Amerikalı komandirin xanımına görə özünü öldürən Səlim - Yeni hekayə

Amerikalı komandirin xanımına görə özünü öldürən Səlim - Yeni hekayə
13 iyul 2021
# 09:00

Kulis.az İlqar Əlfioglu “Ömrün beş saatı” hekayəsini təqdim edir.

Qurumuş dodaqlarını ağzında kösövə dönmüş diliylə yaladı. Daha tabı yox idi, tindəki su köşkünə yaxınlaşdı, bir dənə “Kanada-dray” açdırdı, bum-buz suyu elə şüşədəncə, ağzında hərləyə-hərləyə içdi. Sərinlik dodaqlarından mədəsinədək yayıldı. Ona elə gəldi ki, qida borusundan keçən sərinliyin cızıltıyla özünə yol açmasını da eşitdi. Bədənindən xoş bir üşütmə keçdi – isti havada soyuq su içəndə həmişə belə olurdu.

Laləzarla başıyuxarı gedirdi. Hərdən fikirdən ayılıb görürdü ki, addımları yeyinləyib, tez ayaq saxlayır, saatına göz atıb yaxındakı ilk dükana girir - vaxtını öldürürdü – tələsəsi yeri yoxdu, hələ vaxta xeyli vardı.

Laləzardan xoşu gəlirdi. Burda saatlarla gəzib dolaşa bilərdi – maşın yox, hər iki səki də dükan. Vaxtın ola, gününü elə burda keçirəsən...

Gözləri tində dayanmış polis nəfərinə sataşdı. Ucaboy, cüssəli, şəvəbığ oğlan idi, sağ böyründən “Koltu”, sol yanından rezin dəyənəyi sallanmışdı. Fikirləşdi ki, yəqin “əmniyyətdə” camaatın dırnaqlarını çəkib çıxaranlar da bu görkəmdə, bu bazburutda olur. Sən hələ onun barmaqlarına bax, elə bil kəlbətindir – tutdu, daha qopmaz. Adam beləsinin əlinə keçə... Onda ölünü qoy, dirini ağla. Düşündü: görəsən bu gədə bilsə ki, mən beş saatdan sonra nə pəstəha çıxaracam, neynərdi? Bığaltı qımışdı: hardan biləcək yazıq? Vallah bilsə ki, bəzəkli zabit poqonları elə indicə burnunun dibindən ötüb keçdi, ürəyi partlayardı.

Fikirlərinin axarı özünə də maraqlı gəldi. Gülümsünüb düşündü: görəsən, indi məni tutsa, doğrudan zabitlik verərlər ona? Sonra elə bil birdən duyuq düşdü: yox əşşi, hardan verəcəklər? Mən hələ neyləmişəm ki, o boyda qiymətim ola?.. Amma beşcə saatdan sonra...

“Reks” kinoteatrının qarşısındakı bir reklam lövhəsi Səlimi düşüncələrindən ayırdı. Qəribə şəkil idi. Başından ağzıqara, iyrənc bir it idi, bir suyu lap goreşənə çəkirdi, amma bədəni gözəl qadın əndamı idi. Filmin adını oxudu: “Gecə iti”. Çoxdan reklam eləyirdilər, maraqlı olmalı idi. İstədi yoluna davam edə, ayaqları yerimədi. Saata baxdı, on iki tamamdı. Fərruxla görüşünə hələ düz üç saat vardı. Kassaya keçib üç tümənlik biletdən birini aldı, salona girib yerini rahatladı. Hərəkəti özünə ləzzət eləmişdi. “Yaşa, Səlim, əcəb ciyərli oğlansan! Dörd-beş saatdan sonra öldü-qaldın bəlli deyil, kinoya baxırsan?..”
Amma bekara iş idi, fikrini cəmləşdirib əməlli baxa da bilmədi. Yadında qalan bir o oldu ki, ekrandakı adamlar bircə-bircə qıllı köpəyə dönüb bir-birini yeyirdilər, qan su yerinə axırdı. Ta bu nə həşir idi, nə adamyemək idi anlaya bilmədi...

Çıxanda ikiyə on beş dəqiqə işləyirdi. Fikirləşdi ki, görəsən Əli indi neyləyir? Yəqin motosikletini boyayıb qurtarmış olar, indi yağına-zadına baxır, tormozların, motorun yoxlayır. Əla bir “Suzuki”si vardı Əlinin – al qırmızı. Yaxşı da sürürdü. Yadındadı, bir dəfə mərcə motosikletini düz yüz metr arxa təkəri üstə sürmüşdü. Özü də harda – Böyük bazarda! “Nə işdisə, Bazar məhəlləsinin uşaqları kimi sürən olmurdu, Əli də onların lap başı idi.

Cümə günləri Tehranın cənubundakı kərpic kürələrinin yaxınlığındakı gil təpəliyə motosiklet həvəskarları yığışırdı. Adama qırx-əlli tümən qoyub yarışırdılar. Təpəyə kim birinci qalxsa, pulu da o aparırdı. Əli bir dəfə onu da dartıb özüylə aparmışdı. Ərşə dirənən gömgöy tüstü, motosikletlərin nərəsi Səlimə tövbələtmə eləmişdi...

Laləzar qurtarırdı. İstanbul xiyabanına çıxdı, üzüyuxarı getdi. Addımlarını azacıq yeyinlətmişdi. “Nadiri” hotelinin qarşısında yeşik qoyub oturmuş qocadan bir qutu “Kent” aldı. Fikirləşdi ki, bu amerikalıları görməyə gözü yoxdur, amma siqaretlərindən vaz keçə bilmir də! Yenə Əli yadına düşdü – onu öldürsən də Amerika siqareti çəkməzdi. Əşşi nə siqaret, ordan gələn nə vardısa, onun üçün boykotda idi...
Yox, yüz il qala, Səlim Əli kimi nifrət eləyə bilməzdi. Yadına yenə Cimmiylə Süzi düşdü. Fikirləşdi ki, onların hamısı əclaf deyil ki, aralarında yaxşısı da var. Bax uşaqlar kimə neyləyib ki? Vallah çoxumuzdan yaxşıdılar!

Onları üç il idi tanıyırdı, Kaliforniyadan gəlmişdilər, hippilik edirdilər. Elə bilirmişlər ki, İranda tiryək su qiymətinədi. Hər ikisinin atası Vyetnamda ölmüşdü, qalmışdılar başına... İndi güzəranlarını dilənməkdən çıxarırdılar, qayıtmağa pulları da yox idi.

Tanışlıqlarını da yaxşı xatırlayırdı. Laləzarın Topxana meydanına çıxdığı yerdə, zərgər Firuzun dükanının qabağında uzunsaç, alabəzək jiletli sarışın bir oğlan onu səsləmişdi: “Ağa, ağa, bir tuman ver, mən ac!”. Onun da elə bircə tümən pulu vardı, çıxarıb vermişdi. Bir-iki təsadüfi görüşdən sonra Cimmi – artıq oğlanın adını da bilirdi – Süzini onunla tanış eləmişdi.

Yaman yazığı gəlirdi onlara. Səhərdən axşama kimi dilənir, bir atımlıq tiryəkin, soğan-çörəyin pulunu zorla çıxarırdılar. Ən böyük arzuları pul yığıb geri dönmək idi. Amma başa düşürdülər ki, mümkün olan şey deyil – o boyda pulu dilənməklə yığmaq olar?

Səlimin bir əli onların üstündə idi, amma Əlidən gizlin. Cibində pulu oldumu, çilov-kababa, kəllə-paçaya qonaq edirdi. Pulu əllərinə verməzdi – bilirdi, tiryəkə yetməsə, həşişə verəcəkdilər.
Bir dəfə az qalmışdı onların üstündə Əli ilə dalaşa. Dostluqlarından xəbər tutmuşdu – hansı diliyanmış demişdi, bilinmədi. Yaman özündən çıxmışdı Əli. “Bütün yankilər əclafdı, onların dostu da əclafın quyruğu!” – demişdi.

Saatına bir də baxdı. Üçə işləyirdi. Artıq Pəhləvi xiyabanında idi. Qəribə işdi, Səlim düşündü, bu şəhərin hər yeri yadına kimisə salırdı – indi də Pərvin düşmüşdü yadına...

Ötən payız Səlim bacısıgildə qalırdı. Yeznələri Rəhman Yusifabadda torpaq alıb xudmani bir ev qaralamışdı, həyət-baca qaydaya salınmalı idi. Səlim köməyə gəlmişdi. Pərvinlə də o vaxtlar, elə Yusifabadda tanış olmuşdular. Bacısıgilə yaxın yaşayırdı, bəstəboy, qarabuğdayı, şip-şirin qızdı. Dərin gözləri vardı – Səlim baxanda, elə bil zülmətində batacaqdı. Səlimdən fərqli olaraq, Pərvin azərbaycan dilini pis bilirdi – nə olsun ki, təbrizliydilər. Yəqin evdə ata-anası farsca danışırdı. Fikirləşirdi ki, dostlaşalar, ona öz dilimizi öyrətsin.

“Qoldis” kinoteatrında tanış olmuşdular. Səlim bilet almaq üçün səfdə duranda, qız yaxınlaşıb bir dənə artıq almasını xahiş eləmişdi. Yanaşı oturmuşdular, fasilədə qıza şərbət də almışdı, adını, haralı olduğunu da elə onda öyrənmişdi.

Kinodan sonra ötürmək istəmişdi, qız razı olmamışdı. Səlim də məcbur qalmışdı ki, ondan beş-on addım aralı getsin. Evlərinin yerini onda öyrənmişdi.

Bacısıgildə olduğu müddətdə qızı hər gün görürdü. Amma daha kinodakı kimi ürəkli ola, yaxınlaşa bilmirdi – elə uzaqdan-uzağa bir-birinə baş tərpədirdilər. Dostları xəbər tutsaydı, yəqin şəbədə qoşardılar. İllah da ki, Əli! Səlimin isə vecinə deyildi. Bu qızı izləməkdən yerişinə, duruşuna, başının iti hərəkəti ilə saçlarını kürəyinə atmasına tamaşa eləməkdən ləzzət alırdı. Bir dəfə hələ yuxusuna da girmişdi.

...Görürdü ki, işdən gəlib guya, divanda oturub qəzet oxuyur. Pərvin də guya arvadıdır, yanında qısılıb televizora baxır... Maraqlısı budur ki, yuxuda uşaqları da vardı. Deyəsən, hər ikisi oğlan idi – bacısının toppuş balalarına oxşayırdı... Uşaqlar bir vur-çatlasın salmışdılar ki, düz divara dırmanırdılar. O da guya hirslənir, “ay uşaq, bir az yavaş!” deyirdi. Elə yuxudan da öz səsinə oyanmışdı. Həmin yuxudan sonra Səlim qət elədi ki, nə vaxtsa evlənəsi olsa, mütləq Pərvini alacaq.

Özünə deməyə hazırlaşırdı. Nə vaxt görsə, canını dişinə tutub deyəsiydi. Amma Pərvin nəsə gözə dəymirdi. Bir də eşitdi ki, ailəlikcə Xuzistana, Əhvaza köçüblər...

Onda bacısının duzlu balaları olmasaydı, kim bilir, dözərdimi. Azərlə Azad oldu Pərvin yarasını qaysaqladan. Amma hər dəfə yolu Pəhləvidən Yusifabada olanda ürəyinin başı ağrıyır, “Pərvin, Pərvin” deyə-deyə, sızıldayırdı. Fikirləşirdi ki, fürsət tapan kimi Əhvaza gedəcək, onun dalınca.

Vəliəhd meydanından ötüb dayanacağa yaxınlaşdı. Birdən canına soyuq tər doldu, yadına düşdü ki, avtobusa iki dayanacaq əvvəl minməliydi, Camal bərk-bərk tapşırmışdı. Ətrafına boylandı, dalağına sancı dolduran heç nə görməyib toxtadı. “Kimdir e-e, məni güdən?” – düşündü. Avtobusa minəndə yenə Camalın sözlərini xatırladı: Səlim, qardaş, ehtiyatlı ol, sən allah! Gözün gərək dörd ola. İndi bu xarabada hər beş nəfərin biri casusdu...”.

Plan dəyişmişdi deyə, beşinci yox, üçüncü dayanacaqda düşdü. Burdan “Kuroş” supermarketinə əllicə metr olardı. İçəri girib, bir az veyillənməliydi. Yenə Camal səsləndi qulağına: “Tehran xarabada adam azdırmalı yer bir Böyük bazardı, bir də “Kuroş”...”.

Mərtəbələri dolaşdı. Kənardan göz qoyan olsaydı, deyərdi ki, veyillənir. Saat üçə bir dəqiqə qalanda, birinci mərtəbədəki tualetin qabağında idi. Fərruxu uzaqdan gördü – pillələri qalxırdı. Əlini sol küncdəki zibil qabına salıb kirli əskiyə bükülü qumbaranı götürdü. Ürəyi elə vururdu, deyirdin bəs, bu dəqiqə ağzından çıxacaq. Özünü ələ almaq üçün “Qaragilə”ni zümzüməyə başladı: Təbrizin küçələri dolanbadolan, Qaragilə, dolanbadolan...

Dil oxuyur, gərginlikdən az qala şaqqıldayan beyin isə düşünürdü: “Polkovnik Stiv Teylor! Gəlirəm, əzizim, az qalıb, lap az...”.

Acı-acı gülümsündü – “Yaxşı, evdən çıxanda ananı niyə aldatdın bəs? Adam da yalan deyər? Utanmırsan?”.

“Yalan niyə olur? Əvvəlcə, öldürəcəm, sonra da Ramsara gedəcəm, burda nə var ki?..”.
Qumbaranı kiçik əl çantasının içinə qoydu. Kim olsa, bəlkə də qaçaraq çıxardı burdan, amma Səlim deyəsən, tələsmirdi. Axı bilirdi ki, yerindən tərpənsə ayaqları qaçıracaq onu. Diqqət cəlb etmək olmazdı, sakitləşmək lazım idi. Bir siqaret yandırmaqdan başqa çarə yox idi. Amma çəkə bilmədi, üç-dörd qullab vurub yeşiyə tulladı. Gözucu Fərruxu görürdü – pilləkənin başında durub qəzet oxuyurdu. Onun yanından ötəndə, baxışları toqquşdu, yanından yel kimi ötüb keçdi.


“Ay səni, Səlim! Üç-dörd ay əvvəl heç ağlına gələrdi ki, o boyda Amerika şpiyonunun, o boyda polkovnikin əcəli sənin əlində tamam olacaq? Sən yəni adam öldürə bilərsən?”. O dəqiqə Əlinin sözü düşdü yadına: “Amerikalılar niyə adam olur? Adam olsaydılar, yazıq Vyetnamı oda bələyərdilər?”.
İki həftə qabaq əməliyyat hazırlananda Əli gətirib çarpayısının başından bir dəhşətli şəkil asmışdı. Hansısa fransız jurnalından idi, böyütdürmüşdü. Dişlərini ağardan bir Amerika əsgəri idi, əlində də bir qıyıqgöz vyetnamlı körpənin kəlləsi. Dodaqlarında təbəssümü daşa dönmüşdü, gözlərindənsə dəhşət yağırdı... Əli deyirdi ki, yatanda-duranda bu şəklə bax, ürəyində rəhm kök salmasın, lazım gələndə əlində təpər hiss edəsən.

Şəkil Səlim üçün kabusa dönmüşdü – gözünü tuman kimi ağ-qara şəkli rəngli görürdü. Körpənin gözünün altındakı ləkələr də sən demə, qızıl qan imiş...

İki ay idi, Teylorun hər addımını izləyirdilər. Evi Elizabet bulvarında idi. Hər səhər səkkiz qırxda qara şüşəli “Kadillak” düz qapısının ağzında durur, səkkiz qırx beşdə evdən çıxıb arxa qapıdan maşına əyləşirdi. Doqquz tamamda Baş qərargahın qabağında olurdu. Günorta üç əlli beş dəqiqədə isə “Kadillak” yenə əmrə müntəzir dururdu ki, polkovnik həzrətlərini evinə aparsın. Düz dörd tamamda da Teylor maşına oturub evə yollanırdı.

Əvvəlcə fikirləşirdilər ki, maşınına saatlı mina qoysunlar. Sonra gördülər ki, polkovnik gün ərzində maşında heç iyirmi dəqiqə olmur – vaxtı düz hesablamazlar, əziyyət boşa çıxar. Minanı maşına qoymaq üçün də fürsət lazım idi axı... Bir sözlə, ağlabatan gəlmirdi onlara.

“Teylor adam deyil ki, robotdur!”. Bunu Əli deyirdi. Fərrux da üstün götürürdü: “Sən elə bilirsən adam öldürəcəksən? Robotdu da, fərz elə ki, akkumulyatorunu ayırırsan, söndürürsən onu...”.
Zalım oğlu o qədər dəqiq idi ki, elə adamdan çox, robota oxşayırdı. Amma Səlim yaxşı bilirdi ki, Stiv Teylor robot-zad deyil. Bu iki ayda çox əlləşmişdi ona qarşı içində bir nifrət oyada, bacarmamışdı. Hələ bir dəfə az qalmışdı ki, əməliyyatdan boyun qaçırsın. Şəmiranda, Teylorun bağına göz qoyanda olmuşdu bu. Səlimin heç ağlına da gəlməzdi ki, onun da adi adamlar kimi arvadı, uşağı olsun. Həyətdə badminton oynayırdılar – iki balaca oğlu varmış polkovnikin. Oynayıb bezəndə çəmənlikdə güləşməyə başladılar. Uşaqlar elə məzəli çığırışırdı ki...

Şəmirandakı həmin o gündən sonra bir xeyli özünə gələ bilməmişdi. Elə hey uşaqlarını fikirləşirdi. Dostları da içindəkiləri hiss elədilər sanki. Günlərin birində Fərrux ona bir neçə sənədin surətini göstərdi. Sən demə, bu Teylor olmasaymış Evin qazamatı boş qalarmış. Ora salınıb işgəncə görənlərin hamısının torbasını elə polkovnik tikibmiş...

Onda Lal Hüseyn düşmüşdü yadına. Onun dili beş-altı il qabaq SAVAKın qonağı olandan sonra batmışdı. Xəyalən Lal Hüseynlə danışdı, heç vaxt eşitmədiyi səsi qulağında səsləndi: “Mənim qisasımı sən almalısan, sən!..”.

Vallah, uşaqlarını görməsəydi, “uf” demədən eləyərdi. Uşaqlar da böyüyəcək, hər şeyi anlayacaq, bəlkə də lap Cimmi deyən, yaxşı amerikalılardan olacaqlar. Geriyə yol yox idi, etməliydi...
Fikirdən ayrılanda bir də gördü, taksidədir. Maşın Elizabet bulvarıyla şütüyür, yolun ağını elə bil təkərlərinə sarıyırdı. Saata baxdı. Dördün yarısı. Yarımca saat qalırdı. Yəqin indi Əli motosikletini qızdırır...

Bu dar macalda indi də atası düşdü yadına. Onun da bədbəxtliyi elə amerikalılardan gəlirdi. Təbrizdən Tehrana təzəcə köçmüşdülər, onda hələ Səlim yox idi. Atasının Küveytli bazarında balaca dükanı vardı. Müsəddiq şahı qaçıranda Səlimin hələ ağlı kəsmirmiş, amma kişi yaman sevinirmiş, hələ məhəllədə şirni-zad da paylayıb. Sonra ara qarışır, amerikalılar qurğu qururlar, şah qayıdır, başlayır camaata divan tutmağa. Bir axşam da girirlər kişinin dükanına, məcbur eləyirlər ki, dükanın qabağına çıxıb “Yaşasın Şah!” – çığırsın. İçəridə bəlkə də çığırardı, amma bayırda... Boyun qaçırmaq üçün nəsə dodaqaltı mızıldanır. Biri soruşur ki, nədir səsin çıxmır deyəsən. Bəs, “Rədd olsun Amerika, yaşasın azadlıq!” deyəndə, eşşək balası kimi anqırırdın! Elə bunu demiş, tapançasını çəkib kişinin qarnından bir güllə vurur.

Ağlı kəsəndən, atasını yataqda görmüşdü. İflic idi – o boyda qarında güllə düz onurğasına tuş gəlmişdi. O zillətlə düz 18 il yaşamışdı - əgər buna həyat demək olardısa. Dünən İmamzadə Abdullaya, atasını ziyarətə getmişdi. Getmişdi ki, borcunu sabah qaytaracağını desin, kişinin ruhu şad olsun...
Baş qərargaha iki tin qalmış düşdü. Bu iki tini piyada getməli idi. Saata baxdı. Dördə on beş dəqiqə qalırdı. Deməli, on beş dəqiqə...

Qərar Teyloru işdən çıxanda vurmaq idi. Binanın qabağı axşam dörddə tünlük olurdu, aradan çıxmaq asan idi. Hər şeyi nəzərə almışdılar. Üç əllidə Əli ikicə tin aralı hazır durmalı idi. Üç əlli beşdə isə Səlim ora çatmalı idi, diqqət çəkməmək üçün yolun bəri üzündəki su köşkünün arxasına keçməli idi. Ordan Teylorun maşınına düz səkkiz metr məsafə vardı – beş addım. Bu beş addıma üç saniyə vaxtı qalırdı. Dördə beş saniyə qalmış qumbaranın kilidini çəkib maşına yaxınlaşmalı, onu arxa oturacağa, düz Teylorun qucağına tullamalı, özü yerə sərilməli idi. Partlayışdan üç saniyə sonra isə Əlinin “Suzuki”si ordan keçəndə Səlimi də tərkinə alıb camaat özünə gələnə kimi uzaqlaşmalı idi. Cəmi on beş dəqiqədən sonra isə Rəhmanın yük maşınında Ramsara yola düşəcəkdi, vəssalam. Qoy axtarsınlar...
Səlim arxayın idi. Bəlkə yüz dəfə məşq eləmişdilər, alınacaqdı. Əsas məsələ bu idi ki, gözətçilərin diqqətini cəlb eləməsin. Dördə beş saniyə qalmış isə...

Saata baxdı. Dördə hələ beş dəqiqə qalırdı. Köşkün arxasında yerini rahatladı. Darvazanın qabağını görməsə də xarakterik tormoz səsindən “Kadillak”ın gəldiyini başa düşdü. Əl çantasını açıb hazırlaşdı.
Səlim ölümdən qorxmurdu. Düşünürdü ki, bircə qarış məsafə var ölümlə həyat arasında – hop, keçdin. Nədir ki? Ölüm ani şeydir. Öləndən sonra, adam bəyəm bilir ki?..

Qapı açıldı – deyəsən, sürücü maşından düşmüşdü. Özünü saxlaya bilmədi, köşkün arxasından boylanıb baxdı. Teylor darvazadan çıxır, sürücü arxa qapını açırdı. “Yaman dəqiqdir, zalım oğlu!” – düşündü. Gözünü saatın bir-birini əvəz edən rəqəmlərinə zillədi – 45... 50... 55....Getdik!

Əlində qumbara köşkün arxasından çıxanda, “Suzuki”nin anbaan artan gurultusu qulaqlarına yetişdi.
Heç nə görmürdü. Göy “Kadillak”dan başqa nə vardısa, ilğım içində əzilib-büzülürdü. Qumbaranı atmaq istəyəndə, elə bil cərəyan vurdu onu – polkovnik qabaq oturacaqda idi! Arxada isə... Arxada arvadı, uşaqları... İki qıvrımsaç, göygöz, toppuş oğlan... Lap Azadla Azər kimi... Ətrafına ani nəzər saldı, küçə adamla dolu idi.

Ölümdən qorxmurdu Səlim. İşgəncədən qorxurdu. Qorxurdu ki, dırnaqlarının altına mil yeridələr, dostlarını sata.

“Ölüm nədi ki, bircə anlıqdı – adam ağrı da duymur...”
Qumbaranı sinəsinə sıxıb özünü yerə yıxdı...

Böyründən ötən motosikletin səsi partlayışın gurultusuna qarışıb divarlarda əks-səda verdi...

# 3082 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #