Boşluqdakı şəxsiyyətlər - İlahə Həbibova

İlahə Həbibova

İlahə Həbibova

9 dekabr 2021
# 21:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən İlahə Həbibovanın “Boşluqdakı şəxsiyyətlər” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

- Anacan, bu gün evə sənə hər gün bəhs etdiyim sevgilimi dəvət etmişəm. İstəyirəm ki, sən də onunla tanış olasan. Əminəm ki, sən də onu çox sevəcəksən. O qədər mülayim xasiyyətli, gözəl qızdır ki. Yeməyə xüsusi bir şey bişir. Qoy görsün anamın məharətini. Səndən bəlkə ibrət götürdü.

- Yaxşı, gəlsin. Mən də çox səbirsizliklə gözləyirəm, oğlumu dəli kimi sevdaya salan qızı görməyi. Kaş atan da sağ olardı, bu günü görərdi. Görərdi ki, oğlu artıq böyüyüb qız sevir.

- Eh, uşaqlığım üçün darıxdım... Ana, dünən də yenə pəncərədən səslər gəldi. Çox narahatam, məncə evin çölünə gizli kamera quraşdırılmalıyıq. Mən artıq dözə bilmirəm. Hər gün pəncərəmdən gələn yavaş xışıltılar. Yatağımdan qaranlığın içində gördüyüm insanlar. Sanki kimsə məni izləyir.

- Nə xışıltısı, insanlar? Sən bunu mənə neçə dəfə demisən, amma mən bircə dəfə də bu hadisələri hiss etməmişəm. Axı niyə səni izləsinlər ki?!

- Anacan, inan mənə düzünü deyirəm. Onların işi ancaq mənlədir. Sənin gözünə görünməməyə çalışırlar. Bu gün kamera alacağam. Sənə də düzünü dediyimi sübut edəcəyəm.

- Yaxşı, oğlum. Bu barədə çox narahatam. Tezliklə bu problemin həll olunmasını arzu edirəm.

- Mən də anacan. Sağ ol, mən gedirəm . Qızla da günorta danışıb axşam neçədə gələcəyini sənə xəbər edəcəyəm.

- Bu gün də görüşəcəksən həmin parkda? Gəlir də onsuzda evə. Zəng elə, özünü əziyyətə salma

- Nə əziyyəti anacan, onun üzünə görəndə elə bil dünyaları mənə verirlər. Narahat olma. Sağ ol

- Sağ ol, oğlum.

Beləliklə, mən evdən çıxdım. Kamera alandan sonra, adəti üzrə qızla o parkda görüşdüm. Bu gün xüsusilə gözəl görünürdü. Saçlarına sığal çəkdim. İpək kimi yumşaq idi. O qədər qorxurdum ki, onu itirməkdən. Onu çox sevirdim. O da məni çox sevirdi. Həmişə mənə deyirdi ki, səni göydəki ulduzların sayından çox sevirəm. Mən də gülərdim. Deyərdim ki, mənim qədər sevə bilməzsən. Onunla görüşdükdən sonra dostlarımla həmişəki kimi hər gün yox, 2-3 gündən bir görüşürdüm. Dostlarım bundan çox şikayətçi idi. Hətta 1-2 dəfə sevgilimlə, dostlarımla bir yerdə kinoteatra, parka da getmişdik. Çox əyləncəli idi. Amma hiss edirdim ki, sevgilim mənimlə tək olmağı daha çox sevir. Ona görə onu da ayrıca kinoteatra aparırdım. Sevgilim dedi ki, bu gün axşam 7-nin yarısı bizdə olacaq. Çox həyəcanlı idim. Evə çatdım, usta çağırdım ki, gizli kameranı quraşdırsın. 1 saat yarım sonra usta öz işini bitirdi. Mən də hamama girib duş aldım. Saçımı fenləyib, düzəltdim. Anamın gözəl yeməklərinin iyi ətrafı bürümüşdü. Artıq saat 7-nin yarısı idi. Qapıdan qulağıma səs gəldi. Gedib baxdım, heç kim yox idi. Oturub, gözlədik. Saat 7 olmasına baxmayaraq, hələ də sevgilim gəlib çıxmamışdı. Zəng etdim, ki harda qalıb. Zəng çatmadı.

Bir az keçəndən sonra yenidən həmin nömrəyə zəng etdim. Anam da yanımda idi. Telefonu biri götürdü. Dedi:

- Alo, kimdi?

Səsindən sevgilimin olmadığını anladım. Çaşıb qaldım. Dəqiqləşdirmək üçün dedim :

- Məni tanımırsan məgər?

- Yox, kimdi ki?! Mən Yasəmənəm. Bəlkə səhv salmısan nömrəni. İlk dəfədir ki, bu nömrəyə zəng edirsən.

- Yox, mən başqa biri ilə danışmaq istəməyirdim. İlk dəfə deyil, bu nömrəyə zəng edirəm. Dəfələrlə zəng etmişəm. Bu nömrə mənim sevgilimin nömrəsi idi.

- Bəsdir, yalan danışdın. Sən heç vaxt bu nömrəyə zəng etməmisən. Sübut edərəm. Sənin sevgilin falan deyiləm. Üstümə şər atma. Bir daha da bu nömrəyə zəng etmə. - Bunu deyib telefonu söndürdü.

Anam təəccüblə:

- Oğul, bu qız nə deyir? Bu nə deməkdir?

- Ana bilmirəm. Niyə belədi bilmirəm. Çox narahatam. Bəlkə sevgilimin başına nə isə gəlib. Mən bu nömrəyə dəfələrlə zəng etmişəm. Telefonumda son zəng bölməsini silmişəm. Yoxsa sənə göstərərdim.

- O da dedi ki, mən də sübut edə bilərəm. Belə deməkdə məqsədi nə ola bilər ki. Bəlkə çaşıb səhv nömrəyə zəng etmisən

- O məni çox sevir.

- Başa düşmədim, bunu indi nə üçün dedin ki?

Mən heç özüm də bu sözü nə üçün dediyimi bilmədən anama nə deyə bilərdim ki?! Dedim:

- Ana, sən mənə inanmırsan. Amma mən sübut edəcəyəm. O qızla bu nömrə ilə dostlarımın yanında da danışmışam. Mən hələ bir dəfə konturum olmadığı üçün sevgilimə Elvinin telefonundan zəng etmişdim. İstəyirsən,zəng eləyim soruşum. Mən Elvinə zəng etdim. Elvin telefonu götürüb dedi:

- Alo, salam. Necəsən?

- Salam, narahatam bir az. Sevgilimə zəng etdim. Onun yerinə başqası götürdü. Anam onu aldatdığımı düşünür. Mən də bir dəfə sənin telefonundan sevgilimə zəng etmişdim. O nömrəni tapsan mənə ata bilərsən?

- Qardaşım, nə deyirsən başa düşmürəm. Sənin sevgilin var? Mənim niyə xəbərim yoxdur. Və axı mənim telefonumdan sən zəng etməmisən heç kimə.

- Sən nə danışırsan?! İçkilisən?

- Sən məncə içkilisən. Bəlkə başqasından zəng etmisən,səhv salırsan. Sənin sevgilin olduğunu da bilmirdim.

- Necə yəni bilmirdin? Mən sevgilimlə bir yerdə neçə dəfə sənlə gəzməyə getmişik.

- Yox, sən dəqiq özündə deyilsən.

Mən ətrafımda nələrin baş verdiyini anlamırdım. Bir an sanki dünya mənim üçün durmuşdu. Zəngi bitirdim. Anam mənə suallar verməyə başladı. Hələ gözümə atamın xəyalı da görsənirdi. O da məndən niyə belə elədiyimi soruşurdu. “ Susun” deyə qışqırdım. Öz otağıma girib, qapını bağladım. Düz dediyimdən əmin idim. Niyə axı mənə qarşı belə davranırdılar? Mənimlə niyə çoxunun qərəzi var?! Gecə olanda yenə də səslər eşitməyə başladım. Hətta yavaşca “buraya gəl səni şeytan” deyirdilər. Pəncərəyə yaxınlaşdım. Heç kimi görmədim. Yenidən yatağıma uzanmaq istəyirdim ki, sanki kimsə mənə toxundu. Qorxumdan diksindim. Arxaya çevrilib “kimsiniz?” dedim. Elə bil qara gödəkcəli adamlar pəncərədən hoppanıb qaçdılar. İşığı yandırdım, amma artıq gec idi. Getmişdilər. Narahatlıq içində yerimə uzandım. Səhər açıldı. Bir az başımı dincəltmək üçün həmişəki parka getdim . Bəlkə sevgilim də gələcəkdi. Elə də oldu, sevgilim gəldi. Oturub söhbət etdik. Dünən nə baş verdiyini soruşdum. O isə mənə dünən atasının infarkt keçirdiyini, təcili əməliyyat üçün pul lazım olduğunu dedi. Dedi ki, telefonumu satmışam. Mən soruşdum axı nömrən niyə o telefonda qalıb və o xanım niyə əminliklə o nömrəyə heç vaxt zəng eləmədiyimi deyir. Sevgilim nömrəni çıxartmağı stressdən unutduğunu və xanımın evli olduğunu bəlkə də qorxduğu üçün elə söylədiyini dedi. Mən sevgilimi qucaqladım. Sanki onu illərlə görməmişdim. Bir az söhbət edəndən sonra elə həmin parkdakı kafedə yemək yedik. Sevgilimi ötürdüm. Və axşam evə çatdım. Qapıdan içəri girəndə bir səs eşitdim. “Sizin oğlunuz şizofrendir”. Anam hönkürərək deyirdi:

- Mənim qara taleyim. Şübhələnmişdim. Atası da belə idi. O da şizofren idi. Sonra özünə intihar etdi. Oğluma “atan yol qəzasında ölüb” dedim. İstəmədim bilsin. İstəmədim uşaqlıqdan şizofreniya nədir bilsin. Amma genetik olaraq oğlum da şizofren oldu.

Mən bilmirdim nəyə təəccüblənib üzülüm. Qapının arxasında dayanıb gizlincə qulaq asırdım. Həkim dedi:

- Bəli, şizofreniya irsi xəstəlikdir. Oğlunuzun sizin eşitmədiyiniz qəribə səsləri eşitməsi, insanları görməsi, kamera görüntülərində heç kim olmadan otağında dəfələrlə pəncərəyə yaxınlaşması, diksinməsi, otaqda, parkda, kafedə öz-özünə danışması, sizin dediyiniz kimi dünən tək nəfər olmanıza baxmayaraq susun deməsi, özünə sevgili surəti yaradıb, buna inanması, onunla çoxlu telefonda danışdığını iddia etməsi, sevgilisi və dostları ilə birlikdə gəzməyə getməsini düşünməsi, digərlərinin israrına baxmayaraq onların yalan danışdığını fərz edib, yalnız özünə inanması, mövzuya dəxlisi olmayan mənasız cavab verməsi, xəstə olduğunun fərqinə varmaması şizofrenliyin əlamətlərindən biridir. Həyat yoldaşınızın taleyini təkrarlanmaması üçün təcili müalicə alması lazımdır.

Mən bunları eşidib qışqıraraq dedim:

- Yalan idi mi, keçirdiyim hisslərin hamısı yalan idi mi? Yox inanmıram, axı onlar gerçək idi, hə? Mən onlara toxundum, gördüm, eşitdim.

Özüm-özümə üsyan edirdim. Anam ağlayaraq məni sakitləşdirməyə çalışırdı. Anam və həkim məni xəstəxanaya gətirdilər. 3 ay bu xəstəxanada yatdım. İlk əvvəllər xəstə olduğumu qəbul etmək istəmirdim. Hətta 1 dəfə qaçmağa belə cəhd etmişdim. Amma heç vaxt özümü öldürmək istəmədim. Çünki anamın atam barəsində dediyi sözlərdən sonra növbəti dəfə ona bir zərbə də mən vurmaq istəmədim. Mübarizə aparmalı idim. İçimdəki xəyali ruhumdan, dünyamdan ayrılıb gerçək həyata geri dönməli idim. Çox çətin idi. Ömrümün sonuna kimi şizofren xəstəsi olub, “sevgilimlə” vaxt keçirmək mənə xəstəxanada vaxt keçirməkdən daha maraqlı gəlirdi. Anama da atamın ölüm səbəbini gizlətdiyi üçün yaranan əsəbim soyumuşdu. Evimə geri dönmək istəyirdim. Amma aldığım psixoterapiyalar, idrak-davranış, söhbət terapiyaları, dərmanlar məni sağaldırdı. Əvvəlki kimi hallüsinasiyalar, xəyali varlıqlar görmürdüm, səslər eşitmirdim, kimsənin mənə toxunduğunu, mənim beynimdə yaratdığım obrazlarla əlaqəmi hiss etmirdim. Və bir gecə oturub düşündüm : “Özümü düşdüyüm bu bataqlıqdan xilas etməliyəm. Etməsəm, insanlar mənə yalançı, saxtakar deyəcəklər, xəstəliyimi lağa qoyacaqlar. Dünya sadəcə sənin xəstəliyini qəbul edib, sənlə dost olan,sənə yaxşı davranan insanlardan ibarət deyil. Heç vaxt gerçək bir insanı sevməyəcəyəm. Hər an kimsə məni izləyir mi, mənə toxundumu, bu nə səsdir qorxusu ilə yaşayacağam. Ona görə mən müalicə alıb, sağalmalıyam.” O gecə özümə söz verdim. Və budur sağaldım. Artıq evliyəm, bir uşağım var. İlk dəfə gerçək birinə aşiq olanda “ Yenə də, xəyaldırmı, hallüsinasiyamı görürəm” - deyə qorxursan. Yaşadıqlarının gerçək olduğundan əmin olmaq zaman alır. Amma alışırsan. İndi çox xoşbəxtəm. Mən bu həyat sınağını keçdim. Xəstəlikdən sonra psixiatriya oxudum. Anamdan, həyat yoldaşımdan başqa heç kim mənə inanmırdı. Mən özümə inandım. Həyatda heç bir şey üçün gec deyil və heç bir şey imkansız deyil. İndi də şizofreniya xəstələrinin də mübarizəsinə dəstək vermək üçün əlimdən gələni edirəm, ömrümün sonuna kimi də edəcəyəm. Hislərinin, ruhunun, həyatının səni idarə etməsinə icazə vermə, sən onları idarə et.

# 2239 dəfə oxunub

Müəllifin son yazıları

# # #