Yol gedirəm, sinəm qaralanadək - Günün şeiri

Yol gedirəm, sinəm qaralanadək - Günün şeiri
14 yanvar 2023
# 12:20

Kulis.az "Günün şeiri" layihəsində Nurəngiz Günün "Yol gedirəm" şeirini təqdim edir.

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.


1984

# 3164 dəfə oxunub

Müəllifin son yazıları

# # #