Səbuhi Məmmədli: “Kabulda beş manata bir qram heroin aldım” - MÜSAHİBƏ

<span style="color:red;">Səbuhi Məmmədli:  “Kabulda beş manata bir qram heroin aldım” - <span style="color:red;">MÜSAHİBƏ
26 dekabr 2017
# 21:04

Kulis.az tanınmış jurnalist, Lent.azın redaktoru Səbuhi Məmmədlinin Publika.az-a müsahibəsini təqdim edir.

– Səbuhi bəy, təhsiliniz jurnalistika deyil. Amma ən yaxşı jurnalistlərimizdən biri kimi tanınırsınız. Özünüzü harda və necə yetişdirmisiniz?

– Mən çox ədəbiyyat oxumuşam. Uşaq vaxtı şeirlər, kiçik hekayələr də yazırdım. Bütün Azərbaycanın yaxşı tanıdığı Dilarə Azaflı ədəbiyyat müəllimim olub. Çox gözəl ədəbiyyat müəllimi idi və ədəbiyyata, Azərbaycan dilinə, tariximizə qəribə bir sevgisi vardı. Təxminən, 7-8-ci sinifdə oxuyanda Dilarə müəllim mənə dedi ki, səndən yaxşı jurnalist ola bilər.

Yadıma gəlir, 1986-cı il idi. Biləcəridə bizim 5 nömrəli məktəbin futbol komandası çempion olmuşdu. Bu barədə 4-5 cümlədən ibarət bir yazı yazıb, “Kommunist” - indiki Azərbaycan Nəşriyyatına apardım. Qapıdakı milis məni içəri buraxmadı. Bu vaxt “Bakı” qəzetinin əməkdaşı Araz Qurbanov içəri girirdi, soruşdu ki, nə istəyirsən? Dedim, yazı gətirmişəm. Məni otağına – “Bakı” qəzetinin “İdman xəbərləri” şöbəsinə apardı, səhəri gün isə 4-5 cümləlik xəbərim ölkənin üç ən böyük qəzetindən biri olan “Bakı”da çıxdı. Altına da adım yazılmışdı: Səbuhi Məmmədov! Məktəbdə ulduz oldum. Rəhmətlik anamdan pul alıb köşkdən 30 dənə qəzet götürdüm, məktəbdə hamıya payladım.

– Bəs jurnalistikada peşəkar fəaliyyətə nə vaxtdan başlamısınız?

– 1990-91-ci illərdə mütəmadi olaraq, qəzetlərə yazı yazırdım, amma hər şey 1992-ci ilin noyabrın 17-də başladı. İndiki “Azərsun”un yanında bir qəzet köşkü vardı. Orada “525-ci qəzet”i gördüm. Baxdım təsisçi Rəşad Məciddir, yazmışdı ki, gəncləri qəzetimə dəvət edirəm, gəlib işləsinlər. Mən birbaşa Nəşriyyata getdim, Yusif Rzayev redaktor idi. Onunla görüşüb danışdım, dedi, gəl işlə. Vəssalam! Ondan bəri 25 ildir mətbuatdayam.

– “525-ci qəzet”də neçə il işlədiniz?

– Çox işlədim. Orda bir rubrika vardı. “Hayd park”. Əvvəlcə onu aparırdım. O rubrikanı Pərviz Cəbrayıl başlamışdı, amma cəmi bir müsahibə almışdı. Sonra elə oldu ki, Pərviz “Azadlıq” qəzetinə getdi, mən davam elədim. İlk müsahibim rəhmətlik Nizami Süleymanov oldu. O vaxt Nizami müəllim çox populist şüarlarla çıxışlar edirdi. Məsələn, 3 aya Qarabağı alacam, bir ilə hamının evi olacaq və s. Deyim ki, Nizami Süleymanovla müsahibə çox uğurlu alınmışdı. Hətta prezident Elçibəy o müsahibəni oxuyub müşavirədə demişdi ki, neçə aydır Azərbaycan Xalq Cəbhəsinin Nizami Süleymanovun populist şüarlarına qarşı görə bilmədiyi işi cavan bir uşaq gördü, bir müsahibə ilə onun xarizmasını məhv elədi.

"Dedi ki, əsgərlərin meyitlərini itlərə atdıq, yedilər" - Səbuhi Məmmədli

Bundan sonra Mehman Cavadoğlu məni dövlət qəzetinə, yəni “Azərbaycan” qəzetinə xüsusi muxbir götürdü. İkinci kurs tələbəsinin dövlət qəzetində xüsusi muxbir olması elə-belə şey deyildi. Sonra da Yusif Rzayev Nazirlər Kabinetinin “Respublika” qəzetinə baş redaktor getdi, məni də “525-ci qəzet”ə redaktor təyin elədilər. Belə...

– Bildiyimə görə, sizin redaktorluğunuz “525-ci qəzetin” ən məşhur dövrü olub...

– “525-ci qəzet” o vaxt çox radikal idi və əməkdaşlarının hamısı da gözündə qorxu olmayan gənclər idi. Təsəvvür edin, baş prokuror Əli Ömərov məni gəlib redaksiyanın içindən götürüb aparmışdı. Yəqin Rəşad Məcid də etiraf edər ki, bu qəzetin ən məşhur vaxtı mənim dövrümdə olub. Amma bu qəzet heç vaxt nə Səbuhinin, nə Yusifin, nə də digərinin qəzeti olmayıb, həmişə Rəşadın qəzeti sayılıb. Amma etiraf eləmək lazımdır ki, “525-ci qəzetin” ən böyük siması Yusif Rzayevdir. “525” deyəndə, ilk növbədə göz önünə Yusif gəlir. Yusif BDU-nun jurnalistika fakültəsindən böyük məktəbdir.

– Yaxınlarda qəzetin yubileyi oldu. Səhv eləmirəmsə, hardasa yazmışdınız ki, yubileydə iştirak eləyənlərin əksəriyyətinin “525-ci qəzet”ə dəxli yoxdur.

– Hə, yazmışdım. O qədər ziyafətlər, o qədər məclislər elədilər, bir dəfə də demədilər ki, Səbuhi, bizim tədbirimizdir, sən də gəl. Çoxsaylı tədbirlərin sonuncusunda Yusif yazdı ki, sabah tədbirdi. Onda da İranda müalicədəydim. Təsəvvür elə, Cahangir Məmmədli “525-ci qəzet” haqqında kitab yazır, mənim adım yoxdur. Kitabın Bakı Dövlət Universitetində təqdimatı keçirilir, məni dəvət eləmirlər. Bu şeylər bir az mənə ağrılı gəlir.

Kəramət, 90-cı illər çox təlatümlü bir dövr idi. Üzünə demək olmasın, səni, Ayxanı, Ramin Dekonu və başqa 5-6 nəfəri çıxmaq şərtilə bu gün də Azərbaycan jurnalistikasını öz çiynində aparanlar 90-cı illərin uşaqlarıdır. O təlatümlü illərdə biz hamımız siyasi proseslərin içərisində olmuşuq. Təlatümlər nə qədər çox olsa da, işləmək indikindən qat-qat rahat idi. Çünki münasibətlər daha səmimi idi. Jurnalist həmrəyliyi var idi.

Təsəvvür elə, öz də o vaxt internet də yox idi, bütün partiyaları bir-bir gəzirdim. İndi deyirlər ki, filan gizli mənbənin verdiyi məlumata görə, filan şey filandır. Amma onda mənbələrin hamısı açıq idi. Bir partiya sədri sənə zəng edib kompromatlar deyə bilərdi. Xəbər çox idi, bolluq idi. İndiki kimi xəbər qıtlığı yox idi. İndi 50 manata mənbə satırlar, amma o vaxt adamın başını da kəssəydilər, heç kim mənbə satmazdı.

– Həmin vaxtlar hansı mövzulara senzura vardı? Məsələn, siz nəyi yazmaqdan çəkinirdiniz?

– 1994-cü ildə “525-ci qəzet”də işlədiyim dövrdə zorən özümüzə senzura qoyurduq. Çünki Azərbaycan dövləti təzə yaranmışdı, Heydər Əliyev hakimiyyətə təzə gəlmişdi, başıpozuq qruplar çox idi, nəzarət eləmək olmurdu. Məsələn, bir Məlik dayı vardı, o vaxt əlində avtomat “Müxalifət” qəzetinin redaksiyasına soxulmuşdu, rəhmətlik Ağamalı Sadiqə dedi ki, hamınızı biçəcəm. Belə şeylər vardı deyə, ehtiyatlı olmağa məcbur idik.

– Necə bilirsiniz, şəxsi münasibətləri nəzərə ala-ala yaxşı jurnalist olmaq mümkündürmü? Məsələn, filankəs dostumdur, filan şeyi yazmayım. Özü də bilirsiniz ki, yaş artdıqca münasibətlər çoxalır və bu münasibətlərlə birilikdə daxili senzuralar artmağa başlayır...

– Yaxşı sualdır. Mən də fikirləşirəm ki, müəyyən bir etiket qaydası var, məsələn, mənim də haqqımda hansısa bir kompromat getsə, həmin saytlardan xahiş edərəm ki, o informasiyanı çıxarsınlar. Bunlar mentalitetimizdən gələn bir şeydir. Amma yəqin ki, əsl jurnalistikada, yəni fövqəl jurnalistikada heç bir şəxsi münasibət nəzərə alınmır. Biz isə fövqəl jurnalist deyilik.

– Sizi Azərbaycanda reporatj ustası kimi də tanıyırlar. Hətta deyilənə görə, getmədiyiniz, olmadığınız yerlərdən reportajlar da yaza bilirsiniz...

– Belə bir hal bircə dəfə olub. Rauf Arifoğlu məni Qusara ezamiyyətə göndərmişdi. Mənim də əlimdə rayonun bir neçə kəndindən şikayət məktubları vardı. Qubaya kimi getdim, orda dostlarım vardı, oturub yeyib-içdik, fikirləşdim ki, bundan sonra Qusara necə gedim? Gördüm şikayət məktubları var, adamların da bir-ikisini tapıb telefonla danışdım. Qubada da alma bağlarının şəkillərini çəkdim, guya Qusardayam (Gülür). Yazıb verdim, normal da reportaj alınmışdı. Sonra bu “sirri” içki məclislərinin birində öz dilimdən qaçırmışdım, adamların arasında yayılmışdı. Buna görə deyirlər ki, Səbuhi getmədiyi yerlərdən də reportaj yaza bilir. Axı mənim ayağımın dəydiyi elə yerlər var ki, Azərbaycan jurnalistikasından heç kim ora gedə bilməyib. Mən 16-17 saat Şimali Koreyada olmuşam. Əfqanıstanda, Pakistanda, İranda, Suriyada, Çeçenistanda olmuşam, keçən ilin sentyabrında ağ ayılardan başqa heç kimin yaşamadığı Tundra kimi yerdən reportaj eləmişəm, bunları heç bir jurnalist eləməyib axı.

– Həyatınız üçün təhlükəli olan yerlərdən dəfələrlə reportajlar hazırlamısınız. Buna görə sizə əlavə pul verilirmi?

– Mən əməyimə görə aylıq maaş alıram. Gedib-gəlmək xərclərinin isə bir qismini “APA Holdinq” ödəyir, bir qisminə isə sponsor tapırıq. 2013-cü ildə Suriyaya keçmək istəyəndə Vüsalə xanım dəfələrlə dedi ki, getmə... Dedim ki, keçəcəm və keçdim. Bütün o dağıntıları gördüm, Hələbin 20 klometrliyinə kimi getdim. Bunu deməmək Allahsızlıq olar, Suriyadan qayıdan kimi Vüsalə xanım mənə əməlli mükafat verdi. Əfqanıstan tarixində ilk dəfə prezident seçkiləri keçirilirdi, bütün dünya mətbuatı orda idi və APA da oldu. Onda da gələndə Vüsalə xanım yaxşı mükafat vermişdi.

– Təhlükəli yerlərə gedəndə həyəcanınızı götürmək üçün spirtli içkilərdən istifadə edirsiniz?

– Oralarda spirtli içki tapmaq çox asandır. Hətta mən Kabulda bizim pulla beş manata bir qram heroin belə almışam, verdim ordakı narkomanlara...

– Özünüz istifadə etmədiniz?

– Yox, yox...

– Heç?

–Əfqanıstan səfəri zamanı Kabulda kafedə oturmuşduq, gətirib narkotikin min növünü qabağımıza tökdülər; ağ, marixuana, tiryək... Başım da çıxmır. Dedim ki, bunlar mənlik deyil, mənə araq tapıb gətirin. Ora Özbəkistandan qaçaq araq keçirdirdilər, tapıb gətirdilər, oturub arağımızı içdik.

– Maraqlıdır, ən çox ölüm qorxusu hiss elədiyiniz yer hara olub?

– 2014-cü il aprelin 4-də Əfqanıstanda prezident seçkiləri keçirilirdi. Biz ayın 2-də getdik. Ayın 3-də Əfqanıstan hökuməti bizə dedi ki, sizi Kabulda müəyyən seçki məntəqələrinə aparacaqlar. Taliban da deyirdi ki, terror eləyəcəm, dağıdacam. Anna Niderqus vardı. Alman jurnalist. O dedi ki, mən Qəndəhara gedirəm. Yerli jurnalistlər ona xəbərdarlıq etdi ki, Qəndəhar çox təhlükəli yerdir, faktiki olaraq Əfqanıstan hökumətinin nəzarət eləyə bilmədiyi bir regiondur. Anna isə israr etdi ki, Kabulda seçkini müşahidə eləməyə nə var, hünərimiz var əyalətlərə gedək. Biz Kabulda qaldıq. O, maşın tutub Qəndəhara getdi. Axşam idi, orda Cavid adlı bir əfqan jurnalist dostumuz da vardı. Otelə getdik, çaxır-zad içdik, bir də gördük ki, Cavid ağlaya-ağlaya içəri girdi ki, Annanı öldürüblər. Soruşdum necə öldürüblər? Dedi, yolda Taliban vurub...

Operatorumuz Fuada da dedim ki, istəyirsənsə, sabah Əfqanıstanın Qarabağ vilayətinə getməyək, qalaq burda. Çünki biz Kabuldan çıxırdıq. Kabuldan çıxmaq isə çox təhlükəlidir. Təsəvvür elə, ölüm 50-nin 50-yədir, qəfil başdan xarabın biri avtomatı çıxarıb bir-bir hamını biçə bilər. Fuad dedi ki, o nə sözdür, qalmaq nədir, gedək. Kabuldan çıxdıq, getdik, gəzdik, çəkdik, gəldik. İçimizdə də dəhşətli ölüm qorxusu vardı.

– Suriyada da bu qədər qorxmamışdınız?

– Maraqlı bir şey danışım. Suriyaya girəndə mənimlə birlikdə Yapon televiziyasının müxbiri Mika Yamamoto da gedirdi. Mika qoruyucu jilet geyinmişdi, dörd dənə də mühafizəçisi vardı. Gündə min beş yüz dollar mühafizəyə pul verirdi. Mənimsə heç nəyim yoxdur, adi göy köynək, əlimdə telefon, fotoaparat və s. Azaz şəhərinə getdim, ordan qayıdanda bir epizod məni dəhşətə gətirdi. Bəşər Əsədə qarşı vuruşanların bir səhra komandiri vardı. Ondan soruşdum ki, siz Əsədin tanklarındakı adamları öldürdünüz, onlar da sizdən öldürürlər, bu meyitləri dəyişirsinizmi? Dedi, yox! Soruşdum bəs tankda öldürülən əsgərlər necə oldu? Qayıtdı ki, itlərə atdıq, yedilər. Onda məni soyuq tər basdı. Necə yəni itlərə atdıq? Dəhşətli bir şeydir.

Suriyadan Türkiyəyə keçib Qaziantepə gəldim. Vüsalə xanıma zəng elədim ki, sağ-salamatam, materailları göndərəcəm. İnternetə girdim, gördüm yazılıb ki, yaponiyalı jurnalist Mika Yamamoto öldürülüb. Halbuki iki gün əvvəl bir yerdə Suriyaya girmişdik.

– Səbuhi bəy, sizin fəxri adınız yoxdur?

– 2009-cu ildə Yeni Nəsil Jurnalistlər Birliyinin ən populyar və nüfuzlu “Media açarı” adlı mükafatı vardı, onu almışam.

– “Əməkdar jurnalist” olmaq istəmirsiniz?

– Vallah, mənə addan çox KİVDF-nin ayıracağı qrant lazımdır. Qrant ayırsınlar ki, get filan yerdən reportaj hazırla. Yolpulu versinlər, yüngül qonararla gedib hardan istəyirlər, reportaj yazmağa hazıram. Məsələn, indi Bağdada getmək istəyirəm. Yetimxanadakı o azərbaycanlı uşaqlarla görüşməyə. Görək alınacaqmı...

– Ev də lazım deyil?

– Öz evim var. Təbii, ikinci ev də mənə mane olmur. Amma o qədər evsiz jurnalist var ki... Məsələn, teleqraf.com saytının redaktoru Zahid Nurəliyevin evi yox idi, mən çox sevindim ki, ona ev verdilər.

– Səbuhi bəy, Qarabağda da olmaq, oradan da reportajlar yazmaq istərdinizmi?

– Əlbəttə, istərdim. Düzü, Dilqəmlə, Şahbazla görüşmək məqsədi ilə Ermənistana da getmək olar. Deyim ki, mənim Ermənistanda, Qarabağda olmaq şansım vardı. 2007-2008-ci illərdə bir layihədə iştirakçı idim. Abxaziyada, Cənubi Osetiyada oldum. Oralar çox təhlükəlidir, çünki hamısı tanınmamış ölkələrdir. Daha sonra Dağlıq Qarabağa yollanacaqdıq. Ora Ermənistandan getməli idik. Mən dedim ki, əgər Qarabağa Azərbaycan ərazisindən getmək lazımdırsa, gedərəm. Amma Qarabağa Ermənistan ərazisindən getməyəcəm. Çünki bu mənim üçün prinsipial bir məsələdir. Və mənə görə o layihə pozuldu.

– Bir şey də soruşum. Heç arxivdən silinmiş yazılarınızı Lent.az-da yeni yazı kimi yayımlamısınız?

– Yox, elə şey ola bilməz. Mən Vüsalə xanıma və Qabil Abbasoğluna xəyanət eləyə bilmərəm. İkincisi də ki, köhnə yazılarımı niyə çap edirəm ki? Mənim üçün mövzu problemi yoxdur.

– Başqasının yazısını öz imzanızla müsabiqəyə göndərmisiniz, getmədiyiniz yerdən reportaj yazırsınız, bunların yanında köhnə yazınızı təzədən yayımlamaq nəmənə şeydir ki?

– Getmədiyim yerdən reportaj eləmək məsələsini izah elədim. Başqasının yazısını öz imzamla müsabiqəyə göndərmək isə eksperiment idi. Yəni sübut etmək istəyirdim ki, müsabiqələrdə yazılar oxunmur. Sübut elədim də! İki-üç dəfə belə eksperimentlər aparmışam.

– Köşə yazarlarından kimi oxuyursunuz?

– Xalid Kazımlını...

– Zamin Hacını necə?

– Yox! Zamin nə yazır ki, oxuyum? Çevir tatı-vur tatı. Amma hər gün 60 qəpik verib “Yeni Müsavat” qəzeti alıram. Doğrudan, alıram. Vərdiş eləmişəm. Ayda təxminən, 15 manat edir. Özləri təsdiq edər, bəzən Azər Ayxana zəng edib müəyyən fikirlərimi də deyirəm. Amma arada fikirləşirəm ki, niyə bu qədər pulumdan keçib məsələn, Elşad Paşasoyun və ya Zahid Səfəroğlunun köşələrini oxumalıyam? O yeri daha maraqlı xəbər və reportajlarla doldurmaq olar. Ondansa Hüseynbala Səlimov və ya Xalid Kazımlı iki yazı yazsın (Gülür).

– “Kulis”in köşə yazarları necədir, xoşunuza gəlir?

– Ümumiyyətlə, bizdə köşə yazarlığı institutu yoxdur. “Kulis”in uşaqlarının yazdığı köşələrdən gündə iyirmisini yazaram. Hamısı konyuktur xətrinə yazılmış köşələrdir. Eyni zamanda, Aqil Abbas da hər gün “Ədalət” qəzetinə köşə yazır, amma min dənə irad bildirmək olar. Bircə “Futbol+”da Amilin, Həbibin köşələrini diqqətlə oxuyuram.

– Bəzi dostlar sizə hərdən “Taxa” da deyirlər...

– Bu da səbəbsiz deyil. “Azadlıq” qəzetində Qənimət türmədən bir “qanuni oğru”nun oğru aləmi barədə yazılarını göndərirdi. Yazılar isə rusca idi. Onu da mən tərcümə edirdim. İmza da Taxa Bakinski qoyulurdu...

# 4157 dəfə oxunub

Müəllifin son yazıları

# # #