“Yad müharibə” yekunlaşmışdır! - Tatyana Qrişenkova yazır...

Ernest Heminquey, yazıçı

Ernest Heminquey, yazıçı

2 iyul 2022
# 16:00

Kulis.az Tatyana Qrişenkovanın “Frederik Henri üçün yad müharibə” adlı yazısını təqdim edir.

(E.Heminqueyin “Əlvida, silah!” əsəri)


Müharibə mövzusu Ernest Heminqueyin bütün yaradıcılığını əhatə edir, çünki hər şeydən əvvəl “Heminquey özü də bir neçə müharibə yaşamışdır”.


Amma K.Simonovun (Konstantin Simonov (1915-1979) – rus, sovet yazıçısı, şair, dramaturq – X.N.) təbirincə desək, Birinci dünya müharibəsi onun üçün yad idi, bu, onun müharibəsi deyildi. Elə onun romanı “Əlvida, silah!” əsərinin baş qəhrəmanı Frederik Henri də eyni düşüncədədir. Mütləq qeyd etmək lazımdır ki, sivilizasiyanın tarixi təcrübəsi “doğmalar” və “yadlar” əzəli qarşıdurmasının müharibələr, mübarizələr və toqquşmalar kimi müxtəlif formalarını nümayiş etdirir. Özlüyündə ikili anlam daşıyan “doğma/yad” anlayışı universal və müvəqqəti xarakter daşıyır.


Dünyanın bu kriteriya əsasında qruplaşdırılması bir çox dünya xalqlarının dil mənzərəsinə xasdır, elə V. N. Toporovun (Vladimir Nikolayeviç Toporov – 1928-2005. Rusiya və Sovet linqvistiki, filoloq – X.N.), M. Eliadenin (Mirça Eliade – 1907-1986. Rumın, fransız, Amerika filosofu. Etnoqraf, yazıçı – X.N.) və başqalarının elmi işləri də bunu təsdiq edir. Sözügedən fakt “doğma/yad” mövqeyinin insan şüuru üçün xüsusi mənasını göstərir, bu da hazırkı vəziyyətdə əcnəbi dilli mətnlərin araşdırılmasını tamamilə aktual etməklə yanaşı, həm də müasir dövrdə humanitar elmlərin inkişafına səbəb olur.


Romanın lap əvvəlindən müəllif oxucuya İtaliya ordusunun sanitar bölümündə xidmət göstərən əsas qəhrəmanın – amerikalı Henrinin müharibəyə hansı səbəbdən getməsinə dair izahat vermir. Bəlkə, bu rəşadətin ortaya çıxması, cəsarət hissinin sınağa çəkilməsi arzusuydu. Amma leytenant Henri əmin idi ki, o, müharibədə həlak olmayacaq, çünki “bunun ona heç bir dəxli yox idi... elə bil kinodakı müharibədən heç də az təhlükəli deyildi”.


Bu müharibə qəhrəman tərəfindən, həqiqətən də, hansısa yad, doğma mədəniyyətin sərhədlərindən kənarda olan nəsnə kimi qəbul edilir, buna görə də o, ingilis ordusunda xidmət etmədiyi üçün təəssüflənir. Amerikada bu müharibə “qeyri-adi və sirli” hesab edilirdi. Əsərdəki “doğma” və ya “yad”ın dərkedilməsi prosesində dünyanın mənzərəsinin xüsusiyyətləri ilə qəhrəmanın individual oxşarlığı əsas məna daşıyır. “Əlvida, silah!” romanında E.Heminquey individual düşüncə tərzi olan, İ.V.Qolovaçyovanın dediyi kimi “hər halda dünyanın xilas ediləcək qədər dəyərli olduğunu hesab edən, amma... özünü “döyüşmək, döyüşmək, döyüşmək” olmadan necə nail olmaq olar” düşüncələri ilə yormayan amerikalının duyğularından bəhs edir.


Yazıçı öz romanında “romantik amerika şüurunu və namus kodeksini – pioner şərəfini, təbiətlə uzlaşdığı hiss edilən yeni məkanların istilaçılığını” təmsil edən amerikalı obrazı yaradır. “Doğma/yad” kateqoriyası bu vəziyyətdə baş verən hadisələrin aksioloji (dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi – X.N.) kontekstdə nəticəsi kimi təqdim edilir. “Doğma” və ya “yad” kimi qəbul edilən obyektlərə münasibət dəyişilə, onların təsnifatlaşdırılması prosesində intensivliyin müxtəlif dərəcəsinə nail oluna bilər.


Frederik Henrinin dünyagörüşünün dəyişməsi ilə eyni vaxtda onun hərbi əməliyyatlara münasibətinin davamlı dəyişdiyini də görmək olar. Romanın başlanğıcında Henri sürücülərin “yad hökumət özü uğrunda döyüşməyə məcbur edə bilməz, elə ilk döyüşdən hamı dağılışacaqdır” kimi qiyam dolu düşüncələrinə etiraz edir. Qəhrəman baş verən hadisələrin mühümlüyünə əmindir: “Mən bilirəm ki, müharibə qorxulu hadisədir, amma biz onu sona çatdırmalıyıq”.


Ağır yaralandıqdan sonra sağalan Henri artıq öz mülahizələrində əvvəlki kimi kəskin deyil, onda skeptik düşüncələr meydana gəlir, ali fikirlərə və ideallara etibarsızlıq yaranır: “Müqəddəs, gözəl, qurban” sözləri və “baş verdi” ifadəsi məni həmişə utandırır. Biz bəzən onları yağışın altında dayanaraq, elə bir məsafədən eşidirdik ki, sadəcə ayrı-ayrı qışqırıqlar gəlib bizə çatırdı... amma mən heç bir müqəddəs görmədim, möhtəşəm hesab olunan isə bu münasibətə layiq deyildi. Qurbanlar Çikaqo sallaqxanalarını xatırladırdı, sadəcə olaraq burda ət torpağa basdırılırdı”.


Beləliklə, Frederik Henridə əminlik yaranır ki, müharibə hər şeydən əvvəl müəyyən şəxslər – hətta hərbi əməliyyatlarda aktiv iştirak etməyənlər üçün də faydalı olan böyük bir yalandır. Buna görə də leytenant Henrinin sürücü Bonellonun fərarilik etməsini gizlətmək qərarı tamamilə təbii görünür. Amma əsas qəhrəmanın dünyagörüşündə qəti dönüş italyan səhra jandarmının öz ordusunun hərbçilərini güllələdiyi kulminasiya səhnəsində baş verir. Müharibənin və qurbanların mənasız olması leytenant Henriyə bu faciəvi anda aşkar olur, “silahla birdəfəlik ayrılıq” baş verir.


Dünya leytenant Henri üçün iki hissəyə bölünür: burada onun özü və sevimli Ketrin var, amma həm də “onlar” var, yəni “başqalarının həyatını idarə etmək üçün şövqlə səy göstərərək” haqq-hesab edənlər, bu mənasız müharibəni yaradan (başlayan, aparan)lar. Özünəməxsus seçim, yad fikirlərin şəxsi dəyərləndirmə sisteminin filtrlərindən ələnməsi prosesi gedir.


Fərqli qiymətli kontekstdə olduqda (real döyüş əməliyyatları şərtlərində) cəsurluğun və rəşadətin əvvəlki etalonları nəinki zəifləyir, həm də militarist ideoloqların müflisləşdiyi aşkara çıxır.


Faktiki olaraq “Əlvida, silah!” romanının baş qəhrəmanı üçün bu andan etibarən “yad müharibə” yekunlaşmışdır.

Frederik Henri azad seçimini edir, çünki o, cəbhəyə könüllü yollanmışdı. Henri əmindir ki, bu, onun müharibəsi deyil, buna görə də onu özü üçün bitirə, “sülh bağlaya bilər”. Amma “müharibə qəhrəmanları yaxalayır”, sonra da qaçdığına görə zalımcasına və qəddarlıqla qisas alır.

Faciə, taleyin dözülməzliyi qəhrəmanı tərk etmir: “İnsanlar dünyaya bu qədər cəsarət bəxş etdiyi zaman, dünya onları öldürməlidir ki, sındırsın, buna görə də onları öldürür. Dünya hər kəsi sındırır, bir çoxları sonra daha da möhkəmlənir. Amma sınmaq istəməyənləri öldürür. O, ən xeyirxahları, mülayimləri, cəsarətliləri seçmədən öldürür. Amma əgər sən nə əvvəlki, nə digəri, nə də üçüncüsüsənsə əmin ola bilərsən ki, səni də öldürəcəklər, amma bunu tələsmədən edəcəklər”.


Qədim etik sistem dağıdılmışdı. Leytenant Henri tərəfindən müharibə ilə birlikdə sivilizasiyanın bünövrəsi də inkar edilir. Qəhrəman yeni həyat üçün mənəvi dəstək tapmağa çalışır, Frederik üçün əsas dəyərlilər Ketrin ilə gələcək övladı olur. Amma məlum olur ki, iki nəfərdən ötrü qanlı müharibənin ekzistensial dəhşətləri üçün yer olmayan alternativ dünya yaratmaq qeyri-mümkündür. Müharibə qəhrəmanları haqlayır, dönüklüyə görə qəddarlıqla qisas alır: uşaq ölü doğulur, Ketrin isə doğuşdan sonrakı qanaxmadan dünyasını dəyişir. Belə düşünmək olar ki, bu ölümlərin müharibəyə heç bir dəxli yoxdur, amma Heminquey bu qarşılıqlı əlaqəni bitmək bilməyən yağış anlayışı, döyüş epizodları, qəhrəmanların ayrılıqları, insanların məqsədlərinin və ümidlərinin reallaşmayacağı düşüncəsi, bundan başqa qanlı simvollarla, ölümlərlə tərənnüm edir. Buna görə də Frederik Henrinin romanın sonunda “gözlərinin açılması” bu qədər faciəlidir: “Bax, hər şey bu cür bitir. Ölümlə. Hətta heç bilmirsən ki, bütün bunların səbəbi nədir. Öyrənməyə macal da tapmırsan. Səni sadəcə olaraq həyata atırlar və qaydalar barədə xəbərdar edirlər. Səni ilk dəfə pis vəziyyətdə gördükdə isə öldürəcəklər... Tez və ya gec səni öldürəcəklər. Buna əmin ola bilərsən. Əyləş və gözlə. Səni öldürəcəklər”. Sözsüz ki, ölümün bu cür real varlığı, müharibənin təlqinidir. Qəhrəman ölümlə üzbəüz olduqda metafizik tənhalıq hiss edir, onun qaçılmaz olduğunu dərk edir. Yazıçının şüurunda müharibə və ölüm hər zaman ayrılmaz anlayışlar olaraq mövcud olmuşdur.

Heminquey müharibəyə nifrət bəsləmiş, onu “ölümcül, iyrənc cinayət” hesab etmişdir. Amma bununla belə Amerika yazıçılarının II Konqresindəki çıxışında Heminquey bəyan etdi ki, “müharibədən də pis hadisələr var. Qorxaqlıq daha pisdi, xəyanət ondan da pis, eqoizm lap pis”. Və bu o deməkdir ki, onun əsərlərinin qəhrəmanları vicdanlı, sözü birbaşa deyən, xeyirxah, əməksevər, “hansısa böyük və gözəl ölkənin uğrunda ölməyə hazır”, amma həyatın sınaqları qarşısında təqsirsiz olan və sınmayan amerikalının ümumiləşmiş obrazını yaradırlar. Heminquey mətanəti bu cür – “özünə sədaqəti” qorumağı bacaran qəhrəmanın həyat istiqaməti kimi təsbit edilir. Məhz “özünə etibar” Frederik Henrinin mənəvi kredosunun özəyinə çevrilir, onun yaşam qaydalarının prinsipini təyin edir.

Beləliklə də “Əlvida, silah!” romanında “yad” anlayışı “qəribə, qeyri-adi, sirli” mənaları vasitəsilə açılır. Birinci Dünya müharibəsini amerikalılar bu cür – “doğma mədəniyyətin hüdudlarının arxasında qalmış əcnəbi” kimi təsvir edir. Baş qəhrəman da romanın başlanğıcında hərbi əməliyyatları bu cür görür. Həlak olmağın bir addımlığında olan leytenant Henri qanlı müharibəni “qəddar, həyat üçün təhlükəli” adlandırır. Bundan başqa müxtəlif mədəniyyətlərin dünyalarının sərhədlərini birləşdirən “doğma/yad” qarşıdurması əsərin mahiyyətini konkretləşdirilir.

Tatyana Qrişenkova

Rus dilindən tərcümə edən: Xatirə Nurgül

/litpark.az/

# 1638 dəfə oxunub

Müəllifin son yazıları

# # #