Zülfiyyə Nəzər Məmmədova: “Xəyanətə görə ailəmi dağıtmaram” – Müsahibə

Zülfiyyə Nəzər Məmmədova:  “Xəyanətə görə ailəmi dağıtmaram” – Müsahibə
10 fevral 2023
# 15:00

Kulis.az Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədovanın lent.az-a müsahibəsini təqdim edir.

- Zülfiyyə, sizin kimi gözəl xanım subaydır. Aktrisa olmağınızın bu işdə rolu var?

- Hərdən zarafat edirəm ki, qız qaldıqca qızıla dönər. Qismət belə gətirib. Əslində gözəl və çox ağıllı insanların özlərinə ömür yoldaşı seçmələri çətin olur. Yəqin ölkədə yeganə aktrisayam ki, sənətim mənə heç vaxt mane olmayıb. Ümumiyyətlə, komplekssiz aktrisayam, kamera önündə özümə hər şeyə icazə verərəm, amma həyatda çərçivəm var. Adətən bəziləri bunun əksini edirlər. Həyatda bildikləri kimi yaşayıb, ekran qarşısında çərçivələrə girirlər, özlərini fərqli şəkildə təqdim edirlər.

- Kompleksiniz yoxdur dediniz. Hətta çılpaq, açıq-saçıq səhnələrə belə “yox” deməzsiniz?

- Problem yoxdur, “yox” demərəm. Bu rejissorun yanaşmasından, görməsindən asılıdır. Rejissorun rəssam gözü varsa, bunu estetik baxımdan gözəl çatdırırsa, belə səhnələrin çəkilməsində qəbahət görmürəm. Əgər rejissorun estetik yanaşması yoxdursa, elementar yanaqdan öpmək səhnəsini elə göstərə bilər ki, tamaşaçı bundan iyrənər. Qısası belə bir kompleksim yoxdur.

- Bizim aktrisalarımız adətən təcavüz kimi səhnələrin çəkilməsindən narahat olurlar. “Fatmagülün suçu ne?” adlı türk serialı isə elə birinci bölümündəki təcavüz səhnəsi ilə izləyiciləri özünə cəlb etdi.

- Mən rahatlıqla çəkilərəm. Yenə deyirəm, rejissorun təqdimatından asılıdır. Bizdə tamaşaçı da bunu qəbul etməyi bacarmalıdır. Çox zaman buna görə belə səhnələr çəkilmir. Əslinə qalsa, belə səhnələrin çəkilməsi aktyordan da, rejissordan da çox yüksək peşəkarlıq tələb edir.

- Sizin açıq-saçıq səhnələrinizi görüb əxlaqsız təklif edənlər olub?

- Real həyatda yox. Sosial şəbəkələrdən yazıblar, bloklamışam. Real həyatda tanıyanlar bilir ki, mənə nə qədər yaxın gəlmək olar.

- Filmlərdə sevgili olduğunuz aktyorlarla real həyatda aşiq olduğunuz olub?

- Yox olmayıb. Tərəf müqabillərimin hamısı çox yaraşıqlı kişilər olublar. Qəribədir ki, heç birinə duyğum olmayıb. Mən tərəfdən olmayıb. Onlarda belə duyğu olsaydı, hiss etdirərdilər. Mənə sevgi etirafı etməyiblər.

- Çox yaraşıqlı, çox məşhur bir aktyorun xanımı olmaq fikri sizi qorxudar?

- Əsla. Əksinə qürur duyardım ki, minlərlə xanımın arzuladığı kişi məni seçib.

- Amma milyonların sevimlisi olan kişi ilə asan olmazdı. Özünüzü daim mübarizədə hiss etməli olardınız…

- Məncə kişi məni qazanmaq üçün mübarizə aparmalıdır, mən yox. Güvənmədiyim, əmin olmadığım adamı seçməzdim. Kişi üçün ailə dəyəri varsa, onun ətrafında milyonlarla qadın olsa da, xanımına sevgi ilə yanaşacaq, ailəsini dağıtmayacaq.

- Söhbət ailəni dağıtmaqdan getmir axı. Onun qısamüddətli macəralarından gedir. Qısqanmazdınız?

- Qısqanardım. Amma xəyanətə görə ailəmi dağıtmaram. Heç bir qadına ailəmi dağıtmaq xoşbəxtliyini nəsib eləmərəm. Bu sözü bir dəfə dedim. Məni təhqir etdilər. Lakin bəzi məşhurlar sonra cəsarətləndilər, efirlərdən “xəyanətə görə boşanmaram” dedilər. Mən belə düşünürəm. Anlayıram. Zamanla insan insandan yorulur, ehtiras gedir sevgi qalır. Kişi arada öz eqosunu yüksəltmək üçün kiçik macəralar yaşayır. Əgər o xanımını boşamaq istəmirsə, demək onu sevir. Ayrılıb getmək istəyən adamı zorla tutmaq olmaz.

- Daxilən bağışlayarsınız?

- Özümü elə apararam ki guya xəbərim yoxdur. Daxilən bağışlamaram. Ehtiyatlı olaram.

- Məntiq, yoxsa sevgi evliliyi?

- Sevgiyə acam. Sevgi çox önəmlidir. Məntiq evliliyini də anlayıram, amma sevgi ilə bir başqadır. Sevdiyim adam gün içində ən azı bir dəfə “səni sevirəm” sözünü deməlidir. Ya da hərəkətləri, jestləri ilə bunu göstərməlidir.

- Sevgidə yaşın fərqi var?

- Yox. Ruhunu sevdiyim adam özümdən 10 yaş kiçik də ola bilər, 20 yaş böyük də.

- Sevgiliniz olub?

- Olub. Ayrıldıq.

- Belə anlayışlı xanımı niyə itirdi?

- Çünki ağlı olmadı.

- Ailənizdən danışmadıq heç.

- Anam və bir qardaşım var. Sumqayıtda yaşayırıq. Rəhmətlik atam vəzifələrdə olmuş, çox müasir düşüncəli adam idi. Dünyaya fərqli baxışı vardı, deyərdi “məşğul olduğunuz işdə ya birinci, ya da birincilərdən olun”. Aktrisa olmaq istədiyimi biləndə xeyir-dua verdi, İncəsənət Universitetində Amaliya Pənahovanın tələbəsi oldum. Birinci kursdan Bakı Bələdiyyə Teatrında işə başladım və 16 ildir bu teatrın əməkdaşıyam.

- Hansı rolda oynamağı arzulayırsınız?

- Anna Kareninanın əzablarını o qədər dərindən hiss edirəm, bu rolda oynamaq istəyərdim

- Sizi tamaşaçılarımız daha çox seriallardan tanıdılar. Ən sevdiyiniz obrazınız hansıdır?

- “Ata ocağı”ndakı Humay həm çox reytinq verən obraz oldu həm də özümün yadımda çox qaldı. Humaya yazığım gəlirdi. Bədənini satdığına görə. “Atılmışlar”, “Döngələr”, “Həyat sən nə qəribəsən”, “Bir qadın”, “Əqrəb mövsümü”, “Oğlan evi” seriallarında rollarım uğurlu oldu. Ümumiyyətlə, Azərbaycanda çəkilən serialların demək olar 80 faizində rol almışam.

- Azərbaycanda serial və film sənayesi tez - tez tənqidlərə tuş gəlir. Buna münasibətiniz necədir?

- Məncə nə qədər çox çəkilsə o qədər yaxşıdır. İnsan işləyə-işləyə təcrübə qazanır. Həm rejissorlarımız, həm aktyorlarımız üçün yaxşı fürsətdir. Maddi və mənəvi cəhətdən xeyrimizədir.

- Qonorardan məmnunsunuz?

- Şikayətçi deyiləm. Rəqabət çox olsa, qonorar da olacaq, işin keyfiyyəti də.

# 3581 dəfə oxunub

Müəllifin son yazıları

# # #