Dadli Stounun təəccüblü ölümü - Rey Bredberinin hekayəsi

Dadli Stounun təəccüblü ölümü - Rey Bredberinin hekayəsi
20 avqust 2024
# 18:12

Kulis.az Rey Bredberinin "Dadli Stounun təəccüblü ölümü" hekayəsini Dinar Həmidovanın tərcüməsində təqdim edir.

- Sağdır!

- Ölüb!

- Lənət sənə kor şeytan, Nyu-İnglənddə yaşayır axı!

- İyirmi il əvvəl ölüb!

- Yaxşı, papaqlarınızı bir atın görək, nə qədər pul toplaya bilirik. Mən şəxsən özüm gedib onun başını gətirəcəyəm.

O axşam bax, belə bir söhbət olmuşdu. Kimdirsə, tanımadığımız bir adam, çox vacib bir tərzdə elan elədi ki, Dadli Stoun "ölüb!” Biz isə, "Sağdır!” - deyə etiraz edirdik. Guya bilmirdik?! Məgər 20-ci illərdə onun şəninə yerli-yersiz təriflər yağdıran, kitablarını sanki əhdini yerinə yetirən idrakın alovunun işığında hərisliklə oxuyan o sonuncu mogikanlar biz deyildikmi?!

Elə həmin o Dadli Stoun. O gözqamaşdıran stilist, ədəbiyyat aslanlarının ən nəhəngi. Siz yəqin ki, onun öz naşirlərinə yazdığı yeganə məktubla hamını necə mat-məəttəl qoyduğunu yaxşı xatırlayırsınız; o məktubdan sonra elə bir çaxnaşma yaranmışdı ki, sanki kimsə özünü qayadan atmış, ya da qiyamətin ilk əks-sədaları eşidilməyə başlamışdı.

"Cənablar, bu gün, otuz yaşımda, mən öz məsləyimi tərk edir, qələmlə əbədi vidalaşıram. Yaratdığım hər şeyi yandırıb, son əlyazmamı da zibilliyə tullayıram. Bununla da sizə həmişəlik əlvida deyirəm. Sağ olun, sağlıqla qalın.

Hörmətlə: Dadli Stoun.”

Sanki qəfil bir zəlzələ olmuşdu, yaxud, üzərimizə qeybdən iri qaya parçaları qopub tökülmüşdü, heyrət içində idik. Və bütün bu illər ərzində nə zaman görüşsək, bir-birimizə həmişə eyni sualı verirdik: "Axı niyə?” Onun yazıçı karyerasına tüpürməyinin hər üzünü uzun-uzadı reklam verilişlərindəki kimi müzakirə edirdik. Buna qadınlarmı səbəb olmuşdu? Ya, bəlkə içki? Bəlkə də at yarışlarında olduğu kimi, bu ən yaxşı yorğanı geridə qoyaraq qüvvələrinin aşıb-daşan çağında onu sadəcə çıxdaş eləmişdilər... Buna baxmayaraq biz hər kəsi inandırmağa çalışırdıq ki, əgər Stoun yazmağa davam etsəydi, onun istedadının atəşində Folkner, Heminquey, hətta Steynbekin özü belə çoxdan yanıb kül olardı. Olduqca kədərli idi ki, yaradıcılığının məhz ən çiçəklənən çağında o, hər şeydən üz döndərib, Unuduluş adlı dənizin sahilində yerləşən və bizim ən yaxşı halda Zülmət adlandıra biləcəyimiz bir yerə köçmüşdü.

"Niyə?” - Bu, onun qələmindən çıxan alabəzək və tamamilə fərqli sətirlərin arasındakı dühanın xəfif işartılarını sezə bilən hər kəs üçün bir müəmma olaraq qaldı.

Bir neçə həftə bundan əvvəl bir axşam, ötüb keçən illərin bizim simamızda qoyduğu izlər haqda düşünürdük; üzlərdəki qırışlar gedərək daha dərinləşmiş, saçlarımız artıq kifayət qədər seyrəkləşmişdi - yaşlanırdıq. Bəli, illər ötürdü, indiki nəsil Dadli Stoun haqda tamamilə məlumatsızdı və bu, bizi hiddətləndirirdi.

Tomas Vulf - biz öz aramızda deyinirdik, - əbədiyyət adlı uçurumun kənarından atılmazdan əvvəl heç olmasa qazandığı uğurlardan bolluca həzz ala bilmişdi. Tənqidçilər onun ardınca elə baxırdılar, sanki qaranlığı yarıb keçən quyruqlu meteoriti seyr edirdilər. Bəs görəsən, Dadli Stounu, 20-ci illərdə onun başına toplaşdığımız dərnəkləri, onun çılğın pərəstişkarlarını, izləyicilərini kim xatırlayırdı?

- Atın papaqlarınızı, - mən dilləndim, - mən o üç yüz millik məsafəni qət edib Dadli Stounu tapacağam. Yaxasından yapışıb deyəcəyəm ki: "Qulaq asın, mister Stoun, bir deyin görək, niyə bizi barmağınıza dolamısınız, hə? Niyə bu iyirmi beş il ərzində əziyyət çəkib bircə kitab da olsa yazmadınız?”

Hərəmiz bir az pul qoyduq və mən teleqram vuraraq qatarla yola düşdüm. Orda məni nəyin gözlədiyini heç özüm də bilmirdim. Bəlkə də məni səsi axşam küləyinin xışıldatdığı payız otlarını xatırladan, ayaq üstə güclə dayanan aciz və cansız dəvədəlləyinə oxşayan bir qoca qarşılayacaqdı, qarşımda bir solğun kölgəyə, quru cəsədə bənzəyən adam görəcəkdim. Buna görə də qatar fit çalıb platformaya yaxınlaşanda dizlərimin əsdiyini hiss etdim. Buraya onu hansı küləyin atdığını anlaya bilməyən axmaq adamlar kimi, dənizdən bir mil aralıda yerləşən tənha stansiyada qatardan enməli oldum.

Dəmiryolu kassasının yanındakı lövhə hər cür elanlarla dolu idi, biri digərinin üstünə yapışdırılan bu elanlar qalın təbəqə əmələ gətirmişdi, görünür əvvəlki illərə aid olanları qoparmaq zəhmətinə heç kim qatlaşmaq istəməmişdi, elə köhnələrin üstündən zaman-zaman yenilərini yapışdırırdılar. Bu kağız təbəqəsinin üst qatlarından bir neçəsini qoparıb atdıqdan sonra, nəhayət, özümə lazım olanı tapdım. Demə Dadli Stoun ərazi sovetinə, bələdiyyə idarəsinə və s. bu kimi vəzifələrə öz namizədliyini irəli sürübmüş. Onu bu bülletenlərdəki günəşin və yağışların davamlı olaraq soldurduğu fotolardan heç düz-əməlli tanımaq da olmurdu, ancaq bu fotolar və bülletenlər deyirdi ki, Stoun bu illər ərzində cəmiyyətdə mühüm mövqe tutmağa can atıbmış. Mən dayanıb hamısını oxudum.

- Xoş gördük! - qulağıma hardansa arxadan bir səs dəydi. Bu, həmin o mister Duqlas idi? Dərhal çevrilib baxdım. Əla bədən quruluşlu, bir az dolubədənli bir adam düz mənə tərəf gəlirdi. Onun ayaqları sanki bir rıçaq kimi müntəzəm tərzdə hərəkət edirdi, pencəyinin yaxasında parıldayan bir gül, boynunda isə parıldayan qalstuk vardı. O, əlimi sıxdı və boyu mənimkindən hündür olduğundan, mənə yuxarıdan aşağıya elə amiranə bir tərzdə nəzər saldı ki, mən bir anlıq Mikelancelonun Tanrısının yaratdığı Adəmə o möhtəşəm toxunuşunu xatırladım. Üzünün ifadəsi qədimi dəniz xəritələrində təsvir olunan o qorxunc və soyuq Cənub və Şimal küləklərini xatırladırdı, bu qədər həyat eşqilə aşıb-daşan simanı bir də qədim Misir heykəltəraşlarının daş üzərində oyduqları günəşlə müqayisə etmək olardı.

"Deməli, belə?! Doğrudanmı bu adam iyirmi ildən artıq bir müddət ərzində heç bircə sətir də yazmayıb? Bu ola bilməz!..” - mən öz-özümə düşünürdüm. O, çox canlı, qaynar görünürdü, hətta bir anlıq mənə elə gəldi ki, onun ürək döyüntülərini belə eşidə bilərəm. Deyəsən mən bu adama çox səfehcəsinə zillənmişdim axı...

"Etiraf edin ki,” - o, gülərək dedi: "Siz bu gün burda bir kabus görəcəyinizi güman edirdiniz”.

- Mən...

- Xanımım ingilissayağı tərəvəzlə pörtlədilmiş ət hazırlayıb və indi evdə sizi gözləyir. Pivəmiz də ki, boldur - əsl ingilis pivəsidir, porter. Əladır, yanaqları allandırar, öləziyən ruhu dirildər. Hə? Nə deyirsiz?

Bu sözlər lap musiqi kimi səslənir. O danışdıqca, jiletinin aşağı cibinə parıldayan zəncirlə bərkidilmiş böyük qızıl saat da qarnının üstündə ahəngdar bir şəkildə yırğalanırdı. Stoun mənim dirsəyimdən yapışaraq öz ardınca elə tərzdə sürüdü ki, elə bil sehrbaz bəxtsiz bir dovşanı öz kahasına sürüyürdü.

- Tanış olmağımıza şadam. Yəqin ki, siz də mənə hamının verdiyi sualı verməyə gəlmisiniz. Neynək! Birinci adam deyilsiniz ki. Amma gərək bu dəfə hər şeyi danışam.

Sanki ürəyim ayağımın altına düşdü:

- Əla!

Kimsəsiz stansiyanın çıxışında 1927-ci il istehsalı olan Ford Model-T bizi gözləyirdi.

- Təmiz havadır. Belə havada maşın sürəndə mənə elə gəlir ki, bütün bu tarlalar, otlar, çiçəklər - hər şey küləklə birlikdə üstümə gəlir. Ümid edirəm ki, siz pəncərələri daim bağlı saxlamaqdan xoşlanan adamlardan deyilsiniz. Bizim evimiz lap Masa dağının təpəsi kimidir, pəncərələrimiz daim açıq olur, külək də ki, otaqları silib süpürür.

On dəqiqə sonra maşın artıq uzun illərdən bəri baxılmayan və buna görə də kələ-kötür olan yolla şütüyürdü. Maşını belə nahamar yolda idarə etməsinə baxmayaraq, Stounun üzündən yol boyu təbəssüm əksik olmadı. Mənzil başına çatmağa son bir neçə yard məsafə qalanda biz lap əməlli-başlı silkələnməli olduq və nəhayət, baxımsız, boyası qopalaqlanıb tökülmüş ikimərtəbəli bir evin qarşısına çatdıq.

Ford sanki ağır-ağır nəfəs alaraq susdu.

- Düzünü bilmək istəyirsiniz? - Stoun qəfil üzünü çevirib çiynimdən möhkəmcə yapışaraq düz gözümün içinə baxdı:

- Düz iyirmi beş il əvvəl mənə bir nəfər revolverdən güllə atıb.

O, maşından düşdü. Mən gözlərimi ona zillədim, o indi kabusdan daha çox, nəhəng daş parçasına oxşayırdı və mən anladım ki, onun güllə kimi evə girməzdən öncə mənə dediyi bu sözlərdə bir həqiqət var.

- Bu - mənim xanımım, bu - bizim evimiz, bu da ki, süfrə! Bir baxın, panoram necədir. Qonaq otağının pəncərələri üç tərəfə açılır - dənizə, sahilə və çəmənliyə. Biz bu pəncərələri yalnız qışda bağlayırıq. Yayın ortasında çiçəkləyən cökələrin ətri bəzən buralara qədər gəlir, ciddi sözümdür. Qışda isə Antarktidanın ətrini duya bilərsiniz. Əyləşin! Lena, onun bura gəlməyi yaxşı oldu, hə?

- Ümid edirəm ki, siz tərəvəzli pörtlədilmiş əti bəyənəcəksiniz. - Lena dedi. Boylu-buxunlu, cüssəli olan bu qadın süfrəni hər cür parlaq lampadan daha yaxşı işıqlandırırdı və heç ən nəhəng adamın yumruğu ilə sındıra bilməyəcəyi ağır əşyaları xüsusi cəldliklə ora-bura daşıyırdı. Onun siması elə bil ki, aydın və parlaq günəş idi, üzü xeyirxahlıq saçırdı. Süfrə üzərindən qalxan iştahalı qoxu buludu bizi elə bil ki, cəhənnəmə sürükləyirdi. Mənim nimçəm düz üç dəfə dolub-boşaldı və mən hər dəfəsində daha çox, lap xirtdəyəcən doyduğumu, lap sonuncu dəfədə isə, artıq qulaqlarımın dibinəcən tox olduğumu hiss etdim. Dadli mənə, özünün dediyinə görə "ona yalvarıb ondan əfv diləyən” vəhşi qara üzüm salxımlarından çəkdiyi pivədən süzürdü. Sonra isə o, boşalmış yaşıl pivə şüşəsinə üfləyərək musiqiyə bənzər səslər çıxarmağa başladı.

- Yaxşı, deyəsən sizi çox yordum, - o dedi. - İndi məni necə "öldürdüklərini” danışacağam. Amma inanın ki, bunu hələ heç kimə danışmamışam. Con Outis Kendell adı sizə tanış gəlir?

- İyirminci illərdə fəaliyyət göstərən o ikinci dərəcəli yazıçımı? Bir neçə kitabı vardı deyəsən. Otuz birinci ilə qədər birtəhər sürünüb. Keçən həftə vəfat etdi.

- Məkanı cənnət olsun...

Bir anlığa Stoun kədərlənmiş kimi görünsə də, danışmağa başlayan kimi üzündəki kədəri sanki əllə qopardıb atdılar, hər şey yoluna elə düşdü ki, elə bil, heç bu söhbət olmamışdı.

- Bəli. Con Outis Kendell. Otuz birinci ilədək birtəhər sürünən, çox şey vəd edən yazıçı.

- Sizin qədər deyil amma, - mən tələsik qeyd etdim.

- Tələsməyin. Biz, yəni Conla mən birlikdə böyümüşük. Qonşu evlərdə. Eyni palıd ağacının kölgəsi səhər bizim evə düşəndə, axşam onların evinə düşərdi. Kiçik çayları bərabər üzərdik, ikimiz də turş almadan və çəkdiyimiz ilk siqaretdən dolayı özümüzü pis hiss etmişdik, ikimiz də eyni qızın sarışın saçlarındakı sehrli parıltıları sezmişdik və hər ikimiz on yeddi yaşımız tamam olanda xoşbəxtliyimizi axtarmaq, nəyin bahasına olursa-olsun səadəti yaxalamaq üçün yola çıxmağa qərar vermişdik. Əvvəlcə heç birimizin işləri pis getmirdi, sonralar isə mən onu ötüb keçdim və o, tədricən axsamağa başladı. Əgər onun ilk kitabı bir uğur qazanırdısa, mənimki altı uğur qazanırdı. Mənim bir uğursuzluğum olanda, onda onlarla uğursuzluq olurdu. Sanki biz bir qatarda səyahət edən iki dost idik və oxucu kütləsi bu qatarın vaqonlarını ayırmışdı. Con Outis arxadakı vaqonda qalmış və mənim ardımdan: "Kömək elə! Sən məni Ohayoda, Tenktaunda tərk edib gedirsən, axı bizim yolumuz eynidir!” - deyə qışqırırdı. Konduktor isə cavabında: "Yolunuz eyni olsa da, artıq ayrı-ayrı qatarlardasınız,” - deyirdi.

Mən isə qışqırırdım:

- Sənə inanıram, Con! Ruhdan düşmə, sənin ardınca qayıdacağam!

Və onun vaqonu elə hey geridə qalırdı, onu artıq görmək çətinləşirdi, gözə dəyən yalnız qaranlıqda işıldayan, albalı və limon tamlı konfetləri xatırladan qırmızı, yaşıl fənərlərdi və biz bu son vida hayqırtılarına sanki bütün içimizi tökürdük:

- Con, köhnə dost! "Dadli, dostum!” - və beləliklə, Con sanki qaranlıqda kənar yola saparaq tamamilə gözdən itdi, mənim qatarım isə var qüvvəsilə işığa doğru götürüldü.

Dadli Stoun bu yerdə susdu və elə bil hiss etdi ki, heç nə başa düşmürəm.

- Mən bütün bunları boşuna nağıl eləmirəm, - o dedi. - Bu həmin o Condur ki, min doqquz yüz otuzuncu ildə bir-iki nimdaş paltar, bir də öz kitablarının qalan nüsxələrini sataraq bir revolver alır və bax, bu evə, elə bu otağa gəlir.

- O, sizi öldürməyi planlaşdırıbmış?

- Əlbəttə, lənət şeytana. Öldürdü də. Part! Çaxır istəyirsiz? Belə daha yaxşıdır.

Missis Stoun süfrəyə çiyələkli qat-qat piroq gətirdi, Dadli Stoun isə mənim hövsələmin tükənməyindən sanki həzz alırdı. O, piroqu üç iri hissəyə ayırdı, onları bir-bir nimçələrə qoydu və pişiyin xamaya marıtladığı kimi mənim üzümə baxdı.

- Baxın, burda, indi sizin oturduğunuz stolda Con Outis oturmuşdu. O pəncərənin arxasında, bizim hisxanada düz on yeddi donuz budu, zirzəmidə beş yüz şüşə əla çaxır, bayırda geniş üfüqlər, bütün gözəlliyilə bərq vuran dəniz, göydə bir tabaq soyuq qaymağı xatırladan bəmbəyaz ay, baharın düz ortası, stolla üzbəüz dayanmış Lena - küləkdə titrəyən söyüd ağacı kimi… Dediyim və susduğum hər sözə ürəkdən gülən qadın. Unutmayın ki, o zaman biz cəmi-cümlətanı otuz yaşındaydıq, həyatımız bir cazibəli karusel kimi idi, hər şey bizə gülümsəyirdi, kitablarım çox yaxşı satılırdı və heyranlıq içində yazılan oxucu məktubları məni vəcdə gətirirdi, tövləmizdə atlar bizi gözləyirdi, bu atlarla ay işığında dəniz buxtasına qədər çapmaq, dənizin gecə pıçıltılarını və elə özümüzü də dinləmək - bir sözlə, istədiyimiz hər şeyi edə bilmək imkanımız vardı. Con isə, təsəvvür edin ki, indi sizin oturduğunuz yerdə oturub və revolveri sakitcə cibindən çıxardır.

- Mən güldüm, elə bildim alışqandır, - missis Stoun əlavə etdi.

- Lakin Con Outis tamamilə ciddi bir tərzdə dedi: "Mən indicə sizi güllələyəcəyəm, mister Stoun”.

- Bəs siz neynədiniz? - mən soruşdum.

- Neynədim?! Mən dəhşətə gəldim, heyrətdən donub qaldım. Bir anlıq o güllənin partlayaraq mənə dəydiyini hiss etdim. Tabutun üzümə çırpılan qapağını gördüm, üzərimə tökülən torpağın səsini eşitdim; sanki zirzəmiyə kömür boşaldırdılar. Deyirlər, belə zamanlarda bütün həyatın, bütün keçmişin gəlib keçir gözlərinin önündən. Boş sözdür. Gələcəyi gəlir göz önünə insanın. Üzünün necə qanlı sıyığa döndüyünü görürsən. Oturub bütün fikrini toplayır və güc-bəla ilə deyirsən: "Con, bu nədir axı, mən sənə neynəmişəm?!”

"Neynəmisən?” - o bağırır. Uzun rəfdə düzülmüş, hər birinin kənarında mənim adımın pantera gözü kimi par-par parıldadığı kitablara ani bir nəzər salır və dəhşətli səslə təkrar edir: "Neynəmisən?” Və onu əli səbirsizliklə revolverin qundağını sıxır.

"Con,ehtiyatlı ol!” - mən dedim. "Sən axı nə istəyirsən?”

"Yalniz bir şey; səni öldürüb məşhur olmaq. Qoy adım qəzet səhifələrindən düşməsin. Sənin qədər məşhur olmaq istəyirəm! Dadli Stounu öldürən adam kimi tanınmaq, ömür boyu, hətta öldükdən sonra belə şöhrət sahibi olmaq istəyirəm!”

"Sən bunu edə bilməzsən!”

"Amma edəcəyəm. Çox məşhurlaşacağam. Hər halda, bu gün sənin kölgəndə olduğumdan daha məhşur olacağam. Ah, bu dünyada heç kəs nifrətin nə olduğunu bir yazıçıdan daha yaxşı bilə bilməz. Sənin yazılarını nə qədər sevdiyimi və bu qədər gözəl yazdığın üçün sənə necə nifrət etdiyimi bircə Tanrı bilir! Dəhşətli ziddiyyətdir, elə deyil? Amma daha dözə bilmirəm, sənin kimi yaza bilmirəmsə, deməli, şöhrəti asan yolla yaxalamalıyam. Sən şöhrətin zirvəsinə çatmamış bu işi bitirmək lazımdır. Deyirlər, yeni kitabın əvvəlkilərdən də yaxşı olacaq, göz qəmaşdıracaq”.

"Şişirdirlər!”

"Amma mənə elə gəlir ki, düzünü deyirlər”.

Mən Lenaya ötəri nəzər saldım, o qorxmuşdu, amma hay-küy salaraq hər şeyi korlayacaq qədər dəhşət içində də deyildi.

"Sakit ol, Con. Sakitləş. Hər şeyi zamanın ixtiyarına burax. Mənə bircə dəqiqə imkan ver, sonra tətiyi çəkərsən”.

"Yox!” - Lena pıçıldadı.

"Sakit!” - mən ona, özümə, Outisə dedim. Açıq pəncərədən bayıra baxdım, küləyin hənirtisini hiss edirdim, zirzəmidəki çaxırları, sahilyanı buxtanı, dənizi, göyün üzünə sanki bir oraq kimi sancılan ayparanı, yayın vəd etdiyi nanə ətirli cənnət rahatlığını, səmaya dağılan buxarı xatırladan buludları, səhərə qarşı səmada dövrə cızaraq düzülmüş ulduz topalarını düşündüm. Axı mənim cəmi otuz yaşım vardı, elə Lenanın da. Bütün ömrümüz qabaqda idi. Həyatın, məişətin bütün gözəllikləri göz önümdə elə canlanmaqda idi ki, sanki yetişmiş bir meyvə, onu yeyib həzz almaq üçün məni gözləyirdi. Xatırladım ki, mən onda hələ heç, məsələn, dağa dırmaşmamışdım, okeanın o tayına səyahət eləməmişdim, mənim heç vaxt teleskopum olmamışdı, bələdiyyə seçkilərinə qatılmamışdım, səhnədə oynamamış, ev tikməmişdim, oxumaq istədiyim klassiklərin hamısını oxumamışdım - bir sözlə, eləmək istədiyim o qədər çox şey vardı ki!..

Bu ildırım sürətilə ötən 60 saniyədə mən həm də öz karyeram barədə də düşündüm. Artıq yazmış olduğum, hələ bitirmədiyim və nə vaxtsa yazacağım bütün kitablarım barədə fikirləşdim. Rəyləri, yüksək tirajları, bizim bankdakı mötəbər hesabımızı göz önümdən keçirdim. Və istər inanın, istər yox, həyatımda ilk dəfə özümü bunların hamısından yaxasını qurtarmış biri kimi hiss etdim. Bir anlığa mən tənqidçiyə də çevrildim, hər şeyi ölçüb-biçdim. Tərəzinin bir gözündə hələ üzmədiyim dənizlər, əkib-becərmədiyim çiçəklər, böyütmədiyim körpələr və ən əsası, mənim yer üzündəki ilahəm - Lena; qolların tən ortasında əlində revolver tutmuş Con və o biri gözündə, boş olan tərəfində isə qələmim, mürəkkəbim, ağ vərəqlər və yazdığım onlarla kitab vardı. Fikrimdə bu tərəzinin gah bu, gah da o biri gözünə bir-iki xırda detallar əlavə edirdim. Altmış saniyə isə bitməkdə idi. Açıq pəncərədən içəri dolan axşam küləyi Lenanın boynuna tökülmüş qıvrım saçlarına toxunurdu. Bu nə qədər zərif bir toxunuşdu, Tanrım, necə incə toxunuşdu...

Revolver isə düz mənə tərəf tuşlanmışdı. Mən şəkillərdə fəzada olan və Nebulanın nəhəng kömür kisələri adlandırılan dəlikləri və ay kraterlərini çox görmüşdüm, lakin o an mənə tuşlanan revolverin lüləsi onların hamısından daha geniş, daha qorxuncdu.

"Con, - nəhayət dilləndim. Mənə bu qədər nifrət edirsən, yəni? Hamısı da ona görə ki, mənimki gətirib, səninki yox?”

"Hə, lənəntə gələsən!” – o bağırdı.

Onun mənə belə nifrət etməsi hətta bir az əyləncəli idi, çünki heç özümü ondan bu qədər üstün yazıçı da saymırdım. Hər şeyi dəyişmək üçün əlinin bircə hərəkəti kifayət edirdi.

"Con,” - mən sakitcə dilləndim, "əgər sən mənim ölməyimi istəyirsənsə, mən ölərəm. Görünür, sən istəyirsən ki, mən daha yazmayım, elədir?”

"Hə, bundan yaxşı heç nə ola bilməz!” – o qışqırdı. "Hazır ol!” Ürəyimi nişan almışdı!

"Yaxşı!” - dedim. "Mən daha heç vaxt yazmayacağam.”

"Necə?” – o soruşdu.

"Biz axı köhnə, çox köhnə dostlarıq, bir-birimizi də heç vaxt aldatmamışıq, elə deyil? Ona görə də mənə inana bilərsən, bu gecədən etibarən, mənim qələmim bir daha kağıza toxunmayacaq.

"Aman Tanrım!” - o, nifrət və inamsızlıq içində güldü.

"Orda, yazı masasının üzərində mənim iki kitabımın əlyazmasının yeganə nüsxəsi var, son üç ayı onların üzərində işləmişəm. Birini indi sənin gözlərinin qarşısında yandıracağam. O birini isə aparıb öz əllərinlə dənizə ata bilərsən. Bütün evi axtara, bütün yazılı kağızları, hətta mənim bütün çap olunmuş əsərlərimi də son səhifəsinədək yandıra bilərsən. Buyur”.

Mən ayağa qalxdım. O, məni güllələyə bilərdi, lakin son sözlərim onu sanki sehrləmişdi. Mən əlyazmanın birini buxarıya ataraq kibriti çəkdim.

"Yox!” - Lena özünü saxlaya bilmədi. Mən çevrilib: "Nə elədiyimi bilirəm,” - dedim. O ağlamağa başladı. Con Outis Kendell gözlərini bərəldərək tilsimlənmiş kimi mənə baxırdı. Mən ikinci, hələ çap olunmamış əlyazmanı ona uzadaraq: "Buyur,” - dedim və onu Outisin ayaqqabısının sağ tayının altına soxdum. Sonra çəkilib öz yerimdə əyləşdim. Külək əsirdi, isti bir axşamdı və qarşımda oturmuş Lena qızarıb almaya dönmüşdü. "Bu gündən sonra bircə sətir də yazan deyiləm,” - mən dedim. Nəhayət, Outis dilə gəlib soruşdu:

"Bunu necə edə bildin?”

"Hər kəsi məmnun etmək üçün,” - mən dedim. "Sən məmnun qalasan və biz yenidən dost ola bilək deyə. Lena məmnun qalsın və mən onu tərk etməyim deyə. Və özümü məmnun etmək üçün, çünki insan olaraq həyata davam etməyi yazıçı olaraq ölməkdən qat-qat üstün tuturam. Ölü adam heç nə edə bilməz, Con. İndi isə get və mənim son novellamı da özünlə apar”.

Biz burda üçümüz oturmuşduq, indi səninlə oturduğumuz kimi. Limon, cökə və kameliyaların ətri gəlirdi. Aşağıda isə okean sahilyanı daşlara çırpılıb inildəyirdi. Ay işığında səslənən bu musiqi necə də ecazkar idi, İlahi. Nəhayət, Con əlyazmanı götürdü və cəhənnəm olub getdi. Sanki mənim cansız bədənim otağı tərk etdi. O, qapıya çatanda ayaq saxlayaraq çevrildi: "Sənə inanıram,” - və dönüb getdi. Mən onun maşınının necə uzaqlaşdığını eşitdim. Lenanı yatağa apardım. Həyatımda tək-tük hallarda mənə bütün gecəni sahildə gəzmək nəsib olmuşdu, bu gecə onlardan biri idi. Mən sinə dolusu nəfəs alır, əllərimi, ayaqlarımı, üzümü yoxlayaraq körpə uşaq kimi ağlayırdım. Sonra suya daldım və soyuq duzlu sahil sularının ayaqlarımın altında köpüklənməsindən, milyonlarla köpüyə qərq olmaqdan həzz aldım.

Dadli Stoun susdu. Otaqda zaman dayanmışdı. Biz üçümüz də sanki bir tilsimin köməyilə keçmişə - qətlin baş verdiyi zamana səyahət etmişdik.

- Və o sizin sonuncu romanınızı məhv etdi? - mən soruşdum.

Stoun başını tərpətdi.

- Bir həftə əvvəl sahildə bir vərəq tapdım. Görünür o, min səhifənin hamısını qayadan atıbmış, bu, gün kimi aydındır. Bir dəstə qağayı kimi kağızlar suya qərq olublar, onlardan birini də səhərin alatoranlığında sahil suları buraya qədər gətirib çıxardıb. Lena əlində o yeganə səhifəni tutaraq sahil boyu qaçıb yanıma gəldi və qışqırdı: "Bax!” Əlindəkinin nə olduğunu gördüyüm zaman mən onu aldım və fırladıb geriyə - okeana atdım.

- Doğrudan sözünüzü tutdunuz?

Dadli Stoun zəndlə üzümə baxdı.

- Siz mənim yerimdə olsaydınız necə hərəkət edərdiniz? Əslində Con Outis mənə güzəştə getmişdi. O məni öldürmədi. Güllələmədi. Dinlədi. Və dediyim sözə inandı. Məni sağ buraxdı. Mənə bundan sonra da nəfəs almaq, yemənk, yatmaq şansı verdi. O, bir andaca mənim üfüqlərimi dəyişdirdi. Mən ona o qədər minnətdar idim ki, bütün gecəni qurşağacan suya dalaraq ağlamışdım. Bunun nə demək olduğunu anlayırsınız? Ona minnətdar idim ki, əlinin bircə hərəkətilə məni məhv edə biləcəyi halda, məni salamat buraxıb.

Missis Stoun ayağa qalxdı, şam yeməyi bitmişdi. O, qab-qacağı topladı, biz siqar çəkərək Dadli Stounun kabinetinə keçdik. Buradakı masada bir topa konvert, qalaq-qalaq qəzet, mürəkkəb şüşələri, yazı maşını, hər cür sənəd, əlifba göstəriciləri yığılıb qalmışdı.

- Bütün bunlar mənim daxilimdə qaynayıb daşırmış. Con Outis sadəcə köpüyü yığdı və mən qaynayan şeyin nə olduğunu gördüm. Hər şey aydın oldu - bundan artıq nə ola bilərdi ki?! Yazıçılıq mənim üçün həmişə xardalvari bir şey olub, mən yazaraq qəlbimi zəhərləyir, sonra da kənardan tənqidçilərin məni necə kolbasa kimi dilimlərə ayırdıqlarını, gecayarılarında mənimlə necə qəlyanaltı elədiklərini qüssə ilə seyr etmək məcburiyyətində qalırdım. Çirkli işdir, tamamilə çirkli. Əslində özüm də hər şeyi əlimin tərsilə itələməyə hazır idim. Tamamilə boğaza yığılmışdım və part! - Con Outis peyda oldu. Baxın.

O, masadakı kağızların arasında bir az qurdalandı və onların arasından seçkiqabağı plakatlarla bir dəstə reklam vərəqəsi çıxartdı.

- Əvvəllər mən həyat haqqında yalnız yazırdım. Sonra birdən yazdığım həyatı yaşamaq istədim. Başqalarının elədikləri haqqında yazmaq deyil, özüm nə isə eləmək istədim. Milli təhsil nazirliyinin burdakı şöbəsinə başçılıq etmək istədim və etdim. Ərazi idarəetmə idarəsinin üzvü olmaq istədim və oldum. Bələdiyyə başçısı olmaq istədim və oldum. Hətta şerif oldum, şəhər kitabxanasında belə işlədim! Şəhər kanalizasiya idarəsində çalışdım. Mən həyatın ağuşuna atıldım, nə qədər əl sıxdım, nə qədər iş gördüm. Biz dünyadakı hər şeyin dadına baxdıq, hansı işə əlimizi qoyduqsa, o işi həll etdik. Dağlara dırmandıq, rəsm çəkdik, budur, biri hətta burda, bu divardan asılıb. Biz dünyanı düz üç dəfə gəzdik. Bir oğlumuz da dünyaya gəldi, o indi böyükdür, evlənib, Nyu-Yorkda yaşayır. Biz yaşadıq, - Stoun gülümsədi və susdu.

- Gedək həyətə. Bizim teleskopumuz da var, Saturnun halqasına baxmaq istərdinizmi?

Biz həyətdə dayanmışdıq, sərin dəniz mehi əsirdi və biz teleskopla ulduzları seyr edən zaman missis Stoun nadir ispan şərabı gətirmək üçün zirzəmiyə endi.

Səhəri gün o evdən ayrıldıq. Maşın sahil boyu kələ-kötür yolla şütüyərək bizi o kimsəsiz stansiyaya çatdırdı. Mister Stoun demək olar ki, heç bu maşının qeydinə qalmırdı, o, yol uzunu elə hey danışır, gülümsəyirdi. Gah neolit dövründən qalma daşı mənə göstərir, gah hansısa çəmən çiçəyi haqda məlumat verirdi. O, yalnız biz stansiyaya yaxınlaşıb yola düşəcək qatarı gözləməyə başlayanda susdu.

- Siz yəqin ki, məni dəli hesab edirsiniz, - o, səmaya baxaraq dedi.

- Elə şey yoxdur.

- Onu da deyim ki, - Stoun əlavə etdi, - Con Outis mənə bir yaxşılıq da eləyib.

- Nə kimi?

Stoun dəri örtüklü oturacaqda yerini rahatladı.

- O, mənə boğulmamış oyundan çıxmaqda yardım etdi. Hardasa qəlbimin dərinliyində ədəbi şöhrətimin həddən ziyadə şişirdilmiş olduğunu və bir gün mütləq partlayacağını hiss edirdim. Gələcəyimi aydın təsəvvür edirdim mən. Heç bir tənqidçinin sezmədiyini mən özüm sezə bilirdim, hiss edirdim ki, artıq zirvəyə doğru getmirəm, dağın lap dibinə yuvarlanıram. Con Outisin məhv etdiyi kitabların heç biri bir qəpiklik deyildi, o kitablar məni gerçək ölümə daha çox sürükləyə bilərdi. Outis özü də bilmədən məni elə bir qərar verməyə məcbur etdi ki, özümə qalsaydı, buna heç vaxt kişiliyim çatmayacaqdı. Mən xeyli yazıçı görmüşdüm, xeyli yüksələn və çökən ədəbi karyeranın şahidi olmuşdum, o yazıçıların incik, miskin halda dövriyyədən necə çıxdıqlarının şahidi olmuşdum. Əlbəttə ki, bunlar hamısı sadəcə olaraq bir təsadüf, hadisələrin axışıdır və mən Con Outisə, sadəcə və sadəcə yaşadığıma, salamat olduğuma görə, bu yüngüllük və rahatlığıma görə minnətdaram. Ən azından, bu xoşbəxt bir təsadüfdür.

Biz mülayim günəş altında bir qədər də oturduq.

- Sonra isə mən, necə deyərlər, ədəbiyyat səhnəsini tərk etməyimi elan etdim və məmnunluq hissilə dahilərlə bir cərgəyə qoyulmağımı seyr etdim. Son vaxtlar ərzində çox az yazıçını bu cür dəbdəbəli şəkildə yola salmışdılar. Dəfn mərasimi isə lap əla idi! Mən lap diri görünürdüm, mərasimin əks-sədası isə üzün müddət bitmədi. "O, bircə kitab da yaza bilsəydi...” - tənqidçilər deyirdilər, - "bu əsl şahəsər olardı! Şedevr!” Onların həyəcanını, intizarını görürdüm. Onlar heç bir şey anlamırdılar. Üstündən az qala yarım əsr keçib, amma mənim o zamanlar tələbə olan oxucularım hələ də çirkli, kerosin qoxuyan qatarlarda səyahət edərkən, bu sirrin üzərində baş sındırırlar - niyə mən onları mənim "şedevr"imi bu qədər gözləməyə vadar edirəm? Mənim isə, Con Outis sayəsində ad-sanım az da olsa, qalmaqdadır. O, tədricən, məni ağrıdıb-eləmədən öləziyir. Belə olmasaydı, çox keçmədən mən öz qələmimlə özümü məhv edəcəkdim. Gərək vaxtında özün öz vaqonunu qatardan ayırmağı bacarasan, hər halda beləsi, sənin yerinə başqalarının bunu eləməyindən daha yaxşıdır.

Con Outis Kendellə gəlincə, biz onunla yenidən dostlaşdıq. Təbii ki, dərhal yox. Amma min doqquz yüz qırx yeddinci ildə o məni görməyə gəldi, biz əla zaman keçirdik, lap əvvəllər olduğu kimi. İndi isə, o artıq ölüb və mən nəhayət ki, kiməsə hər şeyi olduğu kimi danışa bildim. İndi şəhərdəki dostlarınıza nə deyəcəksiniz? Onlar sizin bircə sözünüzə də inanmazlar, lakin sizi əmin edirəm ki, sırf həqiqəti demişəm. İndi burda dayanmağım, bu Allah havasını ciyərlələrimə çəkməyim, qabar dolu əllərimi seyr etməyim, bir zamanlar ərazi mühasibatlığına seçilmək üçün istifadə etdiyim posterləri az-maz xatırlamağım nə qədər doğrudursa, bu da o qədər gerçəkdir.

Biz platformada dayandıq.

- Görüşənədək, buraya gəldiyiniz və məni dinlədiyiniz üçün sizə minnətdaram. Tanrı bütün həssas dostlarınızı qorusun. Budur, bu da qatar! Mən qaçdım, bu gün nahardan sonra Lenayla mən Qırmızı Xaç cəmiyyətilə bərabər sahil tərəfə gedəcəyik. Sağ olun!

Mən mərhumun ardınca baxdım; o ayağımın altındakı lövhələri titrədərək, gümrah addımlarda uzaqlaşdı, özünün köhnə, onun ağırlığı altında hiss olunacaq qədər çökən "ford”una əyləşdi, nəhəng ayağını starterə basdı, mühərrik uğuldadı, Dadli Stoun mənə sarı çevrilərək gülümsədi, əlini yellədi və sürüb getdi. Keçmiş adlı gözqamaşdıran dənizin sahilindəki işıqları par-par parıldayan o Zülmət adlı şəhərə...

# 1167 dəfə oxunub

Müəllifin son yazıları

# # #