Bataqlıq - Maya İmranın hekayəsi

Bataqlıq - Maya İmranın hekayəsi
15 iyun 2024
# 11:00

Kulis.az Maya İmranın "Bataqlıq" hekayəsini təqdim edir.

Bizim küçənin səması kiçik, insanları aciz və xəyaldan kasaddı sanki. Günəş gec-gec doğur bu tərəflərə, o da digər tərəfdəkilər bulud istəyəndə. Burada arzu yetişməz, xəyal qurulmaz, gələcək gəlməz. Xülasə, küçə deyil, dünyanın küncüdür, adamları da küncə qoyulmuş küskün uşaqlar.

Tısbağa kimi qınına çəkilmiş küçənin ahəngini tez-tez Xəlillə Sənəmin davası pozurdu. Onların səs-küyünə qonşular da öyrəşmişdilər. Bir-iki dəfə səs-küydən bezən qonşular qapılarını döyüb giley-güzar eləsələr də, faydası olmamışdı. İki-gündən bir zavallı Sənəmin harayı bütün küçəni başına götürürdü. Zavallı qadın “Kömək eləyin” deyib haray çəkirdi. Mənim cəmi 8 yaşım vardı, ona kömək edə bilməzdim. Üstəlik, anam deyirdi ki, başqasının ailə işinə qarışmaq olmaz, bu gün dalaşıb, sabah barışacaqlar. Beləcə, onların həftədə üç-dörd dəfə eşidilən haray-qışqırığı küçəmizin sakinləri üçün adi hala çevrilmişdi. Amma heç kim Sənəmin çəkdiyi zülmün gerçək səbəbini bilmirdi. O, evlərdə mövsümə uyğun yun, xalça yumaqla çörək pulu qazanırdı. Kimisi Sənəmə evini, kimisi həyət-bacasını təmizlədir, əvəzində verdiyi qəpik-quruşla yaşamağına kömək etmiş olurdu. Qonşular deyirdilər ki, qazandığını da Xəlil əlindən alıb pis yerlərə xərcləyir. Qonşular Xəlili Sənəmlə davranışına görə sevmirdilər. Atam, deyəsən, bir-iki dəfə onu tənbeh də eləmişdi. Xeyri olmadığını görüb bir dəfə evdə dedi ki, Xəlil ağıllanası deyil.

"Getdiyi pis yerlər, etdiyi pis əməllər onu dəyişdirmişdi"-qızı, rəfiqəm Gülər belə deyirdi. Həmişə atası barədə danışıb ağlayanda, onu sakitləşdirməyə çalışırdım. Deyirdim ki, bizim barəmizdə hər şeyi biz yox, atalarımız düşünür, fikir çəkirlər, gərək onlar əsəbiləşəndə küsməyək. Gülər deyirdi ki, hər ata belə deyil. Hətta bir dəfə dedi ki, o, atasına nifrət edir.

Bir gün atamdan soruşmuşdum ki, Gülər sənin qızın olsaydı, onu da mənim kimi çox sevərdin? Atam demişdi ki, bütün uşaqları çox sevir. Amma Xəlil heç bircə qızı Güləri də sevmirdi. Bir dəfə darvazaları aralı idi, atasının Güləri döydüyünü görmüşdüm. Yaxşı ki, mənim də atam Xəlil deyildi. Yoxsa hər gecə saçlarımı kim sığallayar, hər səhər saçlarımı kim darayardı? Düz səkkiz yaşıma qədər hər gecə atam məni sığallayaraq yatızdırırdı. Hörüklərimi açar, yuxuya getsə belə, saçlarımı yorulmadan sığallayardı.

Sonra müharibə başladı. Mən hər gecə gözümü yumub, atamın əlini saçımda hiss edərək yuxuya getməyə vərdiş elədim. Özümdən çox saçlarım darıxırdı atam üçün. Bəzən anam hiss etməsin deyə, yorğanın altında xısın-xısın ağlayırdım. Görəndə ki, anam da ağlayır, başa düşürdüm ki, indi rahat ağlamaq olar. Böyüdüm o günlərdə. Anladım ki, yaxşı atalar təkcə öz uşaqlarını yox, bütün uşaqları qorumaq üçün mövcuddur, onlar təkcə öz evlərini yox, Vətəni də qorumaq üçün yaşayırlar. Lazım gəlsə, bu amal uğrunda canlarından belə keçə bilərlər. Bunu dərk etsəm də, atamın ölməyini düşünmək nəfəsimi kəsirdi, tez qara fikirləri qovurdum beynimdən. Atam çox güclüdür, bilirdim ki, onu heç kim öldürə bilməz. Həm də söz vermişdi, mən böyük qız olana qədər hər gecə hörüklərimi özü açacaq, sığallayıb, darayacaq. Axı mən hələ böyüməmişəm...

Müharibənin zülməti küçəmizə çökəndən bəri Xəlillə Sənəmin həyatına da sükut hopmuşdu. Sənəmin Xəlili tanıdığı gündən başlayan müharibəsi, bəlkə də, bu günlərdə sovuşmuşdu. Ona görə küçənin hüznlü mənzərəsindən fərqli olaraq, Sənəm asudə günlərinin dadını çıxarırdı.

Bəlkə də, küçənin kişiləri cəbhədə düşmənlə vuruşduğu halda, Xəlil evdə arvadını döyməyə utanırdı.

Sona xalanın oğlu bayrağa bükülmüş cənazədə qayıdanda Xəlili ilk dəfə ağlayan gördüm. Pis insanlar da ağlaya bilirmişlər.
Heç bilmirəm, niyə Xəlili müharibəyə aparmamışdılar. Bəlkə də, bunu Sənəmdən çox istəyən olmazdı. Anamdan soruşanda demişdi ki, ailəsini, övladını sevənlər Vətəni sevə bilər, Xəlil kimilər yox.

Mən müharibənin nə zaman bitəcəyini bilmədən gün sayırdım. O günlərdə Gülər bizə tez-tez gəlirdi. Gəlinciklərimizi kənara atıb, bir-birimizə daha da doğmalaşmışdıq. Mənim çarəsiz, ağlağan bildiyim Gülər güclü və nikbin dostuma çevrilmişdi. Onun dilindən eşitdiyim “bəzi atalar evinin qəhrəmanı ola bilmədiyi halda, bəzi atalar Vətən boyda evin qəhrəmanı olur” sözləri bütün üzüntümə, həsrətimə təsəlli olmuşdu. Gülərin gözəl, dərin fikirlərində Sənəmin sısqa görkəmindən, Xəlilin qorxunc simasından əsər-əlamət yox idi. O, dava-dalaş bitməyən evlərində ürəyini belə gözəl saxlaya bilmişdi. Kaş o mənim bacım olaydı. Çalışırdım ki, o bizdə çox zaman keçirsin. Sənəmin “Gülər, evə gəl” deyə çığırtı qoparması ilə buludların üzərində pərvazlanan fikirlərimizin rəngsizləşib dar küçəyə, alaqaranlıq evimizə dürtülməyi bir olurdu. Biz hər görüşdə hansısa söhbəti ixtisar edirdik. Daha gözəl mövzuları bu məkana, bu zamana qıymırdıq, sonraya - daha gözəl yerlərə, daha gözəl anlara saxlayırdıq.

Küçəmizin ayağında mənşəyi bilinməyən bataqlıq vardı. Üfunətdən, qurbağaların səsindən yanından keçmək olmurdu. Anam bataqlığa yaxın getməyi o qədər qadağan etmişdi ki, elə bilirdim, bu qadağa bütün uşaqlara aiddir, bütün ananların qoyduğu qadağalar arasında mütləq bizim küçənin ayağındakı bataqlığa getməmək də var. Anamın dediyinə görə, illər əvvəl o bataqlıqda beş yaşlı uşaq batmışdı. Ondan sonra bu küçənin sakinləri o yeri əzrayılın evi zənn edirdilər. Evcik-evcik oynayanda bəzək üçün Gülərlə xəlvət bataqlığa qaçıb ehtiyatla, bir-birimizdən yapışaraq bir-iki qamış qoparmışdıq. Anam qamışları görəndə məni bərk danlamış, bir neçə gün Gülərlə oynamağa icazə verməmişdi. Sonra Güləri görmədiyim hər günün günahını bataqlığın boynuna yıxıb, qamışlara da, üfunət iyi verən bataqlığa da nifrət etmişdim. O vaxtdan sonra həndəvərinə də getməmişdim.

Amma Xəlilin qolu kəsilən gün hamı Güləri axtaranda, mən düşünmədən qamışlığa yollanmışdım. O, sanki bataqlığa üzüntüsünü, göz yaşını, kimsə görməsin deyə, boğmağa gəlmişdi. Mən yaxınlaşanda dirsəyi ilə gözlərini silib, ayağa qalxdı. “Gəlmə, anan danlayar, mən də qayıdıram” deyərək, soyuq şəkildə etiraz etmişdi.

Yolboyu heç nə danışmadı. Hiss etdirməsəm də, içimdə sevinməmiş deyildim – Xəlil daha onları döyə bilməyəcəkdi. Çünki sağ qolu dirsəkdən aşağı kəsilmişdi. İlk vaxtlar elə bilirdim ki, Sənəmlə Güləri döydüyü üçün polis kəsib onun qolunu. Sonra anam təəssüflə dedi ki, polislər ailələrini döyən kişilərin qolunu kəsmək səlahiyyətində deyillər, uzaqbaşı onları cəzalandıra, cərimə edə bilərlər. Xəlilin qolu xəstəlik səbəbindən kəsilib. Pis işlər gördüyü üçün qolu çürüyüb, həkimlər də başqa əlac görməyiblər.

Amma qolsuzluq Xəlilə döymək vərdişini unutdurmadı. O istəyəndə təpiklə döyür, ən yaxşı halda, hirsini evdəki sınıq-salxaq əşyaları təpikləməklə soyudurdu.

Atam evə zəng edəndə ilk sualım nə zaman qayıdacağı barədə olurdu. O isə hər dəfə eyni cavabı verirdi: “Az qalıb, qızım”. Nə qədər qaldığını isə nə o, nə də biz bilirdik. Sonra anam telefonu məndən alıb, titrək səslə “Özün necəsən?” deyərək, başqa otağa keçirdi. Məndən gizli nə danışırdılarsa, sonunda həmişə anam ağlayaraq sağollaşırdı. Hər telefon danışığımızda macal tapıb atama Xəlildən, Gülərdən danışırdım. Atamı razı salmışdım ki, qayıdanda Gülər də bizim evdə yaşasın, atam həm də onun atası olsun.

Xəlil son günlər çətinliklə yeriyirdi. Gülər deyirdi ki, onun ayaqları qaralıb, həm də şişib. Həkim dərdinin çarəsi olmadığını deyibmiş. Xəlil sağlamlığını itirdikcə, sanki Sənəmin həyat eşqi artırdı. Bu, açıq-aşkar hiss olunurdu.

Mən hər gecə atam qədər Xəlilin, özüm qədər də Gülərin taleyini düşünürdüm. Bu dünyada övladlarını sevməyən, onlara əziyyət verən atalar evdən çıxmamağa məhkumkən, niyə sevimli atalar uzaqlardadır?

Gülər atasının acı sözlərinə göz yaşı axıdarkən, mən atamın həsrətilə ağlayırdım hər gecə. Mən küskün saçlarıma atamın sığalını arzu edərkən, o atasının qolu kəsildiyi üçün çoxdandır yolunmayan saçları üçün ürəyində sevinirdi. Saçların da bəxtlisi, bəxtsizi varmış...

O gecə bunları düşünüb yatanda, sabah atamın gələcəyini, sadəcə, ürəkdən dua etmişdim.

Maşının qabağına - küçənin başına qədər ayaqyalın qaçmışdım. Noyabr ayı idi, anam görsə, məni danlayardı: mən ayaqlarımı yağış suyunun əməl gətirdiyi kiçik gölməçələrə çırpa-çırpa - atasız günlərdə yaşadığım üzüntülərimi üst-başımdan yerə töküb, onun qucağına qaçırdım. Maşın mənə çatanda dayandı, qabaq qapı açıldı, atam palçıqlı çəkməsini yerə-aylardır nəfəsimi kəsən atasızlığımın başına qoydu. Xəyalını qurduğum səhnəni yaşayırdım: onun qucağına atlanıb, bərk-bərk öpdüm. Hiss etdim ki, atam məni qucağında saxlaya bilmir. Yorğun olduğu ağlıma gəlməmişdi. Məni yeri qoyub, anamla görüşdü. Qonşularımız ətrafımıza toplaşıb, “Xoş gəlmisən, həmişə evində” deyərək alğış edirdilər. Yeriməyə çətinlik çəkən Xəlil də darvazaya söykənib təbəssümlə atama baxırdı. Sənəmin fəryadına, qarğışına alışmış küçəmiz çoxdandır fit, alqış səslərini yadırğamışdı. Atam ağır addımlarla evimizə doğru addımlayırdı. Bir qolunu anamın boynuna keçirmiş, sanki yorğunluğunu məhəbbət görkəmi altında gizləməyə çalışırdı. Sevincimdən hoppanaraq yeriyirdim. Saçlarım havada uçuşaraq qovuşduğu nəvaziş şərəfinə şadlıq edirdi. Gedə-gedə bir-birinə sarılmış atamla anamın ətrafında dövrə vururdum. Sonsuz səadətimin ömrü bir neçə dəqiqə çəkdi: atamın əlindən tutmaq istəyəndə, əlim boşa çıxdı. Hərbi geyimin sağ qolu bomboş idi... Atam saçlarımın sığalını müharibədə itirmişdi.

Atam Xəlil kimi olmuşdu - qolsuz. Hər ikisi sağ qolunu itirmişdi. Gülər böyük işgəncədən azad olduğu halda, mən ömürlük saçlarımın sığalını, bütöv qucağı itirmişdim.

Atamı belə görməmək üçün onunla danışanda gözlərimi yayındırır, divara, tavana baxaraq danışırdım. Nəhayət, o gecə özümü toparlayıb, atamdan soruşdum:
- Ata, qolun hardadır?
- Bilirsənmi, bəzi ataların qolları yanlarındakı qızlarına sığal çəkməyəcək qısa olduğu halda, bəzi ataların qolları Vətən boydadır. Qolum illərdir həsrətdən üşüyən balaların ruhuna sığal çəkmək üçün uzaqlarda qaldı. Məndən incimə, qızım, qolumu ruhu yetim qalmış balalara, ağaclara, otlara, daşlara sığal çəkmək üçün Vətənə bağışladım.

Yenə səhər yuxudan hamılıqla Sənəmin fəryadına oyandıq. Xəlil “rədd ol, pul tap” deyə çığırır, Sənəm isə “Allah səni yox eləsin, vicdansız, vurma!” deyərək imdad diləyirdi. Dava günortadan sonra səngidi. Sənəm Gülərin evdə olmadığını anlayıb, dəli kimi küçədə qaçanda artıq gün batmışdı. Yavaş-yavaş axtarışa bütün qonşular qoşuldu, amma Güləri gördüm deyən olmadı.

Mən isə onun hara getdiyini dəqiq bildiyim üçün sakitcə bataqlığa yollandım. Alaqaranlıqda bataqlığın kənarında Gülərin bir cüt ayaqqabısı ağarırdı...

# 3511 dəfə oxunub

Müəllifin son yazıları

# # #