Atalar və oğullar - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Atalar və oğullar - Rüstəm Dastanoğlunun yeni hekayəsi
15 oktyabr 2024
# 18:40

Kulis.az Rüstəm Dastanoğlunun "Atalar və oğullar" adlı yeni hekayəsini təqdim edir.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Abbas kişinin bədəni qəlpələrlə dolu idi, yeriyəndə çətinliklə, əsa ilə yeriyirdi, həm də ruhi xəstə vəziyyətindəydi.

... Tez-tez sayıqlamaları olurdu, demək olar ki, həmişə öz dünyasındaydı.

Ağır müharibəni keçib, əsir düşüb, min bir əziyyətlər, təsəvvür olunmaz işgəncələr görüb, müharibədə yoldaşlarının, dostlarının ölümünü gözləri ilə görüb. Ondan qat-qat yaşamağa haqqı çox olanlar həlak olublar, parça-parça olublar, işgəncələrə dözməyib ölüblər. Amma, nədənsə, ona ölmək nəsib olmayıb, hərdən bunun əziyyətini çəkirdi, o ölüb gedən yoldaşlarının, dostlarının nə qədər xoşbəxt olduqlarını düşünürdü.

... Sonra da fikirləşirdi ki, yox, onun sağ qalmasının da yəqin ki, bir mənası, bir anlamı var. O ömrünü elə belə bada verməməlidi. İndi o təkcə öz ömrünü yaşamır, gözünün qabağında həlak olan bütün cəbhə yoldaşlarının da əvəzinə yaşayır. Əgər onun qismətinə sağ qalmaq düşübsə, nələrisə etməlidi.

... Öz –özünə danışırdı, öz-özünə suallar verirdi... nə deməkdi "onların əvəzinə yaşamaq", necə edə bilərəm ki, həm də onların əvəzinə yaşayım, heç öz əvəzimə düz-əməlli yaşaya bilirəm ki?...

... Sonra da, özü ilə danışmağı davam eliyirdi, qarma-qarışıq, haqsız Dünyanın reallıqlarını cözəliyirdi.

... Doğurdandanmı insan yer üzünün ən ağıllı, ən dərrakəli varlığıdı?ǃ
Əgər "İnsan" deyilən məxluq bu cür davranışları ilə Dünyanın ən ağıllı varlığıdırsa, onda ən ağılsız canlısı- varlığı hansıdır?ǃ...

Hansı canlılar bir-birlərini bir belə qırırlar, bir-birlərinin axırına çıxmaq üçün, öz boğazlarından, balalarının boğazlarından kəsib türlü-türlü silah-sursat istehsal edirlər. Bu işlərə ən məşhur alimləri cəlb eliyirlər, onlar üçün ən ideal şəraitlər yaradırlar. Bu yolda təsəvvur olmaz pullar xərcləyirlər?

... Bu necə olur axı?ǃ...

...İnsanın, guya ağılsız hesab etdiyi, fillər, pələnglər, timsahlar, canavarlar, tülkülər, qarışqalar, bütün heyvanlar aləmi bir-birlərinə qarşı bu əməlləri etmirlər... Niyə etmirlər? ... Deməli, ona görə etmirlər ki, onların "ağılı" yoxdu?ǃ...

İnsanın isə "ağılı" var və onun "ağılı" olduğundan bir-birlərinin axırına çıxırlar?ǃ

Bir-birlərinin axırına çıxmaq üçün nə qədər çeşidli-çeşidli kütləvi ölüm silahları hazırlayırlar; kimyəvi, bakterial, atom, hidrogen, lazer və s. və i.a.

Kimə lazımdı, bu cür "ağılın" olması?ǃ...

Böyük Vətənimiz-Yer kürəsinə qarşı münasibətdə heyvanat aləmi, "ağıllı" insanat aləmindən daha "ağıllı" davranmırlarmı?

Yer kürəmizdə, Kainatımızda baş verən pisə doğru dəyişikliklərə səbəb olanlar ancaq və ancaq "ağıllı" hesab olunan insanlar, xüsusi ilə, "inkişaf etmiş" hesab olunan Dövlətlər deyilmi. "Geridə qalmış" hesab olunna Afrika ölkələri, Asiya ölkələri kənd təsərrüfatında işləməklə, ailə, məişət işləri ilə məşğul olmaqla, öz kasıbçılıqıarını etməklə ekologiyanı pozmurlar, ekologiyanı pozanlar, "inkişaf etmişlərdi". Sənaye istehsalları ilə, digər saysız- hesabsız "inkişaf etmiş"sahələri ilə, yaratdıqları müharibələrlə Allahın bəxş etdiyi təbiətimizi hey dağıda-dağıda getmirlərmi.

Abbas öz-özünə bu mövzularda danışırdı, hərdən belə qənaətə gəlirdi ki, yəqin mənim sağ qalmağımın əsas səbəbi, ondan ibarətdi ki, bütün bunları fikirimdən keçirirəm, dilə gətirirəm. Onda cəbhədə ayrı-ayrı şəraitlərdə həlak olmuş cəbhə yoldaşlarımın ruhları yəqin şad olur. Onların gəldikləri qənaəti, amma dilə gətirmək imkanları olmayanları onların əvəzindən də mən dilə gətirməliyəm, başqa əlimdən nə gəlir ki?

Oğlu Bəhram Atasının belə danışıqlarına çoxdan vərdiş eləmişdi, onun düşüncələrinə, yanaşmalarına bilirdi ki, heç cür təsir etmək gücündə deyildi.

Oğlan orta məktəbi yaxşı oxumuşdu, böyük arzuları, planları var idi... amma atasını tək qoyub, harasa gedə bilmirdi... Və bu haqda düşünməmişdi də.

Atası müharibədən qayıdanda, onun hardasa 8-9 yaşı vardı.

Anasını itirənda 14 yaşı olardı. Oğlan indi fikirləşirdi ki, anasının dünyasını tez dəyişməsinə əsas səbəb, yəqin ki, müharibənin atasını bu hala salmasına dözə bilməməsi olub.

Ondan böyük bacısı artıq yadından da çıxmışdı, neçə illər bundan əvvəl atasının uzaq qohumlarından İbrahimlə ailə qurub, Rusetdə yaşamağa getmişdilər.

Bəhram atasının müharibədən qayıdandan sonra qazandığı xəstəliklərə, bədənində güllə, mərmi qalıqlarına, izlərinə çoxdan öyrəşmişdi. Atasının istənilən hərəkətindən, baxışından, digər hərəkətlərindən, əlaqəli, bəzən də əlaqəsiz danışıqlarından nə istədiyini o dəqiqə bilirdi, heç özü də hiss eləmədən atası ilə sanki bütövləşmişdi, atasının yanında olmayanda belə, məsafədən onun özünü necə aparmasını hiss eliyirdi, duyurdu. Artıq o atasından – varlığının bir parçasından ayrılıb harasa gedə bilmirdi, istəsə də bacarmırdı. Bir neçə dəfə bibisi, qardaşına baxacağını deyib, onu oğlu ilə qonşu kənddəki evlərinə göndərmişdi ki, uşağın bir az eyni açılsın. Amma oğlan qala bilməmişdi, atasından ayrı yaşaması heç cür alınmırdı.
Atası ilə yaşıya-yaşıya oğlan çox şey öyrənmişdi; evdə səliqə səhman yaradırdı, öz yerini, atasının yerini yığışdırırdı, hara lazımdı oraları süpürürdü, dükana gedirdi bazarlıq eliyirdi, yemək bişirirdi, atasına yemək verirdi, qabları yuyurdu, atasını çımizdirirdi, onu meşəyə doğru gəzməyə aparırdı. Atasının təqaüdünü, dərmanlarını alırdı. Bir sözlə evlə, atası ilə, özü ilə bağlı nə işlər olurdusa, hamısını yerbəyer eliyirdi.

Atası Qarabağ müharibəsinə, tarix müəllimliyini yarımşıq qoyub, könüllü getmişdi, demişdi ki, mən dərs keçdiyim uşaqların üzünə baxa bilmirəm. Əsil Tarix torpağımızda
yazılırdı, mən uşaqlara yalançı tarix dərsi keçə bilmirəm. Müharibəyə getmişdi və 6-7 aydan sonra bu vəziyyətdə qayıtmışdı.

Və artıq aşağı-yuxarı 30 il idi ki, atası bu vəziyyətdə idi.

Oğlu da Atası ilə bağlı, dünyada gedən müharibələrlə bağlı, özü ilə rəhmətlik anası ilə
və ümumiyyətlə, ağlına gələn hər şeylərlə bağlı götür-qoylar edirdi, amma gəlib bir yana çıxa bilmirdi.

Mən balaca olanda babam mənə iştirak etdiyi Ⅱ Dünya müharibəsindən danışanda, bütün bunlar mənə nağıl kimi gəlirdi, fikirləşirdim ki, insanlar, Dövlətlər necə ağılsız, savadsız, geridə qalan olublar, belə müharibələr ediblər, on milyonlarla insanlar bu müharibələrdə həlak olublar, saysız hesabsız, şəhərlər, kəndlər, məktəblər, zavodlar, fabriklər dağın-dağın olub.

Bu cür dəhşətli faciələrdən sonra nə vaxtsa müharibələrin olmasına və, hətta , onun özünün bu baş verəcək müharibələri görəcəyinə heç vaxt ağlına gətirə bilməzdi.

Deməli, müharibələrin olması ağılla, savadla, saysız-hesabsız elm mərkəzlərinin, universitetlərin yaranması ilə bağlı deyilmiş. Əksinə, bu sahələr inkişaf etdikcə müharibələrin dağıdıcı qüvvəsi daha da artırmış.
... Və get-gedə müharibələrin olmasını, insanların bir-birlərini kütləvi surətdə qırmasını bizlərə öyrəşdirməyə, adiləşdirməyə başladılar. İndi hava haqqında verilən məlumat kimi, müharibə xəbərlərini də adiləşdiriblər.

Və oğlan öz-özünə sual verirdi, mən təhsil dalınca universitetlərə getməliyəmmi, ya həmin təhsilli adamların törətdiyi müharibələr nəticəsində bu günə düşən Atamın qulluğundamı durmalıyam?ǃ...

Müharibə atasının, onun, anasının və onun kimi, saysız-hesabsız insanların həyatlarını məhv eləmişdi.

Atası savadlı tarix müəllimi idi. Anası, -yaxşı yadındaydı,- danışırdı ki, atanın o qədər saysız-hesabsız arzuları var idi ki, uşaqları- ailəsi ilə bağlı, onunla oğlu-Bəhramla bağlı, qızı ilə bağlı, özü ilə bağlı.

Bəhram orta məktəbi çox yaxşı oxuyurdu, bütün kənd müəllimləri onu tərifləyirdilər, atası da oğlunun şərəfinə söylənən təriflərdən çox gürrələnərdi, oğlu ilə fəxr eliyərdi. Deyərdi ki, mənim ən böyük əsərim O, oğlum-Bəhram olacaq.

Bütün bunları Bəhram atasından yox, anasından eşitmişdi, hansı ki, neçə illər idi ki, həmişəlik ondan ayrılmışdı...

"Həmişəlik" deyirdi, ... amma oğlan hərdən bütün varlığı ilə, anasını həndəvərində hiss eliyirdi. Və bütün varlığı ilə bunun reallıq olduğuna inanırdı. İnanırdı və hiss eliyirdi, duyurdu. Onun hərəkətlərinə, halına uyğun olaraq anasının halının necə dəyişdiyini bütün varlığı iıə hiss eliyirdi, duyurdu.

Və o çox istəyirdi ki, anası həmişə ondan razı qalsın, onu narazı, nigaran qoymasın.

O atasının qulluğunda duranda baxmadan, görmədən hiss eliyirdi ki, anası ondan razı qalırdı. Sanki, bir az da həsədlə baxırdı ki, oğlunun yerinə, atasının qulluğunda o duraydı.

Bütün bunlar Bəhram üçün Dünyanın hər şeyindən vacib idi, onun oxumağından da, alacağı təhsilindən də, qazanacağı puldan da, tikəcəyi evdən də.

Atasının qulluğunda duranda, həndəvərində olan Anasının ruhu rahat olurdu, oğlanın özü rahat olurdu, özünü çox xoşbəxt hiss eliyirdi.

Ta ki, Ⅱ Qarabağ müharibəsi başlayana kimi....

Ⅱ Qarabağ müharibəsi başlayandan o yaranmış bütövlüyə, formalaşmış, varlığına hopmuş düzənə bir çat düşmüşdü. Artıq anasının ruhu da elə bil ondan uzaq düşmüşdü, onun varlığını hiss eləmirdi, beyni daha çox başqa şeylərlə, qapısının ağzını kəsmiş müharibə ilə məşğul idi.

Müharibənin başlanması xəbərini atası, necəsə, elə həmin gün eşitmişdi. Gözlərini sual dolu, baxışlarla hərdən onun üzünə zilləyirdi ki, oğlum – Bəhram müharibə gəldi səni də haxladı, biz onu heyif ki, qalibiyyətlə yekunlaşdıra bilmədik, bu yük sizin üstünüzə düşdü. Neyniyəcəksən?ǃ Neyniyəcəksiniz?ǃ.. Məni fikirləşmə... onu fikirləşin ki, bu müharibə sizin övladlarınıza qalmasın. Biz bacarmadıq oğul. Amma gərək siz bacarasınızǃ Atası səssiz- səmirsiz onunla belə söhbətlər edirdi və o atasının ürəyindən keçənləri, öz ürəyindən keçənlər kimi hiss eliyirdi.

Bəhram atasına da Vətən kimi baxırdı və düşünürdü ki, belə bir vəziyyətdə atasına ş

Belə bir reallıqların içində idi və bilirdi ki, bunun həllini o tapmalıydı; həm atasından tam rahat olmalı idi, həm də özünün və atasının arzusunu yerinə yetirib Vətəninin azadlığı uğrunda başlanan müharibəyə qatılmalı idi.

İnanırdı ki, bu həll olunmaz məsələni həll etmək onun bacarığından kənar olsa da, bir həll yolu tapılacaq.

Özünü buna tam inandırmışdı.

Və sanki, daha çox inandıqca, bu problemin həlli yolu da ona daha çox yaxınlaşırdı.

Atası narahat olduğundan, hey özü-özü ilə danışdığından , sual dolu baxışlarla- yəni nə vaxt müharibəyə gedirsən, - hərdən gözlərini ona diriyib baxdığından, Bəhram çox gec yatmışdı, ona görə də saat artıq 10-a qalırdı, o isə hələ də yuxudan durmamışdı. Yuxudan onu maşın səsi oyatdı, QAZ-52 maşını onların qapısının ağzında dayanmışdı, içindən aşağı-yuxarı atası yaşında, səsli-küylü bir əlil kişi düşdü. Ondan sonra rolun arxasından bir cavan oğlan yerə hoppandı. Atasının adını çəkib, kişi qışqırdı ki, Abbas qardaşımın evi burdadırmı, kim var evdə, çıx görüm.

Oğlan tez durub şalvarını, köynəyini əyninə keçirdi, çölə- kişinin qabağına çıxdıː - Salam verdi, xoş gəldiniz dedi, Abbas kişinin evi bura olduğunu bildirdi, buyurun içəri keçin, - dedi.

Kişi, deməli, sən Abbas kişinin oğlu Bəhramsan, - dedi, - ay Maşallah elədi, onu qucaqladı, o üzündən, bu üzündən, sonda da alnından öpdü.

Oğlum Abbasla tanış ol dedi, səninlə yaşıddı yəqin.

Mən bura, bu evə gələndə sən bapbalaca uşaq idin, aşırtmalı şalvar geyinirdin, maşallah, indi yekə, çox ciddi bir kişi olmusan.

Hardadı, mənim qəhrəman qardaşım Abbas, oğlumun adını da onun şərəfinə Abbas qoymuşam. Sənin atan mənim qardaşım qəhrəmandı, qəhrəman, sən biləsən.

İçəri girdi, atamı gördü, kövrəldi, amma atama hiss elətdirmədi.

Qardaşım, qəhrəman Abbas, mənim bu gün yaşamağımın səbəbkarı Abbas, necəsən? Maşallah, çox yaxşısan, oğlun, igid Bəhramın sənə çox yaxşı baxıb, deyib, atama tərəf qıçasını çəkə-çəkə yaxınlaşdı. Atamı möhkəm-möhkəm qucaqladı, atam da Abdulla, deyib dikəldi, qucaqlaşdılar və bir xeyli bu vəziyyətdə qaldılar.

Abdulla əmi , Ay Abbas, Abbas deyirdi, atamı möhkəm qucaqlamışdı və əməlli-başlı kövrəlmişdi.

Bir xeyli vaxtdan sonra bir-birlərindən ayrıldılar, mən, Abbasla köməkli artıq onlara çay dəmləyib süzmüşdük, özüm hazırladığım meşə qarağatından mürəbbə qoymuşdum. Abdulla atama deyirdi ki, heç soruşmursan, neçə illərdən sonra, nətəri olub ki, birdən – birə səni yad eləmişəm.

Yuxumda özü də bir gün yox, bir neçə gün dalba- dal səni gördüm, görürüdüm ki, qardaşım Abbas çıxılmaz vəziyyətdədi, qıvrılır o yana, bu yana. Soraqlaşdım, öyrəndim vəziyyətin nə yerdə olduğunu. Mənim igid qardaşım oğlu Bəhram necə iki yolun ayrıcında qaldığını öyrəndim.

Bax belə, oğlum Abbası da götürüb gəldim. İndi siz igid oğullarımız, gedəcəksiz atalarınızın qələbə ilə yekunlaşdıra bilmədikləri müharibəni Böyük Qələbə ilə yekunlaşdırmağa.

Bəhram, mən də qardaşım Abbası aparacam bizə, yengəsi onun qulluğunda duracaq, biz də baş-başa verib, bir-birimizə dayaq ola-ola siz oğulların qələbə müjdəli xəbərləri gözləyəcəyik. Bizdən heç narahat olmayın, bu günlər nədir ki, biz cəhənnəmin zülmətlərindən keçmişik. Və bu günləri də rahat keçəcəyik, sağ-salamat sizin yolunuzu gözləyəcəyik .

Bəhram bala, inşallah, gələndə gümrah atanı məndən istə. Biz də sizdən azad olunmuş torpaqlarımızı istəyəcəyik.

Sabah tezdən yollanırsınız rayon mərkəzinə, ordan da voenkomata, əsgərliyinizi çəkmisiniz, xırda toqquşmalarda iştirak etmisiniz, inşallah, müharibə sizin üçün çətin olmayacaq.

Bəhram yerində donub qalmışdı, elə bil belə bir şeyin olacağını o əvvəlcədən görmüşdü. Atasının doğma bacısı Sürayə bibisi gəlib Atasının yanında qalmaq istəsəydi elə də razı olmazdı, özünü rahat hiss etməzdi. Amma bir yerdə Ⅰ Qarabağ müharibəsini keçmiş, bir-birlərinə sahib çıxmış köhnə dostların, qardaşların baş-başa verib həvəslə, ruh yüksəkliyi ilə yaşayacaqlarına tam inanırdı.

Və bunu Abdulla əmisi də dilə gətirdi; dedi ki, qardaşımın oğlu- Bəhram atandan tam arxayın ol, fikirin arxada qalmasın.

***
Son günlər atalar oğullarından bir xəbər tuta bilmirdilər, amma torpaqların azad olması ilə bağlı ardıcıl xəbərləri alırdılar, bu xəbərlər onları çox xoşbəxt edirdi... sanki, onlar da oğulları ilə birlikdə qanlı müharibədə, torpaqların azad olunmasında iştirak edirdilər...

Və Abbas kişi həm də ona görə çox xoşbəxt idi ki, niyə sağ qalmağının səbəbini tapmışdı; həlak olmuş cəbhə yoldaşlarına böyük Qələbə xəbərini o çatdıracaqdı.
Səbirsizliklə görüş gününü gözləyirdi...

# 1305 dəfə oxunub

Müəllifin son yazıları

# # #