Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi

Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024
# 15:00

Kulis.az Daşqın Məmmədovun "Alman ayaqqabısı" hekayəsini təqdim edir.

Əksəriyyət kimi biz də anamızın doğulduğu kəndə nənəmgil deyirik. Hər il olduğu kimi bu il də yayda sərinləmək üçün bir həftəlik nənəmgilə getmişdik. Axşam sərini kəndi gəzərkən Səməd müəllimgilin evinin yanından keçəndə yadıma düşdü ki, bu ağsaqqalı artıq iki ildir görmürəm. Tez, dayımdan Səməd müəllimin əhvalını soruşdum:

- Dayı, Səməd müəllim necədi, iki ildir görmürəm, haralardadır?

Dayım heç bir emosya qatmadan:

-Səməd müəllim keçən il rəhmətə getdi, dəfn elədik. Rəhmətlik çox əziyyət də çəkmədi, cəmi bir gün xəstə yatdı -dedi.

Mənim ağlıma ilk gələn, “Görəsən ayaqqabılarını nə etdilər?” sualı oldu.

Səməd müəllim nənəmin sinif yoldaşı idi, amma nənəmdən oniki il çox yaşadı. Son gününədək öz şuxluğunu, səliqəsini saxlamış Səməd müəllim İkinci Dünya müharibəsində axrıncı günədək vuruşmuş, müharibədən qayıtdıqdan sonra kənd məktəbində rus dili müəllimi işləmişdi. Təqaüdə çıxdıqdan sonra isə kəndin mollalığını edirdi. Bütün kənd xətrini istəyir, hörmətini tuturdu.

Bir gün dayımın maşını ilə rayon mərkəzinə gedirdik. Kəndin içində maşın gözləyən Səməd müəllimi gördükdə, onu da götürmək üçün dayım maşını saxladı. Mən təbii olaraq Səməd müəllimə ön oturacaqda yer verib, özüm arxaya keçdim. Bizimlə hal əhval bilib, öz əhvalından məlumat verdikdən sonra, rayon mərkəzinə nəvələrini görməyə getdiyini bildirdi. Həmişəki kimi əynində səliqəli kostyum, boğazında kip sığılmış qalstuk vardı. Köynəyi qar kimi ağappaq idi. Onu da deyim ki, həyat yoldaşı çoxdan rəhmətə getmiş Səməd müəllimin övladları paytaxta və rayon mərkəzinə köçdüyündən, o, kənddə tək yaşayırdı. Nə qədər təkid etsələr də kənddən çıxmamışdı. Demək, səliqəsinin də, təmizliyinin də qayğısına özü qalırdı.

- Salam (dayımın adı Salamdı ha), bacıoğlunu da götürüb, nə əcəb bu vaxtı rayona tələsirsən? Sən adətən rayona səhər tezdən gedirsən axı?- deyən

Səməd müəllim dayıma mənalı nəzər saldı.

- Səməd müəllim, uşaqlar sabah məktəbə getməlidirlər, ayaqqabıları cırıqdı. Bu gün səhər iki cüt ayaqqabı almışam, başım qarışıb elə mağazada da qoyub gəlmişəm. İndi də məcbur olub geri qayıdıram. İndiki uşaqları bilirsən də, forslarını yer götürməz. Biz qaloş tapıb geyinəndə sevinərdik. Bir də ki, mənim oğlanlarım yaman ayaqqabı dağıdandı. Üç aydan bir ayaqqabı almalı oluram. Özüm iki ilə bir ayaqqabını güclə yırtaram.- deyə, dayım gileyləndi.

Səməd müəllim təəccüblə dayıma baxaraq:

- Ay Salam, necə yəni üç aya bir ayaqqabı yırtırlar? Ayaqqabı da yırtılırmı?-deyərək sözünə davam etdi- Bax, mən həyət-bacada geymək üçün ildə bir cüt qaloş alıram, o bir ilə yırtılmasa da köhnəlir, ayıbdı deyə yenisini alıram. Amma bax, bu ayaqqabıları- o, ayaqlarını bir qədər yuxarı qaldırıb, görsənmələri üçün şalvarını dartaraq- 1945-ci ilin mayında, qələbədən bir gün sonra Berlində almanın ayağından çıxarmışam. Əlli ildən çoxdur mən geyinirəm, məndən əvvəlki yiyəsi neçə il geymişdi onu bilmirəm. Yəqin ki, mən ölənəcən də yırtılmayacaqlar.-deyərək, ayaqlarını yerə qoydu.
Dayımla biz bir-birimizə baxıb, ayaqqabıları bir daha görmək üçün Səməd müəllimə tərəf əyildik. Sadə, ipli, altları bir qədər qalın tuflilər idi. Yaxşı kremlənərək, parıldadıldıqlarından lap təzə kimi görünürdülər.

Xeyli susaraq danışmadıqdan sonra, yenidən Səməd müəllimin keçmişlə, babamla bağlı xatirələrinə (O, müharibədə babamla çiyin-çiyinə döyüşmüşdü) qulaq asa-asa rayona nə vaxt çatdığımızı özümüz də hiss etmədik.

Mən xəyalən yenə həmin günə gedib qayıtdım. Səməd müəllimə görə çox təəssüflənsəm də, ayaqqabı söhbəti və ayaqqabıların taleyi məni çox düşündürdü:

- Görəsən ayaqqabları nə etdilər? Ayaqqabıların əvvəlki sahibinin həyatı necə keçib? Çoxmu geyə bilmişdi bu ayaqqabıları? Onun günahı nə idi, qalib əsgər ayağından ayaqqabılarını çıxardanda nə hisslər keçirib? Evə, əyər salamat evi var idisə ayaqyalın nə üzlə gedib? Müharibə insanları necə kobudlaşdırırmış? Ayaqqabılarmı keyfiyyətli idi, yoxsa Səməd müəllimmi səliqəli geyinmişdi? Necə edib bu qədər qoruya bilmişdi onları?

- Ayaqqabı Hitlerin qorxusu ilə tikilib, Stalinin qorxusu ilə də geyinilib, bacıoğlu.-deyən dayımın yarızarafat-yarıciddi cavabı məni xəyalımdan ayırdı. Demə, ürəyimdə danışmırammış.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #