Əmanət üzük - Tərlanə Yaqubqızının hekayəsi

Əmanət üzük - Tərlanə Yaqubqızının hekayəsi
30 mart 2024
# 10:20

Kulis.az Tərlanə Yaqubqızının "Əmanət üzük" adlı yeni hekayəsini təqdim edir.

Hər gün təzə köçdüyü binanın yaxınlığındakı dayanacaqda rastlaşırdılar. Elə bil sözləşmiş kimi evdən eyni saatda, eyni dəqiqədə çıxırdılar. Avtobus yaxınlaşanda kişi ondan qabaqda olsa da, geri çəkilib Fəridəyə nəzakətlə yol verirdi. Fəridə təşəkkür edib avtobusa qalxır, boş oturacaqların birində əyləşirdi. Amma həmişə ona yaxın ayaq üstə dayanmış kişinin baxışlarını öz üzərində hiss edirdi. Kişinin yaşı 40-45 olardı. Səliqəli geyimindən, mədəni rəftarından oxumuş adama bənzəyirdi.

Fəridənin yaşı artıq 50 idi. Özündən yaşca kiçik olan birisinin ona belə baxmağı qadına heç də xoş deyildi. Amma nədənsə bu adamı acılamağa ürəyi gəlmirdi, elə bil bu adam ona hətta doğma, əziz biri idi. Əslində, iş yerində də, tanış- biliş də ona uzağı 40 yaş verirdi. İşlədiyi universitetdə paxıllığını çəkən xanımlardan biri hər fürsətdə onu sancırdı: " Sənə nə var e, üçdə alacağın yox, beşdə verəcəyin. Bizim kimi ərə gedib uşaq doğsaydın, belə incə-mincə qalmazdın".

Fəridə ondan yaşca böyük olan şişman xanıma heç nə demir, sakitcə gülümsəyirdi.

Fəridə 40 yaşına qədər qapılarına nə qədər elçi gəlsə də, hamısınıa rədd cavabı vermişdi. Anası hər dəfə onu uşaq kimi danlasa da, xeyri olmurdu. O, bir bəhanə ilə anasını inandırırdı ki, bu, qismət işidir, qoy elmi işimi müdafiə edim, sonra baxarıq. Yazıq ananı od götürürdü: " Baxarığa bax ha! Sənin elmi işin kimə lazımdı? Amma mən anayam, səni xoşbəxt görmək istəyirəm. Heç olmasa, barmağında bir nişan üzüyü görsəydim, dərdim olmazdı".

Fəridə elmi işini müdafiə edib dosent dərəcəsi alandan az sonra anası vəfat etdi. Daha Fəridənin ətrafında onu sorğulayan adam qalmamışdı. Onu öz aralarında "rahibə" adlandıranlar da vardı. Fəridə onların nəzərində hissi, duyğusu olmayan robot idi. Amma...

Fəridə ilk məhəbbətini heç cür unuda bilmirdi. O, birinci kursda oxuyanda sevdiyi oğlan artıq universitetin son kursunda idi. Fəridə teatşünaslıq oxuyurdu, oğlan aktyorluq və rejissorluq.

İlk dəfə oğlanla universitetin qapısında rastlaşmışdı. Qızın gözlərindən qeyri- ixtiyari yaşlar süzülmüşdü. Oğlan təəccüblə ona baxıb ağlamağının səbəbini soruşanda qız qaça- qaça oradan uzaqlaşmışdı. Bundan sonra yenə də üç- dörd dəfə rastlaşmışdılar və hər dəfə Fəridə ağlamışdı.

Dərs ilinin sonunda sevdiyi oğlanın diplom tamaşasına dəvət olunanda uçmağa qol-qanadı yox idi. Amma tamaşaya baxanda da göz yaşlarını saxlaya bilmirdi. Yanında əyləşmiş rəfiqəsi ondan pıçıltı ilə nə olduğunu soruşanda yalandan xəstə olduğunu demişdi.

O oğlanı hər görəndə niyə ağlayırdı, səbəbini aydınlaşdıra bilmirdi. Bircə onu bilirdi ki, oğlanı dəlicəsinə sevir. Yəqin ki, platonik məhəbbət deyilən hiss bu imiş.

Oğlan universiteti bitirib təyinatla yaşadıqları uzaq rayona getdi. Amma hərdən şəhərə gəlir, universitetə baş çəkirdi. Onun gəlişi Fəridə üçün əsl toy- bayram idi. Bir dəfə universitetə avtobusla getdiyi zaman oğlanı piyada yolu keçərkən gördü. Sürücüdən avtobusu saxlamağı xahiş edib qaça-qaça oğlanın yol getdiyi səkiyə yaxınlaşdı. Onu qarabaqara izləməyə başladı. Oğlan nəsə hiss edib geri çevriləndə Fəridə guya onu birinci dəfə görürmüş kimi təəccüblə baxdı. Sonra taksi saxladıb universitetə getdi. Yol boyu özünü cəsarətsizlikdə danlayırdı. Amma Fəridə onun dərdindən dəli-divanə olsa da, üzbəüz öz sevgisini etiraf etməkdə aciz idi, çünki bu addımı ancaq əks cinsin nümayəndələrinə yaraşdırırdı.

Nəhayət, Fəridə belə qərara gəldi ki, ona məktub yazıb öz sevgisini bildirsin. Qız oğlanın yaşadığı ünvanı dəqiq bilmədiyindən məktubu birbaşa onun işlədiyi teatra göndərdi. Məktubun içərisinə öz fotoşəklini də qoydu.

8 mart Beynəlxalq qadınlar bayramına bir gün qalmış metronun qarşısında oğlanla rastlaşdı. Əvvəl gözlərinə inanmadı. Bu, o idi-ilk baxışdan dəlilər kimi aşiq olduğu çinarboylu Çinar! Çinar əlindəki gül dəstəsini ona verib hal-əhval tutdu. Qızın gözləmədiyi halda birbaşa mətləbə keçib ona evlilik təklifi etdi. Fəridə bu təklifi, həqiqətən, gözləmirdi. Həm də onun universiteti bitirməyinə hələ çox qalırdı. Fəridə həyatda qızından başqa kimsəsi olmayan anasını tək qoyub bu tezliklə Çinarla ailə qura bilməzdi. Ancaq bunu deyə bildi:

- Mən hələ oxuyuram.

Çinar məğrur halda dönüb getdi. O bu gedişlə Fəridənin xoşbəxtliyini də alıb apardı.Fəridə sanki yuxudan ayıldı, istədi ki, keçən dəfə olduğu kimi onun ardınca qaçıb Çinarla dünyanın lap o başına da getməyə razı olduğunu söyləsin. Amma əlində çiçəklər donub qalmışdı, sanki ayaqlarına qandal vurulmuşdu.

Yay tətili idi. Fəridə günün çox hissəsini kitab oxumaqla keçirirdi. Bu dəfə Qorkinin hekayələrini oxuyurdu. Məğrur gəncin sevdiyi qızın tələbi ilə hamının gözü qarşısında diz çöküb eşqini etiraf etməsi, sonra isə qürurundan qızı və özünü öldürməsi onu mütəəssir etmişdi.

Bu vaxt rəfiqəsi Zemfira ona zəng edib kədərlə Çinarın şəhid olduğunu bildirdi.

Fəridə eşitdiyi acı xəbərə inanmaq istəmirdi.

Özünü nə vaxt küçəyə atdığından, Şəhidlər Xiyabanına necə çatdığından xəbərsiz idi.

Ölkədə müharibə başlamışdı. Demək olar ki, hər gün xiyabana şəhid cənazəsi gətirilirdi. Fəridə məzarların arasında dəli kimi vurnuxurdu.

Gün batmaq üzrə idi. Birazdan anası işdən gələcək, qızını evdə görməyib nigaran qalacaqdı. Fəridə artıq yorulmuşdu. Ağlamaqdan başı ağrıyırdı. Elə xiyabanı tərk etmək istəyirdi ki, sonuncu qəbirlərdən biri onun diqqətini cəlb etdi. Mərmər başdaşından çinarboylu Çinarı yenə məğrur- məğrur ona baxırdı.

Fəridə onun məzarı qarşısında diz çökdü. Çinarı hər dəfə görəndə susan və ağlayan qız illərlə ürəyində qalmış sözləri dilə gətirdi:

- Çinarboylum... Məni bağışla. Səni sevə - sevə evlilik təklifini qəbul etmədim. Axı nə biləydim müharibə olacaq? Sənin ölümünə bəlkə də bais elə mən özüməm. Sənə göndərdiyim zərfə şəklimi qoymuşdum. İndi də məzarına qəlbimi qoyub gedirəm.

Fəridənin bütün arzuları ilk məhəbbəti kimi torpağa gömülmüşdü. Elə xəyalları vardı ki... Çinar adlı-sanlı aktyor, o da teatrşünas olacaqdı. Bütün tamaşalarda, tədbirlərdə birlikdə olacaqdılar. Səhnədə gözəl xanımlar onu alqışlayanda Fəridə qısqanacaqdı. Oğlanları olsa, adı Fərid, qızları olsa Çinarə olacaqdı.

Qruplarında Gülnarə adlı qız vardı. Sevdiyi oğlan bədbəxt hadisə nəticəsində yanaraq ölmüşdü. Gülnarə hər dəfə öz sevgilisini xatırlayıb ağlayırdı. Bir dəfə Fəridədən xahiş etdi ki, ona şeir yazsın. Fəridənin Gülnarə üçün yazdığı şeirin son bəndi belə idi:
Bəlkə də xoşbəxtsən, qoy belə deyim:
Ürəyin arxayın, eşqin məzarda.
Amma mən bilmirəm, könül verdiyim
İndi kimiləsə hardadır, harda?

" Gülnarəyə bəxtəvərlik vermişdin. İndi xoşbəxtsənmi, Fəridə? Ağlaya- ağlaya Çinarın başını yedin. Fərizə kimi qeyrətin olsun, sən də yaşama!"

Fəridənin atası cavan yaşlarında avtomobil qəzasında ölmüşdü. Qız körpəlikdən ağlağan olduğundan ata nənəsi onu oğlunun ölümündən sonra " başyeyən" adlandırırdı. İndi nənəsi sağ olsaydı, onu yenə də ittiham edərdi.

Fəridə yanıb- yaxılırdı. Son görüşdə Çinardan məktubun ona çatıb- çatmadığını soruşmağa utanmışdı. "Görəsən o məktub necə oldu? Çinar onu oxudumu?" Yol boyu öz- özünə sual verirdi. " Çinar hərbi xidmətdə olmuşdu. Artıq 28 yaşı vardı. Vətən məhəbbətini Fəridənin məhəbbətindən üstün tutdun, halal olsun sənə, Çinarım. Elə ona görə səni sevmişəm. Şəhid olacağın mənə agah olduğundan hər səni görəndə ağlamışam. Başqa izahı yoxdur."

Sürücü əyləci necə basdısa, sərnişinlər az qala bir- birinin üstünə yıxılacaqdı. Bayaqdan fikrə dalan Fəridə dizi üstünə düşmüş balaca əl çantasından diksindi. Çantanın ağzı açıq idi, içərisindən bir neçə kağız parçası yerə səpələnmişdi. Çanta Fəridə ilə hər gün eyni avtobusda gedən kişinin idi. Fəridə ayağı altına düşmüş kağızları ona kömək etmək üçün toplayanda əlinə saralmış bir zərf keçdi. Titrək əlləri ilə zərfi açdı.

Həyat qəribə təsadüflərlə doludur!

Şəkildəki 20 yaşlı gənc Fəridə 50 yaşlı Fəridənin titrəyən ovcunda xoşbəxt-xoşbəxt gülümsünürdü.

Başını qaldırıb kişinin üzünə baxdı.

- Siz mənim Çinarımın...

Sözünü axıradək bitirə bilmədi.

Artıq qadının illərlə axtardığı adamın özü olduğuna şübhəsi qalmayan kişi onun sözünü tamamladı.

- Mən kiçik qardaşıyam. Anam öldüyü günə qədər sizi axtardı. Məndə sizə çatacaq bir əmanət var.

Elə sabah şəhid qardaşı anasının üzünü görmədiyi gəlini üçün alıb saxladığı brilyant qaşlı nişan üzüyünü sahibinə çatdıracaqdı.

O nişan üzüyü ömrünün sonuna qədər Fəridənin barmağında olacaqdı, ürəyində Çinarın məhəbbətini daşıdığı kimi...

Müharibə hər şeyi - evləri, insanları, taleləri bir göz qırpımında məhv etməyə qadirdir, təkcə məhəbbətdən savayı!

# 1811 dəfə oxunub

Müəllifin son yazıları

# # #