"Zehtabinin şeirində köhnə simvol yeni ruh qazanır..." - "Yeni Güney Azərbaycan" layihəsindən Hümmət Şəhbazinin essesi

"Zehtabinin şeirində köhnə simvol yeni ruh qazanır..."  - "Yeni Güney Azərbaycan" layihəsindən Hümmət Şəhbazinin essesi
6 aprel 2026
# 10:00

Kulis.az Əli Çağlanın təqdimatında "Yeni Güney Azərbaycan" layihəsində Hümmət Şəhbazinin Dr. Məhəmməd Tağı Zehtabinin “Pərvanənin sərgüzəşti” əsəri ilə bağlı yazdığı "Şam ilə pərvanənin milli forması" yazısını təqdim edir.

Hümmət Şahbazi 26 dekabr 1971-ci ildə Muğan mahalının Üngüt bölgəsinin Nəriman kəndində doğulmuşdur. 1995 də Təbriz universitəsində fars dil və ədəbiyyatı üzrə ali təhsil almışdır. Onun müəllifliyi ilə “Çağdaş Azərbaycan şeirinin tənqidi araşdırması (2004, Təbriz), “Hekayənin imkanları (bir hekayə bir tənqid)” (2013, Tehran), “Azərbaycan şeirində modernizm (2 cilddə)” (2021, Təbriz), “Təhkiyə quruluşu (Azərbaycan nəsri əsasında)” (2023, Təbriz), “Bulud qonur gözlərinə (şeirlər)” (2023, Təbriz) və “Postmodernizmin durumu” (2024, Təbriz) adı altında kitabları çap olunmuşdur. 1983-cü ildən Muğanın Parsabad şəhərində yaşayır.

Pərvanə ilə şam: Klassikdən müasirə bir simvolun yolçuluğu


Divan şeirində pərvanə ilə şamın hekayəsi ən çox təkrar olunan, ancaq hər dəfə yeni mənalarla doğulan bir hekayədir. Pərvanə, taleyini işığa bağlamış kiçik bir varlıqdır. Ancaq onun həyatı sadə təbiət hadisəsi deyil, eşqin fəlsəfəsidir. Şam isə gecənin qaranlığında təkcə otağı deyil, həm də könülləri işıqlandıran bir rəmzdir. Aşiq, şamın işığında öz yolunu tapır, eyni zamanda o, işıqda yanıb kül olur.

Şam ilə pərvanə, lirik və irfani təmsil olaraq hər bir sənətçinin dünya görüşünə görə fərqli obraz və məqamlar qazanmışdır. Bəzən bir şairin nəzərində, şamın yanması və əriməsi pərvanənin yanmasından üstün tutulmuş, bəzən isə pərvanənin yanması, şamın yanmasına geniş mənalar vermişdir.

Bütün bu dünyagörüşlərinin çaxnaşmasında, hər bir sənətçi özünün yaratdığı şam ilə pərvanə obrazına xüsusi və dərin mövqelər nəzərdə tutmuşdur. “Klassik dövr”də irfani eşq fəlsəfəsinin, “xanlıqlar dövrü”ndə realist sevgilərin, “aydınlanma çağı”nda elm və işığın, “qadın lirikası”nda həsrətin və nəhayət “modern dövr”də, azadlıq və mübarizənin simvoluna çevrilmişdir.

Ümumilikdə şam sevgi, sevilən (məşuq) timsalında gözəllik və ya ilahi nur və işıq anlamlarını, pərvanə isə sevgi yolunda yanıb canını qurban verən aşiq (sevən şəxs) simvolunu daşıyır. Divan şairləri, bu yanışı ilahi eşqin və məhəbbətin rəmzi kimi işlətmışlar. Klassik şeirdə “yanmaq” fənadan bəqaya keçid deməkdir. Onlar üçün pərvanənin alovda məhv olması, insan ruhunun fani dünyadan ayrılıb əbədi eşq nuruna qoşulması idi. Yanmaq burada fəlakət yox, qurtuluş; kül olmaq isə yox olmaq deyil, əbədiyyətə qarışmaq idi.

Divan şairlərinin bu canlandırmalar arasında Şirazlı Sədinin “Bustan” əsərində yaratdığı obraz xüsusi əhəmiyyət daşıyır. Bu əsərdə şam ilə pərvanə qarşı-qarşıya gələrək bir-biri ilə deyişməyə keçir. İlk öncə pərvanə, şama xatırladır ki:

Mən aşiqəm, yansam əgər rəvadır
Sənin yanmağında nə mənə vardır?

Bununla o, bu şəkildə öz sevgisini şama göstərir. Ancaq Sədinin bu əsərində əsas qəhrəman, pərvanə yox, “şam”dır ki, əriyərək həqiqi sevgisini pərvanəyə göstərir:

Hünərin deyildir sənin məhəbbət
Səndə nə səbir var, nə də ki cürət.
Sənin bir qanadın od tutur ancaq,
Mən başdan ayağa odlanmışam, bax.
Sən kiçik şölədən qaçırsan axşam,
Mənsə dayanmışam, yanıram tamam.

Saib Təbrizinin tək-beytlərində bu iki obrazın qarşıdırması və sevgi macəralarını, böyük bir poema və yaxud lirik dastan kimi genişləndirmək olar. Çünki onun bu iki obrazın xarakterləri haqqında incəliklə söylədikləri estetik dəyər baxımından birinci sıralardadır.

Klassik Şərq şeirində olduğu kimi, Azərbaycan poeziyasının böyük nümayəndələri – Nəsimi, Xətai, Füzuli, Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Şəhriyar və Dr. Məhəmməd Tağı Zehtabi – bu motivi hər biri öz dövrünün sosial, fəlsəfi və estetik tələblərinə uyğun şəkildə təqdim ediblər. Ən qədim zamanlardan bu iki obrazın faciəvi macəraları, uzun poema şəklində olmasa da, bir neçə misralıq qısa və dinamik epizodlarda özünü göstərmişdir. Qısa epizodlar xüsusilə İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşidbanu Natəvanın şeirlərində çoxluqla görünür.

Nəsimi bunların macərasından özünün təsəvvüf fəlsəfəsində səyahət (seyrü-süluk) yolunda pərvanənin yanmasını tanrı yolunda fani olmaqda (fənafillah) və tanrıya qoşulmaq anlamında işlədir. O, pərvanə ilə şamı ilahi eşq fəlsəfəsi ilə bağlayır. Onun şeirində pərvanə ruhu, şam isə haqqın nurunu təmsil edir. Pərvanə yanaraq yox olur, ancaq bu yoxluq əslində varlıqdır. Çünki ruh tanrı nuruna qoşulur.

Yandırıram canımı şamın pərvanətək
Yanar imiş yar üçün vasil olan yerinə.


***


Şam-ənvari-təcəllidir camalı dilbərin,
Ey könül, pərvanə tək gəl yan bu şamın narinə.


***


Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanası,
Şami-vəhdətdir camalın, kön-fəkan pərvanəsi.
Ta əbəd hüsnün önündə səcdəyi-şükr eylərəm,
Ey camalım kəbə, sənsən “Kntü Kənz”in xanəsi!


***


Kim ki, Pərvanə sifət eşqə yaxılmaz nə bilir,
Sürət-şamdə bu partövi-ənvar nədir?

Azərbaycanın hökmdar şairi Şah İsmayıl Xətai bu obrazı daha çox aşiq–məşuq münasibətinin poetik təsviri kimi təqdim edir: Pərvanə aşiqdir, şam isə məşuqdur. Aşiq öz sevgilisi üçün yanmağı təbii, hətta vacib sayılır. Xətai üçün pərvanənin yanması eşqin zəruri nəticəsidir. Sevən, sevdiyinin yolunda yanmalıdır:

Fədadur bil yəqin billah yolunda cani-şirinim
Camalun şamına hər dəm yanan Pərvanələrdəndur.


***

Aşiqəm dersən könül! Eşq atəşindən dönmə kim,
Şam oduna yanmağa Pərvanə xoş gəlmək gərək.

Və ya Mehri Xatun:

Tutuşur şamın zəbanı, məcmərin köynür özü
Yandığın gördükcə rüxsarına mən Pərvanənin.

Füzuli isə bu motivi ən çox işlədən şairlərdəndir:

Pərvanəyə zülm-bihesab eylər şam
Zülm oduna bağrını kəbab eylər şam
Guyaki bilir zülm sərəncamı nədir
Bihudə degilki, iztirab eylər şam.

Onun “Leyli və Məcnun” əsərində pərvanə və şam, obraz olaraq iştirak edir. Füzuli bu əsərində öz sevgilisindən ayrı düşən Leyli ilə Məcnunun bir-birinə olan münasibətlərini şam və pərvanə ilə müqayisə edir. Əsərdə hadisələr o yerə çatır ki, Leyli ilə Məcnunu bir-birindən ayırırlar. İki sevgili ayrı-ayrıca öz təkliklərində müxtəlif obrazlar vasitəsilə hiss və duyğularını ifadə edirlər. Məcnun Kəbəyə aparıldıqda belə, öz eşqinə çarə tapa bilmir. O, heyvanlarla, quşlarla və təbiətlə danışmağa başlayır: ahuya, göyərçinə, dağa, çeşməyə öz dərdini deyir. Leyli isə öz halını çaya, oda, çırağa, günəşə, səba küləyinə və buludlara danışır. Bu danışıqlardan biri də, şam ilə pərvanə motivi üzərində qurulub. O, öz əhvalatlarını bu motiv əsasında izah edir. Leyli, əvvəlcə şam ilə danışmaq istəyir:

Nə cinsdir əslin, ey bəlakeş
kim, abi-həyatın oldu atəş?
Hər ləhzə düşərsən iztirabə,
Həm atəşə qərqsən, həm abə.
Mən suxtədən həm olma qafil,
Məndə dəxi var bir qəmi-dil.

Ancaq görür ki, şam artıq əriyib, içindəki sapı da od yandırıb: yəni onun danışmağa “dili (sapı)” qalmayıb:

Şamın çü görərdi yox zəbanı
Dəm urmağa yox yarımda canı,
Pərvanəyə şərh edərdi razın,
Ərz eylər idi olan niyazın.

Bu dəfə Leyli üzünü pərvanəyə tutur:

Key, tayiri- aşiyanəyi-eşq!
Sərgəştəyi-abü-dənəyi-eşq!
Sənsən rəhi-eşq içində sadiq,
Aşiqsən, amma tamam aşiq.
Bir görməyə yarı can verərsən,
Bir zövqə iki cahan verərsən.
Xoşdur tələbü-vəfadə halın,
Guyaki, fənadədir vusalın.
Hər necəki, şöhrəyi-cahansan,
Eşq içrə səraməd-zamansan,
Bir şöləyə sən nisar edib can,
Düşvər qəmin qılırsan asan.

Füzuli üçün pərvanənin yanması eşqin həqiqətinə çatmağın yeganə yoludur: şam işıq saçmaq üçün yanır, pərvanə isə işığa can atır və kül olur. Bu qarşılıqlı yanış, əslində aşiq ilə məşuqun münasibətini təsvir edir: biri yanmadan nur saçmaz, o biri yanmadan vusala çatmaz. Füzuli eşqi “yanmaq”la eyniləşdirir: eşq varsa, yanmaq da var. O, şeirində bu motivi eşqin fəlsəfi mahiyyətinə çevirir. Onun yaradıcılığında Pərvanənin yanması olmadan vusal mümkün deyil. Füzuli pərvanəni ilahi eşq yolçusu kimi göstərir.

Xurşid Banu Natəvan isə şam ilə pərvanə motivini bir qəzəldə, süjet xətti yığcam bir üslubla ifadə edərək bu mövzuya bədii ustalıqla yanaşdığını göstərir:

Özün eşq atəşinə vurmağa dilşad pərvanə,
Bəli, bir dəfə yanmaqdan olur azad pərvanə.
Görür məclislər içrə şamı hər şəb yar, əğyərə,
Onunçün yanmağın tərhin qılır bünyad pərvanə.
Sənə, ey şam, töhmətlər qılır məşuqlər içrə,
Əgərçi xirmən ömrün qılır bərbəd pərvanə.
Demə məşuqə bipərvadı, şama kim məlamətdən
Verib can sübhədək oldu vəfadan şad pərvanə.
Bilib şamın vəfasın cismü-canın atəşə yaxdı
Qəmi-hicran dəmi-vəslətdə etdi yad pərvanə.
Cəfayi-hicridən canə yetib şövqi-vüsal ilə,
Yanıb şamın oduna etmədi feryad pərvanə.
Yanar çün “Natəvan” xəstə, mudam ol atəşi-qəmdən,
Səbur ol, eylə adət şivəyi-ustad, Pərvanə!

Qəzəldə pərvanə şama vurulub yanır, ancaq səbr ilə susur, fəryad etmir. Qəzəl, şairin dərin eşq fəlsəfəsini, insanın fədakarlıqla səadət tapmasını və sadiqliyə çağırışını əks etdirir. Pərvanənin sadiqliyi ilə məşuqun etinasızlığı (bipərvalığı) ziddiyyət təşkil edir. Bu təzad eşqin dramatizmini artırır. Pərvanə səbrin və sadiqliyin simvolu kimi təqdim olunur: o, yanır amma şikayət etmir. Pərvanə burada həm eşqin qəhrəmanı, həm də şairin öz mənəvi halının aynasıdır. Pərvanə klassik Şərq poeziyasındakı ənənəvi obrazdır. Amma Natəvan onu öz şəxsi duyğularının aynası kimi təqdim edir. Onun lirikasında pərvanə, həsrət və tənhalıq içində alışan aşiqdir. Şam isə həm sevgilinin işığı, həm də ömrün sönən çırağıdır. “Şam” (məşuq) həm başqalarına işıq saçan bir varlıqdır, həm də aşiqi yanmağa vadar edən qüvvədir. Natəvan bu motivi qadın qəlbinin incə duyğularını ifadə etmək üçün işlətmişdir. Burada pərvanənin yanışı fərdi eşq və qadın lirizminin poetik təcəssümüdür.

Müasir şairlərdən ustad Şəhriyar da bu hekayəyə müraciət edərək divan şeirimizin ənənəsinə xüsusi ilə Nəsiminin “varlıq birliyi (vahdəti-vücud)” ideyasına sadiq qalır:

Bərq olmadı, qızım gecə yandırdı laləni,
Pərvanənin o dəmdə baxırdım ədasına.
Gördüm təvafi-Kəbədə yandıqca yalvarır
Söylür: “Dözüm nə qədər bu eşqin cəfasına?”
Ya bu hicab şişəni qaldır ki sovrulum
Ya söndürüb bu fitnəni, batma əzasına.
Baxdım ki, şam söylədi: “Ey eşqə müddəyi
Aşiq haçan olub yetə öz müddəasına?
Bir yari-məhliqadı bizi beylə yandıran
Səbr eylə, yandıran da çatar öz cəzasına».
Amma bu eşq atəşi ərşidi, candadır
Qoy yandırıb xudini yetirsin Xudasına.

Bu parçanın əsası, sufi eşq fəlsəfəsinə – yəni yanmaqla həqiqətə yetişmək fəlsəfəsinə dayanır. Burada məhəbbət sadəcə insan sevgisi deyil, tanrı eşqidir. Pərvanə insan qəlbidir, şam isə ilahi həqiqət. Aşiq yanmadan, öz varlığını fəda etmədən eşqin həqiqətinə çata bilməz. Burada həm də təsəvvüfi təslimçilik mövcuddur: əzab, yanmaq və fədakarlıq insanı ilahi həqiqətə yaxınlaşdırır. Eşqin atəşi göydən (ərşdən) gələn bir od kimi təqdim olunur. Bu yanmaq ilahi sevgiyə aparan yoldur:

“Qoy yandırsın özünü xudaya çatdırsın”.

Hekayənin ilk mövzu dəyişkənliyi: «Vaqif» mərhələsi

Divan şeirimizdə şam ilə pərvanə motivini ilahi sevgidən ayıran ilk şair Molla Pənah Vaqifdir. Onun şeirində bu obrazlar çox vaxt bəşəri sevgi ilə söylənilir. Onun realizmi, klassik simvolları daha dünyəvi məzmunla təqdim etməsinə şərait yaratdı. Vaqifdə pərvanə ilə şam obrazı artıq irfani eşqin yox, real məhəbbətin ifadəsidir. Şam sevgilinin gözəlliyi, pərvanə isə aşiqin bu gözəlliyə vurğunluğudur. Burada yanmaq, bəşəri eşqin cazibəsinin, həyatın şirin duyğularının təsviridir:

Mən ha səni nuri-ilahi sannam
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü-mərdanə yannam,
Bu xasiyət mənə pərvanədəndir.

***

Qurban olum kirpiyinə, qaşına,
Sel oluban qarış axan yaşına,
Pərvanələr kimi dolan başına,
Atəş tutub yana-yana, degilən!

19-cu əsrin aydınlanma şairi Seyid Əzim Şirvani bu motivi yeni fəlsəfi-ictimai məzmunla təqdim etdi. Onun şeirlərində şam elm və maarif işığını, pərvanə isə cəhalət qaranlığında işığa can atan insanı simvollaşdırır. Burada yanmaq, toplumun tərəqqisi, insanın həqiqət uğrunda çəkdiyi əzab və mübarizənin bədii ifadəsidir. Seyid Əzim üçün pərvanənin yanışı artıq yalnız eşq deyil, aydınlanma idealının simvoludur.

Hekayənin müasir forması: «Pərvanənin sərgüzəşti» mərhələsi


Dr. Məhəmməd Tağı Zehtabi bu motivi tamamilə yeni sosial, siyasi və fəlsəfi kontekstdə təqdim edərək özünü «Vaqif-Seyid Əzim» ənənəsinin davamçısı kimi göstərdi. O, klassik ənənəni davam etdirir, ancaq motivi fərqli məcraya yönəldir. Onun şeirində pərvanə təkcə aşiq deyil, həm də vətənin oğlu, mübariz və üsyankardır.

Divan və çağdaş şeirimizin hər iki halında pərvanənin taleyi eynidir; yanmaq, fədakarlıq, işığa qarışmaq. Sadəcə işığın ünvanı dəyişir: birində ilahi məhəbbət, digərində isə vətən sevgisi.

Zehtabinin “Pərvanənin sərgüzəşti” əsəri uzun poema üslubunda yazılmışdır. Bu şeir onun şeirsəl təfəkkürünün geniş vüsətini, ideya dərinliyini və forma zənginliyini əks etdirən nümunələrdəndir. Əsər qısa misralı şeir yox, geniş epik-lirik tərzdədir. Burada həm hekayə, həm də fəlsəfi dialoq elementləri mövcuddur. Pərvanə ilə alov, aşiq ilə eşq, övlad ilə ana arasında gedən dialoqlar əsərə dramatiklik, canlanma gətirir. Bu, oxucunu sanki canlı bir səhnənin içində hiss etdirir.

Poemada yanıqlı, eyni halda oyadıcı, yandırıcı bir rəvayət verilir ki, özündən öncəki klassik əsərlər, həm də onların dünyagörüşləri ilə başqa bir istiqamətdə onlardan seçilir. Bu əsərdə o, əski ədəbiyyatın qaydalarını qoruyur. Ancaq fərqli bir məzmun – yəni sosial bir yönümlə – bu iki obrazdan yeni bir variant ortaya qoyur.

Şeirın əsas mövzusu yanmaq, işıq və həqiqət axtarışı üzərində qurulub. Burada “Pərvanə və şam” obrazı mərkəzi bədii simvoldur. Pərvanənin şama vurulub yanması sadəcə eşqin simvolu deyil, həm də həqiqət və azadlıq yolunda fədakarlığın, özünü oda atmağın rəmzi kimi təqdim olunur. Şam da yalnız sevgilinin nuru və ya ilahi işıq deyil; artıq azadlığın, həqiqətin, millətin sabahının alovudur. Pərvanə özünü bu alova atır ki, səhər doğsun, qaranlıq dağılsın, xalq işıq tapsın.

Divan şairlərinin pərvanəsi fərdi eşqin faniliyini göstərirdi. Zehtabinin pərvanəsi isə sosial eşqin, vətən sevgisinin ölümsüzlüyünü. Klassikdə pərvanə öz sevgilisinin yolunda kül olurdu. Zehtabidə isə, pərvanə xalqın yolunda yanır, ancaq onun külündən yeni işıqlar doğur.

Beləcə, Zehtabinin şeirində köhnə simvol yeni ruh qazanır. Onun şeirində “yanmaq”, azadlıq uğrunda şəhidlikdir. Əsərin ana xətti, yanmaq, həqiqət və azadlıq ideyaları üzərində qurulmuş, fərdi eşqdən sosial mübarizəyə doğru inkişaf etdirilmişdir.

1. Sevda gülü vǝ pərvanə

Şeirin ilkində sevgi vǝ eşqin cazibǝsi, pərvanənin şama vurulması təsvir edilir:

Sevda gülünün rayihǝsin tazǝcǝ qanmış
Gül-gül qanadından azacıq şölǝdǝ yanmış
Pərvanəni gördüm
Sərmişdisə yanmış qanadın torpağa yorğun
Düşmüşdüsə dildən, yenə dǝ atəşə vurğun

Əsərdə, “pərvanə” obrazı qabarılararaq “şam” obrazı kölgədə qalır. Poemada yalnız “bir axşam atan, göstərərk şamı uzaqdan” misrasında “şam”ın adı gəlir. Qalan yerlərdə onun təzahürləri var: İşıq, alov, al şölǝ, yanmaq, atəş, nur, hərarət və s.

Əsərin mərkəz oxu pərvanə vǝ onun sǝrgüzəştidir. İlk hissələri, “Sədi”nin hekayəsinə bənzəyir və oxucu əvvəlcədən onu lirik vǝ sufistik ruhda izləyir. Bu deyişmədə, nəql edən şəxs (təhkiyəçi) pərvanədən soruşur:

Yanmaqda da, biçarə - dedim – varmı həqiqət?

Buradan etibarən pərvanənin aşiq olması fərqli bir istiqamət alır. Artıq əsərdə, əski ədəbiyyatda olan bu iki obrazın arasında sevgiyə olan baxış bucaqları da mahiyyətcə dəyişilməsinə şahid oluruq. Burada onların arasında sevginin ayağı yerə pərçimlənərək qalır. Artıq onların sevgiləri məlum, qarasevdalı və irfani sevgiyə bənzəmir. İnsan həyatında təsir buraxan fəlsəfə və ağıl üzrə arınmış sosial obraz daşıyır bu sevgi.

Yanmaqda həqiqət sənə əfsanədir əlbət
Ama mənə yox, çünki, qaranlıqdan usandım;
Odsuz ömürün qəlbə mahal olduğun andım;
Atəş deyə getdim və nəhayət oda çatdım.
Zülmət torunu nurilə bir ləhzədə atdım.
Bir dəmdə işıqlanadı başım da, bədənim də ...
Fikrimdən uzaqlaşmadı amma vətənim də.
Zülmətlərə qəlbimdə dərin nifrət oyandı
Fikrim o qaranlıqları boğmaqda dayandı.
Cumdum oda, açdım qolumu odlu həvəslə
Ta bir qucaq atəş gətirim yurduma töhfə...
Odda yanaraq, zülməti boğmaq dilərəm mən
Al şölə olub, ərşə ucalmaq dilərəm mən...
Yox, yox, mənə gülzarda peymanə gərəkməz
Dilbər dodağından əmərək məst olub ölmək
Mən istəməm, allahı sevərsən, burax, əl çək.

2. Yanmaq vǝ həqiqət (qaranlıq vǝ işıq qarşıdurması)


Şeir boyunca “zülmət” vǝ “işıq” mübarizəsi aparıcı motivdir. Əsərin bədii-fəlsəfi quruluşu daim “zülmət–işıq”, “yanmaq–həqiqət” qarşıdurması üzərində qurulubdur. Şair göstərir ki, həqiqət sadəcə axtarılan bir ideal deyil, ona çatmaq üçün insanın özünü oda atması, yəni fədakarlıq vǝ mübarizə zəruridir. Yanmaq burada həm məcazi, həm də həqiqi anlamda “azadlığa gedən yol” kimi çıxış edir. Zehtabi isə həmin obrazı yeni sosial və fəlsəfi məna ilə zənginləşdirərək azadlıq vǝ həqiqət mübarizəsinin poetik manifestinə çevirir.

Şeir yalnız lirizmlə məhdudlaşmır, onda həm ontoloji fəlsəfə (varlığın mənası, həqiqət anlayışı), həm də sosial ideya (xalqın azadlıq mübarizəsi, vətən borcu) bir-birinə bağlanır.
Fəlsəfi baxımdan: insan varlığının mənasını, həqiqətin mahiyyətini, işıq və qaranlıq dialektikasını araşdırır. Şairin fəlsəfi dünya görüşünə görə həqiqət yalnız nəzəri düşüncə ilə deyil, yanmaqla, yəni insanın fədakarlığı, iztirabı vǝ əzmı ilə əldə olunur. Bu, həm sufı fəlsəfəsinin eşq vasitəsilə saflaşma ilkələrinə, həm də çağdaş varlıq fəlsəfəsindəki “əzab vasitəsilə mənaya qoşulmaq” ideyasına uyğun gəlir.

Sosial baxımdan: xalqın azadlıq-mübarizəsini, vətən borcunu, nəsillərarası mübarizə əmanətini bədii şəkildə ifadə edir. Şairin alova müraciəti, zülməti boğmaq istəyi, əsarət pərdəsini yırtmaq arzusu, sosial etirazın şeirsəl formasıdır. Vətəninin zülmətdə qalması, azadlıq işığının axtarılması milli azadlıq ideyasını gücləndirir. Şeirdə qaranlıq, zülm, əsarət, nadanlıq, cahillik, ədalətsizlik və işıq isə həqiqət, azadlıq, elm və mübarizə kimi mənalandırılır. Pərvanənin yanması isə azadlıq yolunda şəhid olmanın şeirsəl obrazıdır. Hətta ölüm (torpağa qoşulmaq) belə “yanmaq” prosesinin tamamlanması kimi göstərilir. Pərvanə, öz kimliyini oddan bilir və deyir: “Atəşlə yarandıq”.

Şairin təsvirlərində yenə klassik ədəbiyyatın simvolları var: eşq, yanmaq, od; hətta şeirdə təhkiyəçi obrazı maraqlanaraq pərvanənin qanadından tutub soruşur: “Oddan nə görübsən, a zavallı? deyə bir an”.

Oddan gözünü çəkmədən (çünki onun kökü, kimliyi od ilə bağlıdır, deyir ki:

“Biganəsən, ey – söylədi – əfsanələrimdən.”


Buna görə pərvanə onu dolayı yolla cahil adlandırır:

Əhvalımı bilsəydin əzəldən gər adımdan
Tutmazdı əlin indi bu yanmış qanadımdan.

Bu işıq, bu od tarix boyunca zülmət və qaranlıqları qılınc kimi doğramışdır. Buna görə də od, müqəddəsdir. Müqəddəs olduğu üçün də ona yaxınlaşmağa qadağalar qoyur. Pərvanə də bu qadağalara tuş gəlir. Onu, körpəlik çağında kökündən (oddan) ayırmışlar. Ona yaxınlaşmağa icazə verməyiblər. Ancaq indi o artıq böyümüş. Anası, ona vəsiyyətlər verir. Qəlbindəki sirri açır:

Bir axşam atan, göstərərk şamı uzaqdan,
- Hər vaxt – dedi – körpəm olar bi rigid aslan,
Söylə, usanıb tənqə gətirsə onu zülmət
Bilmək diləyib sorsakı, bəs harda həqiqət?
Qoy getsin ora, orda həqiqət nədir anlar
Gər bir ata tək onda mənim haqqi-səyim var.
Getsin ki, yetər nəslə bu getməklə şərafət
Keçmiş babalardan mənə çatmış bu vəsiyyət
Qurtaracaq atan uddu onu qap-qara pərdə
Dönmədi bir də.

3. Ananın öyüdü (milli yaddaş)


Əsərdə ananın öyüdü, atanın vəsiyyəti xüsusi vurğulanır. Bu, sadəcə ailəvi-mənəvi öyüd deyil, nəsildən-nəsilə keçən milli həqiqət axtarışının fəlsəfi simvoludur. Nəsillərin azadlıq uğrunda mübarizə əmanətidir. Şair bu obrazla demək istəyir ki, azadlıq uğrunda mübarizə nəsildən-nəsilə ötürülən müqəddəs bir əmanətdir. Hər nəsil öz payına düşən mübarizəni aparmalı, gələcək nəsillərə işıq yolunu ötürməlidir. Əgər bir nəsil bu mübarizədən boyun qaçırsaydı, gələcək nəsillər onu bağışlamazdı. Ananın oğluna verdiyi vəsiyyətlər dərin mənəvi qat yaradır. O, oğluna qaranlığı, zülməti tanıtdırır, işığa doğru getməyi öyrədir. İşıq yalnız qaranlığı yararaq tapıla bilər. Bu, həm də milli-ictimai məna daşıyır: xalqın azadlıq uğrunda mübarizəsinə işıq salan bir vəsiyyətdir. Anası ona həyatın, sevginin bütün sirlərini öyrədərək müdrik vəsiyyətlər etmişdir. Bu sirrlər, şam, od və yanıb-yaxılmaqla qutsallaşır, bir nəsil gedir. Başqası yerini alır.

Nəsil nədir? Nəsil, insanlar topluluğudur. Bir dövrdə doğulmuş, eyni mədəniyyət, həyat tərzi və sosial düşüncə sistemi ilə yaşayan insanlardan ibarət bir birlikdir. “Bu, o nəsildəndir” dedikdə, üç meyara əsaslanırıq:

1. Onlar eyni illərdə doğulmalıdırlar.
2. Eyni zamananın bir-birinə bənzər taleyi, mədəniyyəti və həyatını yaşamalıdırlar.
3. Oxşar sosial tapşırıqlara, ortaq düşüncə sisteminə tabe olmalıdırlar.

“Nəsildən nəsilə fərq edirlər\keçibdir” anlayışı o deməkdir ki, bir neçə zaman biçimində, bir neçə oxşar nəsil yaranmışdır. Bu nəsillərin hər biri, yuxarıdakı xüsusiyyətlərə sahib olmaqla, özəllikləri başqa bir dövrdə doğulan ancaq yenə də həmin xüsusiyyətləri mənimsəyən nəsillərin xüsusiyyətlərini özlərində topladığı üçün “nəsil davamçıları” hesab olunurlar.

Nəsil anlayışı həmçinin bir şəxsdən törəmiş nəsil – ailə, tayfa və s. – qan bağlılığına da işarə edir. Nəsillərin yox olub yenidən tapılmaları ilə milli kimliklər də yaranır. Həqiqət hələ də qalıcıdır, ayaq üstədir. Nəsillər həqiqətin kimliyini öyrənərək quşaqdan quşağa ötürürlər. İndi də bu kiçik pərvanə, bu kiçik cıp-cıpbı pərvanə artıq böyüyərək şairlə (şeirin təhkiyəçisi ilə) dalaşır. Onu biliksiz şəkildə xitab edir. Bu, həmin pərvanədir ki, təhkiyəçinin sorğularını bilginlik və bilgəliklə cavablandırır. İndi o ahıllaşaraq sonrakı nəsilə (körpəsinə) özünün keçdiyi yoldan danışır:

Atəş deyə getdim
Tapdım mən öz axtardığımı orda nəhayət
Hər bir şey inan: şölə, işıq, nur, hərarət...
-bildim, di- sual eyləyərək bir də dayandım:
-qandınmı həqiqət nədir axir?
-bəli qandım,
Lakin o zaman sirrini ancaq onun andım
Kim, oda yandım.

Onun “yanmaqda da, biçarə –dədim- varmı həqiqət?” sualına verdiyi müdrik cavablar, onun xarakterinin biliklilik çağına çatmasından xəbər verir:

Yanmaqda həqiqət sənə əfsanədir əlbət
Ama mənə yox, çünki, qaranlıqdan usandım;
Odsuz ömrümün qəlbə mahal olduğun andım;
Atəş deyə getdim və nəhayət oda çatdım.
Zülmət torunu nurilə bir ləhzədə atdım.
Bir dəmdə işıqlanadı başım da, bədənim də ...
Fikrimdən uzaqlaşmadı amma vətənim də.

4. “Vətən” vǝ sosial borc duyğusu


Şeirin mərkəzi ideyası “yanmaqda həqiqət” prinsipidir. Burada “yanmaq” sadəcə sevgi və eşqin simvolu deyil, varlığın mənasını dərk etmək, həyatın həqiqətinə çatmaq üçün çəkilən əzab və fədakarlıqdır. Pərvanənin alova düşməsi, insanın özünü həqiqət naminə qurban verməsinin şeirsəl ifadəsidir. Burada pərvanə qaranlıqların örtüyünü kənara vuran “nur”, “işıq” sevdalısı kimi tanıdaraq özünün əsas dünya görüşünü ortaya qoyur: o, heç zaman fikrindən uzaqlaşmayan bir varlığın sevdalısıdır: VƏTƏN.

İlk baxışda belə görünür ki, şair burada pərvanənin hər zamankı məskunlaşdığı “vətən” yəni “gül” olduğunu deyir. Bu anlayış da şeirdə vardır. Ancaq şairin sonrakı çözümlərindən görürük ki, “vətən” şairin vətəni, torpağıdır ki, pərvanə onun eşqi ilə yanır və canını fəda edir. Bu, o zaman həqiqətə çevrilir ki, pərvanə, odu öz ölkəsinə bəxş edir. Beləliklə pərvanənin də yanıb-yaxılmaq sirri ortaya çıxır:

Zülmətlərə qəlbimdə dərin nifrət oyandı
Fikrim o qaranlıqları boğmaqda dayandı.
Cumdum oda, açdım qolumu odlu həvəslə
Ta bir qucaq atəş gətirim yurduma töhfə;
Rəhm etməyib üsyan alovu cismimi yaxdı
Şər qüvvələr at çapdı qanım sel kimi axdı.

Şeirdə vətən motivi xüsusi yer tutur. Vətənpərvərlik duyğusu poemanı Azərbaycan poeziyasinda xüsusi bir mövqeyə qaldırır. Şair dəfələrlə sual edir: bəs mənim vətənim? Mənim xalqım? Dağlarım, bulaqlarım, meydanlarda azadlıq üçün can verən və qan tökən insanlar? Bu suallar şairin fərdi həqiqət axtarışını sosial borc səviyyəsinə qoyur.

Ancaq onun yaşadığı torpaqda üsyan, alov, şərr qüvvələr hərəkətə gəlib. Buna görə pərvanə (indi artıq şairi simvollaşdırır bu obraz) yanmaqla qaranlıqları boğmaq istəyir. Buna görə də pərvanə, vətənini sevən, həqiqətlər qarşısında odda yanan bir aşiqi simvollaşdırır. Vulkan – kütlə üsyanının simvolu – onun üçün müqəddəsdir, çünki hər şeyi yandıran, dəyişdirən bir gücdür:

Çarpışmasa qol orda, polad tək suvarılmaz;
Şişmək kimi qol olmasa, zülmət ki yarılmaz....
Oddur o, yaxıb varlığını yandıracaqdır!
Yandırmağına cahil onun körpə uşaqdır.
Odda yanaraq, zülməti boğmaq dilərəm mən,
Al şölə olub, ərşə ucalmaq dilərəm mən...
Oddan bu sığındırmaza bilməm nə səbəb var?
Alqışlamış atəşləri peyvəstə əzəldən
Duddan (tüstü) doğulanlar.
Alqış deyirəm mən də o vulkanlara qəlbən.

Burada fəlsəfi üsyanla sosial üsyan üst-üstə düşür. Şair yalnız fərdi eşqdən danışmır, onun səsi sosial müstəviyə keçir. Burada fərdi eşqdən sosial eşqə, xalq və vətən sevgisinə keçid var. İnsan “oddan və alovdan doğulmuş” varlıq kimi təqdim olunur. İnsan özünü oda atması yalnız fərdi qurtuluş deyil, xalqın azadlığı və vətənin dirçəlişi üçün vacibdir. O, vətənini, torpağını, xalqını yada salaraq bu obrazla demək istəyir ki, insanın varlıq mənası mübarizədə, yanmaqda və özünü fəda etməkdədir. Sadə yaşamaq yox, yanaraq işığa çatmaq insana həqiqi mövcudluq qazandırır.


Poemanın sonunda yenə də vəsiyyət məsələsi ortaya çıxır. Çünki pərvanələr nəsli, yanıb-yaxılmağı özlərindən sonrakı nəsillərə yadigar olaraq vəsiyyət edirlər. Onlar odda yanmaqla qaranlıqları silirlər. Quşaqdan quşağa ötürərkən bu məsələni tarix boyu riayət etdiklərini də deyirlər:

Tapdım mən öz axtardığımı orda nəhayət;
Hər bir şey inan: şölə, işıq, nur, hərarət...

Buna görə də od püskürən vulkanı alqışlayırlar:

Atəş deyirəm mən də o vulkanlara qəlbən.

“Pərvanənin sərgüzəşti” poemasını oxuyarkən oradakı simvol vǝ istiarələri gözdən qaçırmamalıyıq:

Alov vǝ yanmaq: həqiqətə qoşulmağın simvoludur.
Pərvanə: aşiq, fədakar, mübariz insan obrazı.
Ana: milli-mənəvi yaddaş, hikmət, bilik, müdriklik və nəsil vəsiyyəti.
Qaranlıq vǝ zülmət: əsarət, nadanlıq, milli məhrumiyyət.
İşıq vǝ şam: azadlıq, həqiqət, mübarizə idealı.


Beləliklə, pərvanə ilə şam motivi Azərbaycan şeirində fərdi eşqdən sosial mübarizəyə qədər geniş bir inkişaf yolu keçmişdir.

Bu, həm milli poeziyanın zənginliyini, həm də klassik ənənələrin yeni dövrlərdə necə mənalandırılaraq yaşadığını göstərir.

# 181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər