Ay ulduzları yeyib – Faiq Xudanlının essesi

Faiq Xudanlı

Faiq Xudanlı

15 noyabr 2022
# 13:30

Kulis.az Faiq Xudanlının “Ay ulduzları yeyib” adlı essesini təqdim edir.

Şəhid övladlarına ithaf olunur


Uşaq ikən atamı çox zaman görə bilmirdim. Hətta bir dəfə atamı uzun müddətli səfərdən evə gələndə qapını mən açsam da, onu yad biri zənn edib evə buraxmayaraq ağlamışdım. Həmin anı uzaq bir xatirə, yaşanmamış an, bir sözlə, kölgə kimi xatırlayıram indi.


Atamın ən çox qollarını və əllərini sevirəm. 40 yaşı haqlamış biri kimi indi də bəzən onun yanına utanaraq uzanıb uşaqtəki qollarını qucaqlamaq, əllərinə toxunmaq içimdə qəribə hisslər yaradır. Uşaqlıq illərimdəki kimi atamın qalın tüklü qolunu sığallayır, qolundan biləyinə doğru uzanan qabarmış damarını barmağımla basmağı, əlimin içi ilə əlinin üstünə çıxan damarlardan axan qanı duymaq nəsə ilahi hislər yaşadır mənə.


Ölkəmizdə koronavirus pandemiyasına görə elan edilən ümummilli karantin dövründə hamı kimi evdə çox qaldıq. Əkiz övladlarımı körpə vaxtlarında qollarıma aldığım kimi, uşaqları qollarımın arasına alıb, uzanıb söhbətləşirdik. Nə qəribədir, bəlkə də, qəribə deyil, onlar da mənim qollarımı çox sevirlər. Bəlkə, mənim atamın qollarını sevdiyim kimi, bəlkə də, daha artıq və ya az, ancaq sevdiklərinə əminəm. Onlar da eynən mənim kimi qollarımın tükünü sığallamağı, qucaqlayıb yatmağı, damarımın üstündən basmağı, əlimin üstünü ilahi bir sevgi ilə sığallamaqlarını elə anlamadığım ilahi sevgi ilə qəbul edirəm. Və... uşaqlığıma dönürəm. Keçirdiyim hisləri xatırlayıram.


Xatırladıqca vermək istədiyim, amma verə bilmədiyim suallarım yada düşür. Və bu an içimdəki suallar qulağımda səslənir.


– Ata, ata, ayy ataa, eşitmirsən məni?


Və suallar... Onlar məndən daha cəsarətlidir.


– Hə, balam, nədi?


– Bizim nə vaxt qolumuz tüklənəcək? Məndə də belə olacaq? Sən uşaq olanda...


Cavab verilməsi elə də asan olmayan, bəzən isə mümkünsüz görünən sonsuz suallar. Suallar qulağımda səsləndikcə uşaqlıqda içimdə verdiyim sualları cavablandırıram. Əzab çəkdiyim, çarəsiz qaldığım hallar da çox olur. Hər necə olsa, mənim üçün əsas olan odur ki, dünyanı, həyatı, təbiəti və nəhayət özümü daha çox anlamağa başlayıram.


Atam bizi tez-tez dağa, çay kənarına aparardı, hərdən onunla birlikdə təbib olan nənəm üçün bitki kökləri yığmağa da gedərdik. Evə geri dönəndə göy üzünü bəzəyən nəhayətsiz ulduzlar məni çəkib aparardı, olurdu ki, elə bil tullansam səmadakı ayı da tuta bilərdim. Belə zamanlarda suallar məni elə məşğul edirdi ki, bu gün kimi xatırlayıram, sükuta qərq olurdum. Atam isə deyir ki, sullarınla onu boğaza yığar və cavab verməyə məcbur edərmişəm. Arzu edib, özümə də deyib: “elə uşaqların olsun ki, necə ki, sən suallarınla məni bezdirmisən onlar da səni bezdirsin”.


Mən uşaqlığımı da, özümü də o illərdə buraxmışam. Tez böyüdüm, suallara cavab tapa bilmədən. Daha həyati suallara cavab axtarmaq məcburiyyətində qaldım. Uşaqlıq illərimin cavabını indi verməyə cəhd edirəm. Cavabı isə əslində mənə iki oğlum verir.
Bakıya köçdükdən sonra özümə ilk verdiyim sual ulduzların hədsiz azalması idi. Ulduzların azalması, doğma ulduzların yoxa çıxması məni uzun müddət dərin depressiyada saxlayıb.


Övladlarımla mən ulduzları seyr etməyi çox sevirik. Onların müxtəlif rəngdə olması, parlaqlığı, sönməyi, düzülüşü və sair müzakirələrimizin mövzusu olur. Bir dəfə evə gec gəlmişdim, çox gec, amma uşaqlar yatmamışdı, çünki ancaq mənə deyiləsi çox vacib sözləri var imiş. Evə girəndə məni kənara çəkərək:


– Ata bura gəl (Məni pəncərənin qarşısına gətirdilər).


– Ata biz bilirik niyə ulduzlar azalıb.


– Niyə?


– Ata aya bax gör necə kökəlib (Həmin gün ay çox parlaq və yaxın idi. Əlini atsan tuta bilərsən yəni).


– Hə, çox kökəlib.


– Ona görə kökəlib ki, o ulduzları yeyib, ulduzlar da azalıb.


Kövrəldim, onları möhkəm qucaqladım və biz həmin gün birlikdə yatdıq.



# 3202 dəfə oxunub

Müəllifin son yazıları

# # #