Boşluq – Yeni hekayə

Boşluq – Yeni hekayə
15 yanvar 2022
# 14:00

Kulis.az Mahir Rəsuloğlunun “Boşluq” hekayəsini təqdim edir.

Hər halda, dünyanı içindəki

insanlarla birlikdə sevmək lazımdır...

Kürəyindəki şiddətli ağrı yenə gecənin bir vaxtı onu yuxudan oyatdı. Artıq bir aya yaxın idi ki, bu lənətə gəlmiş ağrının ucbatından şirin yuxuya həsrət idi. Hər gecə təxminən eyni vaxtda tuturdu deyə, saata baxmadan da 3-4 arası olduğunu bildiyindən onsuz da bir-birindən aralaşmaq istəməyən göz qapaqlarını yumdu, yuxuya keçməyə çalışdı. Ancaq gecənin həmişə öyündüyü səssizliyini pozaraq bu səssizlikdə daha gur çıxan danışıq səsləri də açıq pəncərədən asanlıqla içəri soxulub onu yatmağa qoymamaq üçün ağrıyla bir olunca, çarəsiz yerindən qalxdı, göz qapaqları da müqavimətin əbəs olduğunu başa düşüb aralandı. Adət etdiyi kimi bir əli telefona, digər əli yatağında özüylə yatızdırdığı siqaret qutusuna uzandı. Niyəsə hər dəfə ürəkdən inanırdı ki, siqaret çəkən kimi ağrı da keçəcək, bir insan ömrünə sığdırılması zor dərdləri də düzələcək, di gəl hər dəfəsində heç nə düzəlmirdi. Telefonda facebook hesabına göz gəzdirdi. Virtual dostlarından yatmayanlar vardı, təzəlikcə gic-gic şeylər paylaşmışdılar. Görəsən, onlar niyə yatmırlar, belləri ağrıyır mənim kimi? Yox ey, elə şey olsaydı əttökən statusları bürümüşdü facebooku – “Dostlar, belimin ortasından azca yuxarı sağ nahiyədə əzələdə ağrı var, sizcə nədən olar?”, “Bu gecə yata bilməmişəm, hansı uzman həkimi məsləhət görürsünüz?” Yekəxanalığa bax. Mütləq uzman həkim olmalıdır. Yaxşı, qoy hamı bilsin ki, sən ağ adamsan, adi həkimin yanına getmirsən. Elə bil bel ağrısının uzman həkimlə müqaviləsi var, onu görən kimi “hə, sənsən? bağşıla” deyib gedəcək. Ya da “Filankəs doktora mənə göstərdiyi xüsusi diqqət üçün təşəkkür edirəm, sizin də beliniz ağrısa, mütləq filankəs doktorun yanına gedin”. Bax bu lap ağ eləməkdir. Onsuz da hamı bilir ki, filankəs doktor sənə verdiyin pula görə xüsusi diqqət göstərib... Özünə acığı tutdu. Nəyimə lazımdır bu qədər “dost”? Neçə gündür sosial şəbəkələrdə yoxam, bir kəlmə yazıb maraqlanan yoxdur. Aha, mesaj qutusu bomboşdur yenə. Vatsapda da elə. Hamısını siləcəm dostluqdan! Və bu an kədərlə düşündü ki, heç real həyatda da onu başa düşən, əsl dostu yoxdur axı. Tək onun yox, heç kimin əsl dostu yoxdur, daha heç kim bir-birilə dost deyil. İnsanlar daha əvvəlki kimi deyillər...

Sonuncu dəfə sümürüb tüstüsünü ciyərlərinə çəkdikdən sonra siqaretin kötüyünü telefonun ekranının işığında yatağının yanındakı yarımçıq su qabına atdı. Ağrılara dözməyə öyrəşmiş olsa da, yata bilməməyi qəzəbləndirirdi onu. Çöldən gələn səslər də bir yandan. Kimdir axı gecənin bu vaxtı? Pəncərədən qışqırıb söymək istədi, sonra fikrindən daşındı. Danışsınlar, mən onsuz da yata bilmirəm, qoy yatanlar dərd çəksin. Ağrını unutmaq, başını qatmaq üçün aydın eşidilən söhbətə diqqət kəsildi. İki kişi hansısa üçüncü şəxs haqqında danışırdı. Məntiqsiz, əvvəli ilə sonu düz gəlməyən yarımçıq cümlələrdən hiss olunurdu ki, möhkəm içiblər, kefləri yaxşıdır. Təxmin elədi ki, bu an onlardan yaxın “dost” yoxdur. Ancaq haqqında danışdıqları o üçüncü şəxs kimdirsə, g..tün biridir, nə adamlığı var, nə yoldaşlığı. “Qaqa, onun kişiliyi olsa...” – dəqiq bilirdi ki, o iki nəfərdən birinin yerinə həmin “kişiliyi olmayan” olsaydı, bütün bu söhbətlər eynilə digər olmayan kişi haqqında gedərdi. Həmin üçüncü kişinin qəfildən gecənin qaranlığından çıxıb onların yanına gəldiyini, onsuz da ağızlarına yerləşməyən dillərinin pərtlikdən daha da dolaşdığını təsəvvüründə canlandırmağa çalışdı. Görəsən, necə qarşılayardılar? Guya bu təsvirdən güləcəkdi, amma ürəyi bulandı, əsəbləri tarıma çəkildi. Söhbət kəsilənə kimi telefonda mənasız videolar izləməklə sakitləşməyə çalışdı, ancaq hiss elədi ki, qəzəbi getdikcə artır. Özü də təkcə içib sərxoş olub danışanlara deyil, bütün insanlara qəzəblidir. Onların saxtakarlığına, yalançılığına, bir-birinə dost olmaq əvəzinə düşmən kəsilməyinə, ən çoxu da məhəbbətin ölməyinə. Əmin idi ki, yer üzündə bir vaxtlar mövcud olmuş məhəbbət ölüb. Bəs onda bu qədər insan nəyə lazımdır axı yer üzündə? Dünya məhəbbəti və dostluğu öldürmüş bu boz kütlədən qurtulsa daha ədalətli olmazdımı? Ən gərgin vaxtlarında olduğu kimi Şopenin “Yağışın valsı”nı qoyub Allaha xitabən “Nə? Haqlı deyiləm? Sən yaratmısan, götür apar hamısını öz yanına, dinc burax dünyanı! Elə məni də!” - deyə, mızıldandı, göz qapaqları yavaş-yavaş qapanmağa başladı...

Yuxudan ayılanda gün az qala yarılanırdı. Bu dəfə əməlli-başlı yatıb dincəlmişdi, belində ağrı da yox idi. Yatağında rahat-rahat eşələnib sakitlikdən zövq almağa başladı. Nə yaxşı səssizlikdi? Aylıq ödənişi on manatdan başlayan kreditlə xalça satanların, rayondan qatıq, pendir, yumurta, ucuz kənd çolpası gətirənlərin həmişə bu vaxt həyəti başına götürən səsləri eşidilmirdi. Aclığa etiraz olaraq mədəsində başlayan üsyan olmasaydı yatağın keyfini hələ bir az da çıxardar, telefondakı oyunda 2 gündür ilişib qaldığı mərhələni keçməyə çalışardı. Ancaq neyləmək olar, yemək yemədən yaşaya bilmirik. Görəsən, elə bir qida icad eləmək olmaz ki, bir dəfə yeyəndə heç olmasa bir həftəyə, 10 günə bəs edə? Könülsüz yataqdan qalxdı, tualetə baş çəkib qayıdandan sonra geyindi, əl-üzünü yuyub mətbəxə keçdi. Çaydanı doldurub qaynaması üçün qaz peçinin üstünə qoyduqdan sonra vaxt keçsin deyə siqaret çəkmək üçün eyvana çıxdı. Həyətdə heç kəs yox idi, üzbəüz binada da bir inni-cinni görünmürdü. Heç eyvanın düz altında meyvə-tərəvəz satan xala da həmişəki yerində oturmamışdı. Fikirləşdi ki, sakitlik yaxşıdır, bu gün işə getməsin, dincəlsin özü üçün, sonra bir bəhanə uydurar. Siqaretin kötüyünü eyvandan aşağı vızıldatdı – onsuz da görən yoxdur. Mətbəxə qayıtdı. Çaydan qaynamamışdı hələ ki. Telefonu qurdalamağa başladı. Artıq neçə saat idi, heç bir yeni status yazan olmamışdı. Təəccübləndi. Bəlkə nəsə olub deyə həmişə izlədiyi xəbər saytını açdı. Sonuncu xəbər saat 5-ə işləmiş qoyulmuşdu – hansısa ölkədə zəlzələ olub. Vəssalam, ondan sonra heç nə yoxdur. Təəccübü bir az da artdı, nə baş verib, görəsən? Bəlkə yenə müharibə başlayıb? Bu dar macalda düşündü ki, görəsən, niyə həmişə nəsə baş verdiyini ehtimal edəndə mütləq ağlına o nəsənin pis şey olduğu gəlir? Tək onun yox, elə hamının. Yaxşı şey qalmayıb ki? Qərəz, nə olubsa, olub, cəhənnəmə ki...

Ancaq çayını axıracan içə bilmədi. İçini bürümüş qəribə bir hiss aclığını da unutdurmuşdu. Televizoru açıb kanalların da heç birinin işləmədiyinə əmin olandan sonra telefonun yaddaşında olan nömrələrə bir-bir zəng etməyə başladı – ya zəng çatmırdı, ya da çağırırdı cavab verən olmurdu. Ağlına gələn rəqəmləri yığaraq hansısa bir ölkədən əvvəlcə “alo” deyən, sonra isə anlamayacağı dildə danışan insan səsi eşitmək istədi. Eşitdi də, ancaq bu səs avtocavablayıcının səsi idi. “Qızın” danışığını özü bildiyi kimi tərcümə elədi: “Heç bir insana zəng çatmır, hamısı yoxa çıxıb. Zəhmət olmasa, təkrar yığmayın!” Dəqiq bildi ki, evdə oturub istirahət də bilməyəcək, şübhə və maraq onu küçəyə, şəhərə sürükləyir. Maşının və mənzilin açarını götürüb evdən çıxdı. Lifti çağırıb gələnədək qonşuların qapılarına boylandı, bir səs, hənirti eşitməyə çalışdı. Ancaq sakitlik idi. Binadan çıxanda üzbəüz marketin açıq olduğunu görüb “yəqin nə baş verdiyini orda öyrənə bilərəm” - deyə, sevindi. Ancaq tələsik addımlarla özünü marketə çatdıranda məlum oldu ki, içəridə heç kəs yoxdur. Qapısı taybatay açıq marketdə bütün məhsullar həmişəki kimi nizamla rəflərə düzülüydü, hətta spirtli içkilərin, suların və sokların yığıldığı soyuducular da işləyirdi, ancaq nə satıcılar yerindəydi, nə də alıcı vardı. Soyuducudan soyuq bir Coca-cola götürdü, yarısını birnəfəsə başına çəkəndən sonra maşına sarı yollandı.

...Şəhərə ölü bir sükut çökmüşdü. Bomboş küçələrlə sağa-sola dolaşdıqca insanların yoxa çıxdığına qənaəti artırdı. Neçə yerdə maşını saxlayıb tanımadığı evlərə, iş yerlərinə, xəstəxanaya, polis bölməsinə, restoranlara, mağazalara girib baxsa da heç kimi tapa bilmədi. Ümidini itirmədən yenə axtardı, axtardı... Yuxuda olmadığına əminlik üçün dəfələrlə özünü şillələdi, çimdiklədi, marketdən suyu götürüb başından tökdü... Yox, bu yuxu deyildi! İnanmaq istəməsə də, getdikcə əmin olurdu ki, ondan başqa hamı yoxa çıxıb! Hara gedib axı bütün insanlar? O, bu böyük şəhərdə, bəlkə də bütün dünyada tək qalıb, tamam tək! Bu böyük şəhər, bəlkə də bütün dünya bahalı-ucuz maşınları, köhnə-təzə evləri, dünənə qədər yaxınlığından belə keçməyinin mümkün olmadığı yaraşıqlı villaları, içi qızıllarla, brilyantlarla, çeşid-çeşid brend mallarla dolu mağazaları, kredit üçün növbə götürüb saatlarla gözlədiyi bankları, bir dəfə oturub yemək yeməyin qiyməti onun bir aylıq maaşından çox olduğu üçün böyründən ötəndə üzünü çevirdiyi restoranları, bir sözlə, insanların yaratdığı, çatmaq, əldə etmək üçün bir-birinə qənim kəsildiyi hər şeyi ilə ona qalıb! O, bu böyük şəhərin, bəlkə də dünyanın tək sakinidir, tək sahibidir! Ancaq o bu sahibliyə hazırdırmı?

Başında yaranan küt ağrıdan tez-tez fikirləri dolaşmağa, gözləri qaralmağa başladı. Düşündü ki, yəqin istidəndi... İstidəndi? Bəs onda niyə üşüyürəm? Bəlkə girim mağazadan qalın paltar götürüm geyinim? Olmaz, kameralar çəkir, bircə oğurluq eləmədiyim qalmışdı. Görəsən paltar oğurluğuna görə neçə il iş düşür? Həm də bu istidə qalın paltar geyinsəm gülərlər. Ehh, söz danışdım də, kim var gülə. İstəsəm lap şalvarımı çıxardıb belə gəzərəm. Bəlkə siqaretimi dəyişim keçim ən bahalısına? Görəsən, öskürtməz məni? Zəhərə qalsın bunun bahalısını da, ucuzunu da. Bir də ona qalsa, birinci maşını dəyişmək lazımdır – zəhləmi töküb lap, gündə bir yeri xarab olur. Heyfdi, bu qədər maşın günəşin və yağışın, işığın və qaranlığın altında qalıb çürüyəcək. Görəsən, yəni heç küncdə-bucaqda gizlənib qalan insan yoxdur? Yəqin ki var! Burda olmasa da haradasa var! Aha, bildim niyə başım ağrıyır, heç nə yeməmişəm axı səhərdən. Heç ac hökmdar olar? Hökmdar ha! Hökm edəcək insan var ki? Gülmək istədi son fikrinə, ancaq başının ağrısından gülə bilmədi. Qərar gəldi ki, yemək yesin. İçmək də lazımdır! Ən bahalısından. Bütün baş verənləri unuda biləcək qədər!

Bir-birinə yaxın yerləşən restoranların yanında maşını saxladı. Özü də dayanma-durmanın qadağan olunduğu yerdə, küçənin ortasında, yol polisinin nəzarət kamerasının düz altında. Qapıları bağlamadı. Ürəyindən keçdi ki, kaş indi kimsə yaxınlaşıb ona yol hərəkəti qaydalarını belə nümayişkaranə şəkildə pozduğuna görə irad bildirə, cərimə yazmaq istəyə. Mübahisə etmədən razılaşar, hətta sevinərdi. Ümidsiz halda iki-üç dəqiqə əbəs yerə gözlədi də...

Üstündə əcnəbi dildə yazılmış yazını oxuya bilməsə də şəhərin mərkəzində yerləşən bu restoranın xüsusi qonaqlar üçün olduğunu anlamaq elə də çətin deyildi. Qapını itələdi. Düşündüyü kimi açıq idi. İçəri girdi. Geniş salonda bir-birindən aralı səliqə ilə bəzənmiş stollarda bahalı qab-qacaq, büllur qədəhlər gur çilçırağın işığından par-par parıldayırdı. Stollardan birinə yaxınlaşıb stul çəkib əyləşdi, süfrədən ağappaq dəsmalı götürüb aristokratcasına qolsuz köynəyinin yaxasına taxdı. Lakin elə o an yadına düşdü ki, ona heç kim xidmət etməyəcək. Qalxdı, restoranın mətbəxinə doğru bir neçə addım atıb dayandı. Yemək üçün nəsə bişirmək, nəsə hazırlamaq lazımdır. O isə heç restoranın üstündəki yazının hansı dildə yazıldığını bilmir, hələ qaldı həmin dildə danışan xalqın yeməyini bişirmək ola. Kədərlə düşündü ki, yenə ona bu bahalı restoranda yemək qismət olmayacaq. Bəlkə gedim yerli restoranlaran birinə? Nə fərqi, yenə özüm nəsə bişirməli olacam. Buna isə nə taqətim var, nə də həvəsim! Ancaq mütləq yemək lazımdır, elə indi!

...Restorandan bir az kənarda yerləşən böyük marketdə çörək satılan yerə yaxınlaşıb adətinə xilaf əlinə ilk keçən çörəyi götürdü. Onsuz da hamısı dünən bişmişdi, boyadımışdı. Daha sonra qaçaraq ət məhsullarının satıldığı bölməyə yaxınlaşıb iri bir kolbasa götürdü və elə ordaca acgözlüklə yeməyə başladı. Tələmtələsik, tam çeynəmədən udduğu hər tikə ilə az qala itməkdə olan şüuru da özünə qayıdırdı. Demək ki, yemək hər şeydən vacibdir. Hətta insanlardan da! Nəfəs dərmədən çörək və kolbasanı bitirdikdən sonra soyuducudan soyuq su götürüb başına çəkdi. Kassaya yaxınlaşdı, satıcı tərəfə keçərək yan tərəfdəki rəfdə səliqə ilə üst-üstə yığılmış siqaretlərin arasından həmişə çəkdiyindən iki qutu götürdü. Sonra beynində təxminən hesabladı, cibindəki iki 20 manatlıqdan birini çıxardıb kassa aparatın üstünə atdı və xəyali satıcıya “üstü qalsın” deyib çıxdı. Marketin düz böyründə yerləşən mağazanın bayırdan müştəriyə gəl-gəl deyən işıqlı vitrinlərindəki bahalı saatlara baxdı, içəri girib saatını təzələmək istəsə də, düşündü ki, ola bilsin bundan sonra heç qolundakı saat da ona lazım olmadı!

Elə burada, şəhərin mərkəzində dayanıb sakit başla, başındakı ağrı nisbətən azalmışdı, fikirləşmək istədi. Ancaq artıq hava qaralırdı və hiss etdi ki, günəş işığının yoxa çıxmasıyıa içinə qorxu dolmağa başlayır. Küçələrin kənarındakı dirəklərin, reklam lövhələrinin, kiçik həmişəyaşıl ağacların qaranlıq artıqca daha da qatılaşan və bayaqdan axtardığı insanların siluetini xatırladan kölgələri onu daha da vahimələndirdi. Elə bil bu kölgələr onu təqib etməyə başlamışdılar! Qaçmağa başladı. Əvvəlcə istədi yaxınlıqdakı evlərdən birinə girib gecəni orada qalsın. Fikrindən daşındı. Nə də olsa öz evi ən etibarlı sığınacaqdır! Üstəlik, həm evinə öyrəşib, həm də yatağını dəyişəndə yata bilmir. Guya ki öz yatağında rahat yatır, ya da yatacaq... Qaçaraq küçənin ortasında saxladığı maşınına yaxınlaşana qədər sağda-solda dayanmış bahalı maşınlardan birini götürmək fikri də ona elə yad göründü ki. Qapısı açıq maşınına minib şəhərin nisbətən ucqarındakı evinə yollandı. Boş yollarda sürətlə şütüyən maşın tezliklə binalarının qarşısına çatıb tanıyırmış kimi həmişəki yerində dayandı. Ölüm səssizliyinə bürünmüş qaranlıq onu əvvəl maşından binanın blokunun ağzına, ordan isə liftə girənə kimi qovaladı. Deyəsən, bayaqkı kölgələr də qaranlığın içində gizlənib onun dalınca gəlmişdilər! Dördüncü mərtəbəyə qalxana kimi mənzilin açarını çıxarıb əlində hazır saxladı və liftin qapısı açılar-açılmaz özünü bayıra atdı. Mənzilinə girib açarı içəridən açarlığa salaraq iki dəfə çevirdi, qapının bağlandığına əmin olmaq üçün əli ilə də yoxladı. İşıqların hamısını yandırıb mətbəxə keçdi. Pərdələri çəkib bayırın qaranlığını gizlədəcək dəqiqliklə bağladı. Hiss elədi ki, bütün yaşadıqlarından sonra beynindəki fikirləri sərxoş etməsə yata bilməyəcək. Spirtli içkilərə çox meylli olmasa da evdə həmişə ehtiyatı olurdu. Yarımçıq arağı soyuducudan çıxardıb stolun üstünə qoydu, səhər çay içdiyi stəkanı suyla yaxalayıb araqla doldurdu və tərəddüd eləmədən birnəfəsə axıracan içdi. Boğazından axan isti lava mədəsinə çatmamış stəkana ikinci dəfə yenə ağzınacan araq süzdü və gözləmədən başına çəkdi. Eləcə, düşünmədən, sağlıq demədən. Az sonra başı dumanlandı, gözləri axdı və dəhşətli dərəcədə yorğunluqdan daha ayaq üstə dayana bilməyəcəyini hiss elədi. Yataq otağına girib qapısını örtdü, işığını söndürdü, özünü çarpayısına çatdırdı. Arxası üstə səriləndə ona elə gəldi ki, qaranlıqda yuxarıdan kimsə ona gülür...

...Belinin ağrısından yuxudan oyansa da başı hələ dumanlı idi. Ayılmağa, gözlərini açmağa çalışanda başa düşdü ki, onu yuxudan edən təkcə belinin ağrısı deyil. Həm də telefonuna gələn mesajların səsidir...

27.10.2021

# 3135 dəfə oxunub

Müəllifin son yazıları

# # #