YARAT-da belçikalı rəssamın sərgisi keçiriləcək

YARAT-da belçikalı rəssamın sərgisi keçiriləcək
17 avqust 2022
# 10:00

YARAT Müasir İncəsənət Mərkəzində belçikalı konseptual rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar" fərdi sərgisi davam edir.

Kulis.az xəbər verir ki, sərgi restruktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub və azadlıq ehtirasını simvolizə edir. İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M.Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir.

Beləliklə, M.Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki "oğurlayan və talayan" nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.

Bir çox digər öz sərgilərində olduğu kimi, rəssam daim “qaçış planı”nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin ram olunmayan gözəlliyində, məsələn: ətrafa bürünc fıstıqlar səpən xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi səmada süzülən gümüş səddin eleqantlığında tapır. Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən çəkildiyi filmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə edərkən hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir zamanlar sürrealistlərin "partlayış təhlükəli" adlandırmaq istədikləri sirli "məhvedici" gözəlliyə malikdir. Təqdim edilmiş digər heykəltəraşlıq kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən, diqqətlə seçilmiş zəif, demək olar ki, bayağı materiallardan ibarətdir.

Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.

Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam-kurator Erix Vaysdır (Erich Weiss).

Sərgini çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00–dan 20:00–dək ziyarət etmək olar.

# 1130 dəfə oxunub

Müəllifin son yazıları

# # #