Yaponiyada 1800 illik maska tapıldı

Yaponiyada 1800 illik maska tapıldı
29 aprel 2023
# 12:00

Yaponiyanın Şərqi Osaka bölgəsindəki sidr ağacından hazırlanmış 1800 illik taxta mərasim maskası tapılıb.

Kulis.az xəbər verir ki, Osaka Mədəni İrs Mərkəzinin səlahiyyətliləri, insan üzü şəklində olan maskanın aparılan qazıntılar zamanı tapıldığını açıqlayıb.

Taxta maskanın hündürlüyü təxminən 30 santimetr, eni isə 18 santimetrdir.

Tədqiqatçılar maskanın 1800 il əvvəl Yayoi dövründə mühüm kənd təsərrüfatı bayramları zamanı dini mərasimlərdə istifadə edildiyini bildiriblər.

Yayoi dövrünün səciyyəvi xüsusiyyətləri arasında Yayoi saxsı üslublarını qeyd edən tədqiqatçılar bu dövrdə dülgərlik və memarlığın inkişaf etdiyini, çəltik sahələrində intensiv çəltikçiliyin başlandığını qeyd ediblər.

Tapılan maskanın bu dövrə aid üçüncü taxta maska nümunəsi olduğu və Nara əyalətindəki Makimuku xarabalıqlarında tapılan başqa bir maskaya bənzədiyi qeyd edilib.

"Düşünürəm ki, maska insan formasında tanrı olduğuna inanılan və "Okiminin" suverenliyini təmsil edən "baş ruhu"dur", -deyə Makimukuqaku Araşdırma Mərkəzinin direktoru Kaoru Terasava qeyd edib.

Açıqlamada Okiminin eramızın 3-cü əsrindən 7-ci əsrinə qədər hökmranlıq edən bölgədə hələ də Nara vilayəti kimi tanınan nüfuzlu qəbilələrdən ibarət siyasi koalisiya olan Yamato Krallığının lideri olduğu bildirilib. Qazıntıda maskadan başqa taxta su vedrəsi və lövbər formasında yanmış taxta əşyanın tapıldığı da açıqlanıb.

Qeyd edək ki, maska aprelin 29-dan mayın 7-dək Osaka əyalətinin İzumi rayonundakı Yayoi Mədəniyyət Muzeyində nümayiş etdiriləcək.

# 1009 dəfə oxunub

Müəllifin son yazıları

# # #