A.... U.... O.... - Zaman Piriyevin hekayəsi

A.... U.... O.... - Zaman Piriyevin hekayəsi
18 avqust 2024
# 12:00

Kulis.az Zaman Piriyevin "A... U... O..." hekayəsini təqdim edir.

Professor Marr artıq bir aya yaxın idi Frankfurt Universitet xəstəxanasında müalicə olunurdu. Mən və Merlin hər həftənin şənbə günü onu yoxlamaq üçün yanına gəlirdik. O, həm bizim elmi rəhbərimiz, həm də anlamadığımız bir çox şeyləri soruşa biləcəyimiz müdrik bir insan idi. Şərq mistizmi, dinlər tarixi, bir çoxlarının konspirologiya adlandırdığı məsələlər haqqında ciddi arqumentlər ortaya qoyan professor Marr çox maraqlı adam idi. Son vaxtlar səhhətində ciddi problemler yaranmışdı. Tez-tez yaddaşında qısaqapanmalar olurdu. Həmin anlarda sanki bütün vücudu quruyurdu. Görən elə bilərdi ki, çoxdan ölüb. Amma tez bir vaxtda özünə qayıdır, heç nə olmamış kimi söhbətinə davam edirdi. Həkimlər bunun amneziya xəstəliyi olduğunu desələr də, professor razılaşmırdı.

Bu gün yenə Merlinlə birlikdə onun yanına gəldik. Həmişəki kimi qayğılı görünürdü. Belə anlarda onunla dialoq etməkdənsə, dinləmək daha faydalı olurdu. O bizimlə görüşüb pəncərənin önündəki kresloya əyləşdi. Hava qaralmaq üzrə idi. Böyük bir həqiqətin astanasında dayanıb gözlərini minilliklərdən o tərəfə dikmişdi. O tapdığı həqiqətdə yox olurdu. Belə anlarda professor Marr heyrət abidəsinə dönürdü. Biz bu abidənin qarşısında ehtiramla, səssizcə durmuşduq. Onun xırıltılı, bir az da ötkəm səsi bu sükutu pozdu.

"Səssizlik, zülmət, qorxu! Bu üç hiss, ilk insandan bəri daim bəşəriyyətin kabusu olmuşdur. Mədəniyyət insanın içindəki yox olmaq qorxusunu yenmək istəməsi ilə başlamışdır. Səssizliyi yarmaq üçün insan səsini var gücü ilə çıxarmış, sonra onu ağzının boşluğunda var etmiş, hərflərə, sözlərə çevirmişdir. Zülmətlərin içindən çıxıb gülümsəyən aya baxmış, içindəki zülmətləri idrakın işığı ilə nurlandırmışdır. Öz həmtayı ilə ünsiyyət edib kimliyini xatırlamışdır. Sirrini çözə bilmədiyindən qorxmuş, ona təslim olmuşdur. Dərk etdiyi zaman sevmişdir. Qorxu və sevgi arasında bəşəriyyət min illərlə yol gəlmişdir. Həm qorxduğuna, həm də sevdiyinə Tanrı adı vermişdir. Qorxduğunda sığındığı Tanrını sevmişdir. Onunla bütünləşməyə can atmışdır. Ona üsyan edib varlığını dərk etmək istəmişdir. Lakin dərk edilən heç bir şeyin Tanrı olmadığını anlayıb yorğunluqdan diz çökmüşdür. O gündən bəri insan, dərk edilən Tanrıya deyil, dərk edilməyən Tanrı haqqında həqiqətə inanmışdır. "

Professor bir anlıq durdu. Merlin narahat oldu. Mən əlimlə işarə etdim ki, sakit ol, tezliklə keçəcək. Qıraqdan baxan elə bilərdi ki, o daşa dönüb. Ya da ruhu bədənindən çıxıb. Bir neçə dəqiqədən sonra O, Merlinin çiyinlərinə dağılmış qızılı saçlarına diqqətlə baxdı. Əlaqəsiz əl hərəkətləri ilə sanki nəyisə aydınlaşdırmağa çalışırdı. Gözlərini uzaq həqiqətlərə zilləyib danışmağa başladı.

Qayalara çırpılan dalğalar Onu diksindirdi. Dənizin vahiməli uğultusu Ona qeybdən gələn səslər kimi nəsə demək istəyirdi. Amma O, bu səsləri anlamırdı. Bəlkə də dəniz Onun yeni adını hayqırıb hər tərəfə eşitdirmək istəyirdi. Axı Onun bir adı yox idi. Beynindəki ətrafı dinşəyən sükunət canına üşütmə salırdı. Buludların arxasından çıxan ayın nurlu çöhrəsi ona doğma baxışlarla baxıb gülümsəyirdi. Ay dənizin uzaq üfüqlərində üzürdü. Aya əl uzatmaq, ona toxunmaq istəyirdi. Bu yeni aləmdə Ona doğma görünən yeganə varlıq ay idi. Çünki dənizin qəzəbli baxışları Ona qaranlıq və qorxu qarışıq bir ümidsizlik gətirirdi. Ay isə gülümsəyirdi. Harda olduğunu heç cür anlaya bilmirdi. Göylə dənizin birləşdiyi yerdə ümidləri qaranlıqlara qərq olurdu.

Bədənindən ilıq gizilti keçdi. Var gücü ilə qışqırdı.

- Aaaa!

Səsi sahil boyunca dalğalara qarışıb yox oldu. Səsinin vahiməsindən qayanın altındakı oyuğa girdi.

Böyük fəlakətdən sonra bu Onun yad aləmlə ilk təması idi. Uzun müddət qorxudan bayılıb qalmışdı. Artıq səhərə az qalırdı.

Günəş qaranlıqların bağrından sıyrılıb qalib əda ilə səmada yerini tutmuşdu. Bura yeni yaranmış bir ada idi. Aylarla yağan aramsız yağışlar, sonra ard-arda baş verən daşqınlar, zəlzələlər nəticəsində yer üzündə böyük fəlakət baş vermişdi. Hər şey məhv olmuşdu. Kəskin üfunət hər tərəfi bürümüşdü. Heyvan cəsədləri, insanların cansız bədənləri sahil boyunca hər tərəfə yayılmışdı.

Heç bir şeyi xatırlamırdı. Yalnız qışqırıq, qorxu, yalvarış səsləri beynindəki sükunəti didirdi. Nələrsə bu pərdəni dəlib keçmək üçün çırpınırdı. Amma bunun nə olduğunu bilməmək ona ayrıca əzab verirdi. Bir yandan da aclıq və susuzluq iki ac canavar kimi Onun taqətsiz bədənini parçalayırdı. Var gücünü toplayıb sürünə-sürünə özünü dalğalara çatdırdı. Üzünü qumlara sıxıb sahilə doğru gələn kiçik dalğaları acgözlüklə içdi. Dəniz suyunun şoran dadı ürəyini bulandırdı. Amma içməyə davam etdi. Birdən bütün içdiyi suyu qaytardı. Mədəsindəki kəskin ağrılar belə Onu su içməkdən ayıra bilmirdi. Qumun içində kəskin bir şey üzünə toxunurdu. Əli ilə qumları qazdı. Qızıl üzük idi. Günəşin şəfəqləri altında bərq vuran üzüyün üstündə qəribə yazılar vardı. Bunlar nə idi? Beynini qurdalayan sirlərin açarı bəlkə bu qəribə xətlərdə gizlənmişdi? Bəlkə də ...!

Aclıq həyatla ölüm arasındakı bir körpü kimi Onu qaranlığa doğru itələyirdi. Körpünün o tayında mübhəmlik, qorxu və çarəsizlik var idi. Onu körpünün bu biri başından səsləyən kiçik bir parıltı öləzimiş gözlərində ümid işığı kimi yanıb sönürdü. Ovucunda sıxdığı üzük vəhşi təbiətin hökm etdiyi bu ucsuz-bucaqsız dünyada azadlığın nişanəsi idi. Heyvani instinktlə təzəcə ölmüş balıq iyini hiss edirdi. Bu tükənməz yaşamaq istəyinin arxasında keçmişin izləri var idi. O keçmişdən heç nə xatırlamasa da, anlamadığı bir hiss Ona sağ qalmaq lazım olduğunu diqtə edirdi. Sürünərək yaxınlıqdakı balığa yetişdi. Bu böyük bir orkinos balığı idi. Sular çəkildikdə qayaların arasında ilişib qalmışdı. Balığı əli ilə parçalamaq istədi. Lakin dərisi çox qalın olduğu üçün gücü çatmadı. Qaya qəlpələrindən birini qapıb heyvan cəldliyi ilə orkinosu parçaladı. Çiy balıq əti dadlı olmasa da bu an üçün ən mükəmməl yemək idi. Bir saata yaxın davam edən bu "möhtəşəm" ziyafətdən sonra qumların üzərinə uzanıb üzüklə oynadı. Üzüyün günəş şüaları altında bərq vurması ona xoş gəlirdi.

Bura hündür qayalıqları olan kiçik dağ silsiləsi idi. Dağların sinəsini iki yerə ayıran dərin qobular böyük daşqınların izlərini daşıyırdı. Bir vaxtlar bu dağların ətəklərində sahil boyunca uzanan şəhər var idi. Bu liman şəhəri gecə həyatı ilə məşhur idi. Son illər dəhşətli quraqlıq səbəbindən dənizin suyu xeyli çəkilmişdi. Dəniz çəkildikcə insanlar sahildə yeni evlər tikirdilər. Lakin bir gün olanlar oldu. Aylarla yağan aramsız yağışlar, torpaq sürüşmələri nəticəsində böyük fəlakət baş verdi. Bütün şəhər gecə ikən dənizə doğru sürüşdü. Getdikcə suyun səviyyəsi qalxdı və bu dəbdəbəli şəhər əbədilik sulara qərq oldu.

O balığı sürüyərək qayalıqların arasına gətirdi. Üstünü qumlarla doldurub dənizin kənarı ilə günbatana doğru getdi. İnsan və heyvan cəsədlərinin tükürpədən mənzərəsi ürək bulandırırdı. Sahil yırtıcı quşlarla dolu idi. Bu dəhşəti görməmək üçün əlləri ilə üzünü örtdü. Yaxından yırtıcı kərkəslərin səsini eşidincə qorxudan ürəyi ağzına gəldi. Cəsədləri parçalayıb yeyən bu quşların çox təhlükəli olduğunu anladı. Bu iyrənclikdən tezliklə yaxa qurtarmaq lazım idi. Ona görə də sürətlə qarşıdakı təpəyə dırmaşdı. Qorxu içində uzaqdan kərkəslərin yaratdığı vəhşəti izlədi. Bu cəsədlərin kim olduqlarını, niyə öldüklərini anlamaq istəyirdi. Yaddaşını zorlamaq üçün əlləri ilə bir neçə dəfə başına vurdu. Lakin çığırtı, bağırtıdan başqa heç nə xatırlamırdı. Dəlicəsinə qışqırmağa başladı. Aşağıda bir topa kərkəs onun səsindən diksinib havaya qalxdılar. Sanki onları ziyafətdən ayırıb narahat edən kəsi cəzalandırmaq istəyirdilər. O yerdən daş götürüb üstünə şığıyan quşlara tərəf atmağa başladı. Axır ki, onları çətinliklə də olsa, qova bildi. Bir az da qabağa gedib təpələrin arasında böyük bir daşın arxasına uzandı. Sinəsi sürətlə enib qalxırdı. Səsini qısmaq üçün əli ilə ağzını yumdu. Xeyli bu vəziyyətdə qalıb sakitləşdi. Qorxa-qorxa daşın üzərinə qalxıb sahilə baxdı. Kərkəslər artıq ordan xeyli uzaqlaşmışdılar. Aşağı enib torpağın üzərinə uzandı. Otların iyi hər tərəfi bürümüşdü. Bir topa otu qoparıb iylədi. Uzaq keçmişdən gələn doğmalıq içini sızlatdı. Gözlərindən yaşlar süzüldü. Dizin-dizin sürünərək otlardan qoparıb iyləyir, xatırlamaq istəyirdi. Amma yaddaşının sərhədlərindəki ucsuz-bucaqsız qaranlıqlar hər dəfəsində onu geriyə itələyir, yeni həyata alışmağa məcbur edirdi. Yeni həyatda O tək və kimsəsiz idi.

Bir qədər aşağıya enib ayaq saxladı.

Burda böyük bir oyuq var idi. İçəridən hənirti gəldi. Saçından barmaqlarının ucuna qədər titrədi. İçəri girməyə ürək eləmirdi. Əlinə keçən çubuğu oyuğa soxub qəribə səslə qışqırdı.

Uuuuu.... Uuuuu....

Oyuğun ağzına yığılmış torpağı içəridən nəsə eşməyə başladı. O qorxu içində geriyə qaçıb aralıda dayandı. İçəridən qızılı saçları lüt çiyinlərinə tökülmüş bir qadın sürünərək bayıra çıxdı. Qorxu içində xeyli bir birilərinə baxdılar. Heç biri yaxınlaşmağa ürək eləmirdi. Onun baxışlarını bədənində hiss edən qadın ixtiyarsız halda əlləri ilə övrət yerini örtdü. O bu vaxt lüt olduğunu anladı. Sürətlə qaçaraq təpədən aşağı endi. Qayalıqların arasına girib səhər yediyi balığın dərisi ilə övrət yerini bağladı. Geriyə dönmək üçün ordan çıxdı. Qadın bütün gözəlliyi ilə Onun qarşısında idi.

U... U... U...

U onun yeni adı idi. Bu qadının xoşuna gəldi. O balığın dərisindən bir hissəni tapdığı qaya qəlpəsi ilə kəsdi. Yaxınlaşıb onun da övrət yerini bağladı. Əlləri onun yanlarına toxunduqca bədənindən qəribə hisslər keçdi. Əlindən tutub Unu qayalığın arasındakı balığın yanına gətirdi. Üstündəki qumları təmizləyib böyük bir hissəni parçalayıb Uya verdi. U yedikcə onun sinəsinə, boynuna baxırdı. Elə bil U bunu hiss etdi. Arxasını çevirib yeməyə davam etdi. İçindəki qorxu yoxa çıxmışdı. U da qorxmurdu. Bu Onun içindəki kişilik hissini daha da qabardırdı. Uya sahiblənmək, onu qorumaq istəyirdi. U artıq doymuşdu. Diqqətlə Onun üzünə baxırdı. Bu vaxt O gizlətdiyi üzüyü qumların arasından çıxarıb günə tutdu. Üzük günəşin şüaları altında parlayırdı. Unun gözləri sevinc və şəhvət hissləri ilə alışıb yanırdı. O Unun əlini tutub özünə tərəf çəkdi. Üzüyü onun ovucuna qoydu. Bu üzük keçmişlə gələcək arasında qırılmaz halqa idi. U üzüyün üstündəki xətləri barmaqları ilə oxşadı. Bu onun taleyinə yazılmış yazılar idi. U ixtiyarsız halda Oya sığındı. Bu məhrəmliyin, etibarın, qorxusuzluğun işarəsi idi. Saçları, gözləri, bütün vücudu onun idi. Titrəyirdi. Əlini Unun ürəyinin üstünə qoydu. O da eynilə onun kimi titrəyirdi.

Günəş qüruba enib batdı. Bir qədər sonra ay yenə gözəl çöhrəsi ilə qaranlıq dünyanı işıqlandırdı. O sevincək bir şəkildə qışqırdı.

A.... A.... A....

Sonra barmağı ilə aya, qadına və özünə işarə edib qışqırdı.

A... U.... O....

A.... U.... O....

U da təkrar etdi.

A.... U.... O....

Artıq nə səssizlik vardı, nə zülmət, nə də qorxu.

Professor Marr sanki dərin yuxudan ayılmışdı. Qəribə baxışlarla bizə baxırdı. Sanki bizi yeni görürdü. Merlin onun əllərini nəvazişlə tutub üzünə qoydu. Gözlərindən süzülən yaş professorun əlinə toxunduqda o qəribə bir səslə ah çəkdi. Əli ilə Merlinin qızılı saçlarını tumarladı.

- Professor, siz bu hekayəni hardasa oxumusuz?

- Xeyr, əzizim Henri, bu insanlığın keçmişi ilə gələcəyi arasında yaşanmış bir andır. Mən onun şahidiyəm.

- Axı bu necə ola bilər?

- Mən keçmişin və gələcəyin qovuşduğu yerdəyəm. Bu ikisi heç vaxt bir araya gəlməz. Yalnız hisslərimiz bizi o paradoksal zamanın içindən keçirib olmuş və olacaqlara şahid edə bilər. Zaman yalnız bizim varlığımızın sərhədlərində mövcuddur. Bu sərhədləri aşa bilsən, keçmişlə gələcək bir nöqtədə qovuşar. Bildiyin bir xatirəni gözünün önündə canlandır. Onun əvvəli ilə axırı eynidir. Hardan baxsan, o bir nöqtədə zamansız mövcuddur.

- O zaman siz bu hekayəni yaşamısınız. Bu sadəcə bir təxəyyül ola bilməz. Zenon paradoksu, bəlkə başqa bir şey !?

- Aya bax! İnanıram ki, O və U indi başqa bir zamanda bu aya baxıb gülümsəyirlər.

- Professor, o üzüyün üstündə nə yazıldığını bilirsinizmi? Merlin barmağındakı üzüyü çıxarıb ilk dəfə oxuyurmuş kimi işığa tutdu.

- Bəli, bilirəm. " Həyatı sev, amma gerçək həyatı!"

- Bu üzük mənə anamdan xatirədir. Onun da üstündə eyni sözlər yazılıb.

Merlin üzüyü professorun ovucunun içinə qoydu. Professor susmuşdu, amma bu dəfə deyəsən əbədilik.

# 2034 dəfə oxunub

Müəllifin son yazıları

# # #