Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"
23 aprel 2024
# 16:00

Kulis.az Gülyaz Əliyevanın "Həsən bəy Zərdabinin layiqli davamçıları - bugünkü mətbuat: saytlarımız və "yüzüncü meymun" adlı yeni yazısını təqdim edir.

Mətbuatın - onun şifahi və yazılı qolunun əhalinin maariflənməsində, hər hansı bir idealogiya ilə silahlanmasında dövlətin əsas vasitələrindən biri olması danılmaz faktdır. Bilirik ki, bir şeyi nə qədər çox təbliğ etsən, ondan nə qədər çox danışsan, o hal adiləşər, əgər qəbahət bir şeydirsə də, zamanla ona qulaq və göz öyrəşər. Lap Molla Nəsrəddin lətifəsində olduğu kimi. Qırx lotu sözləşib Mollaya "sən ölmüsən, bax əllərin də buz kimidir, qulağının dibi də saralıb”, - deyirlər və sonda Molla da buna inanaraq uzanır ki, bu qədər adam eyni sözü deyirsə, demək, doğrudur. Elə mən ölmüşəm... Məsələnin elmi tərəfi də var. Yəqin ki, Ken Kiz tərəfindən yazılmış əsl təcrübənin hekayəsi olan "Yüzüncü meymun”u çoxunuz oxumusunuz.

Məlum olduğu kimi, meymunlar yemək vərdişləri və davranışları ilə insanlara ən yaxın heyvan növüdür. "Yüzüncü meymun" təcrübəsi 1952-ci ildə alimlərin adadakı meymunları qidalandırmaq üçün qumda kartof qoyması ilə başlayır. Makaka meymunları kartofun şirin dadını bəyənsələr də, onunn qumlu olmasını sevmirlər. Amma kartofun dadını o qədər bəyənirlər ki, onları quma bulaşmış formada yeməyə davam edirlər.

Günlərin bir günü cəmi on səkkiz aylıq olan İmo adlı dişi meymun ən yaxın gölməçədə qumlu kartofları yuyur və o şəkildə yeyir. Daha sonra İmonun anası bu davranışı öyrənir və o da kartofu eyni şəkildə yuyub yeməyə başlayır. Bu davranış ilk növbədə ailə üzvlərinin arasında yayılır. Daha sonra bunu görən digər meymunlar (1952-1958) kartofu yuyaraq yeməyi öyrənməyə başladılar. Burada maraqlı olan odur ki, bəzi meymunlar bu yeniliyə baxmayaraq, hələ də qumlu kartof yeməyə davam edirlər. Lakin 1958-ci ilin payızında maraqlı bir hadisə baş verdi və artıq yüz Koşima meymunundan doxsan doqquzu kartofu yuyaraq yeməyi öyrəndi.

Yüzüncü meymun kartofu yuyub yeməyə başlayandan sonra maraqlı şeylər üzə çıxmağa başlayır. Həmin günün axşamı adadakı bütün meymunlar kartofu yuyub yeməyə başlayırlar. Burada kritik hədd nöqtəsi “Yüzüncü meymun”un kartofu yuyaraq yeməyə başlamasıdır. Yəni öyrənmək, tanınmaq kimi davranışlar müəyyən həddi aşdıqdan sonra yeni bir şüur ​​prosesi ilə özünü büruzə verir və yayılır. Bu davranışdan sonra ortaya maraqlı bir nəticə çıxır. Ada ilə birbaşa əlaqəsi olmasa da, başqa adalardakı meymun koloniyalarında da meymunlar kartoflarını yuyub eyni vaxtda yeməyə başlayırlar.
Dyuk Universitetindən Cozef Banks Rayn tərəfindən "Yüzüncü meymun" müxtəlif təcrübələrdə təkrarlanır. Hər təcrübədə eyni nəticə müşahidə olunur.

İngilis yazıçısı və parapsixologiya tədqiqatçısı Rupert Şeldreykin tədqiqatı da otuz illik bir araşdırma olan "Yüzüncü meymun” təcrübəsinə əsaslanır. Burada say həddi aşdıqda, digər adalardakı meymunların da belə davrandığı üçün öz aralarında morfogenetik quruluşa görə ünsiyyət qurduğu iddia edilir. Bu vəziyyət "Kritik kütlə" adlanır.

İndi tək bir insanın başlatdığı dəyişiklik müəyyən zaman keçdikdən sonra digər insanlara yayıldıqda, əldə edilən "kritik kütlə" səviyyəsi bütün bəşəriyyətə təsir edən sıçrayış effekti yarada bilər...

Bunu niyə xatırladım? Bəzi saytlarda gedən yazı başlıqlarını oxuduqca "yüzüncü meymun” nəzəriyyəsi yadıma düşdü.

Bu gün bir çox saytlar əhali, xüsusilə də yeniyetmələr və gənclər üçün pis örnək olan şəxslərin və davranışların aşkar və ya dolayı təbliğatçısına çevriliblər.

Normal, gözəl olan ailə institutu və əxlaqi dəyərlərimiz göz görə-görə məhv edilir. Davamlı şəkildə hedonizm və məişət pozğunluğu təbliğ olunur. Təkcə saytlar yox, efirlərimiz də arvad bazarı, qeybət yeri olub, gəlin qaynananın, ər xanımının ayıbını açır, efirlərdəki çığır-bağır, varvarizmlər, dava-dalaş adi hal alıb. Sanki bunu da planlı şəkildə həyata keçirirlər. Beləliklə də, sanki "yüzüncü meymun” təcrübəsini yayırlar. Halbuki bizim mətbuatımız yarananda başqa qayələrə xidmət edirdi. Bu gün bir çox elektron mətbuat orqanı olan saytlar sanki qarşılarına məqsəd qoyub ki, əxlaqi dəyərlərimizə zərbə vursun, qeyri-əxlaqi hərəkətləri dayanmadan təbliğ etsin, yaysın.

Xalqımızın qibtə ediləcək dərəcədə gözəl, düşünülmüş adət-ənənələri, möhkəm ailə modeli var idi. Amma az bir müddət ərzində, təəssüflər olsun ki, o gözəl əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, ailə modelimiz də sürətlə dağılmaqdadır. Bunun əsas səbəblərindən birinin də mətbuat olduğunu desəm, yanılmaram. Çoxuna məlumdur ki, bu gün bir çox üzdəniraq mətbuat orqanları, xüsusən saytların əksəriyyəti məhz bu işlə - əhali arasında mənfilikləri cani-dildən təbliğ etməklə məşğuldur.

Halbuki onun vəzifəsi bu olmamalıdır. Belə ki,mətbuatımızın ilki olan "Əkinçi qəzeti 1875-ci il tarixli birinci sayında oxuculara müraciətlə yazırdı: "Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi, əlbəttə, hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər".

Göründüyü kimi, "Əkinçi” qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Qeyd edək ki, dövrün problemlərinin işıqlandırılmasında "Əkinçi”də tətbiq edilən bəzi metodlar sonrakı mətbuat orqanlarımız tərəfindən də davam və inkişaf etdirildi.

O çətin şəraitdə əsası qoyulmuş "Əkinçi”yə baxıram: onun qaldırdığı problemlərə, həll etməyə çalışdığı məsələlərə və bir də 21-ci əsrdəki elektron mətbuat olan saytlarımızdakı xəbər başlıqlarına. İki əsr irəlimi getmişik, ya gerimi? Anlaya bilmirəm.

"Əkinçi" qəzetində elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar yer alırdı. Canlı xalq dilinə əsaslanan qəzet sadə və anlaşıqlı bir dildə oxucularının görüşünə gəlirdi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz işlər görürdü.

Bu gün də mi belədir? Bugünkü mətbuat xalqı maarifləndirməyəmi xidmət edir?

Bu suallara cavab axtara-axtara elektron mətbuat orqanları olan saytlarımıza nəzər salıram. İnanın ki, oxuduqlarım məni o qədər heyrətə salıb ki, danışmağa bir söz, söyləməyə cümlə tapmıram.

Bugünkü saytların amalı, məqsədi nədir, nəyə, kimə, hansı ideologiyaya xidmət edir? Mən anlaya bilmədim. Gəlin birlikdə baxaq.

Bəlkə, siz anladınız və məni də xəbərdar etdiniz.

Məncə, bu başlıqlar özləri bugünkü mətbuatımız barədə çox şey deyir... Daha əlavə sözə ehtiyac duymuram. Özgə millətlər inkişaf və tərəqqi edərək aşağıdan yavaş-yavaş yuxarıya çıxdıqları halda biz birbaşa zirvədən aşağıya yuvarlanırıq. Əhsən bizə. Afərin! Nə deyim daha?! Sözüm bitib! Hardan hara gəldik biz...

"Canlı yayımda Səidə Sultanın sinəsi açıldı"
"Xalq artistinin dekoltesi görənləri şok etdi”
"Dolabın üstündə şpaqat açdı"
"Xalq artistinin çimərlik paltarında görüntüləri yayıldı"
"ŞOK AÇIQLAMA: Çimnazdan kişilərə: “Pulunuz çox oslun ki, mənimlə görüşmək üçün…“
"Musa Musayevin Təranə Qumralla yataqda videosu yayıldı"
Nüşabədən ŞOK açıqlama: “Kişi müğənni mənə deyir ki, bu məmur səninlə…”
"Üz əməliyyatı etdirdiyini deyən Türkanın sinəsinin görüntüsü diqqət çəkdi"
"Xalq artisti qırmızı büsqalterdə səhnəyə çıxdı"
"Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə evləndi"
Azərbaycanlı aktrisa: "4 dəqiqəyə 7 min qazanıram"
"Şou-biznesdəki xanımların çoxunun saxlayanı, mənim isə... "
"Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı".
“Vəhşi kişilərdən xoşum gəlir” – Ülvira Qarayeva
"Subay olan 54 yaşlı müğənni ana olacağını açıqladı"
"Azərbaycanlı bloqer alt paltarında yemək bişirdi"
“Komedixananın aktrisasının biədəb görüntüləri müzakirələrə səbəb oldu"

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #