Bir barmağın dəyəri - Samir İmanov

Samir İmanov

Samir İmanov

8 dekabr 2021
# 22:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Samir İmanovun “Bir barmağın dəyəri” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Əlil arabasını səhnənin mərkəzinə tərəf sürə-sürə zala nəzər saldı. Yüzlərlə gənc maraqla onun çıxışını gözləyirdi. Səhnənin ortasına çatanda qətiyyətlə sözə başladı.

- Salam əziz dostlar. Çıxışımın mövzusu belədir “Bir barmağın yaşatdığı ömür” Bəli, məhs bir barmağın. Bir barmağın köməkliyi ilə nəinki uğur qazanmaq, hətda başqalarına belə faydalı olmaq mümkündür.

İnanmırsınız? O zaman məni diqqətlə dinləyin və bir barmaqla etdiklərimdən xəbərdar olun. Əziz dostlar! Təbii olaraq, bəzən həyatda uğursuzluqlarla, problemlərlə qarşılaşırsınız və bir uğursuzluğa və ya çətinliyə görə bütün həyatınızın alt-üst olduğunu düşünürsünüz. Deyək ki, pul toplayaraq uzun müddət həsrətində olduğunuz bahalı bir telefon alırsınız və elə həmən gün də itirirsiniz. Və yaxud aylarla əziyyət çəkib oxumağınıza baxmayaraq, ali məktəbə qəbul ola bilmirsiniz. Sevdiyiniz insan sizi bir başqasına dəyişə bilər və ya işinizi itirə bilərsiniz. Bu cür hallarda stress keçirdərək sarsılırsınız və depressiyaya düşürsünüz. Əslində isə düşünün. Hər nə olursa-olsun, siz düşdüyünüz vəziyyətdən çıxa bilərsiniz. Bir müddət sonra o telefondan yenə ala bilərsiniz, daha səylə hazırlaşaraq növbəti imtahanı daha uğurla verə bilərsiniz, sizi həqiqətən sevən və hörmət edən başqa bir insanla da qarşılaşa bilərsiniz, daha yüksək məvacibi olan iş də tapa bilərsiniz. Yəni ki, itirdiyiniz hər şeyi yenidən geri qazana bilərsiniz və bunu da unutmayın ki, əgər həyatda çox şeydən məhrum olsanız belə, əlinizdə olan son imkandan istifadə etməyi bacarsanız arzuladığınız çox şeyi əldə bilərsiniz. Əsas odur ki, itirdiklərinizə görə ruhdan düşməyəsiniz və əlinizdəki imkandan doğru şəkildə istifadə edəsiniz. Necə ki mən, doqquz barmağımı işlədə bilmədiyimə görə ruhdan düşmədim, təslim olmadım və işlədə bildiyim bir barmağımın köməkliyi ilə həyata meydan oxudum. Yalnız 20 yaşımda ömrüm boyu əlil qalacağımı dərk elədim və məhz bundan sonra arzularım da daxil olmaqla, bütün həyatımı dəyişdim. Artıq bilirdim ki, gələcəkdə fiziki olaraq heç bir iş görə bilməyəcəm və fiziki güc tələb olunan heç bir sahədə uğur qazana bilməyəcəm. Üstəlik əllərim də yığılmağa başladı və mən kompüterdən istifadə edərkən cəmi bir barmağımnan istifadə edə bilirdim. Və, və mən bir barmağımın köməkliyi ilə bütün həyatımı dəyişdim. Təsəvvür edin. Uşaqlığı və gəncliyi 4 divar arasında keçən, məktəbə-universitetə getməyən, ömrünün 5 ilini yataq şəraitində keçirdən, təhsili, maddi imkanı, xüsusi istedadı, dünyagörüşü olmayan, üstəlik hərəkət qabiliyəti 70 faiz məhdudlaşdığı üçün əlil arabasında oturan və əlləri yığılan bir insanın uğur qazanmaq şansı sizcə nə qədərdir ? Mən bunu bacardım. Azərbaycanda ilk dəfə olaraq məhs əlil insanlardan bəhs edən roman yazdım və bu mövzuda 12 kitab müəllifiyiəm. Bir çox yazı müsabiqəsinin qalibi olmuşam. Əlillik faktoru üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışam. Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan insanlar üçün bəstələnmiş mahnının sözlərinin müəllifiyəm. Əlilliyi olan insanlara qarşı etiket qaydalarından bəhs edən video-rolikin ssenari müəllifiyəm. Dəfələrlə yerli və xarici titul və mükafatlara layiq görülmüşəm olmuşam. Və mən, və mən bütün bunları cəmi bir barmağımla etmişəm. Bəli. Fikirlərimi, ideyalarımı, planlarımı bir barmağımın köməkliyi ilə həyata keçirdirəm.

Əziz dostlar. Kimsə ayağı burxularkən və ya sadəcə olaraq, əlini zədələyəndə görəcəyi bir çox işləri bir müddətlik də olsa təxirə salır. İndi təsəvvür edin ki, ömürlük əlil arabasına möhtac olmaq bir insanı hansı çətinliklərlə üz-üzə qoyur. Küçələr, binalar, nəqliyyat və sairələr nə qədər uyğunlaşdırılsa da, yenə də insanın ayaqlarını əvəz edə bilmir. Səhərləri təmiz havada qaçmaq, toyda rəqs etmək, özünə təzə mebel alan qonşuna kömək etmək, Novruz bayramında tonqal üstündən tullanmaq, sevdiyi insanla əl-ələ tutaraq gəzmək, dostlarla futbol oynamaq sağlam insanlara adi bir şey kimi görünə bilər. Lakin bunlar əvəzedilməz duyğulardır! Bunlardan məhrum olmaq isə əlil insanı incidir, məyus edir. Əlil bir insanın bu qədər problemlərin, məhdudiyyətlərin, uğursuzluqların, əngəllərin içindən çıxaraq əlilliyə meydan oxuması və hər hansısa nailiyyət qazanması üçün isə insan iradəsinin hüdudlarını aşması lazımdır. Bəli, məhz insan iradəsinin hüdudlarını aşmaq lazımdır. Bu hüdudları aşmaq üçünsə daimi olaraq öyrənmək, özünü inkişaf etdirmək və inanmaq lazımdır. Mənim də uğurumun əsas sirri bundadır ki, daim öz üzərimdə işləyirəm və biliyimi artırıram. Daim axtarışdayam və hər gün yeni bir şey öyrənirəm.

Bunu heç zaman unutmayın ki, insan ürəkdən istəsə, bacaracağına inansa, öz istəyinin arxasınca qətiyyətlə getsə və planlı şəkildə hərəkət etsə çox şey əldə edə bilər. Lap çox şey əldə edə bilər. Hətda bir barmağından istifadə etməklə də.

Hər birinizə sağlamlıq və uğurlu həyat arzulayıram. Sağ olun.

Nitqini bitirib, alqış sədaları altında çıxışa tərəf yönəldi.

# 2579 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #