Yerdən məktublar - Mark Tven

Yerdən məktublar - Mark Tven
18 mart 2023
# 10:00

Kulis.az Amerika yazıçısı Mark Tvenin “Yerdən məktublar” adlı teoloji essesindən ilk hissəni təqdim edir. Qeyd edək ki, Kamran Nəzirlinin tərcüməsində Azərbaycan dilinə ilk dəfə tərcümə olunan esse hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

Mark Tvenin (1835-1910) “Yerdən Məktublar”(Letters from the Earth) adlı teoloji essesi (bəzi ədəbiyyatçılar onu nağıl-pritça və ya dini-satirik esse də adlandırırlar) vəsiyyətinə görə ölümündən əlli iki il sonra, 1962-ci ildə qızı Klara Klemens tərəfindən nəşr edilib. Yazıçının redaktoru Bernard De Votonun dediyinə görə, Mark Tven dini icmaların qınağına səbəb olan həssas mövzulu tənqidi esse və oçerklərini ömrünün ağır və sarsıntılı illərində (1904-1909) yazıb, böyük yazıçının xristian dininin dəyərlərinə və ümumiyyətlə, dinə qarşı sarkastik baxışları da onun külli miqdarda borca düşməsindən, əvvəlcə qızı Süzinin (1896), sonra isə sevimli arvadı və redaktoru Oliviyanın (1904) ölümündən sonra yaranıb. Lakin çox sonralar yazıçının ikinci qızı Klara bunları təkzib edərək atasının esselərinin çap olunmasına icazə verib və izah edib ki, “Mark Tven bütün dünyaya məxsusdur”, ona qarşı “hansısa icmanın qınağı önəmli deyil”.

Yerdən Məktublar

Allah taxt-tacında oturub düşünürdü; arxasında parlaq işıq və rənglər selində çimən sonsuz asiman görünürdü, qarşısında Fəzanın zülmət qaranlığı divar kimi uzanmışdı. Xudavəndi-Aləm daha yüksəklərə qalxdı; sanki ən hündür dağın başına çıxmışdı, günəş kimi parlayırdı. Onun ayaqları altında üç nəhəng fiqur durmuşdu, demək olar ki, çox xırda məxluq təsiri bağışlayırdılar, onlara mələklər də demək olardı, başları Rəbbi Aləmin topuğuna çatırdı.

Yaradan xeyli fikirləşəndən sonra dedi:

– Mən düşünmüşəm! Baxın!

O əlini qaldırdı, Ondan gözqamaşdıran alov cərəyanları çıxdı; milyonlarla nəhəng günəş zülmətləri yararaq Fəzaya yayıldı, ən ucqar nöqtələrə səpələndi; onlar lap solğun nöqtə oluncaya qədər uzaqlaşdılar, ucsuz-bucaqsız külli-aləmin altında mismarın ucunda sayrışan brilyant qaşını xatırlatdılar.

Bir saatdan sonra Böyük Məclis buraxıldı.

Mələklər heyrətlənərək Yaradanın ayaqları altından qayğılı-qayğılı uzaqlaşdılar, rahat danışmaq üçün özlərinə xəlvəti yer tapmağa tələsdilər. Heç biri danışmağa cürət etmirdi, üçü də səbirsizliklə gözləyirdi: görəsən ilk olaraq söhbətə kim başlayacaq? Onlar bu böyük hadisəni müzakirə etmək istəyirdilər; axı heç kəs əvvəlcədən kimin nə düşündüyünü duymadan öz fikrini bildirmək istəmirdi! Beləliklə, mələklər boş və mənasız şeylərdən danışdılar: gah susdular, gah da kəsik-kəsik səslər çıxartdılar. Nəhayət, mələklərdən biri - Şeytan bütün gücünü və cəsarətini toplayıb mətləbə keçdi:

– Cənabi mələklər, biz buralara nə üçün gəldiyimizi bilirik; gəlin özümüzü aldatmayaq, əsl mətləbdən danışaq. Axı bu, Böyük Məclisin fikridi...

– Əlbəttə, əlbəttə,- deyə Cəbrayıl və Mikayıl bir ağızdan minnətdarlıq hissiylə dedilər.

– Çox yaxşı, onda gəlin başlayaq: biz heyrətamiz bir hadisənin şahidi olduq; onun praktiki dəyərinə gəlincə (əlbəttə, əgər o dəyər varsa!), deməliyəm ki, məsələnin bizə dəxli yoxdu. Biz bu hadisə barədə nə qədər desəniz düşünə bilərik, onun haqqında rəy söyləyə bilərik, vəssalam. Daha heç nə edə bilmərik. Bizim səsvermə hüququmuz yoxdu. Hesab edirəm ki, Fəza elə əvvəlki formasında da yaxşıydı, özü də çox faydalıydı: soyuq, qaranlıq, qəşəng yer idi, hərdən orda dincəlmək də mümkün idi, göylərin ərköyün iqlimindən və cansıxıcı əzəmətindən qurtulub rahatlıq tapa bilirdik. Lakin bütün bunlar xırda şeylərdi, əhəmiyyəti-filanı yoxdu. Bəs yenilik, ən vacibi, yeni düzən nədən ibarətdir, cənabi mələklər?

– Mexaniki hərəkət edən, fırlanan, uçan saysız-hesabsız ulduzları, günəş və aləmləri idarə etmək üçün öz-özünü tənzimləyən Qanunun kəşfi və təqdim edilməsidi yenilik!

– Məsələ də elə budur!- Şeytan dilləndi. - Görürsüz, necə möhtəşəm ideyadı! Böyük Yaradan hələ indiyə kimi belə bir heyrətamiz şey yaratmamışdı. Bu Qanun Mexaniki Qanundur, dəqiq və dəyişməz Qanundur! Heç bir əlavə yanaşmaya, düzəlişə ehtiyacı yoxdu, əbədidir. O dedi ki, bu saysız-hesabsız nəhəng kütlələr Fəzada əsrlərlə, əbədi dolaşacaq, orbitdə elə sürətlə hərəkət edəcəklər ki, heç vaxt bir-birinə toqquşmayacaqlar, öz dövrələrini bir an belə durdurmayacaqlar. Bax elə yeni möcüzə bundan ibarətdir, bütün möcüzələrin ən möhtəşəmi və böyüyü elə budur: MEXANİKİ QANUN! Xudavəndi-Aləm ona ad qoydu – “Təbiət Qanunu”! Və dedi ki, bu elə “Allahın Qanunu”dur. Bir hadisənin iki bir-birini əvəz edə biləcək adı elə budur!

– Hə, elədir, - Mikayıl dedi,- həm də O dedi ki, Təbiət Qanununu - Allahın Qanununu işə salır, bu gündən onun itaətində olan hər şey üzərində bu Qanun tətbiq olunacaq, o ali və pozulmazdı!

Cəbrayıl əlavə elədi:

– Xudavəndi-Aləm dedi ki, bir müddətdən sonra heyvanlar aləmini də yaradacaq, onları da bu Qanuna tabe etdirəcək.

– Hə, mən də eşitdim, -Şeytan dedi,- elə bir şey də dedi, lakin mən heç nə başa düşmədim. Cəbrayıl, “heyvanlar aləmi” nə deməkdi?

– Mən hardan bilim? Heç birimiz bilmirik axı? Nəsə təzə sözdü.

Səma təqviminə görə 300 il, Yer vaxtına görə isə yüz milyon il keçir, Xəbərçi Mələk zühur edir, onlara deyir:

– Cənabi mələklər, Allah heyvanlar aləmini yaradır. Gəlib baxmaq istərdinizmi?

Mələklər gedib baxdılar, çaşıb qaldılar. Allah onların çox karıxdığını görüb dedi:

– Hə, di soruşun, mən də cavab verim.

– İlahi!- Şeytan təzim edərək dedi.- Bunlar nə üçündü?

– Onlar təcrübə üçün lazımdı ki, əxlaq və davranış prinsipləri tətbiq edilsin! Siz də onlara baxıb öyrənin!

Heyvanlar minlərlə idi, hamısı hərəkətdəydi. Çox məşğul görünür, əsasən biri birini didib-parçalamaqla məşğul idi. Şeytan onlardan birini iri bir mikroskopla müşahidə elədi, sonra dedi:

– İlahi! Bu yekə heyvan özündən zəifləri parçalayıb öldürür!

– Pələngi deyirsən? Əlbəttə, yırtıcılıq onun təbiətindədir, onun təbii qanunu budur, bu da elə Allahın qanunudur. Pələng ona itaət etməyə bilməz.

– Deməli, o Təbiət Qanununa itaət edərək heç bir cinayət törətmir, eləmi?

– Bəli, onun heç bir günahı yoxdu.

– İlahi, bax o heyvan çox qorxaqdı, ölümün pəncəsinə müqavimət belə göstərmir.

– Dovşanı deyirsən? Hə, elədi, o qorxaqdı, cürətsizdi. Bu onun təbiətindədir; Təbiət qanunudu, həm də Allahın Qanunudu!. O buna tabe olmalıdır.

– Ya Rəbb, deməli, belə çıxır ki, dovşandan öz təbiətinə qarşı çıxmağı, müqavimət göstərməyi tələb etmək ədalətsizlik olar, eləmi?

– Bəli. Heç bir varlıqdan tələb etmək olmaz ki, o öz təbii qanunu əleyhinə çıxsın, yəni Allahın Qanununa qarşı çıxsın.

Şeytan xeyli sual verdi, sonra dedi:

– Hörümçək milçəyi öldürüb yeyir. Sərçə hörümçəyi öldürür, sonra da yeyir. Vaşaq qazı öldürür və... bir sözlə, onların hamısı bir-birini öldürür. Hara baxırsan, elə öldürməkdi. Bu vəhşilər saysız-hesabsızdı, onlar elə hey öldürürlər, öldürürlər, qırırlar...Hamısı qatildi! Və hamısı da günahsız, eləmi?

– Onlar günahsızdı. Onların təbiətinin qanunu belədi! Təbiətin Qanunu isə hər zaman Allahın Qanunudu! İndi isə... Baxın! Baxın, yeni məxluq gəlir, özü də şedevr məxluq - İnsan!

Və milyonlarla kişi, qadın, uşaq yarandı, insanlar dəstə-dəstə, sürü-sürü səpələndilər.

– İlahi, bəs Sən bunlarla nə edəcəksən?

– Hər bir fərdin içinə ayrı-ayrı, müəyyən dərəcədə müxtəlif əxlaqi keyfiyyətlər dolduracam; bu o əxlaqi cəhətlərdi ki, dilsiz heyvanlar arasında da onların xarakterlərinə uyğun paylamışam: cəsurluq, qorxaqlıq, azğınlıq, həlimlik, saflıq, xeyirxahlıq, ədalət, ikiüzlülük, amansızlıq, kin, hirs, ehtiras, nəfs, mərhəmət, kədər, təmizlik, hiyləgərlik, xəyanət, sədaqət, xudbinlik, şirinlik, şərəf, sevgi, nifrət, alçaqlıq, kübarlıq, dürüstlük, saxtalıq, doğruluq, yalan...- hər bir insan bu cəhətlərin hamısını alacaq, beləliklə, bu cəhətlər yığını onların təbiətini formalaşdıracaq. Bəziləri öz yüksək və gözəl cəhətləriylə o birilərini üstələyəcək, onlara “yaxşı adam” deyəcəklər, bəzilərində daha çox pis keyfiyyətlər olacaq, onlara da “pis adam” deyəcəklər. Baxın, baxın...onlar qeyb olurlar!

– Hara belə gedirlər, İlahi?

–Yer üzünə. Onlar və onların həmdaşları olan heyvanlar da.

– “Yer” nə deməkdir, İlahi?

– Girdə kürə. İki era bundan qabaq mən yaratmışdım. Siz onu görmüşdünüz, lakin aləmlərin və günəşlərin partlayışı zamanı mənim əlimdən sürüşüb səpələndiklərinə fikir verməmişdiniz. İnsan təcrübədir, heyvan isə daha bir təcrübədi. Zaman bu məxluqların dəyərli olub-olmamasını göstərəcək. Vəssalam, təqdimat bitdi, indi gedə bilərsiz, cənablar.

Bir neçə gün keçdi. Bizim vaxtla bu, uzun zamandı, yəni səma təqviminə görə bir gün min ilə bərabərdi.

Şeytan Allahın yaratdığı bəzi parlaq və möhtəşəm ixtiralarını görüb heyran qalmışdı, Ona tərfilər və mədhiyyələr yağdırırdı, lakin bu mədhiyyələrdə sarkazm sezilirdi. O bu sarkastik notlarını öz dostlarına və digər mələklərə də xəlvəti söyləmişdi; adi mələklərdən biri Şeytanın rişxənd dolu söyləmələrini eşidib yuxarıya – Yaradana xəbər verdi.

Allah Şeytana cəza verdi, onu göylərdən səma təqviminə görə bir günlük Yerə qovdu. Şeytan diribaşlığına və çox xətalı dilinə görə belə cəzalara çoxdan alışmışdı. Əvvəllər onu Fəzaya sürgün edirdilər, çünki sürgün üçün başqa yerlər yox idi; o Fəzanın zülmətində, Arktik soyuqlarda qəmli-qəmli dolaşardı. Lakin bu dəfə o Yeri axtarmağa başladı, İnsan cəmiyyətiylə bağlı təcrübə hadisəsinin necə getdiyini müşahidə etmək istədi. Bir müddətdən sonra Şeytan evə - şəxsən Mikayıl və Cəbrayıl mələklərinə Yerdə gördükləri barədə xəlvəti məktublar yazdı.

(Ardı var)

# 1572 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #