Aktyorun qızı - Tərlanə Yaqubqızının yeni hekayəsi

Aktyorun qızı - Tərlanə Yaqubqızının yeni hekayəsi
8 dekabr 2023
# 11:00

Kulis.az Tərlanə Yaqubqızının "Aktyorun qızı" adlı yeni hekayəsini təqdim edir.



- Ünvanı deyin, xanım!
Taksi sürücüsünün səsinə diksindi. Vaxt qazanmaq üçün sual verdi:
- Buyurun, nə dediniz?
Sürücü hövsələsiz halda dilləndi:
- Ay bacım, siz buyurun. Deyirəm, hara gedirsiniz, sizi hara aparım?
- Məni mən olmayan bir yerə aparın!
Sürücünün gözləri bərəldi:
- Xanım, deyəsən məni ələ salırsınız. Siz deyən yer qəbirstanlıqdır. Amma şükür ki, hələ sağ- salamatsınız.

Qadın dərindən ah çəkdi. Deyə bilmədi ki, mən artıq ölmüşəm, sadəcə yerdən götürənim yoxdu. Düz bi il idi ki, qadın ölmüşdü. Öldüyü günü yaxşı xatırlayırdı. Qızmar bir yay günü idi. Evdə təkcə əri və özü idi. Kişi birdən- birə başını onun sinəsinə qoyub ağlamışdı. Əvvəl elə bildi ki, əri ağır xəstəliyə düçar olub, ya da bir cinayət edib. Nə illah elədisə, səbəbini demirdi. Ancaq ağlayır və qadından onu bağışlamasını xahiş edirdi. Qadın söz verdi ki, onu bağışlayacaq. Amma demə , bu, bağışlanacaq bir hərəkət deyilmiş. Ərinin başqa qadından beş yaşlı qızı var imiş. İlahi, o anda bədəninə bir üşütmə düşdü ki. Dişi- dişinə dəyirdi. Avqustun cırhacırında bu nəyin soyuğu idi görəsən? Saçının ucundan ayaq dırnağına qədər bumbuz olmuşdu. Tələsik özünü hamam otağında isti suyun altına saldı. Həm canını isitmək, həm də vücudundakı iyirmi beş illik kiri yuyub təmizləmək istəyirdi. Bu illər ərzində bir yastığa baş qoyduğu adamdan iyrənirdi. Onunla bundan sonra kəlmə kəsmək belə qadın üçün işgəncə idi.


Hamamdan çıxanda kişinin başını aşağı salıb fikrə getdiyini gördü. Nə qədət çətin olsa da, ərindən qızının anasının kim olduğunu soruşdu. Özü də bilmirdi ki, bu, onun nəyinə lazımdır. Kişi inadla susur, qadının az qala ürəyi partlayırdı. Durub televizoru yandırdı. Məşhur aktyorun xatirəsinə həsr olunmuş veriliş gedirdi. Ürəyindəkiləri dilinə gətirdi:
- Ən məşhur aktyor sən imişsən, xəbərimiz yoxdur. Səndən əsl xalq artisti olardı. Bir ömür üzümə gülüb arxamdan iş çevirmisən. Heç olmasa övladlarından utanardın. Bəlkə də, utanmısan, ona görə bu dəfə qızın olub.
- Xahiş edirəm, övladlarımızı bu məsələyə qatma.
- Övlad düşünən olsaydın, bu cür qələt eləməzdin. Sən təkcə mənə yox, oğullarıma da xəyanət etmisən.
- Vallah, heç özüm də bilmədim necə oldu? Sanki affekt vəziyyətə düşmüşdüm. Gözümü açanda özümü onunla bir yataqda gördüm.
- Sus, danışma, bəlkə, hər şeyi təfsilatıyla danışasan? Adamda abır- həya yaxşı şeydi. Eh, kimə deyirəm. Abrın olsa, o cür abırsızlıq etməzdin.
O gündən ərinin hər addımını izləməyə başladı, amma qadının kim olduğunu heç cür tapa bilmirdi.


Evdə yad adam kimi yaşayırdılar, əslində, bunu yaşamaq adlandırmaq olmazdı. Bir vaxtlar hamı onların evliliyinə həsəd aparırdı. Əri adi günlərdə belə onu hədiyyələrlə sevindirir, romantik şam yeməyinə aparırıdı. Demə, onun həyatı böyük bir yalan üzərində qurulubmuş.
Boşanmaq istəyəndə nişanlı oğlu etiraz etdi:
- Əgər boşansan, mən də nişanı geri qaytaracağam.
Nə qədər əzab çəksə də, analıq duyğusu qadınlıq qüruruna qalib gəlmişdi. Axı gəlini olacaq o qızın günahı yox idi. Niyə görə kiminsə alçaq hərəkətinə görə günahsız insanlar əziyyət çəkməliydi?


İşdə hamı onu gülərüz, şən, həyatsevər qadın kimi tanıyırdı. Son vaxtlar fikirli olması rəfiqəsinin gözündən yayınmadı. Bütün dərdini ona danışdı. Rəfiqəsinin qohumu nazirlikdə işləyirdi. Qadının əri işiylə bağlı tez- tez ora gedirdi. Qadın rəfiqəsindən xahiş etdi ki, qohumundan ərinin orda kimin yanına getdiyini, kimlərlə yaxın olduğunu öyrənsin. Cavab gözlədiyindən də tez oldu. Kaş heç bu sirri bir il ürəyində gəzdirməzdi, ya da birdəfəlik bu xəyanətdən xəbər tutmazdı.

Sağ olsun rəfiqəsi! Hər şey aydın oldu. Demə, əri orda işləyən hüquqşünas xanımla dostluq edirmiş. Həmin hüquqşünas dünyasını dəyişmiş məşhur aktyorun qızı idi. Təsadüfə bax, yaxşı yadındadır, əri ona hər şeyi etiraf etdiyi gün televizorda elə həmin aktyora həsr olunmuş veriliş gedirdi. İnternetdə həmin verilişi tapıb sonadək baxdı. Verilişdə aktyorun ailəsi və dostları onunla bağlı xatirələrini danışırdılar. Ən axırda efirdə balaca bir qız göründü. Bu, aktyorun nəvəsi idi. İlahi, qızcığaz elə bil ərinin oxşarı idi. Necə deyərlər, fırt eləyib burnundan düşmüşdü. Oğlanlarının körpəlik şəkillərini çıxarıb qızın şəkli ilə müqayisə etdi. Onlarla ögey qızı arasında bənzərlik tapmağa çalışdı və tapmayanda çox sevindi.


Aktyor xalqın sevimlisi idi, oynadığı komik rollarla onu da güldürmüşdü. Aktyorun qızı isə qadının həyatını ömürlük faciəyə çevirmişdi.
Televizoru qonşuluqda yaşayan kasıb ailəyə bağışlayanda ürəyində bir yüngüllük hiss etdi.
Əsas məsələ aktyorun qızını tapmaq, onunla görüşmək idi.
- Xanım, çox fikirləşəcəksiniz?
- Sürün teatra!
Yol boyu söhbətə necə başlayacağını götür- qoy edirdi. Hə, salam- əleykum, mən gəlmişəm, sonra, bəs sonra?


Taksi teatr binasının qarşısında dayandı. Pulunu verib tələsik addımlarla binaya yaxınlaşdı. Tələbə ikən burada tamaşaya baxmağa o qədər gəlmişdi ki. Eh, o bəxtəvər günlər artıq arxada qalmışdı. Hündürboylu, ağsaqqal kişi binanın qarşısında var - gəl edirdi. Özünü jurnalist kimi qələmə verib gəlişinin məqsədini dedi. Aktyorun ünvanını öyrəndi. Bəxtindən ev teatrın hardasa yüz metrliyində idi. Elə iti addımlayırdı ki, yanından keçənlərin təəccüblü baxışlarını hiss edirdi. Ona elə gəlirdi ki, bu boyda dünyada ondan bədbəxt adam yoxdu, ətrafdakı bütün adamlar dərdsiz- qəmsiz bəxtəvərlərdir, hətta bu saat onlara başına gələnləri danışsa, qəhqəhə çəkib güləcəklər. Çünki adamlara inamı qalmamışdı. Özünə təkcə ər yox, ata, qardaş kimi arxa bildiyi bir adamın xəyanətindən sonra yadlardan daha nə gözləyəcəkdi ki?

Qapı açılan kimi ev sahibəsinin balaca iti onun ayaqlarına döşəndi. Kim olduğunu biləndə isə itin sahibi özü onun qarşısında diz çökdü:
- Məndə bir zərrə günah yoxdu. Hər şeyi əriniz elədi. Atam öləndən sonra depressiyada idim. Atamdan bir ay əvvəl də həyat yoldaşımı avtomobil qəzasında itirmişdim.Hər şey üst- üstə gəldi. Sizin yoldaşınız bizim iş yerinə gəlirdi. Onunla dostlaşdıq, bu dostluğun nəticəsində qızım dünyaya gəldi. Buna görə ona minnətdaram. İki dəfə ərdə olmuşam, amma uşağım olmayıb.
- Subay birisi başınıza qəhət idi?
- Mən onun evli olduğunu bilmirdim. Sonradan özü hər şeyi etiraf etdi.
- Kaş biləydiniz. Sizcə qırx beş yaşlı kişi subay ola bilər?
- Yalvarıram sizə, mən sizin ailənin dağılmağını istəmirəm. Amma məni də başa düşün, mən də anayam. Qızım hər gün eyvana çıxıb atasının gələcəyi yollara baxır. Bir halda ki, hər şeydən xəbəriniz var, lap yaxşı, qızımın o cür qardaşları var, icazə verin qaynayıb- qarışsınlar, biz bu fani dünyadan gedəndə qızım tək, kimsəsiz qalmasın. Axı uşağın heç bir günahı yoxdur.


Dişi bağırsağını kəssə də soyuqqanlı cavab verdi:
- Bağışlayın, xanım, uşağın günahı yoxdu, çünki o günahın özüdür və biz bu günahı qəbul etmirik!


Qızın anası hönkürtü ilə ağladı. Qadının ürəyi daşa dönmüşdü, özünü tanıya bilmirdi.
Anasının ağlamağını eşidən qızcığaz qonşu otaqdan qaça-qaça gəldi. Maraqla ilk dəfə gördüyü qadına baxdı. Qadın əlləri əsə- əsə çantasından qara haşiyəyə salınmış bir şəkil çıxardı:
- Sənin atan ölüb.


Qızcığaz anasına sarılıb ağlamağa başladı.
Qadın qapıdan çıxdı. Özünü inandırdı ki, həqiqətən əri ölüb və bu qızcığaz bir də doqquzuncu mərtəbənin eyvanından boylanıb atasının yolunu gözləməyəcək.

# 2199 dəfə oxunub

Müəllifin son yazıları

# # #