Alça ağacı - Yeni hekayə

Alça ağacı - Yeni hekayə
1 aprel 2023
# 12:07

Kulis.az Məhliqa Eyvazqızının “Alça ağacının intiharı” adlı hekayəsini təqdim edir.

Onu heç kim əkməmişdi. Səkinin kənarında asfaltı deşib çıxmışdı. Nazik körpə zoğları görünürdü. Əvvəlcə hansı ağac olduğu bilinmirdi.

Beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayırdım. Pəncərəni açan kimi, həmin körpəcə zoğları görürdüm. Binanın birinci mərtəbəsi mağazalardan ibarət idi. Mağaza sahibləri özləri də səkinin kənarında sıra ilə ağaclar əkmişdilər. Tez-tez diblərinə su tökürdülər ki, böyüyüb kölgə salsınlar.

Buna baxmayaraq, ağaclar qurumağa başlayırdılar. Bizim ağac isə hər çətinliyə sinə gərirdi. Onun zoğlarının həyat eşqi o qədər güclü idi ki, onlar öz-özünə böyüyürdülər. Tezliklə, kiçik tər yarpaqlar, onun alça ağacı olduğunu ələ verdi. Zoğlar böyüyüb qol-budaq atıb, şumal, göz oxşayan bir ağaca çevrildi. Ağacın yaxınlığındakı dayanacaqda avtobus gözləyən analar uşaqlarını onun kölgəsində günəşin yandırıcı şüalarından qoruyurdular.

Beləliklə alça ağacı böyüməyə başladı. Böyüdükcə kölgəsi də çoxalırdı. İndi onun kölgəsində böyüklər-qocalar, qadınlar dincəlir, sərinlənirdilər. Növbəti yazda ağac çiçək açdı. Çox gözəl görünürdü. Sanki ağ gəlinlik paltarı geyinmiş, həyat eşqi aşıb-daşan bir gözəl olmuşdu.

Pəncərədən ağaca baxdıqca, mən də sevinirdim. Ürəyim açılırdı, fərəhlənirdi. Elə bil ağac da mənim sevincimi duyaraq nazlanır, daha da gözəlləşirdi.

Bir gün evin altındakı mağazaya gedərkən, alça ağacına yaxınlaşdım. Onun yarpaqlarını, kövrək budaqlarını nəvazişlə sığalladım. Bu zaman, yarpaqlar arasında xırda, noxud boyda, yaşıl meyvələr gördüm. Qəlbim sevinclə döyünməyə başladı. Elə bil yazda gəlinlik paltarı geyinmiş həmin o gözəl dünyaya balalar gətirməyə hazırlaşırdı. O, öz kölgəsi, görünüşü, meyvəsi ilə insanlara xidmət etmək istəyirdi. Elə bilirdi, insanlar da onun etdiklərinə görə razı qalacaq, onu sevəcəklər.

Əfsuslar ki, belə olmadı. Meyvələr bir az da böyüyüb fındıq boyda olanda, adamlar duyuq düşdülər. Kölgəsində dincələ-dincələ budaqlarını kobudcasına əyib, meyvələrini yoluşdurdular. Ağac zorakılığa məruz qaldı. Budaqlar çox əyildiyindən bir də əvvəlki vəziyyətinə qayıtmadı. Adamlar yaşıl, tər yarpaqları yoluşdurub, asfalt səkinin üzərinə tökdülər. Ağac isə var qüvvəsini toplayıb yenidən dirçəlməyə, yaşamağa can atırdı.

Bir neçə yeniyetmə ağacın əl çatmayan meyvələrini əldə etmək üçün onun budaqlarını şaqqıltı ilə, amansızcasına sındırmağa başladılar. Bu zaman sınmış budaqdan hansısa quşun hələ gözü açılmamış, sarıdimdik ətcə balaları zərblə yerə çırpıldılar. Onlar isə əhəmiyyət vermədən budaqları dartışdırır, ağacı dayanmadan silkələyirdilər. Ağacın hündür yerində, sıx yarpaqlar arasında yuva qurmuş ana quşun fəryadı, səs-küyü ətrafa yayılırdı.

Mən onları bu işdən çəkindirmək üçün pəncərədən səsləndim. Oğlanlar heç elə bil məni eşitmədilər. Səki ilə addımlayan, ora-bura tələsən adamlar isə laqeyd şəkildə gah mənə, gah da yeniyetmələrin əməllərinə baxır, heç nə demədən uzaqlaşırdılar.

Günlər keçirdi. Ağacın kölgəsində istidən qorunan adamlar bəd əməllərini yenə da davam etdirirdilər. Atılmalı uşaq bezlərini, yedikləri yeməyin qalığını, boş plastik butulkaları ağacın budaqları arasına dürtür, dibini zibilləyirdilər.

İnsanlar tərəfindən zorakılığa, kobudluğa məruz qalan zavallı ağac günü-gündən saralmağa, büzüşməyə, solmağa başladı. Mənsə ona kömək edə bilmədiyimə görə özümü günahkar sayır, əzab çəkirdim. Mənə elə gəlirdi ki, alça ağacı məndən inciyib, daha mənə əvvəlki kimi təbəssüm göstərmir.

Bir gün burnuma tüstü qoxusu gəldi. Elə bildim mətbəxdə kibrit çöpünü yana-yana zibil qalağının, kağızın üstünə atmışam. Birdən pəncərədən baxanda, gözümə alov dilimləri sataşdı. Tez pəncərəni açıb çölə baxdım. Gördüyüm mənzərə məni sarsıtdı.

Alovlanan alça ağacı idi. Gec idi, alov dilləri artıq onun gövdəsini aşağıdan yuxarı sarmış, öz ağuşuna almışdı. Ona kömək edə bilməzdim.

Havada rəqs edən alov dillərini görən adamlar da qorxaraq kənara çəkilir, bu mənzərəni soyuqqanlılıqla seyr edirdilər. Mağaza sahibləri isə, yanğının mağazalara keçə biləcəyindən təşvişlənir, ora-bura vurnuxurdular.

Sən demə, yerə atılan siqaret kötüyü ağacın dibindəki zibil topasını alışdırmış, o da ağacı alova bürümüşdü.

Amma mənə elə gəldi ki, adamların biganəliyi, etibarsızlığı, qəddarlığı ağacı küsdürmüş, onu intihar etməyə məcbur etmişdi. Alça ağacı bu haqsızlığa etiraz olaraq, qəsdən öz həyatına son qoymuşdu.

# 2999 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #