçlarını qoxlayıb işə getmək və həvəslə evinə geri qayıtmaq istəyirdi. Xəyal etdiyi bütün gələcəyin indisi onun əlində idi. Rəsul uşaqlıqdan bəri qarşısına çıxan insanların təsadüfi olmadığına inanırdı. Və bir də özünə söz vermişdi ki, daha cəsarətli olacaq.

- Nuray xanım biz bir gün sonra sizinlə elə bu vaxtı bir kofe içə bilərik?

- Ola bilər..

- Onda bu vaxt elə burada gözləyəcəm sizi.

Parkın səs küyünün içində böyük bir səssizlik vardı . Rəsul özü üçün bir başlanğıc nöqtəsi seçmişdi bu anı. Gözlədiyi razılığı aldı. Özünü Həvvanı ilk dəfə hiss edən Adəm kimi təsəvvür etdi.

2.2

Rəsul uzun müddətdir ki , “Günəş” uşaq evində yaşayırdı. Lakin qısa müddət sonra buranı tərk etməli idi. Ayağındakı problemə görə əsgərliyə aparmayacaqdılar bu səbəbdən digərlərindən fərqli olaraq nə edəcəyini, haraya gedəcəyini bilmirdi. Uşaqlıq vaxtı qovulduğu küçələrə qayıdıb daha faydalı həyata başlayacaq, yoxsa buranı tərk edən əksər insanlar kimi evsiz halda küçələrdə qalacaqdı. Atasından qalan evin əmisi ilə son görüşdən sonra onun mülkü olmadığına əmin idi. Pənəcərəyə baxaraq özü haqqında fikirləşdi. Gələcəklə bağlı düşünməyə başadı. Lakin qarşısında böyük bir boşluq vardı. Çünki gələcəyi haqqında heç vaxt xəyal qurmamışdı. “ Buranı tərk etdikdən sonra bir neçə planım var . Onları həyata keçirsəm, ağır bir yükdən azad olacam və xəyal axını öz sərbəstliyini tapacaq”. Bu an çarpayının yanına yaxınlaşaraq dalobdakı gündəliyi götürdü. Uşaq evinə gələndən sonra gündəlik tutmağa başlamışdı. Gündəliyinə daha çox baş verən vacib hadisləri və tarixləri qeyd edirdi. Ən kədərli tarixlərdən biri bacısının ölüm günü idi. Lakin bacısını sadəcə çarəsizlikdən itirdiyini qəbul etmişdi. Yenidən pəncərə önünə gəldi. Qeyd dəftərinin son səhifəsini açdı. Vərəqdə qırmızı qələmlə yazılmış iki tarixçəni gördü. Eyni anda söhbətgahda əyləşən bağbana baxırdı. Bağban balaca uşaqlardan biri ilə gülərək danışırdı. Əlini başına çəkir nələrisə izah edirdi. Rəsulun əlləri yenidən əsdi. Elə indicə ona yaxınlaşmaq istədi. Beynində bütün variantların xəyalını qurdu, lakin planla hərəkət etməli idi. Birinci cümlədəki bağban və ünvan qeydindən sonra digər cümlədə ünvanla yanaşı qadın və kişi adları yazılmışdı.Hərdən bu hadisənin ona aidiyyatı olmadığını düşünürdü. Həqiqətləri vicdanından gizlətmək istəyirdi. Amma alınmırdı. Güney Aytəndən yaşca böyük olsa da, bacısının ən yaxın dostu idi . Həmişə bir yerdə oynayıb bir otaqda qalırdılar. Güney uşaq evindən uzaqlaşdıqdan sonra bacısı bir müddət özünə gələ bilməmişdi. Nə uşaqlarla oynayır nə də ki danışırdı. Bu hadisəyə nə qədər sevinsədə öz təkliyinə üzülürdü. Amma bu üzüntü çox qısa keçdi iki ay sonra Aytən rəhmətə getdi. Rəsul bir dəfə onların danışığına qulaq müsafiri olmuşdu.

“Onun qara saçları var Aytən, anama bənzəyir. Atam məni bərk qucaqladıqda ondan gələn qoxu doğma atama olan nifərtimi unutdurur. Anam vəfat etdikdən sonra atam məni buraya gətirib və onu bir daha görməmişəm. Mənə ata olacaq adam parka aparacağına oyuncaq alacağına söz verir. Anam isə müxtəlif yeməklər bişirəcəyini və gözəl geyimlər alacağını deyir. Çox az qalıb 10 gün sonra məni evlərinə aparacaqlar. Çox sevinirəm. Əlimdən gələni edirəm ki, onların xoşuna gəlim. Məni burada saxlamasınlar. Burada qorxuram, hərdən anamı yuxuda görürəm. Sənə əvvəllər danışmışdım. Anam özünü asarkən mən küncə sıxılıb ağlamışam. Anam isə göz yaşları içində mənə baxırdı. İndi boynunda iplə yuxuda mənə doğru gəlib, yanına çağırır. Ağlayaraq yuxudan oyanıram. Sən yatırsan o üzdən xəbərin olmur. Yastığı qucaqladıqdan sonra özümə gəlirəm. Dünən onlarla görüşə öz gündəliyimi apardım, vurma cədvəlini əzbərlədim. Atamın çox xoşuna gəldi. Mənə afərin qızım dedi. Anam isə məndən müxtəlif yemək adlarını və onların necə daddığını soruşdu. Dedi nə bəyəndiyini bilsəm evimizə gələndə onları sənə bişirəcəm. Amma mən yalan danışmadım. Demədim bəyənirəm. Sadəcə yeməkləri tanımadığmı dedim. Burada o yeməkləri vermirlər”. -Yastığın altında gizlətdiyi yaylığı göstərərək- . “Anam verib. Dedi ki , öz evimizə gələnə qədər sənin yanında olduğumu düşün. Qorxulu yuxular görəndə bu yaylığı sinəmə sıxıram və özümü daha rahat hiss edirəm. Mən gedəndən sonra sən tək qalacaqsan. Səni tez-tez görməyə gələcəm. Bilirəm mənim üçün darıxacaqsan”.

- Mənim qardaşım var Güney, mən anamı hələ unuda bilməmişəm. Mən səni sevirəm . Böyüyəndən sonra bizi mütləq görməyə gəl . Səni gözləyəcəm.

Aytənin sözləri qulağında yenidən səsləndi. Pəncərə önündən çəkilərək uzandı. “Mən bunu edə bilərəmmi? Yaratmadığım bir şeyi yox etməyə haqqım çatırmı? Kainatda min illər ərzində formalaşan planeti Tanrı kometin köməyi ilə məhv edir. Bəlkə mən tanrının kometiyəm. Yox ey məsələ tanrılıq deyil. Tanrı heyvan, bitki və ya adam adlandırılan varlıq yaradır. Lakin insanı yaşadığı cəmiyyət yaradır. Mən cəmiyyətin bir hissəsiyəmsə, bu mənim haqqımdır. Yaxşı, planladığım hər şey baş tutarsa, mənim həyatım necə olacaq? Yəqin cəmiyyət özü mənə cəza verəcək.. Nə isə nə olacaqsa olsun. 10 gündən sonra buradan çıxacam. İlk əvvəl təlabatlarımı ödəyəcək bir həyat qurmalıyam. Bir müddət digər insanlar kimi yaşamalı daha sonra...” yorulmuşdu artıq düşünməkdən . Gözlərini qapayıb. Yuxusuna doğru getdi.

1.3

Şəhər gəzintisindən sonra keçmiş məhəlləsinə gəldi. Küçəni işıqlandıran yeni işıq dirəkləri, futbol oynadıqları boş sahədə açılan yeni market məhəllənin görünüşünü dəyişmişdi. Nəyə görə hər axşamçağı bura gəldiyini anlamırdı. Uşaq evində olarkən evinə geri dönməyəcəyinə və keçmişindən azad olacağına söz vermişdi. Lakin gələcəyinə səbəb olan heç bir keçmiş unudulmur. Rəsul artıq bunu anlayırdı. O uşaq evinə yerləşdirildikdən sonra əmisinin evi satdığını bir müddət əvvəl öyrənmişdi. Nə ev, nə məhəllə üçün darıxmırdı. Atası ya anası üçündə hər hansı bir hiss keçirmirdi. O hislərin hamısı uşaq evində keçirdiyi təklikdən aldığı gücün yanında yox olmuşdular. Sadəcə keçmişin bir parçası olduğuna görə məhəlləyə gəldiyini düşündü. Bu onun üçün zamanla səyahət kimi bir şey idi. Görəsən evi tərk etmək məcburiyyətində qalmasaydı, onun həyatı necə olardı? Hər gəldiyində bu sualla bağlı müxtəlif xəyallar qururdu. Hava qaraldığında kirayə qaldığı evə doğru getdi. Kirayəni keçmişinə yaxın bir ərazidə tutmuşdu. Xəyalındakıları yol boyu ya tamamlayır, ya da bəyənmədiyi hissələri silirdi. Lakin evə çatdıqda hər şeyi unutmağa çalışırdı. Çünki yeni bir həyata başlamışdı. Uşaq evindən çıxdıqdan sonra özünə iş tapmışdı. Gündəlyin son vərəqindəki iki cümlə xaric, uşaq evindən özü ilə gətirdiyi bütün acı xatirələrə qalib gəlmişdi. Həyatdan imkanı çatdığı qədər həzz almağa, yeni hislər yaşamağa çalışırdı. Bu gün parkda onlardan birinə həbs edilmişdi. Sevgini tapmışdı. Evə çatdıqda beynində hər şeyi sıfırladı. Göyə baxdı, günəş artıq son görmə xəttini keçmişdi. Gülümsədi. “Mənim artıq öz günəşim var”.

Evin yanında dayandı. Əlini cibinə salaraq yanındakı işıq dirəyinə söykənib Nuray haqqında xəyal qurmağa başladı. Lakin qonşu evinin açıq qalan pəncərəsindən gələn səs onu xəyallardan oyatdı. Ev qaranlığa bürünmüşdü. Söykəndiyi dirəyin işığı evin yalnız bir tərəfini işıqlandırırdı. Uzaqdan baxanda elə təsəvvür yaranır ki, ev işığa doğru can atırdı. Sanki zənciri imkan verməyən , lakin var gücü ilə qarşısına qoyulan ət tikəsinə uzanan itə bənzəyirdi. Pəncərə küləyin təsiri ilə açılıb bağlanırdı. Təklikdən darıxan ev pəncərə vasitəsilə küləklə söhbət edirdi.

Evinin işiğını yandırdı, əl üzünü yuyub divanda əyləşdi. Qarşısındakı divarda televizor asılmışdı. Altındakı rəfin üzərində yaylıq parçası, atası ilə olan şəkili və gündəlik vardı. Divanda uzanaraq diqqətlə gündəliyə baxdı. Orada onu narahat edən iki cümlə, qarşısına qoyduğu iki məqsəd vardı. Ünvanlar və planlar. Qeyd edilən hər iki ünvanı təyin etmiş və şəxslər haqqında kifayət qədər məlumat toplamışdı. Qisasını həyata keçirəcək uyğun zamanı seçmişdi artıq. Onu zorlayan və şantajla hədələyib susduran bağban birinci məqsədi idi. Tək qaldığını bilirdi. Onu eyni üsulla öldürməli idi. Sonra isə Güneyi övladlığa götürüb bir müddət sonra qaytaran və onun ölümünə səbəb olan ailə idi. Onların bir müddət sonra öz övladlarının olduğunu öyrənmişdi . Gözləri önündə qızlarını asacağını planlaşdırmışdı. Sabahı hərəkətə başlamalı idi, lakin bu günə qədər onun içində qaynayan qisas Nuraydan sonra səngimişdi. Həyatında rəngli bir məqsəd yaranmışdı. Keçmişin qisası ilə hərəkət edərsə, hər şeyi itirəcəyindən qorxurdu. Pəncərənin önünə gəldi. Barmağını sinəsinə sonra səmaya görünməyən günəşə uzadaraq yavaşca bu sözləri dedi. “Mən səni sevirəm”. .. Yatmamışdan əvvəl eyvanın işığını yandırdı. Yaddaşında olanları isə qısa müddətdə unudacağına söz verdi.

1.4

Heç nə planlaşdırdığı kimi getməmişdi. İpi boynundan asıb tələsik stolu ayaqlarının altından çəkdi. Hər ikisinin gözlərinin içinə baxdı. Lakin zövq almağa vaxtı qalmadığı üçün dərhal oranı tərk etdi. Polislər gəlmək üzrə idi. Kirayə qaldığı evə qaytıdı . Atası ilə olan şəkili götürərək bilmədiyi istiqamətdə qaçmağa başladı. Gündüz şəhərin qaranlıq küçələrində gizlənərək keçindi. Axşam isə qəbiristanlığa gəldi. Atası və anasının qəbrinin ortasında uzanıb bu gün baş verənləri təhlil etməyə çalışdı. Bağbanı necə öldürdüyünü xatırladıqda özündən iyrəndiyini hiss etdi. Amma öyrəşmişdi , o hiss ilə ilk dəfə bağban tərəfindən zorlananda tanış olmuşdu. Özü ilə gətirdiyi cipsi bağlamasını açaraq ulduzlara baxdı. Çipsinin dadı Nurayı xatırlatdı. Lakin Nurayla bağlı yaddaşındakı son səhnə bağbanla yaşadığı anın eynisi idi.

3.1

Nuray bu gecə artıq 4-cü müştərini qəbul edirdi. O rastlaşdığı kişilərə müştəri gözü ilə baxırdı. Təcrübəsindən irəli gələrək kişilərə nifrət edirdi. Amma onun yanına gələnlər bunu heç vaxt hiss etmirdi. O peşəkarcasına simulyasiya etməyi bacarırdı. O nə Rəsulu ,nə o parkdakı görüşü önəmsəməmişdi. Görüşdən sonra Rəsula verdiyi sözü belə xatırlamırdı. Sevgi və ciddi münasibətlər artıq onu cəlb etmirdi. Dünyada ən önəmli adam onun üçün qızı idi. Rəsulu sadəcə unutmuşdu. Yeni məkana gəldikdən sonra, Samirəni axtaran bir cavan oğlana onu təklif etmişdilər. İlk dəfə idi sevişərkən ağlayan oğlana rast gəlmişdi. Üzərində olduğu oğlanı xatırlamışdı, amma bu xatirlərin onun üçün önəmi yox idi. Sadəcə pulunu verərək özünə aid olmayan qadınla vaxt keçirən biri var idi qarşısında. Oğlan sonda günəşim deyərək onunla sağollaşdı. Lakin günəş onun üçün yad idi , o gecələr işləyib gündüzlər yatırdı.

# 4006 dəfə oxunub

Müəllifin son yazıları

# # #